Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-53/2024 18.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Musaməddin oğlu və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1999-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, İmişli şəhəri, E.İbrahimov küçəsi ev 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 185.2.2-ci maddələri ilə, xx.xx.1993-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, S.Bəhlulzadə küçəsi ev 19 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirimələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 11 mart 2024-cü il tarixdə, saat 01:10 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi İmişli şəhəri, N.Savalanov küçəsi 142 ünvanında yerləşən “Misli” idman-mərc oyunları ofisinə giriş qapısından qanunsuz daxil olmaqla oradakı işçi masasının saxlanc yeri hesab olunan siyirməsindən 80 (səksən) manat nağd pul, 29 ədəd “Qızıl”, 30 ədəd “Tap qazan”, 30 ədəd “Uğur 7”, 18 ədəd “Bombardir”, 16 ədəd “Qızıl Extra”, 17 ədəd “Papaq at”, 18 ədəd “5X”, 14 ədəd “Dan ulduzu”, 15 ədəd “Göz muncuğu”, 18 ədəd “Zümrüd”, 13 ədəd “10X”, 11 ədəd “Şans yağışı” adlı, 2891 (iki min səkkiz yüz doxsan bir) manat uduş dəyərinə malik 229 ədəd uduşlu ani lotereya biletini, hər biri 1 (bir) manat olmaqla 19 (on doqquz) manat dəyərində 19 ədəd “Qızıl”, 10 (on) manat dəyərində 10 ədəd “Tap qazan”, hər biri 2 (iki) manat olmaqla 30 (otuz) manat dəyərində 15 ədəd “Uğur 7”, 30 (otuz) manat dəyərində 15 ədəd “Bombardir”, hər biri 3 (üç) manat olmaqla 90 (doxsan) manat dəyərində 30 ədəd “Qızıl Extra”, 120 (yüz iyirmi) manat dəyərində 40 ədəd “Papaq at”, hər biri 5 (beş) manat olmaqla 200 (iki yüz) manat dəyərində 40 ədəd “5X”, 200 (iki yüz) manat dəyərində 40 ədəd “Dan ulduzu”, 50 (əlli) manat dəyərində 10 ədəd “Göz muncuğu”, 50 (əlli) manat dəyərində 10 ədəd “Zümrüd”, hər biri 10 (on) manat olmaqla 30 (otuz) manat dəyərində 3 ədəd “10X”, 20 (iyirmi) manat dəyərində 2 ədəd “Şans yağışı” adlı, 849 (səkkiz yüz qırx doqquz) manat dəyərində 234 (iki yüz otuz dörd) ədəd satışı həyata keçirilməmiş ani lotereya biletini gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 3820 (üç min səkkiz yüz iyirmi) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 8 may 2024-cü il tarixdə, saat 12:37-də İmişli şəhəri, Nəsimi küçəsi 22 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində dayanmış və Zərərçəkmiş şəxs1 məxsus “VAZ2103” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək həvəsinə gəldiyindən avtomobilin sahibi Zərərçəkmiş şəxs1 icazəsi olmadan həmin avtomobilin sükanı arxasına əyləşmiş, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan nəqliyyat vasitəsini qanunsuz ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 8 may 2024-cü il tarixdə, saat 13 radələrində İmişli şəhəri, A.Məmmədov küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında dayanmış və Zərərçəkmiş şəxs2 məxsus “VAZ2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək həvəsinə gəldiyindən avtomobilin sahibi Zərərçəkmiş şəxs2 icazəsi olmadan həmin avtomobilin sükanı arxasına əyləşmiş, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq təkrar talama məqsədi olmadan nəqliyyat vasitəsini qanunsuz ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, 11 mart 2024-cü il tarixdə, gecə saat 01 radələrində tanışı Nail ilə birlikdə İmişli şəhər H.Aslanov küçəsində, un mağazasının qarşısında hərəyə bir neçə bakal pivə içdikdən sonra piyada rayon ərazisində gəzərkən “TT Arena” adlanan çay evinin alt mərtəbəsində yerləşən “Misli” Azərlotereya satış məntəqəsinin qarşısından keçən zaman obyektin qapısının açıq olmasını görmüş, anidən həmin obyektə daxil olmaq və oradan oğurluq etmək qərarına gəlmiş və dərhal qapını itələyib açmaqla məntəqinin içərisinə daxil olmuşdur. Həmin vaxt Nailin bayırda olmuş və o, oğurluq barədə Nailə qabaqcadan təklif etməmişdir. İçəri daxil olduqdan sonra kiminsə kənardan görüb şübhələnməməsi üçün Nailə bayırda durmamasını və içəri daxil olmasını demiş, Nail də gəlib içəri olmuşdur. Sonra o, piştaxtanın arxasına keçib stolun sağ küncündə olan siyirməli dolabı əli ilə dartıb açmışdır. Sonradan açar tapıb digər siyirməni də açmışdır. Asma qıfılı açarla açıb oradan 3 ədəd sellefon torbada olan lotereya biletlərini götürüb jiletinin qarın hissəsinə doldurmuşdur. O, məntəqədən təxminən 100 manatdan çox pul və 50-100 manat arası lotereya biletləri oğurlamış və Nail ilə birlikdə oradan çıxıb İmişli şəhərinin mərkəzinə gəlmişlər. O, götürdüyü bilet və nağd pulların hamısını özü ilə aparmışdır. Oradan götürdüyü biletlərin bir hissəsini Nailə özündə saxlaması üçün vermiş, sonuncu da saxlamışdır. Lakin sonra yolda qaytarıb ona vermişdir. Sonra Nail evlərinə getmiş, o isə valideynləri evə qoymadığı üçün küçədə bir qədər gəzişdikdən sonra gedib rayon məscidində gecələmiş, səhəri gün yəni 12 mart 2024-cü il tarixdə, səhər saatlarında İmişli Avtovağzalına gedib oradan tanımadığı taksi ilə Mingəçevir şəhərinə getmiş, şəhər mərkəzində olan bazarda tanımadığı bir şəxsə onda pozulmamış təzə biletlər olduğunu demiş və təxminən 100 bileti həmin şəxsə 30 manata satmışdır. Bir gün orada qaldıqdan sonra yerdə qalan biletləri satmaq üçün taksi ilə Lənkəran şəhərinə getmiş və orada mərkəzi bazarda təxminən 50 bileti tanımadığı şəxsə 20 manata satmışdır. Biletlərin bir topası pozulmamış, bir topası isə pozulmuşdur. Mingəçevirdə pozulmamış biletləri, Lənkəranda isə pozulmuş biletlərin bir hissəsini satmışdır. Biletləri ondan alan şəxslərə həmin biletlərin oğurluq olmasını deməmişdir. Oğurluq edərkən “Misli” məntəqəsindən bir ədəd sellofan torbada pozulmuş, uduşlu lotereya biletləri oğurlamış, həmin biletləri də Lənkəran şəhərində olarkən itirmişdir. Sonra 13 mart 2024-cü il tarixdə axşam saat 16 radlərində Lənkəran RPŞ-nin əməkdaşları şəhərdə onu saxlayıb Lənkəran RPŞ-nə aparmışlar. Oradan üzərində lotereya biletlərinin bir neçəsi qalmışdır. Polislər üzərindən həmin biletləri götürmüşlər. Sonra həmin gün İmişli RPŞ-nin əməkdaşları gəlib onu İmişli RPŞ-yə gətirmişlər. Bundan başqa o, 08 may 2024-cü il tarixdə saat 12 radələrində İmişli şəhəri Nəsimi küçəsi ilə piyada Depo məhəlləsinə gedən zaman bir evin həyət qapısının açıq olmasını, həyətdə bir avtomobil olduğunu görmüş və həmin avtomobili sürmək qərarına gəlmişdir. Avtomobili sürüb əylənəcəyini və yanacağı harada bitsə orada da atıb gedəcəyini fikirləşmişdir. Bu məqsədlə evin həyətinə keçmiş və avtomobilə baxarkən açarlarının üstündə olduğunu görmüşdür. Sonra sükan arxasına keçmiş və avtomobili işə salaraq dəmir yol xəttinin kənarı ilə İmişli şəhəri Müşviq küçəsi istiqamətində hərəkət etmiş, lakin küçədə sərt döngədə idarəetməni itirmiş və avtomobil su kanalına düşmüşdür. Avtomobilin hər iki qapısı torpağa dirəndiyi üçün qapıları aça bilməmiş, arxa şüşəni ayağı ilə sındırıb avtomobildən çıxmışdır. Hadisə yerinə polis əməkdaşlarının gələcəyini və onu tutacağını fikirləşmiş, buna görə də oradan çıxıb qaçmışdır. Gizlənmək üçün ara küçələr ilə hərəkət etmişdir. Ara küçə ilə hərəkət edən zaman A.Məmmədov küçəsində yerləşən evin qarşısında qırmızı rəngli “VAZ2107” markalı **-BL-*** dövlət qeydiyyat nişanı minik avtomobili görmüş, avtomobilin içrisinə baxdığında açarının üstündə olduğunu və ətrafda da heç kimin olmadığını görüb sükan arxasına keçmiş və avtomobili işə salaraq İmişli rayonu Cəfərli kənd avtomobil yolu ilə İmişli rayonu Əliqulular kəndinə tərəf hərəkət etmişdir. O, gözə görünməmək üçün şəhərin mərkəzinə çıxmamış və buna görə də alternativ yollardan istifadə etmişdir. Daha sonra həmin yolda maşının yanacağı bitdiyi üçün avtomobili elə yolun kənarında qoyub piyada İmişli şəhərinə yaşadığı ev istiqamtində gəlmişdir. Səhəri gün evinin yaxınlığında polis əməkdaşları onu görüb saxlamış və polis şöbəsinə gətirmişlər. Hər iki avtomobili qaçıran zaman tək olmuş, özü tək idarə etmiş və idarə edən zaman da yanında heç kim olmamışdır. Bu əməlləri ilə başqa şəxslərə maddi ziyan vurmaq niyyətində olmamışdır. Törətmiş olduğu cinayət əməllərindən peşmandır. Odur ki, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 təqsirli olması özünün ifadəsi, digər təqsirləndirilən şəxsin ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, yaşadıqları küçədə özlərinə məxsus yeməkxanaları vardır. Təqsirləndirilən şəxs1 təxminən on il əvvəl həmin kafedə ofisiant işləmiş, sonuncunu da həmin vaxtdan tanımışdır. 10 mart 2024-cü il tarixdə, saat 20 radələrində Həsən əlində sellofan torbada üç ədəd bildirçin quşu gətirmiş və kafedə bişirməyi xahiş etmişdir. O da aşpaza vermiş və bildirçinləri bişirmişdir. Həsən gedib spirtli içki alıb gətirmiş və onlar 700 ml spirtli içki içdikdən sonra Həsən pivə içmək istədiyini bildirmiş, lakin həmin vaxt kafedə pivə olmadığından pivə içmək üçün İmişli şəhəri H.Aslanov küçəsində, su arxının üstündə yerləşən iki mərtəbəli kafeyə getmişlər. Orada hərəsi iki bakal pivə içdikdən sonra gecə saat 01 radələrində İmişli şəhəri N.Savalanov küçəsi ilə piyada gəzərkən birdən Həsən yoxa çıxmış və “TT arena” adlanan yerin birinci mərtəbəsində yerləşən “Misli” idman mərc oyunları məntəqəsinə girmişdir. Sonra həsən əli ilə ona işara edərək onu içəri çağırmış və o da Həsənin ardınca içəri girmişdir. Həsən şkafdan pullar götürmüş, sonra digər şkafdan da lotereya biletləri götürmüşdür. Həsən biletləri götürüb saxlamaq üçün ona vermişdir. Həsənin oradan nə qədər məbləğdə pul və lotereya bileti götürməsini bilməmişdir. Sonra oradan İmişli şəhəri N.Nərimanov küçəsi istiqamətində hərəkət edərkən o, əlində olan bütün biletləri Həsənə verərək ona lazım olmadığını demişdir. Həsən narahat olmamağı bildirmiş, lakin o, həmin obyektdən nəsə götürsə onun da məsuliyyəti yaranacağını bilmiş və ona görə də çıxıb getmişdir. Həsən isə Bakıya getməyi təklif etmiş, o da razı olmayıb evə getmişdir. Həsənin sonra hara getməsi və pulları, biletləri nə etməsini bilməmişdir. O, Təqsirləndirilən şəxs1 kömək etməmişdir. Həsən özü qəfildən həmin obyektə daxil olmuş və səs çıxarmadan yanına gəlməsini demişdir. O da obyektin içinə daxil olmuşdur. Həsən özü şkafdan pulları və biletləri götürmüşdür. Obyektə daxil olan zaman ətrafda heç kim olmamış, onları heç kim görməmişdir. O, obyektdən heç nə götürməmiş, Həsən də ona heç nə verməmiş və ya nəsə vəd etməmişdir. Törədilmiş cinayətdə onun heç bir təqsiri yoxdur, ona görə də onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətmiş olduğu cinayət əməli özünün ifadəsi, digər təqsirləndirilən şəxsin ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, özünə məxsus “VAZ2103” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 08 may 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı evdən məişət tullantılarını götürüb avtomobilin yük yerinə qoymuş və “Nərgizim” şadlıq sarayının yaxınlığında tullantıları boşaldıb evə qayıtmışdır. Avtomobili həyətdə saxlamış və yük yerini açıq saxlamışdır ki, zibilin qoxusu dağılsın. Özü də paltarlarını dəyişmək üçün evə girmişdir. O, paltarlarını dəyişən zaman avtomobilin səsini eşidib müşahidə kamerasının monitoru arxasına keçib baxdıqda avtomobilini kiminsə idarə etdiyini və həyətdən çıxdığını görüb 102 xidmətinə zəng edib avtomobilinin qaçırılması haqqında məlumat vermişdir. O, məlumat verdikdən bir qədər sonra polis əməkdaşları ona məxsus avtomobilin İmişli şəhəri, M.Müşviq küçəsi ilə Aran küçəsinin kəsişdiyi yol ayrıcında aşaraq qəza törətdiyini bildirmişdir. O, hadisə yerinə gəlmiş və ona məxsus avtomobilin kanalın içərisinə aşdığını görmüşdür. Onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və sonra yaşadığı İmişli şəhəri, Nəsimi küçəsi 22 saylı evə gəlmişlər. Müşahidə kamerasına bir nəfər şəxs onun açıq qapısından həyətinə keçmiş, avtomobilinin yük yerinin açıq qalmış qapısını örtmüş və bundan sonra avtomobilin üzərində olan açarla avtomobili işə salıb həyətdən çıxarmışdır. O, həmin şəxsin kim olmasını bilməmiş və tanımamışdır. Lakin sonradan polis əməkdaşları tərəfindən həmin şəxsin Təqsirləndirilən şəxs1 olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona məxsus avtomobilə 2000 manata yaxın maddi ziyan vurulmuşdur. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir. Odur ki, ona vurulmuş ziyanın ödənilməsinə köməklik göstrilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Musaməddin oğlu ifadəsində bildirmişdir ki, anası X3 mülkiyyətində olan “VAZ2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 08 may 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evin qarşısında saxlamış və açarı da üzərində qoymuşdur. Sonra o, şəxsi işi ilə bağlı evdən çıxıb getmişdir. Həmin gün saat 13:40-da anası Nərgiz Nəsirova ona ev telefonu ilə zəng edib avtomobilə nəyə görə qaz verdiyini və haraya getdiyini soruşmuşdur. O, avtomobilə qaz vermədiyini, avtomobili onun idarə etmədiyini bildirmişdir. O, evin qarşısına gəlmiş və avtomobilin yerində olmadığını görmüşdür. Bundan sonra avtomobilin naməlum şəxs tərəfindən qaçırılması haqqında 102 xidmətinə məlumat vermiş və rayon ərazisində avtomobilini axtarmağa başlamışdır. Polis əməkdaşları ilə söhbət zamanı bir qədər əvvəl başqa bir şəxsin də avtomobilinin Təqsirləndirilən şəxs1 tərəfindən qaçırıldığını bildirərək onun avtombilinin də Təqsirləndirilən şəxs1 tərəfindən qaçırıldığını güman etmişlər. Həmin gün saat 17 radələrində polis əməkdaşları avtomobilinin İmişli rayonu Cəfərli-Əliqulular kənd yolunda aşkar edildiyini bildirmiş və o, həmin yerə gedərək avtomobilini oradan götürmüşdür. Hazırda Təqsirləndirilən şəxs1 ilə barışmış və sonuncudan şikayətçi deyil. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-nə məxsus olan İmişli şəhəri N.Savalanov küçəsində “TT Arena” çay evinin birinci mərtəbəsində yerləşən “Misli” məntəqəsində lotereya biletləri satır. 10 mart 2024-cü il tarixdə saat 23 radələrində məntəqənin plastik qapısını bağlayıb evinə getmişdir. 11 mart 2024-cü il tarixdə saat 08:30-da lotereya satdığı “Misli” məntəqəsinə gəlmiş, qapını açmaq istədikdə plastik qapının aralanıb açıldığını görmüşdür. Məntəqəyə daxil olduqda orada stolun siyirməsinin qıfıl yeri sındırılmış, dartılıb yerindən çıxarılmış, sol tərəfdə olan siyirmənin asma qıfılının açarla açılmış vəziyyətdə olduğunu, qıfılı sındırılmış siyirmədə saxladığı 80 manat kağız pulların və asma qıfıl olan yerdə siyirmədən isə 849 manat dəyərində “Poz qazan” lotereya biletlərinin oğurlandığını görmüşdür. Həmin oğurlanan lotereya biletləri qarışıq olmuş və müxtəlif adda biletlər olmuşdur. Həmin biletlər 1 manatlı “Poz qazan”, 1 manatlıq “Qızıl”, 1 manatlıq “Tap qazan”, 2 manatlıq “Uğur”, 2 manatlıq “Bombardman”, 5 manatlıq “Beşlik X”, 3 manatlıq “Papaq at”, 3 manatlıq “Ekstra”, 5 manatlıq “Zümrüd”, 5 manatlıq “Göz muncuğu”, 5 manatlıq “Dan ulduzu”, 10 manatlıq “10X”, 10 manatlıq “Şans yağışı” lotereya biletləri olmuşdur. Cəmi 849 manat dəyərində pozulmamış və satışa çıxarılacaq biletlər oğurlanmışdır. Bunda baqşqa siyirmədən müxtəlif markalardan olan sellofan torbanın arasında 229 ədəd uduşu lotereya sahiblərinə onun tərəfindən ödənilmiş 2891 manat dəyərində uduşlu lotereya biletləri oğurlanmışdır. Həmin biletlər müştərilərə satılan uduşları həmin şəxslərə ödənilmiş biletlər olmuşdur. O, oğurluq barədə əvvəlcə "xxxx" ASC-yə zəng edib məlumat vermiş, sonra isə polisə gəlib ərizə vermişdir. “Misli” məntəqəsində müşahidə kameralarına baxış keçirilən zaman iki cavan oğlanın məntəqənin qapısını sındırıb siyirmədən pul və lotereya biletlərini oğurlaması açıq-aşkar görünmüşdür. Həmin şəxslər 11 mart 2024-cü il tarixdə saat 01:02 radələrində onun işlədiyi məntəqəyə daxil olaraq oğurluq etmişlər. Həmin görüntüdə onların hərəkətləri, qapını açmaları, siyirməni sındırmaları görünmüşdür. Oğrular iki nəfər olmuş, biri saqqallı, başı açıq, digəri isə başında idman papağı olmuşdur. Həmin oğurlanmış lotereyaların pullarını o, “Azərlotereyaya” ödəmiş, lotereyalar ona məxsus olmuşdur. Oğurluq nəticəsində ona vurulmuş maddi ziyanın ümumi miqdarı 3820 (üç min səkkiz yüz iyirmi) manat təşkil etmişdir. Qeyd olunan maddi ziyan məbləği ona ödənilməmişdir. Ona görə də o, təqsirləndirilən şəxslərdən şikayətçidir. Odur ki, təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verilərək cəzalandırılmalarını və təqsirləndirilən şəxslərə qarşı vermiş olduğu mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Baxış keçirilməsi haqqında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, İmişli şəhəri N.Savalanov küçəsində yerləşən “TT Arena” çay evinin birinci mərtəbəsində yerləşən “Misli” lotereya məntəqəsinin giriş qapısı 2 metr hündürlükdə və 4 metr enliyində olan plastik qapıdır. Qapının qıfıl yeri sındırılmışdır. Otağın içərisində, baş tərəfdə siyirməli stol vardır. Sol künc siyirmənin qıfıl yeri qırılmışdır. Sağ küncdəki siyirmənin üstündəki qıfıl yerindən çıxarılmışdır. Orada olan kameradan iki nəfər oğlanın plastik qapıdan içəri daxil olması, siyirmələrdən pul və lotereya biletləri oğurlaması görünür. (cild 1, səhifə 143-150) Şübhəli şəxsin tutulması haqqında 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 14 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 165); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, səhifə 190-191); Baxış keçirilməsi haqqında 20 mart 2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan video görüntü 05 dəqiqə 37 saniyə uzunluqdadır. Video ofisdə olan təhlükəsizlik kamerası ilə çəkilmişdir. Videoda iki nəfər kişi cinsli şəxsin İmişli şəhəri, N.ünvan 1 ünvanında yerləşən “TT arena” çay evinin birinci mərtəbəsində yerləşən “Misli” idman-mərc oyunları ofisinin ağ rəngli, plastik qapısının qarşısında dayanıb içəri daxil olmaları əks olunmuşdur. Qapını açmaq üçün hər hansı əlavə vasitədən istifadə edilməmişdir. Birinci şəxs qapını içəri tərəf itələyib açmış və içəri daxil olmuşdur. İkinci şəxs isə küçədə dayanmışdır. İçəri daxil olan birinci şəxs ofisin zalının baş tərəfində olan və üzərində kompüter və digər avadanlıqlar olan stolun sağ tərəfindəki relsli çəkməcələrdən birini açaraq oradan dəqiq sayı videoda müşahidə edilməyən lotereya biletlərini götürmüşdür. Həmin hissədə ikinci relsli çəkməcənin bağlı olması səbəbilə özünə tərəf çəkib açaraq oradan dəqiq miqdarı və nominalları videoda müşahidə edilməyən kağız pulları və dəqiq sayı müşahidə edilməyən lotereya biletlərini götürmüşdür. Videonun 2 dəqiqə 07 saniyə hissəsində küçədə dayanaraq ətrafı müşahidə edən ikinci şəxs də ofisin içərisinə daxil olub birinci şəxsin yanına gəlmişdir. Daha sonra içəridə olan birinci şəxs stolun sol tərəfində olan relsli çəkməni əli ilə dartıb açaraq oradan dəqiq sayı müşahidə edilməyən lotereya biletlərini götürmüşdür. (cild 1, səhifə 245-246); Baxış keçirilməsi haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, İmişli şəhəri Nəsimi küçəsi 22 saylı evin həyətində Mürvət Həsənova məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “VAZ2103” markalı avtomobil sonuncunun icazəsi olnmadan bir şəxs tərəfindən həyətə açıq darvazadan daxil olub avtomobili işə salmış və oğurlamışdır. Həmin hadisə onun həyətindəki kameraya düşümş və görüntüdən görünür ki, bir nəfər naməlum şəxs onun avtomobilini sürüb həyətdən aparır. Bundan sonra M.Həsənov bu barədə 102 xidmətinə məlumat vermiş, həyətində olan müşahidə kamerasına baxmış və dərhal bu barədə də polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ona avtomobilinin yol-nəqliyyat hadisəsi nəticəsində aşmasını bildirmişdir. Avtomobilin su arxına düşərək aşdığı yer İmişli şəhəri, M.Müşviq küçəsi ilə İmişli şəhəri, Aran küçəsinin kəsişməsidir. Avtomobili idarə edən şəxs yolun əyilən hissəsində idarəetməni itirərək yolun sağ tərəfindəki su arxına düşməklə aşmışdır. Avtomobil düşdüyü arxdan çıxarılmış və müəyyən olunmuşdur ki, arxa şüşəsi sındırılmış, sol qanad, sol qapılar, sağ ön qanad və sağ arxa qanad əzilmişdir. Avtomobil düşdüyü yerdən çıxarılmış və evakuator vasitəsilə saxlanılması üçün sahibinə təhvil verilmişdir. Avtomobilin arxa oturacağının üzərindəki pencəyin cibində olan pul və sənədlər yerində olmuş, oğurlanmamışdır. Yolun eni 4 metr olmuş, sağ tərəfdə yaşayış massivi, sol tərəf isə yaşayış evinin həyətidir. Bundan sonra baxış davam etdirilib Zərərçəkmiş şəxs1 məxsus İmişli şəhəri ünvan 2 ünvana gedilmiş, müşahidə kamerasına baxış zamanı müəyyən olunmuşdur ki, görüntüdə İmişli şəhər sakini, əvvllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs1 saat 12:37-də Zərərçəkmiş şəxs1 həyətinə açıq qapıdan daxil olub və birbaşa həyətdə olan “VAZ2103” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf gəlib arxa yük yerini örtür və avtomobili işə salır və avtomobili idarə edərək çxıb gedir. **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qapısı üzərindən üç ədəd, arxa yük yerinin qapısı üzərindən 03 ədəd əl barmaq izləri qablaşdırılıb götürülmüşdür. (cild 1, səhifə 5-15); Şübhəli şəxsin tutulması haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 09 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 31); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. cild 1, səhifə 50-51); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 66-67); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 1, səhifə 278-279); İmişli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(036)-35/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.2ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, səhifə 301-305); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 1, səhifə 278-279); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 185.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 2, səhifə 45-46); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 2, səhifə 20); Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri seçilməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)-56/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 1, səhifə 313-316); İmişli rayon İcra və Probasiya şöbəsinin 07 avqust 2024-cü il tarixli, 269989/2021-37- 11-044 nömrəli məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)-56/2023 saylı hökmünə əsasən 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Nuri X5 rayon İcra və Probasiya şöbəsinin qeydiyyatına götürülməmiş və cəzasını çəkməmişdir. (cild 2, səhifə 150); Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, onların özünün və zərər çəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 185.2.2-ci maddələrinə, digər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla onun əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)-56/2023 saylı hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə qismən birləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsaslanmaqla onun ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Maddi sübutla və məhkəmə xərcləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd lotereya bileti cinayət işinin materiallarında saxlanılmalı və Təqsirləndirilən şəxs1 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili X4 48 (qırx səkkiz) manat və Təqsirləndirilən şəxs2 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi ziyana görə mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 3820 (üç min səkkiz yüz iyirmi) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs3 oluna verilməli, digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Musaməddin oğluna isə vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 185.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 185.2.2-ci maddəsi ilə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gününün iki günü Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 1 (bir) il 1 (bir) ay 11 (on bir) günü hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 mart 2024-cü il tarixdən 16 mart 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 09 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan bir ədəd lotereya bileti cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilsin, cinayət nəticəsində vurulmuş maddi ziyana görə mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 3820 (üç min səkkiz yüz iyirmi) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs3 oluna verilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Musaməddin oğluna vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs1 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili X4 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-53/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-53/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver