Məhkəmə qərarları › İş №1(036)-50/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-50/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-50/2024 24.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1997-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 26 mart 2024-cü il tarixdə saat 03 radələrində İmişli rayonu, Cəfərli kəndində yerləşən X5 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlənin qapısından qanunsuz daxil olaraq, oradan hər biri 230 (iki yüz otuz) manat olmaqla, ümumilikdə 920 (doqquz yüz iyirmi) manat dəyərində 4 baş xırdabuynuzlu qoyun heyvanlarını gizli yolla talamaqla, zərərçəkmiş şəxs Raqif Qarayevə 920 (doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonu, Otuziki kəndində keçirilən mal bazarında özünə məxsus olan “GAZ 24” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə oradakı insanların mal-qarasını daşıyır. 26 mart 2024-cü il tarixdə saat 03 radələrində mal bazarına gedən zaman qonşusu X3 fərdi yaşayış evinin həyətindəki tövlədən oğurluq etmək qərarına gəlmişdir. O, tövlənin küçəyə açılan qapısını əli ilə yoxlayıb açıq olduğunu görmüş, sonra tövləyə girmişdir. Bu zaman orada iri və xırda buyunuzlu heyvanların olduğunu müəyyən etmişdir. O, xırdabuynuzlu quzu heyvanları olan hissədən 1 baş quzu heyvanını qucağına götürmüş və piyada yaşadığı fərdi yaşayış evinin darvazasının qarşısında saxladığı özünə məxsus olan “GAZ 24” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gətirib ayaqlarını avtomobildən götürdüyü iplə bağlayaraq avtomobilin salon hissəsinə qoymuşdur. Daha sonra isə təkrar həmin tövləyə qayıdıb eyni qaydada 3 baş xırdabuynuzlu quzuları tövlədən götürüb avtomobilin yanına bir-bir gətirərək ayaqlarını avtomobilindən götürdüyü iplərlə bağlamış, sonra avtomobilin salonuna qoymuşdur. Daha sonra oğurladığı quzuları həmin gün özünə məxsus avtomobil ilə mal bazarına aparmış və ordada həmin heyvanları tanımadığı şəxsə ümumilikdə 550 manata satmışdır. Hazırda etmiş olduğu cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsilə yanaşı, iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ifadə verərək göstərdi ki, o, İmişli rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tövlədə qoyun, quzu və mal heyvanları saxlamaqla məşğul olur. 26 mart 2024-cü il tarixdə gecə vaxtı həmin tövlədən 3 baş xırdabuynuzlu quzu heyvanını götürüb satmaq üçün İmişli rayonu, Otuziki kəndində keçirilən mal bazarına aparmışdır. Orada heyvanları satdıqdan sonra təxminən saat 03:00-da evə qayıtmışdır. Bundan sonra yorğun olduğu üçün yatmışdır. Səhər saat 07 radələrində heyvanları yemləyərkən tövlənin quzu heyvanları üçün ayrılmış hissəsində 4 baş quzu heyvanının oğurlandığını müəyyən etmişdir. Tövlənin 1 qapısı küçəyə, digər qapısı evin həyətinə girmək üçün istifadə olunur. Oğurlanan quzuların hər birinin diri çəkisi təxminən 26 kq, 3 başı dişi, 1 başı erkək olmuş və hər birinin ayrıayrılıqda bazar satış qiyməti 230 manat olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 920 manat məbləğində maddi ziyan dəymişdir. Şikayət ərizəsi əsasında İmişli Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin oğurluq cinayəti həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Orxan polis əməkdaşlarının iştirakı ilə həyətində quzuları haradan götürdüyünü göstərmiş və yaşadığı evlərinə tərəf aparıb orada saxladığı maşına bir-bir yüklədiyini və aparıb bazarda tanımadığı şəxsə 550 manata satdığını demişdir. Hazırda ona vurulmuş 920 manat məbləğində maddi ziyan Orxanın atası tərəfindən ödənildiyinə görə, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək, İmişli rayonu Cəfərli kənd sakini X3 İmişli Rayon Polis Şöbəsinə yazmış olduğu ərizə ilə bağlı araşdırma aparılarkən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi faktını təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 26 mart 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X4 məxsus İmişli rayonu, Cəfərli kəndində yerləşən evinin həyətindəki tövlədən həmin gün saat 00 radələrindən saat 03 radələrinədək olan müddət ərzində naməlum şəxs tərfindən 4 (dörd) baş xırdabuyunuzlu qoyun heyvanı oğurlanmışdır. 27 mart 2024-cü il tarixli “Maddi ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası Pəhlivan Bağırov tərəfindən zərərçəkmiş Raqif Qarayevin oğurlanan 4 (dörd) baş xırdabuyunuzlu qoyun heyvanlarının əvəzinə 4 (dörd) baş digər xırdabuyunuzlu qoyun heyvanları verilməklə dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İmişli RİHB-nin Cəfərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışla müəyyən olur ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində X6 adlı bir nəfər azyaşlı uşağı vardır. İmişli RİHB-nin Cəfərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. Müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli surətdə qiymətləndirərək hesab edir ki, cinayət əməli ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərin pozulmasına gətirib çıxara bilər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasınin Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, iş üzrə dəymiş maddi ziyanı ödəməsini, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılmalıdır. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 920 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 920 manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar