Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-51/2020 23.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi X1 katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə İmişli rayonunun Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsinədə bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər İmişli Rayon Məhkəməsini xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2019cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, İmişli rayonunun Yalavac kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə saat 22 radələrində İmişli şəhəri, A.Şadlinski küçəsində yerləşən İmişli mərkəzi rayon xəstəxanasının Polikilinika şöbəsinin yanında tanışı Şahid5 bir ədəd kağız bükümdə, satış məqsədi olmadan, özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,969 qram çəkidə narkotik vasitə olan heroin alaraq əldə etmiş, həmin narkotik vasitəni üzərində saxlayaraq özü ilə daşıyıb yaşadığı İmişli rayonunun Yalavac kəndindəki evinə gətirmiş, səhəri gün, yəni xx xxxxx 2019-cu il tarixdə saat 14 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, A.Şadlinski küçəsində yerləşən Su idərəsinin qarşısında saxlanılaraq İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində aparılan şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümün içərisində həmin çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cimaddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx xxxxx 2019-cu il tarixdə Orxan Əmirov barəsində İmişli rayon məhkəməsində cinayət işinə baxılarkən o, onunla görüşmək üçün məhkəməyə getmişdir. Saat 16 radələrində o, Orxanla görüşmüş və sonuncu Əsəd adlı bir tanışının ona sovqat göndərəcəyini bildirib onun telefon nömrəsini vermişdir. O, bir neçə saat sonra Əsədin mobil nömrəsinə zəng vurub danışmış və ona Orxanla görüşməsini, nə vaxt ərzağı alıb göndərəcəyini soruşduqda, sonuncu “Bazarstor»da olmasını, ərzaq alıb gətirib Orxana çatdırmaq üçün atasına verəcəyini bildirmişdir. Əsəd aldığı ərzağı Orxanın atası Qəhrəmana vermək üçün saat 22 radələrində İmişli şəhərində yerləşən “Meliorator” qəsəbəsinə gəlmiş və ondan sonuncunun evinin yerini göstərməsini xahiş etmişdir. O, Əsədlə Orxanın atasının evinə tərəf gedib evin yerləşdiyi yeri göstərmiş və sonuncunun əlində sellofan torbada deməsinə görə ərzaq olmuşdur. O, küçədə gözləmiş, Əsəd isə həyətə keçib əlində gətirdiyi torbanı Orxanın atası Qəhrəmana verib geri qayıtmışdır. Sonra o, Əsədin narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün ondan çəkmək üçün narkotik vasitə istəmiş və sonuncu əlindəki kağız parçasının arasında tutduğu siqaretin gümüşü kağızı arasında olan təxminən bir qram çəkidə narkotik vasitə olan heroini ona vermişdir. O, kağızın arasındakı heroini alıb əynindəki cins şalvarın sağ cibinə qoymuşdur. Heroini verərkən Əsəd ondan taksi pulu olmadığını bildirib 6 manat pul istəmiş və oda taksi pulu kimi ona həmin məbləğdə pul vermişdir. Səhəri gün, yəni xx xxxxx 2019-cu ildə saat 14 radələrində o, İmişli şəhəri, A.Şadlınski küçəsində yerləşən Su idarəsinin qarşısında olarkən İmişli RPŞ-nin bir qrup əməkdaşı ona yaxınlaşıb Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində axtarış aparılarkən Əsəddən aldığı narkotik vasitə olan heroin cibindən aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Onun Şahid5 sellofan torbada aldığı ərzağın içərisində sonuncunun Orxan Əmirova narkotik vasitə olan heroin göndərməsindən xəbəri olmamışdır.Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxx 2019-ci il tarixdə saat 10 radələrində İmişli RPŞ-nin məsul növbətçisi MSY-də olan Orxan Əmirova sovqat göndərmək istəyən atası Qəhrəman Əmirova məxsus olan torbada “Adidas” markalı antirespirantın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,670 qram olan narkotik vasitə heroinə oxşar maddə aşkar etmişdir. Qəhrəman Əmirovun izahatı alınarkən o, həmin narkotik vasitəni ona Şahid5 və Təqsirləndirilən şəxs tərəfindən verildiyini bildirmişdir. Dərhal əməliyyat qrupu yaradılaraq qeyd olunan şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat–axtarış tədbirləri həyata keçirilməyə başlanılmışdır. O, əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3 ilə birlikdə əvvəlcə İmişli rayonunun Yalavac kəndində yaşayan Təqsirləndirilən şəxs saat 14 radələrində İmişli şəhəri, A.Şadlinski küçəsindəki Su idarəsinin yaxınlığında saxlayaraq Polis şöbəsinə dəvət edilmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli çins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülülmüş halda narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik maddəni bir gün əvvəl tanışı Şahid5 6 manata aldığını bildirmişdir. Həmin kütlə bir ədəd zərfə qablaşdırılmaqla götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirlmiş İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxx 2019cu il tarixdə saat 14 radələrində İmişli şəhəri, H.Əliyev prospekti ilə İmişli rayon polis şöbəsinin inzibati binasının qarşısından keçərkən polis əməkdaşları onu hal şahidi qismində iştirak etməyi xahiş etdikdə o, etiraz etməyərək razılaşmışdır. Polis şöbəsində adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə, qəhvəyi rəngdə, toz şəkilində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və bir ədəd zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu digər iştirakçılar kimi imzası ilə təsdiq etmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizanınxx xxxxx 2019-cu il tarixli, 445 nömrəli rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əynindəki...” sözləri yazılmış kağız paketdəki 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkilsi– 0,969 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi-0,969 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,919 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx xxx 2019-cu il tarixli, 1006 nömrəli rəyindən görünürki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər İmişli Rayon Məhkəməsini xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş və qanunvericiliklə məhkumluq ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da cinayətlərin residivini yaratmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uaşğının olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməklə cinayətlərin residivini yaratmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş üzrə maddi sübut məhv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 3 (üç) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş, maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,919 qram olan narkotik vasitə olan heroin məhv edilsin. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-51/2020
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-51/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver