Məhkəmə qərarları › İş №1(036)-53/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-53/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-53/2022 27.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Mercedes-Benz” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində, İmişli-Sarıxanlı avtomobil yolunun “Sarıxanlı dairəsi” adlanan hissəsində, yaşayış evləri və ticarət obyektlərinin yaxınlığında, yəni ictimai yerdə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-Niva” markalı, **-NX- *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsərək avtomobildən düşmüş, orada ona qarşı kobud rəftar olunmasını bəhanə edib, digərlərindən fərqləndiyini nümayiş etdirmək məqsədilə özünü cəmiyyətin fövqündə qoyaraq, heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs və Şahid2 ilə mübahisə etməyə başlamış, daha sonra avtomobilində daşıdığı özünə məxsus olan zavod üsulu ilə keçmiş SSRİ-də istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, "İJ-58 MAE" modelli, "B 02282" №-li, daxili çaxmaqlı, hamar-qoşalüləli odlu ov tüfəngi ilə silahlanıb, həmin tüfənglə zor tətbiq etməklə qəsdən iki dəfə Zərərçəkmiş şəxs ayaq nahiyəsi istiqamətində atəş açaraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xasarətləri yetirdikdən sonra şəxslər üzərində zor tətbiq etmək məqsədilə ov tüfəngini yenidən güllə ilə doldurub qərəzli hərəkətlərini davam etdirərkən, Zərərçəkmiş şəxs ona müqavimət göstərməklə odlu silahı əlindən almaq üçün tüfəngin lüləsindən tutmuş, həmin anda o, bir daha atəş açaraq silahdan istifadə etməklə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 22 fevral 2022-ci il tarixdə saat 18 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən çıxıb idarə etdiyi avtomobillə İmişli şəhərində yerləşən “Kral” şadlıq sarayına toy məclisinə gəlmişdir. Toyda təxminən iki saat oturub yemək yeyərkən spirtli içki qəbul etdiyi üçün sərxoş olmuş və bundan sonra tanışı Şahid2 mobil telefonuna zəng edib onunla ticarət etmək üçün görüşmək istədiyini bildirmişdir. Zamiq ona vaxtı olmadığını bildirdikdə o, ondan nəyə görə onunla görüşmək istəmədiyini öyrəndikdə, sonuncu cavabında onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Zamiqdən harada olduğunu soruşduqda, sonuncu çayxanada olduğunu bildirmişdir. Saat 21 radələrində o, əvvəldən Zamiqgilin çox vaxt İmişli şəhəri, “Kapital Bank”ın qarşısında yerləşən çayxanada oturduğunu bildiyi üçün həmin çayxanaya gəlmişdir. Çayxanaya çatdıqda avtomobildən düşən kimi Zamiqə “ayıb deyil, əmioğlu?” dedikdə, sonuncu “ayıb sənə olsun” deyə cavab verərək yumruqla onun sifət nahiyəsindən bir dəfə vurub itələmiş və o, sərxoş olduğu üçün yerə yıxılmışdır. Həmin vaxt onlar bir neçə nəfər olmuş və o, onlardan Zamiq və qardaşı Namiqi tanımış, sərxoş olduğuna görə digərləri yadında qalmamışdır. O, yerdə olan zaman ona bir neçə dəfə zərbə vurub xəsarət yetirmişlər. O, avtomobilində saxladığı bıçağı götürmüş və Zamiq həmin bıçağı onun əlindən almışdır. Həmin bıçaqla heç kimə xəsarət yetirməmişdir. Sonra qardaşı Hamlet və İman həmin yerə gəlmiş və sonuncu ona bir dəfə sillə vurub evə yola salmışdır. Sonra o, avtomobilinə əyləşib İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən evinə getmişdir. Evə çatıb darvazanın qarşısında Zamiqə zəng etmiş, lakin sonuncu telefonu açmadığından Namiqə zəng vurub onunla görüşmək istədiyini bildirdikdə, sonuncu “Sarıxanlı dairəsi”ndə olduğunu demişdir. Saat 12 radələrində o, avtomobili ilə həmin yerə gəlmiş və avtomobilini Namiqin avtomobilinin qarşısında saxlamışdır. Avtomobildən düşdükdən sonra Namiqlə söhbət etməyə çalışmış və həmin vaxt Zamiq gəlib onu yumruqla bir neçə dəfə sifət və baş nahiyəsindən vurmuşdur. Zamiqdən başqa onu təxminən 5-6 nəfər tanımadığı şəxslər də vurmuşdur. O, onların əlindən çıxıb avtomobilində özünə aid olan “İJ-58” markalı, 16 kalibrli, B02282 nömrəli, qoşalüləli ov tüfəngini götürüb asfalta atəş açmışdır. Atəş açdığı yerin 2-3 metr yaxınlığında Namiq olmuş, digər şəxslər isə qaçıb arxaya getmişlər. Namiq tüfəngi onun əlindən alsın deyə tüfəngin patronunu dəyişib boş saxlamış və sonuncu silahın lüləsindən tutub göyə qaldırarkən o, göyə atəş açmışdır. Bundan sonra Namiq tüfəngi ondan almış və orada olan tanımadığı şəxslər yenə də onu döyüb xəsarət yetirmişlər. Həmin vaxt Namiq onu onların əlindən almağa çalışmışdır. Təxminən 5 dəqiqə sonra qardaşı Hamlet və İman hadisə yerinə gəlmiş və sonuncu ona 3-4 dəfə sillə vurub onu oradakı şəxslərin əlindən qurtarıb avtomobili ilə evə yola salmışdır. Həmin vaxt tüfəngi onlarda qalmışdır. Bundan sonra isə onu İmişli rayon polis şöbəsinə dəvət etmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 22 fevral 2022-ci il tarixdə saat 21 radələrində İmişli rayonunun Sarıxanlı kəndində yerləşən evindən qardaşı Zamiq və həmkəndlisi Şahid1lə birlikdə çıxıb özünün idarə etdiyi “VAZ Niva” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhərində yerləşən “Rahat” çay evinə gəlmişlər. Çay evində olarkən Zamiqə Təqsirləndirilən şəxs zəng gəlmiş və telefonda sonuncu qardaşından qum-çınqıl almaq üçün görüşmək istədiyini bildirdikdə, Zamiq iki saatdan sonra görüşə biləcəklərini demişdir. Bundan sonra Xalid telefonda nalayiq ifadə işlətmiş və Zamiq telefonu söndürmüşdür. Xalid yenidən Zamiqə zəng vurub harada olduğunu soruşduqda, sonuncu İmişli şəhərində yerləşən “Kapital Bank”ın inzibati binasının qarşısındakı çayxanada olduğunu bildirmişdir. Xalid Zamiqdən çayxanadan aşağı düşməsini istəmiş və saat 21 radələrində o, Kənan və Zamiqlə birlikdə çayxanın qarşısına düşmüşlər. Həmin vaxt yolun kənarında Xalid, Sərvan və bir nəfər adını bilmədiyi şəxs olmuşlar. Xalid idarə etdiyi avtomobildən düşən kimi onların yanına yaxınlaşıb belindən bıçaq çıxarıb Zamiqin üstünə yerimiş və sonuncu onun qolunu buraraq bıçağı əlindən almışdır. Xalidin yanında olan Sərvan və digər adını bilmədiyi şəxs sözlə mübahisə yaratmaq istəyərkən oraya toplaşan şəxslər onları aralamışlar. Bundan sonra qardaşı Zamiq Xalidin qardaşı Hamletə zəng vurub gəlib Xalidi aparmağını bildirmişdir. Təxminən beş dəqiqə sonra Hamlet qardaşı İmanla onların yanına gəlmiş, onlar qardaşlarının səhvini başa düşüb onlardan üzr istəmiş və onlar da həmin bıçağı İmana vermişlər. Bundan sonra İman Xalidin baş və üz nahiyəsinə sillə və yumruqla vurub danlamışdır. Sonra Xalidi öz avtomobilinə mindirib evə yola salmışlar. O, qardaşı Zamiqlə yenidən çayxanaya qalxmış və Xalid yenidən Zamiqə zəng edərkən sonuncu telefonu açmayıb koda qoymuşdur. Bundan sonra həmkəndlisi Şəmi də onların yanına gəlmiş və onlarla birlikdə çay içmişdir. Sonra saat 22 radələrində onlar çayxanadan çıxıb Zamiq Şəminin idarə etdiyi avtomobillə, Kənan isə onun avtomobili ilə evə getmişlər. Yolda olan vaxt Xalid ona zəng etdib ondan bıçağını istəmiş, o da bıçağın İmanda olduğunu bildirmişdir. Xalid ona “Sarıxanlı dairəsi”ndə olduğunu dedikdə o, sonuncunun qardaşı Hamletə zəng edib Xalidin onu “Sarxanlı dairəsi”ndə gözlədiyini bildirdikdə Hamlet ondan gözləməməsini, sürüb getməsini xahiş etmiş və o da oradan keçərkən avtomobilini saxlamamışdır. Xalid onun arxasıyca düşüb avtomobilinin qabağını İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən “Sarıxanlı dairəsi” adlanan yerdə kəsmişdir. Sonra Xalid avtomobildən düşüb ona yaxınlaşıb bıçağını istəmiş, o da ona bıçağının qardaşı İmanda olduğunu bildirmişdir. Həmin vaxt İman Xalidə zəng vurub bıçağının onda olduğunu demişdir. Daha sonra o, avtomobilinə tərəf gələrkən arxadan Xalid onun ayağının altına əlində olan qoşalüləli ov tüfəngi ilə atəş açmışdır. O, Xalidə tərəf çevirilərkən sonuncu ikinci dəfə əlində olan qoşalüləli ov tüfəngi ilə ayağının altına atəş açmışdır. Bundan sonra Xalid üçüncü patronu qoşub atəş açmaq istəyərkən o, silahın lüləsindən tutub yuxarı qaldırmış və atəş yuxarı açılmışdır. O, tüfəngi Xalidin əlindən alıb qardaşı İmana zəng edib sonuncunun tüfənglə onu yaraladığını demişdir. Bundan sonra İman həmin yerə gəlib qardaşı Xalidi yumruq-təpiklə vurub yerlə sürümüşdür. Daha sonra isə Xalidin digər qardaşı Hamlet də gəlib sonuncunu döymüşdür. Sonra isə Kənan gəlib onu avtomobillə İmişli Mərkəzi Rayon Xəstəxanasına aparmışdır. Hazırda Xalidlə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur və məhkəməyə ərizə verərək ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 22 fevral 2022-ci il tarixdə saat 18 radələrində İmişli şəhərində yerləşən “Kral” şadlıq sarayında təşkil olunan toy məclində o, qardaşı Hamlet və Xalid də iştirak etmişlər. Həmin vaxt onun avtomobili gəlin avtomobili kimi istifadə olunmuşdur. Təxminən saat 22 radələrində Hamlet toyda ona yaxınlaşıb Xalidin ona zəng vurub İmişli şəhərində yerləşən “Kapital Bank”ın qarşısında döyüldüyünü bildirmişdir. O da Hamletlə birlikdə sonuncunun idarə etdiyi avtomobillə İmişli şəhərində yerləşən “Kapital Bank”ın inzibati binasının qarşısına gəlmişlər. Həmin yerdə yolun digər tərəfində Xalidi döyülmüş, üstü-başı toz içində, yanında isə Sərvan və adını bilmədiyi digər bir nəfər şəxsi görmüşdür. Xaliddən nə baş verdiyini soruşduqda o, Şahid2lə müqavilə bağlamaq üçün gəldiyini, lakin onu döydüklərini bildirmişdir. Daha sonra Hamlet Namiqə zəng etmiş və sonuncu həmin yerdə yerləşən çayxanadan düşüb qardaşı Zamiq və tanımadığı iki nəfərlə birlikdə onların yanına gəlmişdir. Onlar Namiqgillə söhbət edib məsələnin nə olduğunu soruşduqda, Zamiq müqavilə bağlamaq istəmədiyini, sözlərinin düz gəlmədiyini deyib aralarında münaqişə yarandığını, üstlərinə qardaşı Xalidin bıçaq çıxardığını bildirib həmin bıçağı ona vermişdir. Bundan sonra o, Xalidi danlayıb avtomobilinə mindirib evə yola salmışdır. Daha sonra isə Hamletlə birlikdə toya qayıdarkən yolda bıçağı avtomobilin pəncərəsindən tullamışdır. Saat 23 radələrində bəy və gəlini İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən evlərinə düşürtdükdən sonra Hamlet ona zəng edib Xalidin “Sarıxanlı dairəsi”ndə dalaşdığını bildirmişdir. O da həmin vaxt yanında olan dostu Sahillə birlikdə həmin yerə getmiş və ora çatdıqda Xalidin sifətinin qan içində, qolundan isə tanımadığı bir nəfər şəxsin tutub saxladığını görmüşdür. Həmin vaxt orada Namiq, Zamiq və onların yanında tanımadığı iki nəfər şəxs də olmuşdur. Namiq ona Xalidin tüfənglə onu yaraladığını deyib qardaşını götürüb aparmasını bildirmişdir. O, Namiqin sağ diz nahiyəsində beş ədəd qırma yarasının olduğunu görmüşdür. Bundan sonra o, əsəbiləşib Xalidə hücum edib vurmaq istəyərkən Zərərçəkmiş şəxs imkan verməmişdir. O, Xalidə bir-iki təpik zərbələri vurmuş və bu vaxt Zamiq Xalidə hücum çəkib yumruqla onun sifət və baş nahiyəsinə dəfələrlə zərbə vurub xəsarət yetirmişdir. Bundan sonra həmin yerə qardaşı Hamlet gəlmiş və o gəldikdən sonra da Zamiq Xalidi vurmağa davam etmişdir. Sonra isə mübahisənin böyüyəcəyini görən Namiq Xalidi evlərinə aparmağını istəmişdir. O da Xalidi öz avtomobilinə mindirib evlərinə yola salmışdır. Bundan sonra Xalidi polis əməkdaşlarının axtardığını bilib onu İmişli rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 işin hallarına dair şahid qardaşı X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 22 fevral 2022ci il tarixdə saat 23 radələrində toydan çıxıb İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində İman İbrəhimovun idarə etdiyi “Hyundai Santafe” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə bəy evinin qarşısında olarkən sonuncuya zəng gəlmiş və onlar təcili Bəhrəmtəpə qəsəbəsində yerləşən “Sarıxanlı dariəsi” adlanan yerə getmişlər. Həmin vaxt orada Şahid2, Təqsirləndirilən şəxs və tanımadığı bir neçə şəxs olmuşdur. Onlar oraya çatarkən mübahisə sakitləşmişdir. Orada olarkən o, Xalidin Zərərçəkmiş şəxs ov tüfəngi ilə vurduğunu bilmişdir. Bundan sonra İman hadisəni öyrənib orada Xalidə əsəbiləşərək onu təpiklə vurub evə yola salmışdır. İşdə olan məhkəmə-tibbi ekspertizanın 23 fevral 2022-ci il tarixli, 116 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ budun orta 1/3-nin arxa səthində bir ədəd və aşağı 1/3-nin bayır səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön səthində iki ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol budun yuxarı 1/3-nin ön-iç səthində iki ədəd, orta 1/3-nin ön-iç səthində dörd ədəd və aşağı 1/3-nin ön-iç səthində iki ədəd, sol diz oynağının iç səthində üç ədəd yaralar, sol budun orta 1/3-nin ön səthində altı ədəd, sağ diz oynağının ön səthində iki ədəd, sağ baldırın yuxarı 1/3-nin ön səthində dörd ədəd, sol budun orta 1/3-nin ön-iç səthində beş ədəd və aşağı 1/3-nin ön-iç səthində dörd ədəd, sağ diz oynağının ön-iç səthində dörd ədəd sıyrıqlar odlu silahdan açılmış atəş nəticəsində qırmaların təsirindən törənmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Xəsarətlərin xarakterinə və yerləşməsinə əsasən atəş yaxın məsafədən açılmışdır. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan kompleks məhkəmə ballistik və trasoloji ekspertizanın 19 may 2022-ci il tarixli 3/640; 3/641 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə keçmiş SSRİ-də istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, "İJ-58 MAE" modelli, "B 02282" №-li, daxili çaxmaqlı, hamar-qoşalüləli odlu ov tüfəngidir, sazdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və təyinatı üzrə atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqdim edilmiş "İJ-58 MAE" modelli, "B 02282" N-li tüfəngdə də döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz - zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridir - gilizləridir. Həmin gilizlərdən "1" rəqəmi ilə işarələnmiş giliz, təqdim edilmiş 16 kalibrli “İJ-58 MAE" modelli, "B 02282" No-li ov tüfənginin sol lüləsindən, digər "2" rəqəmi ilə işarələnmiş giliz isə təqdim edilmiş 16 kalibrli, "İJ-58 MAE" modelli, "B 02282" №-li ov tüfənginin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, ondan atəş (atəşlər) açılmışdır. Lakin, müvafiq elmi metodika olmadığından ondan həmin silahdan axırıncı dəfə nə vaxt atəşin açılmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş bir ədəd cins şalvarın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, cins şalvarın üzərində olan zədələr giriş zədələri olmaqla hamarlüləli (yivsiz) odlu silahdan açılan atəş(lər) nəticəsində, 2 metrdən yuxarı məsafədən, öndən arxaya, nisbətən soldan sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Lakin, qırmaların hərəkət trayektoriyası şalvardakı zədələrə əsasən öndən arxaya, nisbətən soldan sağa doğru olmuşdur. Tədqiqata təqdim edilmiş bir ədəd qısaqol köynəyin səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr və atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. İşdə olan məhkəmə-bioloji ekspertizanın 19 may 2022-ci il tarixli, 298/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: Abeta/H/ (İİ). Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrup göstəricisi: Oalfa,beta (İ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə "A" və "H" antigenləri alındı. Belə olan halda bu qan ləkələri Abeta/H/(İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin, göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin Oalfa,beta(İ) qruplu şəxsin, o cümlədən də Təqsirləndirilən şəxs da (əgər hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa) qarışmış qanının olması inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İmişli RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin XÜB-dən daxil olmuş 10 mart 2022-ci il tarixli raportdan görünür ki, “İJ-58” markalı, 16 kalibrli, B02282 nömrəli ov silahı xx.xx.2019-cu il tarixdən İmişli rayon polis şöbəsində İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut kimi İmişli RPŞ-də saxlanılan 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, "İJ-58 MAE" modelli, "B 02282" №-li, daxili çaxmaqlı, hamar-qoşalüləli odlu ov tüfəngi AR CM-nin 99-1ci maddəsinə əsasən müsadirə olunmalıdır. İş üzrə maddi sübut kimi İmişli RPŞ-də saxlanılan 2 ədəd giliz və 3 ədəd patron, bir ədəd köynək və bir ədəd şalvar məhv edilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 3 (üç) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi İmişli RPŞ-də saxlanılan 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, "İJ-58 MAE" modelli, "B 02282" №-li, daxili çaxmaqlı, hamar-qoşalüləli odlu ov tüfəngi AR CM-nin 99-1ci maddəsinə əsasən müsadirə olunsun. İş üzrə maddi sübut kimi İmişli RPŞ-də saxlanılan 2 ədəd giliz və 3 ədəd patron, bir ədəd köynək və bir ədəd şalvar məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar