Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-5/2021 18.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X17, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakları ilə xx xxxx 1956-cı il tarixdə İmişli rayonunun Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən, məhkumluğu olmayan, İmişli rayonunun Muradallı kəndində qeydiyyatda olmaqla İmişli şəhəri, Xiyabani küçəsi, ev 1-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış “X5 və Konyak Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi varisi olan xx xxxxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi olaraq, xx xxxxx 2019-cu il tarixdən “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən, müəssisənin müdiriyyəti və mülkiyyətçisi, həmçinin texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə üzərinə qoyulan əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyi, rəhbər işçilərin və vəzifəli şəxslərin əməyin mühafizəsi məsələlərində vəzifə və məsuliyyətinin müəyyən edilməsi, hər bir iş yerində əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təhsili, təlimatlandırılması, biliklərinin yoxlanılması, əməyin mühafizəsinin təbliği üzrə vəzifələrini, habelə “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (NPAOP 63.12-1.05-79) 5.3.7, 5.5.1, 5.5.6, 5.6, 5.8, 5.9, 7.2 bəndlərinin tələblərini pozaraq, müəssisə ərazisində olan avtoyükləyicilərin idarəetməsinə nəqliyyat vasitəsini idarəetmə hüququ qeyd edilmiş vəsiqəsi olan, təlim, attestasiya, təhlükəsizlik texnikası üzrə bilikləri yoxlanılmış və təlimatları keçmiş şəxslərin buraxılmasını və müəssisə daxilində nəqliyyat vasitələrinin sürücülərdən başqa kənar şəxslərin idarəetməsinin qarşısının alınması üçün nəqliyyat vasitəsinin blok açarlarının işin sonunda təhvil verilməsini təmin etməməsi nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) olmadan fəhlə kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, mexaniki nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan X3 xx xxx 2019-cu il tarixdə saat 14:30 radələrində İmişli şəhəri, Xiyabani küçəsi, ev 1-də yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Araq istehsalı” sexində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində dövlət qeydiyyatından keçirilməyən “GOODSENSE FB 25” markalı, ********* seriya nömrəli mexaniki nəqliyyat vasitəsi olan avtoyükləyicinin üzərindəki blok açarlarından istifadə etməklə avtoyükləyicini işə salıb idarə edərək, adamların işlədiyi sahəyə daxil olub, yaxınlığında adamların olmamasına əmin olmadan yükləyicinin idarə etməsini itirib arxaya doğru hərəkət etdirməklə, yükləyicinin arxası ilə həmin yerdə hərəkətdə olan və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X15 ehtiyatsızlıqdan yükləyicinin arxası ilə sexin divarına sıxıb sağlamlığa ağır zərər vurulmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, xx xxx 2019-cu il tarixdə qızı Maisənin xəstələyi ilə bağlı sonuncuya baş çəkmək üçün Bakı şəhərinə getmiş və xx xxx 2019-cu il tarixdə gecə saatlarında İmişli şəhərinə qayıtmışdır. xx xxx 2019-cu il tarixdə səhər saatlarında “xxxx” MMC-də fəhlə işləyən Sarı Nuriyev ona zəng vurub xx xxx 2019-cu il tarixdə MMC-də fəhlə işləyən Almas Salmanovanın iş yerində ürəyinin dayanıb öldüyünü demişdir. Hadisədən təxminən 10 gün sonra iş yoldaşlarından bir nəfər ona Almas Salmanovanın “xxxx” MMC-də fəhlə işləyən Zülfüqar Abdullayev tərəfindən avtokarla vurulduğu barədə İmişli rayonunda söz-söhbət gəzdiyini demiş, lakin o, bu söhbətə inanmamış, çünki Zülfüqarı heç vaxt avtokar sürərkən görməmişdir. X16 rayon prokurorluğunda törətdiyi əməli etiraf etməsini eşidib sonuncunun bu hadisəni törətməsinə əmin olmuşdur. xx xxx 2019-cu il tarixdə o, işdə olsa idi Zülfüqar Abdullayev avtokarı idarə edə bilməzdi və hadisə də baş verməzdi. Çünki Zülfüqar zavodda qıcqırma sexində fəhlə işləmiş və avtokarın da olduğu yer qıcqırma sexindən aralıdadır. Həmçinin Zülfüqarın sürücülük vəsiqəsi də olmamışdır. Avtokarın açarları avtokar dayanarkən üstündə olurmuş. Zülfüqar Abdullayev onun işdə olmamağından istifadə edib, digər şəxslərin də gözündən yayınıb avtokarın açarını götürərək araq istehsalı sexinə sürmüş və avtokarı sürməyi bacarmadığına görə ehtiyatsızlıqdan Almas Salmanovanı vurub öldürmüşdür. O, hadisə baş verdiyi ərəfədə Bakı şəhərinə qeyri-rəsmi olaraq getmişdir. Həmçinin o, ifadəsində göstərdi ki, direktor keçməsi ilə bağlı 8 saylı Vergilər İdarəsinə müraciət edib direktor olmasını qeydiyyata aldırsa da, zavodun mühasibi həmin vaxt xəstələndiyi üçün xx xxxxx 2019-cu il tarixdə təsisçi kimi özü ilə bağladığı əmək müqaviləsi bildirişini Elektron informasiya sisteminə gec göndərmiş, ona görə də, həmin müqavilə gec qeydiyyatdan keçirilmişdir. Lakin o, müqavilə bağlandığı 2019-cu ilin aprel ayından direktor vəzifəsində işləyir. “xxxx” MMC-də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarının təmin edilməsi üzrə cavabdeh işçi olmamış, yalnız direktor olaraq o, cavabdehlik daşıyırmış. O, işçiləri texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydaları üzrə təlimatlandırıb müvafiq jurnala imza çəkdirirmiş. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, mərhum X20 onun bacısıdır. Almas təxminən 2 il olardı ki, “xxxx” MMC-də fəhlə işləyirmiş. xx xxx 2019-cu il tarixdə bacısının iş yoldaşlarının demələrinə görə iş yerində ürəyinin tutduğunu və təcili-tibbi yardım xidməti ilə İmişli MRX-yə aparılarkən yolda dünyasını dəyişdiyini bilmişdir. Lakin bir müddət sonra gəzən sözsöhbətlərdən bacısının “xxxx” MMC-də fəhlə işləyən Zülfüqar Abdullayev tərəfindən yükqaldırıcı ilə vurularaq öldürüldüyü ona məlum olmuşdur. Hadisə ilə əlaqədar olaraq “xxxx” MMC tərəfindən onlara 1500 manat maddi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş “xxxx” MMC-də mühəndis vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, xx xxx 2019-cu il tarixdə saat 14:40 radələrində “xxxx” MMC-nin mühasibatlığında Ülkər adlı makinaçı ilə aksiz vergisini ödədikləri zaman, MMC-də satış müdiri işləyən X11 ona telefonla zəng edərək həyəcanlı halda yanına çağırmışdır. O, tez araq sexinə getmiş və sexin qarşısında çöldə yeməkxananın pilləkəninin yanında Almas Salmanovanın yerdə uzanıqlı vəziyyətdə olduğunu və işçilərin onun başına toplaşdığını görmüşdür. İşçilər Almasın əl-ayağını ovxalayıb üzünə su vururmuşlar. O, Almasın dilinin qatlandığını, yanında yekə qaşıq olduğunu və vəziyyətinin yaxşı olmadığını görüb işçilərdən nə baş verdiyini soruşmuşdur. İşçilər Almasın dilinin qatlandığını və təcili-tibbi yardım xidmətinə məlumat verdiklərini demişlər. O, dərhal özü də tibbi yardım xidmətinə zəng etmiş və təxminən 10 dəqiqə ərzində təcili-tibbi yardım xidməti maşını gəlmiş və adını bilmədiyi həkim Almasa ilkin tibbi yardım göstərərək iynə vurmuş, sonra isə hansısa həkimlə telefon vasitəsilə danışaraq, sonuncuya ikinci iynəni vurub onu İmişli MRX-ya aparacaqlarını demişdir. İş yoldaşları köməkləşib Alması təcili-tibbi yardım avtomaşınına mindirmiş və həmin vaxt sonuncunun huşu özündə olmuşdur. “xxxx” MMCdə fəhlə işləyən İmmi Hüseynova da təcili yardım maşınında Almasın yanında getmişdir. O, MMC-nin sürücüsü Ramil Səmədovu kömək üçün İmişli MRX-ya göndərmişdir. Təxminən 40 dəqiqə sonra Ramil onun mobil nömrəsinə zəng edərək Almasın vəfat etdiyini bildirmişdir. Hadisədən təxminən 2-3 gün sonra Almas Salmanovanın iş yerində Zülfüqar Abdullayev tərəfindən avtokarla vurulması barədə söz-söhbət eşitmiş və o, bu barədə sonuncudan və “xxxx” MMC-də işləyən digər işçilərdən soruşmuş, lakin Zülfüqar Abdullayev belə bir hadisənin baş vermədiyini, işçilər isə belə hadisənin şahidi olmadıqlarını bildirmişlər. Buna görə də o, yayılan söhbətin yalan olduğunu düşünmüşdür. Belə ki, Zülfüqar avtokar sürmədiyi üçün və heç vaxt onun avtokar sürməsinə şahid olmadığı üçün yayılan söhbətlərə əhəmiyyət verməmişdir. Lakin sonradan Zülfüqar Abdullayev törətdiyi əməli rayon prokurorluğunda etiraf etdikdən sonra ona məlumat vermiş və hadisə barədə məlumat verməməsinin səbəbini qorxması ilə izah etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş “xxxx” MMC-də briqadir vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, xx xxx 2019-cu il tarixdə saat 14:20 radələrində “xxxx” MMC-nin Araq istehsalı sexində etiket anbarında olan zaman işçi qadınların səs-küyünü eşidib çölə çıxmış və sexin qapı hissəsinə tərəf gəldikdə, Almas Salmanovanın yerdə uzanıqlı olduğunu, işçilərin də başına yığışdığını görmüşdür. O, işçilərdən nə baş verdiyini soruşduqda onlar Almasın dilinin qatlandığını, ürəyinin tutub yerə yıxıldığını bildirmişlər. İşçilər Almasın əl-ayağını və kürəyini ovxalamış, lakin sonuncunun gözü açıq olmuş və heç nə danışmamışdır. O, dərhal digər Araq sexindən Mirzalını çağırmış və hava dəysin deyə işçilər Alması həyətə çıxarmışlar. Onun təzyiqi olduğundan özünü pis hiss etmiş və Almasa yaxınlaşa bilməmişdir. Bundan sonra işçilərdən biri Şahid1 zəng etmiş və sonuncu bir neçə dəqiqəyə gəlib təcili-tibbi yardım xidmətinə məlumat vermişdir. Təxminən 10 dəqiqə ərzində təcili-tibbi yardım xidməti maşını gəlmiş və adını bilmədiyi həkim Almasa tibbi yardım göstərərək onu İmişli MRX-ya aparmışlar. Almasla birlikdə “xxxx” MMC-də fəhlə işləyən İmmi Hüseynova və sürücü işləyən Ramil Səmədov da İmişli MRX-ya getmişlər. Təxminən yarım saat sonra o, Almasın vəfat etdiyini eşitmişdir. Hadisədən təxminən 7-10 gün sonra o, Almasın iş yerində Zülfüqar Abdullayev tərəfindən yükqaldırıcı ilə vurulması barədə söz-söhbət eşitmiş, lakin sonuncunun yükqaldırıcını sürməsinin şahidi olmadığı üçün gəzən söz-söhbətlərə əhəmiyyət verməmişdir. O, rayon prokurorluğunda izahat verməyə çağırılarkən bu söhbəti yeni eşitmiş, lakin hadisəni dəqiq bilmədiyi və əmin olmadığı üçün bu barədə dəqiq bir söz deyə bilməmişdir. Bundan 3-4 gün sonra isə Zülfüqarın Alması yükqaldırıcı ilə ehtiyatsızlıqdan vurduğunu İmişli rayon prokurorluğunda etiraf etdiyini eşitmiş və yalnız bundan sonra Zülfüqarın Alması yükqaldırıcı ilə vurduğuna əmin olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, əmək müqaviləsi ilə xx.xx.2019-cu il tarixdən “xxxx” MMC-də mühasib köməkçisi, xx.xx.2020-ci il tarixdən isə baş mühasib vəzifəsində işləyir. X21 tanımamışdır. O, işə düzələndən sonra Almasın öldüyünü eşitmiş, lakin hadisə barədə heç bir məlumatı olmamışdır. İmişli rayon prokurorluğundan daxil olmuş sorğuya əsasən o, “xxxx” MMC-yə aid sənədlərə baxarkən Şahid1, Şahid2, Təqsirləndirilən şəxs, X8, X12, X23 və X10 xx xxx 2019-cu il tarixdə rəsmi olaraq işdə olduqlarını görmüşdür. O, işə düzəldiyi xx xxxxxxx 2019-cu il tarixdən Təqsirləndirilən şəxs “xxxx” MMC-nin direktoru, həm də təsisçisidir. Mühasibatlıqda olan sənədlərdə Təqsirləndirilən şəxs təsisçi kimi xx xxxxx 2019-cu il tarixdə əmr imzalayaraq özünü MMC-nin direktoru vəzifəsinə təyin etmişdir. Təxminən 5-10 gün müddətində həmin əmrlə bağlı Vergilər İdarəsinə müraciət edib dövlət qeydiyyatına alınmışdır. “xxxx” MMCdə 35 işçisi işləmiş və həmin işçilərin əmək müqaviləsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş “xxxx” MMC-nin Araq sexində fəhlə işləyən Şahid3 qızı ifadəsində göstərdi ki, xx xxx 2019-cu il tarixdə saat 14 radələrində su içmək üçün digər araq sexinə getmiş və suyu şüşəyə doldurarkən iş yoldaşı Zülfüqar Abdullayevin yükqaldırıcını idarə etdiyini görüb əli ilə ona aşağı düşməsini işarə edib avtokarla nə işi olduğunu soruşmuşdur. Zülfüqar da ona baxaraq gülümsünmüş və yükqaldırıcını sürüb çölə çıxartmaq istəmişdir. Həmin vaxt Almas yükqaldırıcının arxasınca getmiş və onun yanından keçərkən onunla nəsə zarafat da etmişdir. Birdən Zülfüqar yükqaldırıcını arxaya verməyə başlamış və həmin vaxt Almas da yükqaldırıcının arxasında olmuşdur. O, Zülfüqarın yükqaldırıcı ilə Alması vuracağını görüb qışqırmış, lakin sonuncu onu eşitməmişdir. Bu zaman Zülfüqar yükqaldırıcını dayandırmış və o, Almasın böyrü üstə yerə yıxıldığını görüb ona tərəf qaçmışdır. O, Zülfüqara “neynədin, arvadı vurdun” deyə qışqırmış, sonuncu da Alması görmədiyini demişdir. O, Almasa çatarkən Zülfüqar yükqaldırıcıdan enib onlara tərəf qaçıb Alması qaldırmağa kömək etmişdir. Həmin vaxt o, qışqırıb sexdə fəhlə işləyən Leylanı çağırmağa başlamış və səsinə sonuncu ilə yanaşı sexdə işləyən adlarını xatırlamadığı 10-15 nəfər işçi gəlmişdir. İşçilərin bəziləri sexin içərisində, bəziləri isə sexin çölündə işləyirmişlər. Leyla ondan nə baş verdiyini soruşduqda, o, ona Almasın yükqaldırıcı ilə vurulduğunu demişdir. Almasın gözü açıq olsa da, heç nə danışa bilməmişdir. Onlar köməkləşib Alması bir az qapıya tərəfə aparmış və üzünə su vurub, əl-ayağını ovxalamağa başlamışlar. Bir az sonra satış müdiri Mirzalı gəlmiş və Almasın dilinin qatlandığını görüb əli ilə çölə çıxarmışdır. Onlar Almasdan harasının ağrıdığını soruşduqda, sonuncu əlini sinəsinin altına qoymuş və onlar da həmin yerin ağrıdığını başa düşmüşlər. Təxminən 15-20 dəqiqə sonra təcili-tibbi yardım maşını gəlmiş, özünün də vəziyyəti pisləşdiyindən bir az aralanıb kənarda oturmuş və həkimin Alması müayinə etməsinə baxmışdır. Az sonra onlar Alması təcili-tibbi yardım maşınına qoymuş və iş yoldaşıları İmmi Hüseynova da həmin avtomaşınla xəstəxanaya getmişdir. Almas təcili-tibbi yardım avtomaşınına mindirilərkən gözü açıq olmuş və nəfəs alırmış. Təxminən bir saat sonra o, bacısı Rəmilənin ağladığını görüb nə baş verdiyini soruşduqda sonuncu Almasın vəfat etdiyini bildirmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizanın xx xxxx 2019-cu il tarixli, 9 saylı rəyindən görünür ki, X13 meyitinin müayinəsi zamanı onun bədəni üzərində döş qəfəsinin və qarnın qapalı küt travması, döş sümüyünün əsasının, sağ məmə xətti üzrə 4-5-6-7-8-ci, sol ön qoltuqaltı xətt üzrə 3-4-5-6-7-ci qabırğaların qapalı yerdəyişmiş sınıqları, sınıq proyeksiyalarında yumşaq toxumalarda qansızmalar, sağ ağciyərin orta seqmentinin, sol ağciyərin yuxarı seqmentinin cırılması, qara ciyərin cırılması, döş və qarın boşluqlarında qan, müayinə olunan obyektlərdə qeyri-bərabər çürümə dəyişiklikləri aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlərdən döş sümüyünün əsasının, sağ məmə xətti üzrə 4-5-6-7-8-ci, sol ön qoltuqaltı xətt üzrə 3-4-5-6-7-ci qabırğaların qapalı yerdəyişmiş sınıqları, sınıq proyeksiyalarında yumşaq toxumalarda qansızmalar, sağ ağciyərin orta seqmentinin, sol ağciyərin yuxarı seqmentinin cırılması, qara ciyərin cırılması həyatidir, bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlmişdir. Onların əmələ gəlmə müddətləri xx.xx.2019-cu il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aiddir. Xəsarətlərin yerləşmə nahiyələri, xarakteri nəzərə alınaraq, həmin xəsarətlər hərəkətdə olan yük daşıyan avtomaşının vurması nəticəsində əmələ gələ bilər. X13 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində qanda etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda 0,9 %-dir. Etil spirtinin qatılığı obyektin çürüməsi ilə əlaqədar nisbi hesab edilsin. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazerin və salsilatlar aşkar edilməmişdir. A.V.Salmanovanın ölümünə səbəb almış olduğu döş qəfəsinin və qarnın qapalı küt travması nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. İşdə olan təkrar-kompleks məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə texnikitəhlükəsizlik ekspertizasının 24396/97 nömrəli, xx xxxxxxx 2019-cu tarixli rəyindən görünür ki, nəqliyyat vasitəsindən istifadə etməklə işlərin yerinə yetirilməsinə idarəetmə hüququ verən vəsiqəsi olmayan X3 yükqaldırıcı ilə insanların işlədiyi əraziyə daxil olması və yaxınlıqda insanların olmasına tam əmin olmadan mexaniki nəqliyyat vasitəsini arxaya sürməsi zərərçəkmişi vurmasına gətirib çıxarmışdır ki, bu da hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar: “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (NPAOP 63.12-1.05-79) 7.28 bəndinin və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbləri pozulmuşdur. X9 idarə etdiyi “Goodsense FB 25” markalı, ********* seriya nömrəli avtokarla adamların işlədiyi sahəyə daxil olduğuna və yaxınlığında adamların (konkret olaraq zərərçəkmiş X13) olmamasına əmin olmadan avtokarı arxaya doğru sürdüyünə görə, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (NPAOP 63.12-1.05-79) 7.9, 7.28 bəndlərinin və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbləri onun tərəfindən pozulmuşdur. Əmək təhlükəsizliyinin tədqiqi ekspertinin nəticəsinə əsasən, nəqliyyat vasitəsindən istifadə etməklə işlərin yerinə yetirilməsinə idarəetmə hüququ verən vəsiqəsi olmayan X3 avtokarla insanların işlədiyi əraziyə daxil olması və yaxınlıqda insanların olmasına tam əmin olmadan mexaniki nəqliyyat vasitəsini arxaya sürməsi zərərçəkmişi vurmasına gətirib çıxarmışdır ki, bu da hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar: “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (NPAOP 63.12-1.05-79) 7.28 bəndinin və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbləri pozulmuşdur. Müəssisə ərazisində olan avtoyükləyicilərin idarəetməsinə nəqliyyat vasitəsini idarəetmə hüququ qeyd edilmiş vəsiqəsi olan, təlim, attestasiya, təhlükəsizlik texnikası üzrə bilikləri yoxlanılmış və təlimatları keçmiş şəxslərin buraxılmasını və müəssisə daxilində nəqliyyat vasitələrinin sürücülərdən başqa kənar şəxslərin idarəetməsinin qarşısının alınması üçün nəqliyyat vasitəsinin blok açarlarının işin sonunda təhvil verilməsinin təmin etmədiyinə görə, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları” (NPAOP 63.12-1.05-79) 5.3.7, 5.5.1, 5.5.6, 5.6, 5.8, 5.9, 7.2 bəndlərinin tələbləri “xxxx” MMC-də rəhbərliyi təmin etmiş şəxs tərəfindən pozulmuşdur. İşdə olan əlavə komisyon məhkəmə-texniki təhlükəsizlik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 29859 nömrəli rəyindən görünür ki, nəqliyyat vasitələrindən istifadə etməklə işlərin yerinə yetirilməsinə idarəetmə hüququ verən vəsiqəsi olmayan X3 avtokarla insanların işlədiyi əraziyə daxil olması və yaxınlıqda insanların olmasına tam əmin olmadan mexaniki nəqliyyat vasitəsini arxaya sürməsi zərərçəkmişi vurmasına gətirib çıxarmışdır ki, bu da hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar: “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (NPAOP 63.12-1.05-79) 7.28 bəndinin və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbləri pozulmuşdur. X9 idarə etdiyi “GOODSENSE FB 25” markalı, ********* seriya nömrəli avtokarla adamların işlədiyi sahəyə daxil olduğuna və yaxınlığında adamların (konkret olaraq zərərçəkmiş X13) olmamasına əmin olmadan avtokarı arxaya doğru sürdüyünə görə, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (NPAOP 63.12-1.05-79) 7.9, 7.28 bəndlərinin və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbləri onun tərəfindən pozulmuşdur. Müəssisə ərazisində olan avtoyükl.əyicilərin idarəetməsinə nəqliyyat vasitəsini idarəetmə hüququ qeyd edilmiş vəsiqəsi olan, təlim, attestasiya, təhlükəsizlik texnikası üzrə bilikləri yoxlanılmış və təlimatları keçmiş şəxslərin buraxılmasını və müəssisə daxilində nəqliyyat vasitələrinin sürücülərdən başqa kənar şəxslərin idarəetməsinin qarşısının alınması üçün nəqliyyat vasitəsinin blok açarlarının işin sonunda təhvil verilməsinin təmin etmədiyinə görə, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları” (NPAOP 63.12-1.05-79) 5.3.7, 5.5.1, 5.5.6, 5.6, 5.8, 5.9, 7.2 bəndlərinin tələbləri “xxxx” MMC-də rəhbərliyi təmin etmiş şəxs tərəfindən pozulmuşdur. Təqdim edilmiş iş materiallarında “xxxx” MMC-yə məxsus araq istehsalı müəssisəsində həmin istehsalın düzgün və təhlükəsiz təşkil edilməsi üçün müvafiq struktur bölgüsünün aparılmasına, həmin struktur bölməsinə vəzifəli şəxslərin təyin edilməsinə, konkret olaraq müəssisənin daxilində nəqliyyat vasitələrinin düzgün istismar və hərəkətin təhlükəsiz tənzimlənməsinə cavabdeh şəxs təyin edilməsinə dair müvafiq sənədlər olmadığına görə “xxxx” MMC-də rəhbərliyi təmin etmiş şəxsdən başqa hər hansı şəxs tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının pozulması halı müəyyən edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətininin 14 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin **********5 nömrəli, xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, X20 xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək İmişli Broyler MMC-də, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “xxxx” MMC-də işləmiş, hal-hazırda X1 bağlı qüvvədə olan əmək müqaviləsi bildirişi yoxdur. X9 ilə heç bir işəgötürənlə X6 qüvvədə olan əmək müqaviləsi bildirişi yoxdur. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin AXA 41/xx-xx-1330 nömrəli xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, “Goodsense FB 25” markalı, ********* seriya nömrəli yükqaldırıcı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində dövlət qeydiyyatına alınmamış və X3 adına sürücülük vəsiqəsinin verilməsi qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X2 Baş İdarəsinin xx xxx 2020-ci il tarixli, **********193600 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs təsisçi olaraq qəbul etdiyi qərarla xx xxxxx 2019-cu il tarixdə özünü “xxxx” MMC-nin rəhbəri təyin etmiş, xx xxxxx 2019-cu il tarixdə ərizə ilə 8 saylı X22 müraciət etmiş, xx xxxxx 2019-cu il tarixdə isə rəhbər dəyişikliyi dövlət qeydiyyatına alınmışdır. İşdə olan İmişli rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 07 saylı məktubundan görünür ki, İmişli rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(036)- 03/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nın 205-1-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə 1500 (bir min beş yüz) manat cərimə cəzasını icra etdiyi üçün İmişli rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini qismən də olsa etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, yas mərasimi ilə əlaqədar zərər çəkmiş şəxsin hüquqi varisinə maddi yardım göstərilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi məqsədə müvafiqdir. İş üzrə ekspertiza xərci təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-5/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-5/2021
18.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver