Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-51/2021 18.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 09:55 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1978-ci ildə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, İmişli şəhəri, G.Şıxlinski küçəsi, ev 15 qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 485 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlamışdır. 02 fevral 2021-ci il tarixdə, saat 16:00 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı X1 şəhəri, T.İsmayılov küçəsində saxlanılaraq, Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əlindəki 1 (bir) qara rəngli sellofan torbada ümumi çəkisi 485 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, G.Şıxlinski küçəsi, ev 15 ünvanda yaşayır və dəmir tullantılarını yığıb, onları satmaqla məşğul olur. Özü 2-3 ildir ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni adətən tanımadığı şəxslərdən əldə edib istifadə edir. 02 fevral 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində İmişli şəhərində “Dəmir yolu” vağzalının ətrafına dəmir tullantılarını yığmaq üçün getmişdir. Həmin ərazidə dəmir tullantılarını yığan zaman təsadüfən qara rəngli sellofan torba tapmışdır. Torba dolu olduğu üçün içərisində nəsə olması diqqətini cəlb etmişdir. Torbanı açıb içərisinə baxdıqda, kəskin qoxuya malik “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu görmüşdür. Ətrafda kimsənin olmadığına əmin olduqdan sonra həmin torbanı götürüb, yaşadığı evə gedən zaman İmişli şəhəri, T.İsmayılov küçəsində bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb, İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O da polis əməkdaşlarının təkilfini qəbul edərək, onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. O, polis əməkdaşlarına üzərindəki içərisində qurudulmuş marixuana olan sellofan torbanı təqdim etmişdir. Üzərindən digər qanunsuz narkotik vasitə, əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə onun və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Onun həmin narkotik vasitəni satmaq və ya kiməsə bağışlamaq niyyəti olmamış, sadəcə olaraq özünün istifadə etməsi üçün özündə saxlamışır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir, səmimi peşmanlıq hissi keçirir və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, İmişli Rayon Polis X30 Xidməti Bölüyü polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. 02 fevral 2021-ci il tarixdə İmişli şəhəri, G.Şıxlinski küçəsi, ev 15 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik maddə olan marixuana gəzdirməsi, həmin maddənin qəbulu ilə məşğul olması və İmişli şəhəri, T.İsmayılov küçəsində gəzişməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması üçün raportla İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. O və İmişli Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 İmişli şəhəri, T.İsmayılov küçəsində əməliyyat tədbirini həyata keçirmək üçün müşahidəyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs əlində tutduğu qara rəngdə sellofan torbada narkotik vasitə olan qurudulmuş marixunaya oxşar maddə olması diqqətlərini cəlb etdiyi üçün ona yaxınlaşıb, özünü polis əməkdaşı kimi təqdim etmiş və İmişli Rayon Polis Şöbəsinə getməyini təklif etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən, təzyiq (müqavimət) göstərmədən onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. İmişli Rayon Polis Şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli sellofan torbadakı maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin maddəni tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya, predmet və narkotik vasitə aşkar edilməmişdir. Üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmamış əlavə və düzəlişlik edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X14 Bölməsinin 18/187 saylı, 03 fevral 2021-ci il ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış kağız paketdə 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 485 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi-485 qram, cəmi tədqiqata istifadə olundu-0.02 qram, qalıq-484.94 qramdır. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X31 Şəxsi Ambulator X2 929 saylı, 01 aprel 2021-ci il rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiya normal daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqsızdır. Qolları uzadılmış vəziyyətdə əl barmaqlarının nisbətən titrəməsi müşahidə olunur. Distal hiperhidroz qeyd olunur. Psixi vəziyyəti: Huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası dəyişkəndir. Əhval-ruhiyyəsi aşağıdır. Öz vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşka olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 02 fevral 2021-cu il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-006/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 52 saylı, 09 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, G.Şıxlinski küçəsi, ev 15 ünvanda qeydiyyatdadır və valideynləri X4, X10, həyat yoldaşı X5, övladları X11, X12 və X7 ilə birlikdə İmişli şəhəri, G.Şıxlinski küçəsi, ev 15 ünvanda yaşayır. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 449877 №-li, 25 dekabr 2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X18 arasında 25 dekabr 2008-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 598 № ilə qeyd edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZE 12104348 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahdan 13 iyul 2006-cı ildə “X13” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZE 12740423 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahdan 23 yanvar 2009-cu ildə “X16” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZE 12740418 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahdan 22 yanvar 2012-ci ildə “X8” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını və ailəli olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun “şübhəli şəxs qismində” tutulduğu vaxtdan hesablanmasını, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, eləcə də, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs oğlundan tututlaraq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübut (“CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan “şəxsi axtarış və götürmə aparılması barədə” video çəkilişə dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə cinayət işində olan digər maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 484.98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işində olan “şəxsi axtarış və götürmə aparılması barədə” video çəkilişə dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə maddi sübutun qalığı olan İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi qalıq çəkisi 484.98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-51/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-51/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver