Məhkəmə qərarları › İş №1(036)-55/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-55/2022

05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-55/2022 05.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: X2, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1986-cı il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Q.Qarayev küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, bаrəsində həbs qətimkаn tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 5 mart 2022-ci il tarixdə saat 01:00 radələrində X1 məxsus İmişli şəhəri, Q.Qarayev küçəsi 75 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə evin arxa hissəsində yerləşən boş sahədən keçərək evin pəncərə şüşəsini özü ilə gətirdiyi vintaçanla yerindən çıxarıb, pəncərədən qanunsuz evə daxil olaraq oradan 40 (qırx) manat dəyərində 1 ədəd “Şivaki” markalı, “Vac Gouge” modelli, qırmızı rəngli, üzərində istismar xarakterli cızıqları olan tozsoranı, 50 (əlli) manat dəyərində 1 ədəd Yaponiya istehsalı olan “Nikai” markalı, “NVC-878” modelli, tünd qırmızı rəngli, üzərində istismar xarakterli cızıqları olan tozsoranı, hər biri 2 (iki) manat olmaqla 6 (altı) manat dəyərində 2 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı qara rəngli adapterləri, 30 (otuz) manat dəyərində 1 ədəd “Eurolux” markalı ətçəkəni, 20 (iyirmi) manat dəyərində 1 ədəd “Socani” markalı saç fenini, 15 (on beş) manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan ləpə çəkəni, 425 (dörd yüz iyirmi beş) manat dəyərində 585 əyarlı, 5 qram çəkidə qızıl kulonu, 2 (iki) manat dəyərində 1 ədəd 2 GB həcmində yaddaş kartını, 240 (iki yüz qırx) manat dəyərində 1 ədəd "Eurolux" markalı yemək qızdırıcısını, 60 (altmış) manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan ütünü, 40 (qırx) manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan ütünü, 10 (on) manat dəyərində 1 ədəd feni, 20 (iyirmi) manat dəyərində 1 ədəd ulduz formalı yaxa nişanını gizli yolla talamış, sonra isə vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini davam etdirərək yenidən 7 mart 2022-ci il tarixdə saat 01:00 radələrində həmin evin önündə yerləşən qarajın üstündən tullanıb həyətyanı sahəsinə keçərək evin çöl divarına bərkidilmiş 150 (yüz əlli) manat dəyərində 1 ədəd su qızdırıcısını özü ilə gətirdiyi qaz açarı vasitəsilə açaraq gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsya ümumilikdə 1108 (min yüz səkkiz) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, narkotik vasitə olan “kakos” istifadə edirmiş. Narkotik almağa imkanı olmadığı üçün qonşusu Zərərçəkmiş şəxsnın evindən oğurluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə 5 mart 2022-ci il tarixdə saat 01:00 radələrində yaşadığı evdən çıxıb qonşuluqda yaşayan Rəfiqənin evinin arxa tərəfindən heç bir hasarı olmayan həmin evin həyətyanı sahəsinə keçmişdir. Bundan sonra evin arxa sol hissəsində yerləşən pəncərənin şüşəsini özü ilə gətirdiyi vintaçanla çıxarıb yerə qoymuş və evə daxil olduğu otaqdan iki ədəd tozsoran, iki ədəd saç feni, iki ədəd ütünü evə daxil olduğu pəncərədən çıxarıb pəncərənin altına qoymuşdur. Bundan sonra həmin otaqda olan sandığın tapdığın dəmir parçası ilə kilid yerini qırıb oradan üç ədəd telefon adapterini və iki ədəd sarı rəngli qəpik formasında dəmiri görüb onların qızıl olduğunu düşünüb götürmüşdür. Sonra həmin otaqda olan masanın üstündə açar olduğunu görmüş və qapını həmin açarla açıb digər otaqlara daxil olmuşdur. Daha sonra mətbəxə daxil olub oradan yemək qızdırıcısı sobanı götürüb mətbəxdən çıxmışdır. Bundan sonra yataq otağına daxil olmuş və oradan heç nə tapa bilməmişdir. Götürdüyü iki ədəd tozsoranı evin həyətyanı sahəsindən tapdığı ayrı-ayrı iki ədəd polietilen torbaya qoyub digər oğurladığı əşyalarla birlikdə vaxt qazanmaq üçün evin yanında yerləşən yarım tikilinin zirzəmisində gizlətmişdir. Qızıl zənn etdiyi qəpik formasında olan iki ədəd sarı rəngli metalı və üç ədəd telefon adapterini götürüb evinə getmiş və həmin əşyaları evdə gizlətmişdir. Bundan sonra oğurluq əməlinin üstü açılarsa aparıb əşyaları yerinə qoyar deyə bir gün gözləmişdir. Oğurluq əməlini törətdiyi vaxt evin divarında bir ədəd su qızdırıcısının olduğunu görüb onu da oğurlamaq qərarına gəlmişdir. Lakin, su qızdırıcısı divara bərkidildiyindən boruları açmaq üçün qaz açarı lazım olmuşdur. 07 mart 2022-ci il tarixdə saat 01:00 radələrində yenidən Rəfiqənin həyətyanı sahəsinə daxil olub özü ilə gətirdiyi qaz açarı ilə həmin su qızdırıcısını söküb yerindən çıxartmış və gətirib yaşadığı evin zirzəmisində gizlətmişdir. Sonra həmin gün saat 03:00 radələrində İmişli mal bazarına getmiş və orada su qızdırıcısını və digər oğurladığı əşyaları satmaq üçün müştəri axtarmış və orada tanımadığı bir nəfər şəxs əşyaları almaq istədiyini bildirdikdə həmin şəxsin idarə etdiyi “VAZ-2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə saat 04:00 radələrində yaşadığı evin yaxınlığına gəlmişlər. Evin zirzəmisində saxladığı su qızdırıcısını həmin şəxsə 30 manata satmışdır. Bundan sonra iki ədəd tozsoranı, iki ədəd ütünü, yemək qızdırıcısı sobanı, iki ədəd saç feninin yalandan bibisigildə olduğunu bildirib, həmin şəxsə onları almaq istəyib-istəmədiyini soruşduqda sonuncu tozsoranları istəmədiyini bildirib digər əşyaları almağa razılaşmışdır. O, həmin şəxsin avtomobili ilə Rəfiqənin evinin yanına getmiş və ora çatdıqda həmin şəxs avtomobildə gözləmiş, o isə həyətə daxil olub oğurladığı əşyaları gizlətdiyi yarım tikilinin zirzəmisindən iki ədəd ütünü, iki ədəd saç fenini, yemək qızdırıcısı sobanı götürüb avtomobilin yanına gəlmiş və əşyaları həmin şəxsə 90 manata satmış və sonra çıxıb evinə getmişdir. Əldə etdiyi pula Saatlı və İmişli rayonunda adını bilmədiyi şəxslərdən narkotik vasitə alaraq istifadə etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 15 sentyabr 2021-ci il tarixdən oğlu xəstə olduğu üçün Bakı şəhərinə köçüb orada yaşamışdır. 2021-ci ilin dekabr ayının sonunda isə qızı Xəyalə nəvəsi Rüqəyya ilə birlikdə Bakı şəhərinə gəlib orada yaşamağa başlamışlar. Həmin gündən İmişli şəhəri, Q.Qarayev küçəsi 75 ünvanında yerləşən fərdi yaşayış evi boş qalmışdır. Evin həyətyanı sahəsində əvvəllər ona məxsus olan sonradan başqa şəxsə satdığı, içərisində yaşayış olmayan yarım tikili də vardır. 2022-ci ilin mart ayının əvvələrində İmişli şəhərində yaşayan qızı Pərvanəyə evə gedib evdə olan fenləri və bir neçə geyim əşyalarını Bakıya gətirməsini tapşırmışdır. Pərvanə evə daxil olarkən evin qapısının açıq və evin dağınıq olduğunu, evdə olan sandığın kilidinin sındırıldığını içərisində olan əşyaların isə yerində olmadığını görüb ona zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra o, 08 mart 2022-ci il tarixdə rayona gəlmiş və qonşuluqda yaşayan qardaşı Elçin bir ədəd evin çölünə quraşdırdıqları su qızdırıcısının da oğurlanmasını bildirmişdir. Qonşuluqda yaşayan bacısı Rəsmiyyə həyəti gəzən zaman evdən oğurlanmış iki ədəd tozsoranları evin kənarında olan yarımtikilinin içərisindən tapmışdır. Səhəri gün, yəni 09 mart 2022-ci il tarixdə evə baxan zaman naməlum şəxsin həyətdə olan dəmirlə evin arxadan pəncərəsini çıxararaq həmin pəncərədən evə daxil olduğunu müəyyən etmişdir. O, evi gəzmiş və evdən dəyəri 240 manat olan bir ədəd "Eurolux" markalı yemək qızdırıcısının, 70 manata aldığı ətçəkənin, Türkiyə istehsalı olan markasını bilmədiyi biri 60 manata, digəri isə 40 manata olan iki ədəd ütülərinin, dəyəri 22 manat olan "Sokani" firmasına məxsus bir ədəd və 10 manata aldığı markasını bilmədiyi bir ədəd fenlərin, 20 manata aldığı bir ədəd Türkiyə istehsalı olan ləpəçəkən qurğunun, 90 manata aldığı bir ədəd "Shivaki" markalı və 170 manata aldığı bir ədəd "Nikai" markalı tozsoranların, ümumi dəyərləri 15 manat olan Çin istehsalı olan üç ədəd “Samsung” markalı mobil telefon adapterlərinin, 585 əyarlı, 250 manat dəyərində, çəkisi təxminən 5 qrama yaxın olan bir ədəd qızıl kulonun, evin çölünə quraşdırılmış markasını xatırlamadığı dəyəri 150 manat olan bir ədəd su qızdırıcısının, iki ədəd dəyəri olmayan qəpik formasında metal bəzək əşyalarının, 16 manat dəyərində 2 GB həcmində bir ədəd yaddaş kartının və bir ədəd 20 manat dəyərində ulduz formasında metaldan olan yaxa nişanın yerində olmadığını görmüşdür. O, oğurluq hadisəsi barədə 09 mart 2022-ci il tarixdə İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 1173 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində həbslə əlaqədar olan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayında bacısı Zərərçəkmiş şəxs Bakı şəhərinə köçərək orada yaşamışdır. Rəfiqənin qızı Xəyalə azyaşlı qızı ilə birlikdə bacısının evində yaşayırmış. 2022-ci ilin fevral ayında Xəyalə də qızı ilə birgə Bakı şəhərinə anasının yanına getmişdir. Xəyalə Bakıya gedərkən evin açarlarını bacısı Şahid2 vermişdir. 2022-ci ilin mart ayında bacısı Rəsimə ona zəng edərək Rəfiqəgilin evindən oğurluq olduğunu bildirmişdir. O, dərhal evə gəlmiş və evdən ev əşyalarını oğurlandığını görüb bu barədə bacısı Rəfiqəyə məlumat vermişdir. Bacısı rayona qayıtdıqdan sonra evdən məişət əşyalarının, su qızdırıcısının, sandıqda olan qızıl kulonun, iki ədəd pula oxşar qızılı rəngli metalın, yaddaş kartlarının və digər əşyaların oğurlanmasını bilmişdir. Sonra polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Polis əməkdaşları getdikdən sonra bacısı Rəsimə həyətdə olan yarımtikiliyə baxarkən içərisində evə məxsus iki ədəd tozsoran olan iki ədəd ağ kisə tapmışdır. Onlar bu barədə polis əməkdaşlarına zəng edərək tozsoranların tapıldığını bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 işin hallarına dair qardaşı Şahid1nun ifadəsinə uyğun ifadə verdi. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 01 iyun 2022-ci il tarixli, 9/3534 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Şivaki” markalı, “Vac Gouge” model, qırmızı rəngli tozsoran istifadədə olub üzərində istismar xarakterli cızıqlar, rəng qopuqları və s. var və boru hissəsi zədəli vəziyyətdədir, bir ədədinin qiyməti 40 manat təşkil edir. Təqdim edilmiş Yaponiya istehsalı olan “Nikai” markalı “NVC-878” model, tünd qırmızı rəngli tozsoran istifadə olub üzərində istismar xarakterli cızıqlar, rəng qopuqları və s. var. Bir ədədinin qiyməti 50 manat dəyərindədir. Təqdim edilmiş iki ədəd “Nokia” markalı və bir ədəd “Samsung” markalı qara rəngli adapterlərin hər biri 2 manat olmaqla üç ədədi 6 manat təşkil edir. Təqdim edilməyən bir ədəd “Eurolux” markalı ətçəkən 30 manat, bir ədəd “Socani” markalı saç feni 20 manat, Türkiyə istehsalı olan markasını xatırlamadığı bir ədəd ləpəçəkən 15 manat, 585 əyyarlı təxminən çəkisi 5 qram olan qızıl kulon 425 manat, 2 GB həcmində yaddaş kartı 2 manat məbləğində qiymətləndirilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 96 manat, təqdim edilməyən qərarda göstərilən beş adda malların 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 492 manat, digər beş adda mallar haqqında ətraflı məlumat (markası, modeli, istehsal ili , istismar müddəti, həcmi vəs.) müəyyən edilir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi İmişli RPŞ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan 1 ədəd “Şivaki” markalı, “Vac Gouge” model tozsoran, 1 ədəd “Nikai” markalı, “NVC-878” model tozsoran, 2 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı adapterlər zərər çəkmiş şəxs X1 qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatına sərf olunmuş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsya vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 09 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi İmişli RPŞ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan 1 ədəd “Şivaki” markalı, “Vac Gouge” model tozsoran, 1 ədəd “Nikai” markalı, “NVC-878” model tozsoran, 2 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı adapterlər zərər çəkmiş şəxs X1 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatına sərf olunmuş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsya vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar