Məhkəmə qərarları › İş №1(036)-54/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-54/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-54/2025 02.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri M.Müşviq küçəsi ev 38 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq iki ədəd sellofan kəsiyi bükümündə, hər biri ayrıayrılıqda 0,216 qram və 0,248 qram olmaqla, ümumi təmiz çəkisi 0,464 qram psixotrop maddə olan metamfetamin, 0,0278 qram çəkidə narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayıb daşımaqla icarə əsasında işlətdiyi İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən qəssab dükanına gətirərək, satış məqsədilə həmin heroinin 0,012 qramını bir ədəd şüşə ampulada maye ilə qatıb 1,40 ml miqdarda, 0,0082 qramını bir ədəd şprisdə maye ilə qatıb 0,65 ml miqdarda, 0,0076 qramını bir ədəd şprisdə maye ilə qatıb 0,60 ml miqdarda heroin məhlulları hazırlayaraq saxlamış, 6 yanvar 2025-ci il tarixdə saat 17:06 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində icarə əsasında işlətdiyi İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən qəssab dükanının içərisində saxlanılaraq üzəri yoxlanılan zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən iki ədəd sellofan kəsiyi bükümündə, hər biri ayrılıqda 0,216 qram və 0,248 qram olmaqla ümumi təmiz çəkisi 0,464 qram psixotrop maddə olan metamfetamin, həmin qəssab dükanın ikinci otağındakı divanın üzərində olan qara rəngli əl çantasının içərisindən bir ədəd şüşə ampulada 1,40 ml miqdarda maye halında hazır heroin məhlulunun içərisində quru halda 0,012 qram, bir ədəd şprisdə 0,65 ml miqdarda maye halında hazır heroin məhlulunun içərisində quru halda 0,0082 qram, bir ədəd şprisdə 0,60 ml miqdarda maye halında hazır heroin məhlulunun içərisində quru halda 0,0076 qram çəkidə, ümumilikdə quru halda 0,0278 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 2024-cü ilin sonlarında “Tik tok” sosial şəbəkəsində xatırlamadığı səhifənin narkotik vasitə reklam etdiyini və kim istəsə müraciət etməyin mümkün olduğunun qeyd olunmasını görüb həmin səhifə ilə əlaqə saxlayaraq İmişli rayonundan olduğunu və narkotik vasitə əldə etmək istədiyini demişdir. Oradan ona göndərilən kart hesab nömrəsinə 100 manat pul göndərmişdir. Pulu isə İmişli şəhəri ərazisində olan “Ailəvi market” mağazasında olan ödəmə terminalından göndərmişdir. Sonra həmin sosial şəbəkədə ona sifariş etdiyi narkotik vasitənin Saatlı şəhəri ərazisində olduğu deyilmişdir. Təxmini bir ay əvvəl, yəni narkotik vasitəni sifariş etdiyi gündən bir neçə gün sonra Saatlı şəhərinə götürməyə getmişdir. Saatlı şəhəri ərazisində, “Şəhidlər xiyabanının” yaxınlığında, plakatın altında sellofan bükümdə olmuşdur. O, bükümü götürmüş və içərisində 0,5 qram heroin və 0,5 qram metamfetamin olmuşdur. O, həmin narkotik vasitəni və psixotrop maddəni özünün şəxsi istifadəsi üçün əldə etmişdir. 6 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində işlədiyi qəssab dükanında olmuşdur. Həmin vaxt bir neçə nəfər mülki geyimdə polis əməkdaşları içəri daxil olub xidməti vəsiqələrini təqdim etməklə özlərini polis işçisi olduqlarını bildirmişdir. Ona üzərində narkotik vasitə gəzdirməklə bağlı məlumat olduğu bildirilmişdir. Buna görə də üzərində narkotik vasitə və ya psixotrop maddə varsa çıxarıb təqdim etməsi istənilmiş, o da razılaşmışdır. Əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı iki büküm metamfetamini çıxarıb təqdim etmişdir. Sonra özünün şəxsi istifadəsi üçün olan və hazır şprisdə hazırladığı narkotik vasitə heroin olmasını demişdir. Birlikdə qəssabxananın ikinci otağına daxil olduqlarını və orada olan qara rəngli əl çantasının içərisindəki iki ədəd şprisdə və bir ədəd şüşə ampulada olan hazır heroin məhlulunu təqdim etmişdir. Həmin məhlulu özünün şəxsi istifadəsi üçün hazırlamışdır. Sonra qanunsuz hər hansı əşya və ya predmet olması soruşulmuş, o, isə heç bir əşya olmadığını demişdir. Polis əməkdaşları qəssabxanaya, eləcə də onun üzərinə baxış keçirmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra aşkar edilən heroin məhlulları və metamfetamin bükümləri polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənib üzəri həm o, həm də polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra birlikdə polis şöbəsinə gəlmişlər və orada üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən çıxan 64 manat pul da ona təqdim edilmiş və pulu üzərində olmuşdur. Sonra qəssab dükanında onun üzərindən aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən yenidən qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Ona sms mətni yazan şəxslərin heç birini tanımır, həmin sms mətnləri ilə bağlı heç bir məlumatı yoxdur və sms mətnlərinin nə vaxt və kim tərəfindən yazılmasını xatırlamır. Həmçinin sms mətnlərini göndərən telefon nömrələrini və nömrələrin sahiblərini tanımır, pullar isə müştərilərə satdığı ətlərin pulları olmuşdur. O, narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmiş və heç kimə satmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin X2 rəhbəri, baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində bildirmişdir ki, 6 yanvar 2025-ci il tarixdə daxil olan əməliyyat məlumatında Xəyal adlı şəxsin narkotik vasitə saxlaması göstərilmişdir. Həmin məlumatın mənbəyinin dəqiq, qərəzsiz və mötəbər olması aydınlaşdırıldıqdan sonra İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında əmr verilmişdir. Bundan sonra təxirəsalınmaz əməliyyat-axtarış qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 Gülhüseyin oğlu, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 daxil edilmişdir. Həmin gün saat 17:06 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə onun idarə etdiyi “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti minik avtomobili ilə İmişli şəhəri N.Savalanov küçəsində yerləşən və Təqsirləndirilən şəxs işlədiyi qəssab dükanına gəlmişlər. Gəlməzdən əvvəl əməliyyat müvəkkili Şahid3 tərəfindən video kamera vasitəsilə video çəkilişin başlanması elan edilmiş və bütün tədbir başdan əvvələ kəsintisiz video müşahidə ilə aparılmışdır. Həmin qəssab dükanına daxil olaraq xidməti vəsiqələrini göstərməklə özlərinin İmişli RPŞ-nin CAB-ın əməkdaşları olduqlarını və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməklə bağlı məlumat daxil olduğunu və buna görə də əməliyyat tədbirinin keçirildiyi bildirmişlər. Üzərində qanunsuz maddə olması haqqında sual olunmuş, sonuncu da üzərində istifadəsi üçün metamfetamin olduğunu bildirmişdir. Əynindəki qara rəngli şalvarının sol yan cibindən iki ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin kütləsini çıxarıb stolun üstünə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən şalvarının sağ yan cibindən beş və bir manatlıq əskinaslardan ibarət 64 manat pul aşkar olunmuş və həmin pul sonuncunun özünə qaytarmışdır. Sonra Təqsirləndirilən şəxs dükanda və ya özündə hər hansı qanunsuz əşya və ya predmet, narkotik maddə olması sual olunmuş, sonuncu da dükanın ikinci otağında özünün şəxsi istifadəsi üçün hazırladığı iynələrin olmasını bildirmişdir. Sonra iştirakçılarla birlikdə qəssab dükanın ikinci otağına keçmişlər. Orada olan divanın sağ qolu üzərində olan qara rəngli əl çantasının içərisindən iki ədəd şprisdə və bir ədəd şüşə ampulada hazır narkotik vasitə heroin məhlulu olmuşdur. Həmin məhlullar da stolun üzərinə qoyulmuşdur. Çantadan üç ədəd “Kapital banka” məxsus kart və bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, habelə bir ədəd Təqsirləndirilən şəxs məxsus xarici pasport aşkar edilmişdir. Bundan başqa divanın sağ qolunun üzərindən də bir ədəd “tum” paketinin içərisindən istifadə edilməmiş dörd ədəd açıq vəziyyətdə, iki ədəd isə paketdə şprislər də aşkar edilmişdir. Bundan başqa Xəyal İsarfilova məxsus üç ədəd, biri “Redmi” iki ədədi isə “Samsung” markalı mobil telefonlar da istintaqa təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra Xəyal İsarfilovun üzərindən aşkar edilmiş iki büküm psixotrop maddə metamfetamin və sonuncuya məxsus əl çantasında olan iki ədəd şprisdə, bir ədəd şüşə ampulada olan narkotik vasitə heroin məhlulları ayrı-ayrılıqda qablaşdırılmış və hər birinin üzəri DİN-in 179 nömrəli möhürü ilə möhürləndikdən sonra həm iştirakçılar, həm də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Qablaşdırmadan əvvəl həmin metamfetamin bükümləri elektron tərəzidə çəkilmiş və sellofan bükümlə birlikdə 0,550 qram çəkidə olması görünmüşdür. Sonra birlikdə İmişli rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində təhqiqatçı Elnur Quliyev tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilmiş, İmişli rayon vəkil bürosunun üzvlərindən X3 vəkil qismində təyin edilmiş və bundan sonra həmçinin əməliyyat qrupunun üzvlərinin iştirakı ilə İmişli RPŞ-nin inzibati binasında yerləşən xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı isə Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamin bükümləri və çantasından aşkar edilən heroin məhlulları təhqiqatçı tərəfindən qablaşdırılması açılaraq yenidən Təqsirləndirilən şəxs təqdim olunmuş və həmin psixotrop maddə metamfetamin bükümlərinin, habelə narkotik vasitə heroin məhlullarının özünə məxsus olmasını bir daha bildirmişdir. Sonra həmin bükümlər və heroin məhlulları isə təhqiqatçı tərəfindən yenidən möhürlənmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddə metamfetamini Saatlı şəhəri ərazisində sosial şəbəkədə tanış olduğu hesab vasitəsilə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 Gülhüseyin oğlunun elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, vətəndaşın saxlanması və üzərinin yoxlanması haqqında 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 yanvar 2025-ci il tarixdə, saat 17:06-da İmişli şəhəri N.Savalanov küçəsində yerləşən qəssabxanada saxlanılmış və onun üzəri yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən iki büküm psixotrop maddə metamfetamin, qəssabxananın ikinci otağında olan divanın sağ qolunun üzərindəki pul qabının içərisindən bir ədəd şüşə flakonda və iki ədəd şprisdə maye halında tərkibində narkotik vasitə heroin olan maddə aşkar edilmiş, iki ədəd psixotrop maddə metamfetamin bükümləri elektron tərəzi ilə çəkilərək ümumi çəkisinin 0,55 qram olması müəyyən edilmiş, iki ədəd psixotrop maddə metamfetamin bükümləri, şüşə qab və iki ədəd şprisdə olan heroin məhlulları qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 179 nömrəli möhürü ilə möhürlənmişdir (cild 1, səhifə 11-13); Şübhəli şəxsin tutulması haqqında 06 yanvar 2025 il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qismində tutulmuşdur (cild 1, səhifə 29); Təqsirləndirilən şəxs məxsus mobil telefon məlumatlarının ələ keçirilməsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 4519 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin, həmçinin istifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 18:12:25-də ***-***-**-** saylı nömrədən “xəyal qardaş atrsan gəli götürsün verməliyəm”, xx.xx.2023-cü il tarixdə saat 21:55:40-da ***-***-**-** saylı nömrədən “Qaqa vacibdi zang vur galim gotrum”, xx.xx.2023-cü il tarixdə, saat 18:30:06da “Mayi gozzer gor cam varsa ikidana duz qos yari yari oda duzalmirsa 1q das duz qos maslatti tema gotracam yada zang vurum gal axsan gotur tezdani gozzer onun yaxsissinan olacaq ondda cam olmusgan kecirdma”, xx.xx.2023-cü il tarixdə, saat 12:38:47-də “Mana dediyun yarini duz qos obirilari qalsin gediram karta pul atim gedib goturram neynay sagol”, xx.xx.2024-cü il tarixdə, saat 20:22:17-də ***-***-**-** saylı nömrədən “Axşamın xeyir amanatı qoymuşam tükanın börundəki kötüyün arxasına siqaret paçqasının içindədi sabrani paçqasıdı” xx.xx.2024-cü il tarixdə, saat 05:54:47-də ***-***-**-** saylı nömrədən “Qaqa on dənəsin mənə saxıa gəlib pulun verib götürəcəm.” xx.xx.2025-ci il tarixdə, saat 17:46:29-da ***-***-**-** saylı nömrədən “Xəyal mən sənə nəsə hörmətsizliyim olub qaqaş mən 70 man çetə pul vermişəm vəziyyətdən çıxa bilmirəm məni niyə bu vəziyyətə qoyursan dedin axşamçaqı yıq yıqıram açmırsan goruşdüyün kimsə məndən artıq oğlandı qaqa mənimdə telefonumu aç de dərdini bilimdə ya de məni birdə yıqma sən bu hərəkəti elədin yada bu məs son qoy uje özüm özümdə bilmirəm necə edim, Qaqa məni yıq xaiş edirəm səndən” və xx.xx.2025-ci il tarixdə, saat 19:25:58-də ***-***-**-** saylı mobil nömrədən “Qaqa zəngimi niyə acmirsan? 50 manatim var. Bidenesin götür Verde, Qaqa pul var idi onu sene verecekdi, hemde bayaq mene soz verdun ,ona gore seni yigiram.” məzmununda sms yazılmışdır (cild 1, səhifə 217-219) Məhkəmə-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 5/208 nömrəli rəyinə əlavə edilmiş məlumatlara baxış keçirilməsi haqqında 5 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A14” markalı mobil telefonun “Whatsapp” bölməsinə baxış zamanı ***-***-**-** saylı mobil nömrədən xx.xx.2025-ci il tarixdə “Salam qaqa”, həmin nömrədən xx.xx.2025-ci il tarixdə, saat 03:16:19-da “qaqa 50 manatım var, imkan varsa zəngimi aç, deməy istyrem sənə” xx.xx.2025-ci il tarixdə, saat 09:53:05-də ***-***-**-** nömrəsindən “qaqa məni pis vəziyyətdə saxlama” xx.xx.2024-cü il tarixdə, saat 04:38:06-da ***-***-**-** saylı nömrədən “qaqa yadunnan çıxaram birdən”, həmin gün saat 03:56:03-də “atıram qaa pulu”, həmin gün saat 04:38:29-da “yol çıxacam mən”, həmin gün saat 05:09:53-də “yol çıxıram axı ay qaqaş, həmin gün saat 05:10:05-də “onsuz da gede bilmirem”, xx.xx.2024-cü il tarixdə, saat 09:11:15-də “qardaş mən rəydə sizin yazdığınızı gördüm yazdım mənim səhifəmdə yazsaydınız cavab verərədim yəqin tam quru satmısan qardaş tam quru olsun 200 manata götürəcəm amma yaş olsa 100 manata nə qədər çox olsa problem deyil”, inşallah sizə nömrəmi yazım lazım olsa zəng edin zəhmət olmasa ***-***-**-**” məzmununda, habelə telefonun fayl yaddaşında narkotik vasitə gözləntisi məzmununda kişi cinsli şəxsə məxsus dörd ədəd səs yazısı müəyyən edilmişdir (cild 1, səhifə 11-17); Cinayət işinin başlanması haqqında 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib, saxlaması və daşıması faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, səhifə 2); Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən mobil telefon smartfon tiplidir, “Samsung Galaxy A14” markalıdır, qara rəngdədir. Telefonun “Whatsapp” bölməsinə baxış keçirilən zaman “Cavid. Qara” adı ilə qeydə alınmış ***-***-**-** saylı “Azərfon MMC” mobil operator kodlu nömrə ilə aralarında narkotik vasitə gözləntisi məzmununda sms yazışmasının olması müəyyən edilmişdir. Bundan başqa həmin telefonun “Galareya” bölməsində olan videoda və fotoşəkildə Təqsirləndirilən şəxs işlədiyi İmişli şəhəri N.Savalanov küçəsində yerləşən qəssab dükanının ikinci otağında bir nəfər kişi cinsli şəxsin başını stolun üzərinə qoyduğu, həmin stolun üzərində şprislərin olması, Təqsirləndirilən şəxs isə həmin xüsusatı video görüntüyə alması, həmin kişi cinsli şəxsin isə narkotik vasitənin və ya güclü təsiredici maddənin təsiri altında olması müəyyən edilmişdir (cild 1, səhifə 54-60); Məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2025-ci il tarixli, 18/7 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən... metamfetaminə bənzər...” sözləri yazılmış kağız paketdə 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,216 qram, 0, 248 qram olmaqla ümumi çəkisi-0,464 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs işlədiyi obyektdən...” sözləri yazılmış kağız paketdə 02 ədəd şprislərin içərisində ayrıayrılıqda həcmi-0,65 ml, 0,60 ml, 01 ədəd şüşə ampulada həci-1,40 ml, ümumi həcmi-2,65 ml olan məhlul narkotik vasitə heroin məhluludur, şprislərin içərisində məhluldakı heroinin quru maddəsinin ayrı-ayrılıqda çəkisi-0,0082 qr, 0,0076 qr, 01 ədəd şüşə ampluanın içərisində məhluldakı heroinin quru maddəsinin çəkisi-0,012 qr, heroinin quru maddəsinin ümumi çəkisi-0,0278 qramdır (i.v. 37-41); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, səhifə 61-62); Qətimkan tədbirinin seçilməsi haqqında İmişli Rayon Məhkəməsinin 08 yanvar 2025ci il tarixli, 4(036)-2/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, səhifə 97-102); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 401 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən İmişli rayon MX-da (Z72X2) diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, səhifə 201-202); Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (cild 2, səhifə 16-34); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 14 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, səhifə 38-40). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdiyi ifadələr və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və daşıması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə həbsdə saxlama müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən başlamaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, səhifə 159); Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin bitməsindən 6 il müddət keçmədən, yəni qanunla məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində ona narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,364 qram psixotrop maddə metamfetamin, habelə həcmi-0,65 ml, 0,60 ml, 01 ədəd şüşə ampulada həcmi- 1,40 ml, ümumi həcmi-2,65 ml olan narkotik vasitə heroin məhlullarının içərisindəki müvafiq olaraq 0,0082 qr, 0,0076 qr və 0,012 qr, ümumi təmiz çəkisi 0,0278 qram quru heroin maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 131,95 (bir yüz otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,364 qram psixotrop maddə metamfetamin, habelə həcmi-0,65 ml, 0,60 ml, 01 ədəd şüşə ampulada həcmi- 1,40 ml, ümumi həcmi-2,65 ml olan narkotik vasitə heroin məhlullarının içərisindəki müvafiq olaraq 0,0082 qr, 0,0076 qr və 0,012 qr, ümumi təmiz çəkisi 0,0278 qram quru heroin maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 131,95 (bir yüz otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar