Məhkəmə qərarları › İş №1(036)-55/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-55/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-55/2024 11.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin nümayəndəsi – Şirvan regional vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 8 avqust 1970-ci ildə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin İmişili rayon Qızılkənd kənd filialının müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 7 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində "xxxx" MMC-nin İmişli rayonu, Qızılkənd kəndində yerləşən filialının inzibati binasının yanında həmkəndlisi Şahid1 çayxana kimi fəaliyyət göstərən obyektinə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxışı Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə video görüntüyə çəkərkən onun görüntüyə düşməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı fiziki güc tətbiq edərək qəsdən Zərərçəkmiş şəxs sol əlinin barmaqlarından tutaraq arxaya doğru qatlayıb buraraq, sol əlin 4-5-ci barmaqlarında şişkinlik və qançır, sol əlin 5-ci barmağının 3-cü falanqasının qeyri-tam boylama sınığı (çatı) ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. İş üzrə aparılmış məhkəmə tədqiqatı zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, o, Şahid1 və Zərərçəkmiş şəxsla aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. O, 2012-ci ildən "xxxx" MMC-nin İmişli rayon Qızılkənd kənd filialının müdiri vəzifəsində işləyir. 2023-cü ilin avqust ayının 1-də 46 gün müddətinə əmək məzuniyyətinə çıxıb, Bakı şəhərinə, Günəşli sanatoriyasına müalicəyə getmişdir. Məzuniyyətdə olduğu müddət ərzində onu qonşu Aranlı kəndinin poçtunun əməliyyatçısı Elyaz əvəz etmişdir. Avqust ayının sonlarında isə kəndə qayıtmış, məzuniyyətdə olduğu üçün işə çıxmamışdır. Saat 10 radələrində poçt vasitəsi ilə smartkarta pul köçürmək istəmiş, bu vaxt poçtun ətrafının çəpərlənməsini, həmçinin Şahid1 yaxınlıqda olan kafenin binasının ətrafına 4 ədəd səs yazan kameranın quraşdırılmasını və həmin kamrelardan 2 ədədinin poçtun qapısını çəkməsini, sonra isə poçtun inzibati binasına kimi çəpərlənməsini görmüşdür. Bundan sonra "xxxx" MMC-nin İmişli rayon şöbəsi üzrə müdiri Mahir Babayevə zəng edib, bu barədə məlumat vermişdir. Mahir müəllim deyilənləri mobil telefon vasitəsi ilə videogörüntüylə qeydə alıb, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərməyini istəmişdir. O, çəkilişə başlamışdır. Çəkilişə başlayandan sonra orada olan Şahid1 ona mane olmuş və çəkiliş etməyinə icazə verməmişdir. O da çəkilişi dayandırmışdır. Yarımçıq etdiyi çəkilişi idarə rəhbərinə göndərmişdir. Qanuni olaraq Şahid1 obyektinin çəpərləri poçtun inzibati binasından 1.20 metr kənarda olmalıdır. Lakin Şahid1 çəpərləməni bir-başa poçtun binasına birləşdirmişdir. Həmin gün Şahid1 ilə arasında heç bir mübahisə baş verməmişdir. 15 sentyabr 2023-cü ildə əmək məzuniyyəti bitdiyindən işə çıxmışdır. İşə çıxmamışdan əvvəl Təyyardan obyektin çəpərini sökərək geri çəkməsini istəmişdir. Təyyar isə ona bu barədə əlində sənəd olduğunu deyərək, çəpəri sökməyəcəyini və poçtun ətrafına keçməyə icazə verməyəcəyini demişdir. Bu barədə bir neçə dəfə mübahisələri olmuşdur. Təyyar onun barəsində müxtəlif instansiyalara obyektinə baskın etməyi, obyektin işlətməsi üçün 10 000 manat rüşvət tələb etməyini və sair məzmunda böhtan xarakterli şikayətlər etmişdir. Şahid1 poçtun ərazisini zəbt etməsi ilə bağlı Bakı şəhərinə gedib, Əmlak Komitəsinə şikayət etmişdir. Şikayətindən sonra 7 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Əmlak Komitəsinin əməkdaşları idarəyə gələrək poçtun inzibati binasının ətrafına baxış keçirmişlər. Baxış zamanı Şahid1 tərəfindən 220.0 kv.metr ərazinin zəbt edildiyi müəyyən edilmişdir. Şahid1 bunu gördükdən Faləddinə zəng edib obyektinə çağırmışdır. Təxminən 5 dəqiqə sonra Faləddin söyüş söyə-söyə obeyktə gəlmişdir. Faləddin gələn kimi obyektə gəlib, bələdiyyə sədri Cahit Əliyev ilə dava etməyə başlamışdır. Onlar arasında sözlü mübahisə olmuşdur. Mübahisəyə səbəb Faləddinin Cahətin ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Əmlak komitəsinin əməkdaşları Faləddinin mübahisə etdiyini, mübahisənin davaya çevriləcəyini görüb kafedən kənara çıxıb “Niva” markalı avtomobilin üzərində keçirdikləri baxışa aid akt yazmağa başlamışlar. O da Əmlak komitəsinin əməkdaşlarının yanında dayanaraq aktın surətini almaq istəmişdir. Bu vaxt Faləddin mobil telefonu ilə Əmlak komitəsinin əməkdaşını və onu çəkməyə başlamışdır. Faləddin mobil telefonunu ona tərəf çevirən zaman əli ilə Faləddinin əlini digər tərəfə itələyib, onu çəkməməsini istəmişdir. Telefon Faləddinin sağ əlində olmuşdur. Faləddin sol əli ilə onun qolundan tutaraq özünə tərəf çəkib telefonu yenidən onun üzünə istiqamətləndirmişdir. O da Faləddinin sağ əlində olan mobil telefonun yuxarı kamera hissəsindən tutaraq, güc tətbiq etmədən telefonu almışdır. Telefon əlində olan zaman kilidə düşmüşdür. Faləddinin mobil telefonunu verməmiş, İcra nümayəndəsi Niyaməddini çağıraraq telefonda ona aid olan videonu silməsini istəmişdir. Bundan sonra poçtun inzibati binasına daxil olmaq istəmişdir. Bu vaxt Faləddin onun əynində olan gödəkçənin boyun nahiyəsindən tutaraq 2-3 dəfə geri çəkmişdir. O, Faləddinə müqavimət göstərməmiş və poçtun inzibati binasına daxil olmuşdur. Binaya daxil olduqdan sonra iş otağına keçmişdir. İş otağına keçdikdən sonra Niyaməddin ilə Faləddin birlikdə binaya daxil olmuşlar. Faləddin ondan telefonunu istəmişdir. O isə Faləddindən ona aid görüntüləri silməsini istəyib, sonra telefonu verəcəyini bildirmişdir. Niyaməddin Faləddindən mobil telefonun şifrəsini istəmişdir. Faləddin isə şifrəni verməkdən imtina etmişdir. Buna görə də, aralarında sözlü mübahisə yaranmışdır. Bunu görən Niyaməddin ondan mobil telefonu istəmişdir. O da Niyaməddinə telefonu verəcəyi təqdirdə Faləddinin telefonu aldıqdan sonra görüntünü silməyəcəyini bildirərək telefonu verməkdən imtina etmişdir. Bu vaxt Cahət binaya daxil olmuşdur. Cahət binaya daxil olan vaxt Faləddin kassa otağına daxil olaraq oturduğu yerdə onun sifət nahiyəsindən 3 dəfə yumruqla vurmuşdur. Niyaməddin onları ayırmışdır. Faləddinlə dava etmək istəyən vaxt Niyaməddin ona imkan verməmişdir. Faləddin foedə gözləyirmiş. Bu vaxt Faləddin yenə onun üzərinə gələrək yaxasından tutub köynəyinin yaxa düymələrini qırmışdır. Yenə onları Niyaməddin ayırmışdır. Buna baxmayaraq telefonu Faləddinə verməmişdir. Bundan sonra Faləddin telefonun şifrəsini demiş, şifrəni dedikdən sonra telefonu Niyaməddinə vermiş və ona aid video görüntünü silmişdir. Bundan sonra Faləddini bayıra çıxarmış və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Həmkəndlisi Şahid1 məxsus Qızılkənd kəndinin ərazisində "xxxx" MMC-nin həmin kənddə yerləşən filalının arxasında çayxana kimi fəaliyyət göstərən 100 kv/m ölçüdə obyekti vardır. Həmin obyektin bütün sənədləri qaydasındadır. Obekti 1 il müddətinə müqavilə əsasında icarəyə götürmüşdür. Həmin obyekti çayxana kimi işlətmək istəmişdir. Lakin Hörmət buna icazə verməmişdir. Hörmət onu yanına çağıraraq Təyyar ilə arasında ədavət olduğunu, buna görə də, obyekti işlətməyə icazə verməyəcəyini demişdir. Buna baxmayaraq həmin obyekti işətməyə başlamış, 3 gün işlətdikdən sonra Hörmət onu yenə yanına çağıraraq obyekti səndələşdirmədiyi təqdirdə müvafiq qurumlara şikayət edəcəyini bildirmişdir. O da Hörmətə sənədləri alacağını demişdir. Bundan sonra Təyyar ilə birlikdə Beyləqan rayonu ərazisində yerləşən 8 saylı Ərazi Vergi İdarəsinə getmişlər. Həmin idarənin əməkdaşı ona sənədlərinin qaydasında olduğunu, sadəcə olaraq “ASAN” imza açdıraraq vergi ödəyicisi kimi qeydiyyatdan keçmək lazım olduğunu demişdir. Sonra Beyləqan rayonu ərazisində yerləşən "xxxx" LTD MMC-nin ofisinə gedib orada “ASAN” imza alaraq vergi idarəsinə vermişlər. Təxminən 40 dəqiqə gözlədikdən sonra vergi ödəyici kimi qeydiyyatdan keçmiş və ona vəsiqə vermişlər. Sonra kəndə qayıtmışlar. Kəndə qayıtdıqdan sonra Vergi İdarəsindən aldığı vəsiqəni Hörmətə göstərib, obyekti çayxana kimi işlədəcəyini demişdir. Bu vaxt Hörmət sənədə baxıb ona: “Mən nə qədər burdayam siz burda işləməyəcəksiniz. Obyekt işələməyəcək” – demişdir. O da Hörmətə nə bilirisə gedib etməsini və obyekti çayxana kimi işlətməyə davam edəcəyini demişdir. Bunun üzərindən 2-3 gün keçdikdən sonra Hörmət dövlət qurumlarına şikayətlər etməyə başlamışdır. Hörmətin şikayətindən sonra obyektə dövlət qurumları - Ekologiya Nazirliyi, X2, Vergi Xidmətindən və Fövqəladə Hallar Nazirliyindən yoxlamalar gəlmiş və müəyyən məbləğdə cərimələr yazıb getmişlər. Vergi Xidmətindən başqa bütün cərimələr Təyyara yazılmış, bir dənə Vergi İdarəsindən ona 40 manat cərimə yazılmışdır. Həmin cəriməni də Hörmət ödətdirmişdir. Belə ki, Hörmət ona obyekti bağlayacağı təqdirdə cəriməni ödəyəcəyini demiş, o da obyekti bağlamış və Hörmət cəriməni ödəmişdir. Bundan sonra VÖEN-i bağlatdırmışdır. Sonra o, müvafiq qurumarlara Hörmət barəsində şikayətlər etməyə başlamışdır. Hörmət barəsində şikayətlər etməyə başladıqdan sonra İmişli rayon İcra Hakimiyyətinin Mirzə adlı əməkdaşı ona zəng edərək xidməti iş yerinə dəvət etmiş, Mirzə ona iş yerində məşğulluq idarəsində iş verəcəyini deyib, Hörmət barəsində şikayətlərini dayandırmağını demişdir. Mirzənin bu sözlərinin üzərindən 3 ay keçməsinə baxmayaraq işlə təmin edilməmişdir. Bundan sonra yenə Mirzənin yanına getmiş və Mirzə ona iş olmadığını, iş olduğu təqdirdə məlumat verəcəklərini demiş, bundan sonra evə qayıtmışdır. 7 yanvar 2024-cü il saat 15 radələrində Təyyarın ona icarəyə verdiyi obyektin qarşısında kəndin bələdiyyəsi Cahət Əliyev, Təqsirləndirilən şəxs və Torpaq şöbəsinin əməkdaşları tərəfindən ölçü götürülürdüyünü görmüş, onların əllərində metrə olmuş, hərə metrənin bir tərəfindən tutmuşdur. Belə ki, onlar Təyyarın 100 kv/m-lik obyektində və 270 kv/m ölçüdə icarə əsasında götürdüyü sahədə ölçü aparmışlar. Obyektə gələn kimi Təyyarın yanında dayanıb keçirilən baxışa baxmıdşır. Sonra bayıra çıxmış və poçtdan 10 metr kənarda dayanıb baxışda iştirak edənləri mobil telefonuna çəkməyə başlamışdır. Bu vaxt Hörmət poçtun yanından arxadan ona yaxınlaşıb, mobil telefonu almaq üçün qəfil əlindən tutmuşdur. Mobil telefonu verməmək üçün digər əlindən istifadə etməyə başlamışdır. Belə ki, sağ əlində olan mobil telefonu ilə videogörüntü çəkir, Hörmət onu arxadan sağ əlini tutub telefonu almaq istəyən zaman sol əlini sağ əlinin üzərində qoyub telefonu Hörmətə vermək istəmirmiş. Bu vaxt Hörmət onun sol əlinin barmaqlarından tutaraq arxaya doğru qatlayıb, onu darta-darta poçtun binasının içərisinə salmışdır. Binanın içərisinə girdikdən sonra Hörmət “polka”nın qapsını açaraq içəri keçib qapını bağlatdırmış, o isə “polka”nın digər tərəfində qalmışdır. Hörmət onun əlini buraxmamışdır. Bu vaxt Niyaməddin ona arxadan yaxınlaşmış, “polka”nı açaraq Hörmətin yanına getmiş və iksinin əlindən tutaraq telefonu almaq istəmişdir. O da telefonu buraxmamışdır. Hörmət isə Niyaməddinə görüntünü pozmağını demişdir. Bundan sonra Hörmət onun sağ əlini tutmuş, o sağ əlinin baş barmağı ilə telefonu kiliddən çıxartmış, Niyaməddin videogörüntünü silmişdir. Bu vaxta qədər Hörmət onun sol əlini buraxmamış, dahada möhkəm arxaya doğru qatlamışdır. O da ağrıdan dayana bilməyib, məcbur olub telefonu koddan çıxartmışdır. Niyaməddin videonu sildikdən sonra Hörmət onun sağ əlini və sol əlinin barmaqlarını buraxmışdır. Hörmət əlini buraxan kimi sol əlinin iki barmağı zədələnmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Faləddin ilə arasında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Həmçinin Təqsirləndirilən şəxs da tanıyır. Hörmət onun həmkənlisidir. Hörmətlə də arasında hər hansı bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Onun Qızılkənd kəndinin ərazisində "xxxx" MMC-nin həmin kəndin filalının arxasında çayxana kimi fəaliyyət göstərən 100 kv/m ölçüdə obyekti vardır. Həmin obyektin bütün sənədləri vardır və sənədləri təqdim etmişdir. Obekti Faləddinə 1 il müddətinə müqavilə əsasında icarəyə vermişdir. Faləddin həmin obyekti çayxana kimi işlətmək istəmişdir. Lakin Hörmət buna icazə verməmişdir. Bundan sonra Faləddin ilə birlikdə Beyləqan rayonu ərazisində yerləşən 8 saylı Ərazi Vergi İdarəsinə getmiş, həmin idarənin əməkdaşı onlara sənədlərinin qaydasında olduğunu, sadəcə olaraq “ASAN” imza açdıraraq vergi ödəyicisi kimi qeydiyyatdan keçmək lazım olduğunu demişdir. Bundan sonra Beyləqan rayonu ərazisində yerləşən "xxxx" LTD MMC-nin ofisinə gedib orada 30 manat ödəniş edib, “ASAN” imza almış və vergi idarəsinə vermişlər. Təxminən 40 dəqiqə gözlədikdən sonra Faləddin vergi ödəyici kimi qeydiyyatda keçmiş və Faləddinə vəsiqə vermişlər. Bundan sonra kəndə qayıtmışlar. Kəndə qayıtdıqdan sonra Faləddin onun yanında Vergi İdarəsindən aldığı vəsiqəni Hörmətə göstərib, obyekti çayxana kimi işlədəcəyini demişdir. Bu vaxt Hörmət Faləddinə: “Mən nə qədər burdayam siz burda işləməyəcəksiniz” – demişdir. Bundan əvvəl, 23 sentyabr 2023-cü ildə, obyektinin yaxınlığında Hörmət ondan obyekti işlətməsi üçün 10 000 manat pul tələb etmişdir. O da verməyəcəyini demişdir. Hörmət isə ona: “Səni çərlədə-çərlədə öldürəcəm” – demişdir. Bundan sonra Hörmət onun barəsində dövlət qurumlarına şikayətlər etməyə başlamışdır. Hörmətin şikayətindən sonra onun obyektinə dövlət qurumları tərəfindən yoxlamalar gəlmişdir. Ekologiya Nazirliyi, X2, Vergi Xidmətindən və Fövqəladə Hallar Nazirliyindən yoxlamalar gəlmiş və ona müəyyən məbləğdə cərimələr yazıb getmişlər. 7 yanvar 2024-cü il saat 15 radələrində xatırlamadığı şəxs ona zəng edərək obyektinə çağırmışdır. Həmin vaxt evdə olmuşdur. Zəngdən sonra obyektinə getmişdir. Kəndin bələdiyyəsi Cahət Əliyev, Təqsirləndirilən şəxs və Torpaq şöbəsinin əməkdaşları tərəfindən ölçü götürülürmüş. Onun 100 kv/m-lik obyektinə və 270 kv/m ölçüdə icarə əsasında götürdüyü sahədə ölçü aparmışlar. 270 kv/m-lik ərazini fakt olaraq bələdiyyə sədri Cahət Əliyevdən şəxsən icarəyə götürmüşdür. Bu barədə onda akt vardır. O da əməkdaşlarla birlikdə baxışda iştirak edirmiş. Təxminən 1 saat sonra, obyektinə baxış bitənə yaxın Faləddin obyektə tərəf gəlmişdir. Faləddin obyektə gələn kimi onun yanında dayanıb keçirilən baxışa baxmış, sonra bayıra çıxaraq poçtdan 10 metr kənarda dayanıb baxışda iştirak edənləri mobil telefonuna çəkməyə başlamışdır. Bu vaxt Hörmət poçtun yanından Faləddinə arxadan yaxınlaşıb, mobil telefonu almaq üçün qəfil Faləddinin əlindən tutmuşdur. Faləddin isə mobil telefonu verməmək üçün digər əlindən istifadə etməyə başlamışdır. Hörmət Faləddinin əlindən tutaraq sürüyüə-sürüyə poçtun inzibati binasının içərisinə aparmışdır. Bu vaxt kənd icra nümayəndəsi Niyaməddin Faləddin və Hörmət ilə birlikdə binaya daxil olmüşdür. Hörmət Faləddinin əlinin barmaqlarını buraraq Faləddini zorla poçtun binasına dartışdıraraq aparmış, Faləddin telefonu Hörmətə verməmiş, aralarındakı süpürləşmə davam etmiş, Hörmət Faləddinin barmaqlarını buraxmamış, Niyaməddin isə onları ayırmağa çalışmışdır. Bu vaxt Hörmət video görüntü telefonun yaddaşından pozulmayana qədər Faləddinin barmağlarını buraxmayacağını demişdir. Faləddin ilə Hörmət süpürləşməyə davam edən zaman, hansı ki telefon Faləddinin əlində, Faləddinin əli isə Hörmətin əlində qatlanmış vəziyyətdə olan zaman Niyaməddin video görüntünü Hörmətin tələbi ilə Faləddinin telefonun yaddaşından silmişdir. Bundan sonra Hörmət Faləddini buraxmışdır. Dava bitdikdən sonra Faləddin və Hörmət binadan bayıra çıxmışlar. Baş vermiş hadisələri poçtun binansının içərisindən görürmüş. Bayıra çıxdıqdan sonra Hörmət guya Faləddin tərəfindən döyülməsi barədə 102 xidmətinə zəng edərək məlumat vermiş. Bundan sonra ara sakitləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Şahid1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləri kimi tanıyır, aralarında heç bir ədavətə və düşmənçilik münasibəti yoxdur. 7 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun yanına gələrək sol əlində xəsarət olmasını bildirmişdir. O da, həmin xəsarətə baxmış və barmağının əzilməsini bildirmiş və buna görə də, əzik üçün hər hansı bir maz alaraq çəkməsini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs çıxıb getmişdir. Zərərçəkmiş şəxs ona əlinin harada əzilməsini deməmiş, həmçinin o da Zərərçəkmiş şəxs əlinin harada əzilməsini soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Şahid1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləri kimi tanıyır, aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. 2023-cü ilin fevral ayından hazır ki, vaxtadək İmişli rayon Qızılkənd kəndinin icra nümayəndəsi vəfizəsində işləyir. 7 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində növbədən kənar prezident seçkiləri ilə əlaqədar olaraq kənddə abadlıq işləri gördürürmüş. Əmlak komitəsindən gələn əməkdaşların Şahid1 obyektində ölçü işləri aparmasını görmüş və onların işlərinə müdaxilə etmədən öz işi ilə məşğul olmuşdur. Bu vaxt qəfil Faləddinin Hörmətə: “Mənə ver, mənə ver” deməsini eşitmişdir. Hörmət isə Faləddinə “Sil çəkdiyini” deyirmiş. O da səs küyə yaxınlaşaraq Zərərçəkmiş şəxs torpaq komitəsinin əməkdaşlarını görüntüyə çəkməsini, bu vaxt Hörməti də qeydə almasını, Hörmətində buna görə telefonu Faləddinin əlindən almasını bilmişdir. Hörmət poçtun binasının içərisinə doğru gedirmiş. Faləddin isə arxasından tutub geri çəkirmiş. O, yaxınlaşıb onları ayırmış və poçtun binasına salmışdır. Poçtun binasından içəri girdikdən sonra Hörmət arakəsməyə daxil olmuşdur. Hörmətdən telefonu istəmiş, Hörmət telefonu verməmiş, video silindikdən sonra telefonu verəcəyini demişdir. Faləddindən telefonun kodunu istəmişdir. Faləddin isə telefonun kodunu verəcəyini demişdir. Bundan sonra Hörmət ilə Faləddinin arasında durub, Hörmətlə birlikdə Faləddinin mobil telefonunu əlində tutaraq Faləddindan telefonun kilidini açmasını istəmişdir. Faləddin telefonun kilidini açmış və “Qalereya” bölməsinə daxil olub, şəkil və videolar olan bölmədəki videogörüntüyə baxmış, görüntüdə Hörmətin ayaq nahiyəsinin düşməsini görmüş və həmin görüntünüdə silmişdir. Sonra isə Hörmətdən mobil telefonu alıb, Faləddinə qaytarmışdır. Elə bu vaxt Faləddin qəfil Hörmətin sifət nahiyəsindən vurmuşdur. Hörmət də Faləddini vurmuşdur. Həmin vaxt poçtun binasında olan elektrik sobası aşmış, plastik qabda olan su aşıb yerə tökülmüşdür. Faləddin ilə Hörməti bir təhər ayırmış və Faləddini poçtun binasından bayıra çıxartmışdır. Faləddin isə çıxıb getmişdir. Faləddinin barmağından xəsarət almasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Şahid1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləri kimi tanıyır, aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. 7 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində icra nümayəndəliyinin qarşısında olan zaman Zərərçəkmiş şəxs deyinə-deyinə poçta tərəf gəldiyini, orada mübahisə olduğunu, həmin vaxt poçtun qarşısında Bələdiyyə sədri Şahid4lə birlikdə Əmlak Komitəsinin nümayəndəsinin “Niva” markalı avtomobilin kapot deyilən hissəsinin üzərində yazı yazdıqlarını, bu zaman Zərərçəkmiş şəxs çəkliş apardığını görmüşdür. Zərərçəkmiş şəxs mobil telefonla Təqsirləndirilən şəxs çəkən zaman sonuncu Zərərçəkmiş şəxs onu nə üçün çəkdiyini soruşaraq əlindən telefonu almış və icra nümayəndəsi Şahid2 çağıraraq görüntünü sildirməsini tələb etmişdir. Bundan sonra onlar mübahisə edə-edə poçtun binasına daxil olmuşlar və o, orada nə baş verdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, İmişli rayon Qızılkənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Şahid1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləri kimi tanıyır, aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. O, daxil olmuş şikayət əsasında əmlak komitəsinin nümayəndəsi ilə birlikdə 7 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Şahid1 məxsus torpaq sahəsində ölçmə işləri aparan Zərərçəkmiş şəxs çəkliş apardığını görmüşdür. Zərərçəkmiş şəxs mobil telefonla Təqsirləndirilən şəxs çəkən zaman sonuncu Zərərçəkmiş şəxs onu nə üçün çəkdiyini soruşaraq əlindən telefonu almış və icra nümayəndəsi Şahid2 çağıraraq görüntünü sildirməsini tələb etmişdir. Bundan sonra onlar mübahisə edə-edə poçtun binasına daxil olmuşlar. Bundan təxminən 5 dəqiqə sonra o da binaya daxil olmuş və orada Zərərçəkmiş şəxs yumruqla Təqsirləndirilən şəxs sifət və sinə nahiyələrindən yumruqla vurduğunu görmüşdür. Bundan sonra Əmlak Komitəsinin nümayəndəsi tofiq onu bayıra çağırmış və o, oranı tərk etmişdir. Daha sonra nə baş verdiyini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin, canlı şəxsin ekspertizasının 8 yanvar 2024-cü il tarixli 14 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sifətin sağ yanaq nahiyəsində yumşaq toxumada şişkinlik və qançır, sifətin sol yarısında çənə sümüyü proyeksiyasında seilikli qişada qansımza bərk küt əşyanaın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərə, o cümlədən 7 yanvar 2024-cü il tarixdə təsivir hissədə göstərilən şəraitdə əmələ gələ bilərdir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (i.v. 16-17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin, canlı şəxsin ekspertizasının 10 yanvar 2024-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin 4-5-ci barmaqlarında şişkinlik və qançır, sol əlin 5-ci barmağın və 3-cü falanqasının qeyritam boylama sınığı (çatı) bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 7 yanvar 2024-cü il tarixdə göstərilən şəraitdə əmələ gələ bilmərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v. 28-29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışır. (i.v. 138); İmişli Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 3(036)-618/2024 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs iş otağında aralarında yaranmış şəxsi münasibətlər zamanı sifət və sinə nahiyəsinə yumruqla vuraraq xəsarət yetirməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində törətməsini (CM 59.1.8) və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin edilməli, təyin ediləcək cəza olan cərimə hökmün qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməli (CİM maddə 23.1), təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaçı Zərərçəkmiş şəxs cinayət mühakimə icraatı zamanı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs 2000 (iki min) manat məbləğində mənəvi ziyanın alınıb ona verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs ərizəsini onunla əsaslandırmışdır ki, yuxarıda təsvir olunan cinayət hadisəsi baş verdikdən sonra mənəvi sarsıntı və iztirab çəkmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mülki iddiaçı mülki cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etsə də, ona qarşı törədilən qanunsuz hərəkətin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və ya onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1100 (min yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 2000 manat məbləğində mənəvi ziyanın alınıb verilməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar