Məhkəmə qərarları › İş №1(036)-59/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-59/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-59/2021 16.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxx 1974-cü il tarixdə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Qızılkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1990-cı il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, N.ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 23 fevral 2021-ci il tarixdə saat 18 radələrində İmişli şəhəri, Xəqani küçəsində satış məqsədi olmadan qanunsuz olaraq 0,166 qram narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs1 10 manat pul müqabilində alaraq əldə edib özündə saxlamaqla daşımış və həmin gün saat 18 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli şəhəri, M.Əsədov küçəsində İmişli Dəmiryolu xəstəxanasının qarşısında saxlanılıb, İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman təqdim etdiyi 01 ədəd ağ rəngli kağız bükümdə 0,166 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 0,166 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşıyaraq, 23 fevral 2021-ci il tarixdə saat 18 radələrində İmişli şəhəri, Xəqani küçəsində həmin çəkidə narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində qanunsuz olaraq satmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, təxminən bir il olardı ki, narkotik maddələrdən istifadə etməyə başlamışdır. İmişli rayon sakini Təqsirləndirilən şəxs1 narkotik maddə olan heroin qəbul etdiyindən onunla tanış olmuş və yaxın münasibət qurandan sonra sonuncudan satdıq heroin olub-olmadığını soruşmuşdur. Təxminən 2021-ci ilin yanvar ayında ilk dəfə olaraq Turandan 10 manata bir çet çəkimlik heroin almış və yaşadığı Qızılkənd kəndinə gedib orada təklikdə alüminium folqada yandırıb tüstüsünü iyləyərək istifadə etmişdir. Bundan sonra, 23 fevral 2021-ci il tarixdə saat 16-17 radələrində o, istifadəsində olan mobil nömrədən Turanın istifadəsində olan mobil nömrəyə zəng edib ondan heroin almaq istədiyini bildirmiş və onlar razılaşıb bir saat ərzində sonuncunun evlərinə yaxın yerdə görüşməyi vədələşmişlər. Həmin günü saat 18 radələrində o, Turanla İmişli şəhərində sonuncunun evlərinə yaxın yerdə arxın kənarında görüşüb ona 10 manat pul verib bir çet çəkimlik heroin almışdır. O, heroini Turandan alıb əynində olan gödəkcənin sağ yan cibinə qoyub dərhal həmin yerdən uzaqlaşıb İmişli şəhərinin mərkəzinə tərəf piyada getmişdir. İmişli şəhərində yerləşən Dəmiryolu xəstəxanasının qarşısından keçən zaman təxminən 3-4 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu İmişli rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona üzərində şəxsi axtarış keçiriləcəyi və həmin şəxsi axtarış videolentə alınacağı bildirilmişdir. Sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış və ona üzərində qanunsuz əşya olub-olmadığı və əgər varsa həmin əşyanı təqdim etməsi təklif olunmuş və o da Turandan aldığı heroini gödəkcəsinin cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitə olan heroin onun və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış və imzalar çəkilərək möhürlənmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, narkotik vasitə olan heroin çəkməyə başlamışdır. Bir gün yaşadığı evin yanındakı kanalın qırağı ilə piyada gəzərkən yerdə balaca bir sellofan torba görmüş və həmin torbanı yerdən qaldırıb içinə baxarkən içində bir neçə çəkimlik heroin olduğunu görmüşdür. Heroini özü istifadə etmək üçün götürmüş və həmin heroindən bir neçə dəfə qəbul etmişdir. 2021-ci ilin yanvar ayında tanışı İmişli rayonunun Qızılkənd kənd sakini Təqsirləndirilən şəxs2lə görüşmüş və sonuncu ondan satdıq heroin olub-olmadığını soruşmuşdur. Həmin vaxt onda tapdığı heroin olduğu üçün Arifə bir çet çəkimlik heroini 10 manata sata biləcəyini demiş və sonuncu onunla razılaşıb 10 manat verib ondan bir çet heroin almışdır. Sonra 23 fevral 2021-ci il tarixdə Arif istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edib ondan satdıq heroin olub-olmadığını soruşmuşdur. O da əvvəl tapdığı heroindən sonuncu bir çet çəkimlik heroin qaldığı üçün həmin heroini Arifə satmağa razılıq vermiş və onlar həmin gün saat 18 radələrində onun evinin yaxınlığında olan arxın kənarında görüşməyə vədələşmişlər. Elə həmin gün saat 18 radələrində o, Ariflə yaşadığı evin yaxınlığındakı arxın kənarında görüşüb 10 manat müqabilində tapdığı heroinin yerdə qalan hissəsini sonuncuya satmışdır. Arif heroini ondan alan kimi dərhal görüşdüyü yerdən uzaqlaşmışdır. Bir neçə saat keçəndən sonra evində olan zaman İmişli RPŞ-nin əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmişlər. O, da artıq nə üçün çağırıldığını anlayıb heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə İmişli RPŞ-yə getmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri özlərinin etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 23 fevral 2021-ci il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olan heroin gəzdirməsi barədə məlumat qəbul etmiş və dərhal bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Raportla məruzə etdikdən sonra rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, 23 fevral 2021-ci il tarixdə saat 18 radələrində İmişli RPŞnin digər əməkdaşları - Şahid4, Şahid2 və Şahid3lə birlikdə avtomobillə İmişli şəhəri, M. Əsədov küçəsinə gedib həmin küçədə yerləşən Dəmiryolu xəstəxanasının qarşısını müşahidəyə götürmüşlər. Saat 18 radələrində Təqsirləndirilən şəxs2 Dəmiryol xəstəxanasının qarşısı ilə piyada keçən zaman ona yaxınlaşaraq özlərini təqdim edib onu İmişli rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmış və şəxsi axtarış və götürmə videolentə yazılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 özü ilə daşıdığı, toz şəkilində narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu bir ədəd ağ rəngli kağız bükümünü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, üzərindən aşkar olunan təqdim etdiyi kütlənin nakotik vasitə heroin olduğunu, həmin heroini özü istifadə etmək üçün üzərində gəzdirdiyini və həmin heroini İmişli şəhər sakini Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Həmin nakotik vasitə olan heroin Təqsirləndirilən şəxs2, müdafiəçi və digər iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirlmiş İmişli rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 24 fevral 2021-ci il tarixli, 18/267 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs2 üstündən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,166 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,166 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,116 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 01 aprel 2021-ci il tarixli, 920 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 07 aprel 2021-ci il tarixli, 994 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 AR CM-nin 234.1-ci və Təqsirləndirilən şəxs1 AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 16 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 23 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,116 qram olan narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar