Məhkəmə qərarları › İş №1(036)-53/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-53/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-53/2025 17.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Türkmənistan Respublikasının Qızıl-Arvat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 9, mənzil 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 6,18 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq üzərində saxlamış, 23 fevral 2025-ci il tarixdə saat 15:56 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, X2 küçəsində saxlanılıb polis əməkdaşları tərəfindən üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi – 6,18 qram olan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 15 radələrində özünə məxsus torpaq sahəsinə baxmaq üçün gedərkən torpaq sahəsinin yanından keçən yolun kənarındakı yerdə bir ədəd kibrit qutusu görmüşdür. Həmin kibrit qutusu onun diqqətini cəlb etdiyi üçün dərhal yerdən götürmüş və içərisinə baxan zaman el arasında “nəşə” kimi bildiyi qurudulmuş marixuana olduğunu görüb gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. Orada torpaq sahəsinə baxış keçirdikdən sonra yaşadığı ev istiqamətində İmişli şəhəri, X2 küçəsində piyada hərəkətdə olan zaman qara rəngli avtomobil onun yanında saxlamışdır. İçərisindən mülki geyimdə olan üç nəfər şəxs avtomobildən düşüb ona tərəf yaxınlaşmışlar. Həmin şəxslərdən biri xidməti vəsiqəsini göstərib İmişli rayon polis şöbəsinin Kibercinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 olduğunu bildirib ona üzərində qanunsuz olaraq əldə etdiyi qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü təqdim etməsini bildirmişdir. O da həmin vaxt könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sağ yan cibindəki bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin kibrit qutusunun içərisindəki narkotik vasitəni elektron tərəzidə çəkdikdən sonra bir ədəd ağ kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onu İmişli rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər və o da həmin vaxt onlara heç bir etiraz etmədən idarə etdikləri xidməti avtomobillə birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. İmişli rayon polis şöbəsinin inzibati binasının xidməti otaqların birində onun müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan qurudulmuş marixuana zərfdən çıxarılaraq yenidən elektron tərərizdə çəkilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin Kibercinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirilmişdir ki, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 09, mənzil 03-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün xx.xx.2025-ci il tarixdə başda o, olmaqla İmişli RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və İmişli RPŞ-nin Cinayət Axtarış bölməsinin Axtarış Üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar xx.xx.2025-ci il tarixdə saat 15 radələrində İmişli şəhəri, X2 küçəsində idarə etdikləri avtomobilin içərisində Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkət etməsini gözləmişlər. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs İmişli şəhəri, X2 küçəsi ilə piyada hərəkət edəcəyini bilmişlər. Həmin vaxt baş əməliyyat müvəkkili Şahid2 “Samsung” markalı mobil telefonla keçirəcəkləri tədbirin videoçəkilişini həyata keçirmişdir. Onlar Təqsirləndirilən şəxs piyada gəldiyini görüb dərhal idarə etdikləri avtomobil ilə Təqsirləndirilən şəxs gəldiyi istiqamətdə sürüb avtomobili saxlamışlar. Onlar avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O, özünü Təqsirləndirilən şəxs təqdim etmiş və ona saxlanılmasının mahiyyətini izah eləmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitələr, psixotrop maddə və onun prekusorlarının olub-olmamasını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə tərəfindən baxış keçirilmiş və narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş və götürülərək elektron tərəzidə çəkilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, üzəri DİN-in 179 nömrəli möhürü ilə möhürlənmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasına getməsi təklif olunmuş və sonuncu heç bir etirazının olmadığını bildirərək onlar ilə birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq İmişli RPŞ-yə gətirilməsi barədə şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Daha sonra həmin tarixdə İmişli RPŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisində olan kütlənin yerləşdiyi ağ kağız zərf açılaraq elektron tərəzidə çəkmiş, yenidən zərfin içərisinə qoyularaq qablaşdırılmış, üzəri DİN-in 179 saylı möhürü ilə möhürlənmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin Cinayət Axtarış bölməsinin Axtarış Üzrə əməliyyat müvəkkili Şahid2 və Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, vətəndaşın saxlanılması və üzərinin yoxlanılması haqqında” 23 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2025-ci il tarixdə tarixdə saat 15:56 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, X2 küçəsində saxlanılıb polis əməkdaşları tərəfindən üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, aşkar edilmiş kibrit qutusu içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilən zaman 9,22 qram çəkidə olması müəyyən edilmişdir (cild 1, vərəq 11-12); “Şəxsi axtarış və götürmə haqqında” 23 fevral 2025-ci il tarixli protokoldan görünür ki, İmişli RPŞ-nin əməkdaşlarının həmin tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qoyularaq möhürlənmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilməsi üçün zərf açılmış, zərfin içərisindən 01 ədəd kibrit qutusunun içərisində olan xarici görünüşünə görə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzi vasitəsilə çəkilərək bir ədəd kibrit qutusu ilə birlikdə 9,27 qram çəkidə olması müəyyən edilmişdir (cild 1, vərəq 31-32); Məhkəmə-bioloji ekspertizasının 24 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/169 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs oğlunun üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 6,18 qram, cəmi tədqiqata sərf edildi - 0,02 qram, qalıq 6,16 qram (cild 1, vərəq 38-40); Məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2025-ci il tarixli, 1841 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (cild 1, vərəq 105-106); Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci tarixli qərardan görünür ki, yuxarıda təsvir olunan faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1) Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, vərəq 23); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 59-60); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 73-74); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o, cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər. Ona görə də ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,16 qram olan narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2025-ci il tarixdən 25 fevral 2025-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,16 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar