Məhkəmə qərarları › İş №1(036)-54/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-54/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-54/2021 25.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 12:25 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, İmişli şəhəri, A.Məmmədov küçəsi, ev 2 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 sentyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində İmişli şəhəri, Heydər Əliyev prospektində avtomobil yolunun kənarında yerləşən “Aqrar Kredit” Kredit Təşkilatının İmişli rayon filialının inzibati binasının qarşısında, ictimai yerdə sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, ətrafda olan şəxslərə aşkar hörmətsizlik və laqeydlik göstərməklə, tanışı Zərərçəkmiş şəxs1 ilə mübahisə etməmək barədə Zərərçəkmiş şəxs2 ona irad bildirməsini qəbul etməyib bunu bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, oradakı şəxslərin yanında digərlərindən fərqləndiyini nümayiş etdirmək məqsədilə yaxınlıqdakı ağacdan sındırdığı budağı silah qismində istifadə etməklə zor tətbiq edərək xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs2 sağ qol və sol ayaq nahiyələrindən vurub, ona sol budun orta 1/3 hissəsininn bayır səthində qançırdan ibarət dərəcəsi təyin edilməyən və sağ dirsək sümüyünün aşağı 1/3 hissəsinin yerini dəyişməyən sınığından ibarət, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bundan sonra, o, qanunsuz hərəkətlərini davam etdirib zor tətbiq etmək məqsədilə əlindəki ağac budağı ilə qəsdən Zərərçəkmiş şəxs1 vurmağa cəhd etməklə, onu zor tətbiq edəcəyi ilə hədələyib, gecə vaxtı səs-küyə toplaşmış insanların istirahətini pozaraq, habelə, onlarda qorxu və həyəcan hissləri yaratmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, A.Məmmədov küçəsi, ev 2 ünvanda yaşayır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Baş vermiş hadisə barədə bildirir ki, o, 18 sentyabr 2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində Rafiq ilə İmişli şəhərində yerləşən “Dövlət Bayraq” meydanında görüşmüş və İmişli rayonu Dəmiryol Vağzalının içərisində yeyib-içməkləri barədə razılığa gəlmişlər. Onlar birlikdə adını xatırlamadığı kafedə qutab yeyib, pivə və araq içmişlər, yəni hər ikisi sərxoş olmuşdur. Həmin vaxt kafedə səs-küy olduğuna görə o kafedən çıxıb getmiş, Rafiq isə kafedə qalmışdır. O, İmişli Rayon İcra Hakimiyyətinin inzibati binası istiqamətində piyada gedən zaman Rafiq ona zəng edərək harada olduğunu soruşmuşdur. O, Rafiqə olduğu yeri deyib, orada gözləməyə başlamışdır. Təxminən 5-10 dəqiqə sonra Rafiq onun yanına gəlmişdir. Həmin vaxt onların hər ikisi sərxoş vəziyyətdə olmuşdur. Bu vaxt onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Rafiq onu nalayiq ifadələr ilə təhqir etdiyi üçün o, Rafiqin sifətindən 1 (bir) dəfə sillə ilə vurub, çıxıb getmişdir. O, yaşadığı evinin istiqamətində piyada gedən zaman Rafiq ona zəng edərək, İmişli Rayon Poçt Şöbəsinin qarşısında onu gözlədiyini və onun yanına gəlmədiyi halda ünvanına nalayiq ifadələr işlədəcəyini bildirmişdir. Buna görə də o, Rafiqin yanına qayıtmışdır. Rafiq İmişli Rayon Poçt Şöbəsinin qarşısında olmadığı üçün o, Rafiqə zəng edib, harada olduğunu soruşmuşdur. Rafiq ona “Əhədin mağazası” kimi tanınan ərzaq mağazasının qarşısında olduğunu deyərək, onu həmin yerə çağırmışdır. Onu da qeyd edir ki, “Əhədin mağazası” kimi tanınan ərzaq mağazası İmişli Rayon Poçt Şöbəsinin yaxınlığında, “4 yol” deyilən yerdə, işıqforun yaxınlığında yerləşir. Həmin vaxt Rafiqin yanında 2 (iki) nəfər tanımadığı şəxs olmuşdur. Eyni zamanda bildirir ki, bu vaxt 19 sentyabr 2020-ci il, saat təxminən 01:00 radələri idi. O, Rafiqin yanına çatdıqdan sonra Rafiqin qardaşı İlqar da onların yanına gəlmişdir. Rafiq ona sillə vurduğu üçün iradını bildirmiş və bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rafiqin qardaşı İlqar 1 (bir) dəfə onun sifət nahiyəsindən sillə vurmuşdur. O bundan əsəbiləşmiş və hər hansı bir daş və ya taxta parçası tapmaq üçün oradan uzaqlaşmışdır. O, yolun qarşı tərəfində olan ağacın budağını qırıb həmin yerə qayıtmışdır. O, İlqara yaxınlaşan kimi əlindəki ağac parçası ilə 1 (bir) dəfə onun ayağından vurmuşdur. Daha sonra ağac parçası ilə onun başına vurmaq istəyəndə İlqar əli ilə başını tutduğu üçün zərbə onun qolundan dəymişdir. Rafiq ona yaxınlaşan zaman o, ağac parçası ilə onun xatırlamadığı nahiyəsindən 1 (bir) dəfə vurmuşdur. Bundan sonra, ərazidə olan tanımadığı şəxslər onları ayırmışlar. Eyni zamanda bildirir ki, o, həmin vaxt yolun qarşı tərəfinə keçib, ağac parçası ilə İlqarı vurmuşdur. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Hal-hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmış, ona qarşı tələb və şikayəti yoxdur, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və məhz özünün səbrsizliyi və sərxoşluğu ucbatından cinayət əməlini törətmişdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, M.Sadıqcan küçəsi, ev 32 ünvanda yaşayır və “TAXİ” fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs qonşuluqda yaşayan İmişli şəhər sakini kimi tanıyır. Digər zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Baş vermiş hadisə barədə bildirir ki, 19 sentyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində o, “TAXİ” sürücülərinin dayandığı yerdə olan zaman qardaşı Rafiqin mağazanın qarşısında Əziz ilə mübahisə etdiyini görmüş, onların yanına gedib, nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Rafiq və Əziz də sərxoş vəziyyətdə olmuşlar. O, sonradan öyrənmişdir ki, onların mübahisə etməsinə səbəb İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yaranmış mübahisə zamanı Əzizin qardaşı Rafiqi sifətindən 1 (bir) dəfə sillə vurması olmuşdur. O, onları ayırmaq məqsədi ilə Əzizin sifətindən əli ilə itələmişdir ki, çıxıb getsin. Həmin vaxt Əziz yolun qarşı tərəfinə keçdiyi üçün onun evə getdiyini güman etmişdir. Təxminən 1-2 dəqiqə sonra Əziz əlində ağac parçası ilə qəfildən onların üzərinə gəlmişdir. Əziz əlindəki ağac parçası ilə onun sol ayağından 1 (bir) dəfə vurmuşdur. Daha sonra, Əziz əlindəki ağac parçası ilə onun başından vurmaq istəyəndə, o, əli ilə başını tutmuşdur. Əziz həmin ağac parçası ilə onun sağ qolundan 1 (bir) dəfə vurmuşdur. Eləcə də, hadisə zamanı Əziz əlindəki həmin ağac parçası ilə Rafiqi vurmaq istəsə də, lakin zərbə endirə bilməmişdir. Həmin vaxt orada olan tanımadığı şəxslər onları ayırmışlar. Hal-hazırda onun Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, E.Qurbanov küçəsi, ev 67 ünvanda yaşayır və fərdi əmək ilə məşğul olur. Təqsirləndirilən şəxs onun tanışıdır. Digər zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Baş vermiş hadisə barədə bildirir ki, o, 18 sentyabr 2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində Əziz ilə İmişli şəhərində yerləşən “Dövlət Bayraq” meydanında görüşmüş və İmişli rayonu Dəmiryol Vağzalının içərisində yeyib-içməkləri barədə razılığa gəlmişlər. Onlar birlikdə adını xatırlamadığı kafedə qutab yeyib, pivə və araq içmişlər, yəni hər ikisi sərxoş olmuşdur. Həmin vaxt kafedə səs-küy olduğuna görə Əziz kafedən çıxıb getmiş, o, isə kafedə qalmışdır. Bir neçə dəqiqə sonra o, Əzizə zəng edərək, harada olduğunu soruşmuşdur. Əziz ona İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olduğunu demiş və ondan həmin yerdə gözləməsini istəmişdir. O kafedən çıxıb, İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına getmiş və təxminən 5 (beş) dəqiqə sonra orada Əziz ilə görüşmüşdür. Həmin vaxt onların hər ikisi sərxoş vəziyyətdə olmuşdur. Bu vaxt onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Əziz onun sifətindən 1 (bir) dəfə sillə vurub, qaçmağa başlamışdır. Təxminən 5-10 dəqiqə sonra o, yenidən Əzizə zəng edib, İmişli Rayon Poçt Şöbəsinin qarşısında onu gözlədiyini və onun yanına gəlməsini demişdir. Belə ki, Əziz onun sifətindən sillə vurduğu üçün əsəbləşmişdir. O, İmişli Rayon Poçt Şöbəsinin yaxınlığında Əzizi gözləmişdir. Lakin o, Əzizin gəlmədiyini güman edib, həmin ərazidə “Əhədin mağazası” kimi tanınan ərzaq mağazasının qarşısında gözləməyə başlamışdır. O, Əzizə zəng edib, “Əhədin mağazası” kimi tanınan ərzaq mağazasının qarşısında onu gözlədiyini demişdir. Eyni zamanda bildirir ki, bu vaxt 19 sentyabr 2020-ci il, saat təxminən 01:00 radələri idi və onun yanında tanımadığı şəxslər olmuşdur. Əziz onun yanına gəldikdən sonra qardaşı İlqar da onların yanına gəlmişdir. Onu da qeyd edir ki, qardaşı İlqar həmin ərazidə “TAXİ” fəaliyyəti ilə məşğul oldur. Bundan sonra o, Əzizdən niyə ona sillə vurduğunu soruşmuş və yenidən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qardaşı İlqar onları ayırmaq məqsədi ilə Əzizin sifətindən əli ilə itələmişdir. Bu zaman Əziz onların yanından kənarlaşaraq, yolun qarşı tərəfinə keçmişdir. O, Əzizin çıxıb getdiyini güman etmişdir. Lakin Əziz qəfildən əlində ağac parçası ilə onların üzərinə gəlmiş və İlqara yaxınlaşan kimi əlindəki ağac parçası ilə 1 (bir) dəfə onun ayağından vurmuşdur. Daha sonra Əziz ağac parçası ilə İlqarın başından vurmaq istəyəndə, İlqar əli ilə başını tutmuşdur. Əziz həmin ağac parçası ilə İlqarın sağ qolundan 1 (bir) dəfə vurmuşdur. Eləcə də, hadisə zamanı Əziz əlindəki həmin ağac parçası ilə onu vurmaq istəsə də, lakin zərbə endirə bilməmişdir. Həmin vaxt orada olan tanımadığı şəxslər onları ayırmışlar. Hal-hazırda onun Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cavan və ailəli olduğu üçün onu bağışlayır. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 678 saylı, 24 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər: sağ dirsək sümüyünün aşağı 1/3 hissəsinin yerini dəyişməyən sınığı, sol budun orta 1/3 hissəsinin bayır səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, 19 sentyabr 2020-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işində olan 18 mart 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 25 may 2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 25 may 2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 230 saylı, 12 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X2, övladları X3 və X4 ilə birlikdə İmişli şəhəri, A.Məmmədov küçəsi, ev 2 ünvanda yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahdan 13 may 2015-ci ildə “X3” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahdan 06 mart 2017-ci ildə “X4” adında uşaqları anadan olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tюrətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də, ailəli və himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmasını, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin “məhkəmə iclas zalından həbs” edildiyi vaxtdan hesablanmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsini və dərhal məhkəmə iclası zalından “həbs” edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar