Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-50/2025 02.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə İmişli rayonu, Murğuzallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 21 fevral 2025-ci il tarixdə, saat 19:00 radələrində “Mercedec-Benz 190” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini İmişli şəhəri 28 May küçəsində, İmişli şəhəri A.Şadlınski küçəsi istiqamətində 50 km/saat sürətlə idarə edərkən yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünə güvənərək, hərəkətin təhlükəsizliyinə əmin olmadan hərəkətdə olduğu istiqamətdə yolun sağ kənarından 01 metr məsafədə yolun hərəkət hissəsində piyada hərəkətdə olan X5 vuraraq ehtiyatsızlıqdan sonuncuya sol gicgah sümüyünün təpə sümüyünə və kəllə əsası sümüyünə keçən yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumaya, baş beynin sərt və yumşaq qişasına, qişa altına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sol gicgah və təpə nahiyələrində, sol və sağ qaşüstü nahiyədə yaralar, alın nahiyəsində sağ qaşüstü sahədə, sağ gözün bayır bucaq nahiyəsində, burun belində, sol qaşüstü sahədə, sol gözün altında bayır bucaq nahiyəsində, sol çiyin qurşağı nahiyəsində, sol dirsək oynağının arxa səthində, sol əlin arxa səthində 4-cü daraq sümüyü proyeksiyasında, sol və sağ diz oynağının ön səthində, sağ ayağın iş topuq nahiyəsində, sağ əlin arxa səthində 2-3-cü daraq sümükləri proyeksiyasında sıyrıqlardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə başın açıq küt travması nəticəsində kəllə sümüklərinin sınığı və baş beyin toxumasına qansızmadan zərərçəkmiş şəxs X4 hadisə yerində ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, 21 fevral 2025-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi avtomobil ilə İmişli şəhəri 28 May küçəsi ilə İmişli şəhəri A.Şadlınski küçəsi istiqamətində 50 km\saat həddində hərəkət etmişdir. Həmin vaxt hava qarlı olmuş və səpkili formada qar yağmışdır. Əks istiqamətli hərəkət zolağında isə ağ rəngli dəqiq markasını və dövlət qeydiyyat nişanını bilmədiyi, “Hyunday” markalı avtomobilə bənzətdiyi nəqliyyat vasitəsi hərəkətdə olmuşdur. Qarşı hərəkət zolağında əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin uzaq işıqlardan istifadə etməsi nəticəsində onun görmə məhdudiyyəti yaranmış və o, həmin ana qədər piyadanı görməmişdir. Ancaq təxmini aralarında iki metr məsafə qalanda piyadanı görmüşdür. Piyadanın da əynindəki paltarlar qara rəngdə olduğu üçün onu uzaqdan görməmişdir. O, piyadanı təxminən 2 metr məsafədən görüb dərhal avtomobili yolun sol tərəfinə çəkmiş, lakin avtomobil sağ ön işığı tərəfdən piyadaya dəymiş və piyada yerə yıxılmışdır. Həmin vaxt da qarşı hərəkət zolağında hərəkətdə olan avtomobil də maşını yolun sağ tərəfinə çəkmiş və ona bir qədər şərait yaratmışdır. Lakin o, yolun hərəkət hissəsi ilə piyada formada hərəkətdə olan piyadanı anidən gördüyü üçün hadisənin qarşısını ala bilməmişdir. Bu zaman avtomobilin sağ sərnişin tərəfi ilə piyadanı vurmuş və piyada yolun ortasına yıxılmışdır. O, dərhal avtomobili bir qədər irəli, yolun sağ tərəfinə çəkib saxlamışdır. Sonra geri qayıdıb piyadanı yolun ortasından avtomobilinə tərəf aparmışdır. Piyadanı avtomobilin arxa sərnişin oturacağına uzandırmış və dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Oraya çatanda artıq piyada dünyasını dəyişmişdir. Bundan sonra xəstəxanada polis əməkdaşlarının gəlməsini gözləmişdir. Törətmiş olduğu cinayət əməlindən peşmandır, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməklə ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Hazırda zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X4 hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, mərhum X7 onun həyat yoldaşıdır. Onun hadisə barədə dəqiq məlumatı olmamışdır. Azadın yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişməsi ilə bağlı xəbəri qohumlarından almışdır. Eşitdiyinə görə Azad 21 fevral 2025-ci il tarixdə, saat 18 radələrində içkili vəziyyətdə idarə etdiyi “QAZ 3129” markalı avtomobil ilə İmişli şəhəri ərazisində yol polisləri tərəfindən saxlanılmış və maşını dayanacağa aparılmışdır. Ondan sonra İmişli şəhəri 28 May küçəsi ilə piyada evə gəlirmiş. Həmin gün də hava qarlı olmuşdur. Azad yolun kənarı ilə piyada gedən zaman arxadan gələn “Mercedec-Benz190” markalı nəqliyyat vasitəsi onu ehtiyatsızlıqdan vurmuş, nəticədə Azad dünyasını dəyişmişdir. Həmin avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs da həmkəndli kimi tanıyır, nə Cəlal ilə, nə də sonuncunun ailəsi ilə aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Cəlal mərhum Azadı maşına qoyub İmişli rayon mərkəzi xəstəxanasına aparsa da Azad oraya çatmamış dünyasını dəyişmişdir. Konkret olaraq hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı dəqiq məlumatı yoxdur. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin X9 Bölməsinin Yol patrul xidməti inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, 21 fevral 2025-ci il tarixdə, saat 18 radələrində İmişli RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti yol patrul avtomobilində İmişli şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman “Qaz3110” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yanından keçərkən həmin avtomobilin ön qeydiyyat nişanının yerində olmadığını görmüşlər. Dərhal avtomobilə işarə verib saxlatdırmışdır. Bu zaman o, həmin avtomobilə yaxınlaşmış və özünü təqdim etməklə avtomobilin ön nömrəsinin nə üçün yerində olmadığını soruşmuşdur. Bundan sonra sürücü Azad Tağıyev avtomobildən düşmüş və yaxın məsafədə olan zaman sonuncudan kəskin spirtli içki qoxusunun gəlməsini müəyyən etmişdir. Bu barədə soruşanda mərhum Azad Tağıyev bir qədər əvvəl pivə içdiyini demişdir. Həmçinin mərhum Azad Tağıyevin sürücülük vəsiqəsinin olmadığı və nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi də müəyyən olunmuşdur. Bundan sonra həmin sürücünün nəqliyyat vasitəsi İmişli RPŞ-nin İmişli şəhəri 28 May küçəsində yerləşən nəqliyyat vasitələrinin duracağına yerləşdirilmiş və orada nəqliyyat vasitəsinə təhvil-təslim aktı yazılmışdır. Həmçinin sürücü Azad Tağıyevin sərxoşluq vəziyyəti alkotester vasitəsilə yoxlanılmış və 0,819 % ölçüdə sərxoşluq halı müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş qanunun pozuntuları ilə bağlı inzibati qaydada protokol tərtib edilmiş və vətəndaşa imzalanması üçün təqdim edilmişdir. Bundan sonra mərhum Azad Tağıyevə evinə getməsi və nəqliyyat vasitəsinin sahibi ilə birlikdə gəlib götürməsi ilə bağlı izahlar verilmişdir. Həmçinin A.Tağıyevə evinə gedə bilməyəcəyi halında taksi də çağırmağı təklif etmiş, lakin mərhum Azad Tağıyev isə ehtiyac olmadığını, özü gedə biləcəyini bildirmişdir. Bundan təxminən yarım saat sonra yol-nəqliyyat hadisəsinin baş verməsi və nəticədə mərhum sürücü X4 ölməsini eşitmişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin X9 Bölməsinin Yol patrul xidməti baş inspektoru Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid3 ifadəsində bildirmişdir ki, 21 fevral 2025-ci il tarixdə, saat 19:15 radələrində İmişli RPŞ-nin Növbətçi hissəsindən yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər şəxsin İmişli Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişməsini öyrənmişdir. Həmin vaxt onunla birlikdə xidmətdə İmişli RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı Şahid2 olmuşdur. Bundan sonra İmişli RPŞ-nin əməliyyat qrupu ilə birlikdə İmişli RMX-ya getmişlər. Orada İmişli rayonu Yalavac kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz 190” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İmişli şəhəri 28 May küçəsi ilə İmişli şəhəri A.Şadlınski küçəsi istiqamətində hərəkətdə olan zaman hərəkət yolu ilə piyada hərəkətdə olan, həmkəndlisi mərhum X5 anidən gördüyünü, gördüyü anda nəqliyyat vasitəsini yayındırmaq istəsə də bunun mümkün olmadığını, avtomobilin ön sağ dönmə işığı ilə piyadanı vurmasını, nəticədə mərhum Azad Tağıyevin hadisə yerində ölməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz 190” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə piyadanı avtomobilinə qoyub İmişli RMX-ya gətirmişdir. Əməliyyat qrupu İmişli RMX-ya gələn zaman sürücü Təqsirləndirilən şəxs orada, həyətdə olmuşdur. Sürücünün kim olduğunu soruşanda, sonuncu özünü təqdim edib “Mercedes-Benz 190” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü olduğunu, mərhum piyada Azad Tağıyevi xəstəxanaya özü gətirdiyini bildirmişdir. Sonra sənədləri yoxlanılmış və heç bir problem aşkarlanmamışdır. Həmçinin xüsusi texniki cihaz vasitəsilə sürücü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti yoxlanılmış və sonuncunun sərxoş olmadığı müəyyən edilmişdir. Bundan sonra isə xəstəxanada işlər tamamlandıqdan sonra sürücü ilə birlikdə hadisə yerinə gedilmiş və baxışda iştirak etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış qaranlıq havada, 0 dərəcə temperaturda, İmişli şəhəri 28 May küçəsindən İmişli şəhəri A.Şadlınski küçəsi istiqamətində keçirilmişdir. Hadisənin növü piyadanı vurmadır. Hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt, vəziyyəti yaşdır. Yol örtüyünün eni 6 metr, hərəkət zolaqlarının sayı iki, hər hərəkət hissəsinin eni 3 metrdir. Hərəkət hissədə heç bir növ xətt olmamışdır. Hərəkət hissəyə sağdan 5 metr enlikdə, soldan isə 3 metr enlikdə yol çiyni birləşmişdir. Yol işıqlandırılmamışdır. Sürücü yerindən faraların işığında görünüş məsafəsi uzaq işıqda 20 metr, yaxın işıqda 10 metr olmuşdur. Piyadanın vurulduğu nöqtə ilə yolun sağ kənarı arasında 1 metr, sol kənarı arasında 5 metr məsafə olmuşdur. Hadisə yerində şin izləri, tormozlama izləri olmamışdır.”Mercedec-Benz190” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil İmişli şəhəri 28 May küçəsində düzünə hərəkətdə olmuşdur. Yolun hərəkət hissəsində kauçuk qırıntıları, yolun sağ tərəfində dönmə işığının hissələri olmuşdur. Nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri olmamışdır. Piyadaya məxsus bir ədəd papaq və bir tay ayaqqabı yolun sağ tərəfində, digər hissədə olmuş, həmin əşyalar götürülmüşdür (cild 1, səhifə 11-24); Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, “Mercedec Benz 190” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə İmişli RPŞ-nin duracağında baxış keçirilmişdir. Baxış keçirilən avtomobil “Mercedec Benz190” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı, minik avtomobili olmuşdur. Avtomobilin rəngi boz, ön sağ dönmə işığı və görmə işığı zədələnmişdir. Avtomobilin ön örtük hissəsinin sol yuxarı küncü və sərnişin tərəfdən alın şüşəsi zərbənin təsirindən çatlamışdır. Avtomobilin sol arxa sərnişin qapısı və arxa sərnişin oturacağı üzərində qan izləri aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs piyada mərhum A.Tağıyevi avtomobilin arxa sərnişin oturacağına mindirdiyini və həmin qan izlərinin o zaman yarandığını bildirmişdir. Avtomobilin arxa sol stop nişanında qırılma izi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin izin hadisə ilə bağlı olmadığını və uzun müddət əvvəl baş verdiyini bildirmişdir. Piyadanın avtomobilin ön sağ işığına dəyməsi və ön örtük hissəsi ilə ön alın şüşəsinə dəyməsi avtomobildə olan zədə izlərindən müəyyən edilmişdir (cild 1, səhifə 64-69); Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 12 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü X4 meyiti üzərində aşkar edilmiş xəsarətlər-sol gicgah sümüyünün təpə sümüyünə və kəllə əsası sümüyünə keçən yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumaya, baş beynin sərt və yumşaq qişasına, qişa altına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sol gicgah və təpə nahiyələrində, sol və sağ qaşüstü nahiyədə yaralar, alın nahiyəsində sağ qaşüstü sahədə, sağ gözün bayır bucaq nahiyəsində, burun belində, sol qaşüstü sahədə, sol gözün altında bayır bucaq nahiyəsində, sol çiyin qurşağı nahiyəsində, sol dirsək oynağının arxa səthində, sol əlin arxa səthində 4-cü daraq sümüyü proyeksiyasında, sol və sağ diz oynağının ön səthində, sağ ayağın iş topuq nahiyəsində, sağ əlin arxa səthində 2-3-cü daraq sümükləri proyeksiyasında sıyrıqlar bərk küt əşyanın(əşyaların) təsirindən törənmiş, həyatidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyadanın minik avtomaşını ilə vurulması nəticəsində əmələ gələ bilərdi. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,6 ‰ etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilmişdir. Qüvvətli təsiredici maddələr aşkar edilməmişdir. X4 ölümünün müddəti xx.xx.2025-ci il tarixə meyitin müayinəsindən 1,5-2 saat əvvələ uyğun gəlir və ölümünə səbəb başın açıq küt travması nəticəsində kəllə sümüklərinin sınığı və baş beyin toxumasına qansızma olmuşdur (cild 1, səhifə 43-49); Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 08 aprel 2025-ci il tarixli, 8/571 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Mercedec- Benz 190” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, səhifə 117-120); Cinayət işinin başlanması haqqında 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, X4 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, səhifə 1); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, X7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, səhifə 3); Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, X3 zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır (cild 1, səhifə 82); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, səhifə 132-133); Qətimkan tədbirinin seçilməsi haqqında 01 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, səhifə 158-159); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, özünün, şahidlərin və zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübutlar və ekspertiza xərclər ilə bağlı məsələni tədqiq edərək hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd papaq və 1 tay ayaqqabının zərər çəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan “Mercedes Benz 190” minik markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus dönmə işığının sınmış qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd papaq və 1 tay ayaqqabının zərər çəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan “Mercedess Benz 190” minik markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus dönmə işığının sınmış qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-50/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-50/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver