Məhkəmə qərarları › İş №1(036)-56/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-56/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-56/2023 27.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, İmişli rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 177.2.4-cü maddəsi hökmdən çıxarılarq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəza təyin edilmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə 2 (iki) ay vaxtından əvvəl şərti azad edilmiş, E.İbrahimov küçəsi, ev 11-da yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2023-cü il tarixdən 07 mart 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən “Kral” çay evinin həyətyanı sahəsindən çay evinin binasında saxlanc yeri hesab olunan otağın Çin istehsalı olan kilidlə bağlanmış 1,10x1,40 metr ölçüdə dəmir qapısını yerindən çıxarıb sökməklə, 3 (üç) manat dəyərində bir ədəd kilidi və 70 (yetmiş) manat dəyərində bir ədəd qapını, otağın içərisində olan hər biri 1400 (min dörd yüz) manat olmaqla 2800 (iki səkkiz yüz) manat dəyərində iki ədəd sobanı müxtəlif vaxtlarda hissələrə bölüb gizli yolla talamaqla, zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2873 (iki min səkkiz yüz yetmiş üç) manat miqdarında maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı AR CM-nin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri E.İbrahimov küçəsi 11 saylı evdə qeydiyyatda olsa da həmin ünvanda yaşamır. Belə ki, yaşadığı evdə anası Həmayılla mübahisə etdiyi üçün 2022-ci ilin dekabr ayında evi tərk etmiş və İmişli şəhəri H.Aslanov küçəsində yerləşən fəaliyyəti dayandırılmış «Kral–çay» evinin otaqlarından birində yaşamağa başlamışdır. Çay evində olan 2 ədəd sobanı heç kimin görmədiyi vaxtlarda hissələrə bölüb sökmüş və «Muravey» markalı motosikletlərə yükləyib bir dəfə İmişli şəhərində «Daş körpü» deyilən yerdə metal qəbulu məntəqəsinə, iki dəfə də H.Əliyev prospektində tanıdığı Cəmil adlı şəxsin metal qəbulu məntəqəsinə aparıb satmışdır.«Muravey» markalı motosikletinin sürücüləri onun həmin dəmirləri haradan sökdüyünü və oğurladığını bilməmişdir. Birinci dəfə sökdüyü sobanın çəkisi 118 kq. gəldiyi üçün dəmirin bir kilosu 38 qəpiyə alındığından satdığı sobaya görə 45 manat pul almış və həmin puldan 10 manat yükü aparmasına görə «Muravey» markalı motosikletin sürücüsünə vermişdir. İkinci dəfə satdığı metalın çəkisi 100 kq gəldiyi üçün satdığı metala görə 38 manat, ondan sonra satdığı metalın çəkisi isə 80 kq. gəldiyi üçün 30 manat pul almışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində cinayəti nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tam şəhildə ödəyərək onunla barışdığını bildirmiş və əməlindən peşmançılıq çəkdiyini ifadə etmişdir. Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, İmişli şəhərində yerləşən Kral şadlıq sarayını icarə əsasında işlədir. «Kral Çay» evi də «Kral» şadlıq saraynın nəzdindədir və hal-hazırda fəaliyyət göstərmir. «Kral Çay» evi iki mərtəbəlidir və çay evinə nəzarəti özü həyata keçirir. 07 mart 2023-cü il tarixdə «Kral Çay» evinə gedib baxarkən dəmir qapının yerindən çıxarıldığını və otaqda olan sobaların oğurlandığını aşkar etmiş və dərhal İmişli RPŞ-nə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurlanmış bir dəfəyə 70 ədəd çörək bişirən, 220 Vt. gücündə Rusiya istehaslı olan sobalar və çay evinin otağının dəmir qapısı ona məxsus olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 5076 manat məbləğində maddi ziyan dəymiş və tam şəkildə ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs başqa heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri H.Əliyev prospektində daş körpü deyilən yerdə fəaliyyət göstərən məntəqədə qara metalın alışı və satışı ilə məşqul olur. İmişli şəhər sakini Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının sonlarında saat təxminən 17-00 radələrində onun işlədiyi məntəqəyə “Muravey” markalı motosikletlə 118 kq çəkidə dəmir tullantı materiallar gətirmiş və evlərində olan istismara yararsız sobanın hissələti olduğunu bildirmişdir.Həmin dəmirlərin arxasından keçən çərəyən simlərindən və qapaqlarından soba dəmirləri olduğu bilinmiş, lakin dəmirlər hissələrə bölündüyü üçün konkret məqsədlərlə istifadəyə yararsız olmuşdur. O, dəmirlərinin oğurluq olduğunu bilməmiş, qapanda çəkərək 118 kq. çəkidə olduğunu müəyyən etmiş və hər kq. üçün 38 qəpik hesablayaraq həmin dəmir tullantı materiallarına görə Həsənə 45 manat pul vermişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri H.Əliyev küçəsi 6 saylı ünvanda fəaliyyət göstərən metal qəbulu məntəqəsini işlədir və yararsız metal tullantılarının qəbulunu həyata keçirir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının sonlarında saat təxminən 16 radələrində onun işlədiyi məntəqəyə “Muravey” markalı motosikletlə 80 kq çəkidə dəmir tullantı materiallar gətirmiş və evlərində olan istismara yararsız sobanın hissələti olduğunu bildirmişdir.Həmin dəmirlərin arxasından keçən çərəyən simlərindən və qapaqlarından soba dəmirləri olduğu bilinmiş, lakin dəmirlər hissələrə bölündüyü üçün konkret məqsədlərlə istifadəyə yararsız olmuşdur. O, dəmirlərinin oğurluq olduğunu bilməmiş, qapanda çəkərək 80 kq. çəkidə olduğunu müəyyən etmiş və hər kq. üçün 38 qəpik hesablayaraq həmin dəmir tullantı materiallarına görə Həsənə 30 manat pul vermişdir. İşdə olan 08 mart 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əsasən İmişli şəhəri, H.Əslanov küçəsində yerləşən “Kral” çay evinin otağında olan 2 ədəd elektrik sobaları və həmin sobaların saxlanıldığı otağın üzərində kilidi olan dəmir materiallı qapısı sökülmüşdür. (c.i. səh: 7-17) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli 9/2131 nömrəli ekspert rəyinə əsasən 2000-ci il Rusiya istehsalı olan, 220 volt elektrik cərəyanı ilə işləyən sobanın birinin dəyəri 1400 manat olmaqla 2 ədədi 2800 manat, kustar üsulla hazırlanmış 1 ədəd hündürlüyü 1 metr 40 sm və eni 1 metr 10 sm olan dəmir qapının dəyəri 70 manat, Çin istehsallı olan kilidin dəyəri 3 manat, 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2873,00 manat müəyyən edilir. (c.i. səh: 99-102) АR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddələri ilə təqsirli bilinərək Ümumi hissəsinin normaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan İmişli rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətinə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ( c.i.səh: 90-98) İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğu məlumatına əsasən Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 177.2.4-cü maddəsi İmişli rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən çıxarılarq Təqsirləndirilən şəxs 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə o, 2 (iki) ay vaxtından əvvəl şərti azad edilmişdir. ( c.i. səh: 83-84) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam şəkildə ödəyərək onunla barışıq əldə etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İşdə olan 08 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə, saat 17:20-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs tutulmuşdur. (c.i. səh: 28-37) İşdə olan İmişli rayon Məhkəməsinin 4(036)-15/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. (c.i. səh: 67-69) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında nəsərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, CM-nın 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən həbsdə saxlandığı müddət onun cəza müddətinə hesablanmalıdır; İş üzrə ekspertiza xərcini təşkil edən 50,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383- 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdən həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq вязифяси гойулсун. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında dərhal həbsdən azad edilsin. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərcini təşkil edən 50,0 manat Təqsirləndirilən şəxstutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar