Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-59/2025 01.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Neftçilər qəsəbəsi 02 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 05 aprel 2025-ci il tarixdə, saat 17 radələrində qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə etmək qərarına gəlib bu məqsədlə tanışı Şahid1 ilə telefon əlaqəsi saxlamış, sonuncunun istifadəsində olan 5239-1517-9136- 9237 nömrəli “Kapital banka” məxsus kart hesabına həmin gün saat 17:42 radələrində İmişli şəhəri Heydər Əliyev prospektində yerləşən “OBA7” marketin içərisindəki “E manat” ödəmə aparatı vasitəsilə 50(əlli) manat məbləğdə pulu köçürdükdən sonra, həmin gün saat 19 radələrində Şahid1 telefonda dediyi yerdən sonuncunun yaşadığı İmişli şəhəri Xiyabani küçəsi 9 nömrəli evin qarşısından 10-15 metr kənarda daş çəpərin dibində gizlətdiyi “Milano” markalı siqaret qutusunun içərisində, ağ salfetə bükülmüş iki ədəd ağ rəngli kağız bükümdə xeyli miqdarda yəni ayrı-ayrılıqda təmiz çəkisi 0.140 qram və 0.230 qram olmaqla, ümumi çəkisi 0.370 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, 05 aprel 2025-ci il tarixdə, saat 19:18 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində İmişli şəhəri A. Şadlınski küçəsində, “Şəhidlər Xiyabanı”nın qarşısında saxlanılaraq üzəri yoxlanılmış və onun əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən “Milano” siqaret qutusundakı ağ salfetə bükülmüş iki ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.140qram və 0.230 qram, ümumi çəkisi 0.370 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində bildirmişdir ki, 5 aprel 2025-ci il tarixdə, günorta saatlarında “Elçin” şadlıq sarayında toy məclisində iştirak etmişdir. Toyda spirtli içki qəbul edib sərxoş olmuşdur. Sonra təxminən saat 15 radələrində toydan çıxıb hava almaq üçün “Depo” məhəlləsinə tərəf getmişdir. Orada piyada gedərkən hasarın kənarında üzərinə daş qoyulmuş bir siqaret qutusu görmüş və bu onun diqqətini cəlb etmişdir. O, yaxınlaşıb içərisində narkotik vasitə bükümü olan siqaret qutusunu götürüb cibinə qoymuş və evinə getmişdir. Daha sonra başqa bir toy məclisinə gedəsi olduğu üçün evdən çıxmış və şəhidlər xiyabanı ilə üz-üzə olan məhəllədəki mağazanın qarşısında olarkən polis əməkdaşları ona yaşınlaşmış və ona üzərində psixotrop maddə metamfetamin olubolmaması soruşulmuşdur. Həmin vaxt o üzərində olan psixotrop maddə metamfetamin bükümünü cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları Şahid1 şöbədə olduğunu bildirib onun onlarla birlikdə Polis şöbəsinə getməsini və Polis şöbəsində tədim etdiyi psixotrop maddəni Coşqundan aldığını deməsini tələb etmişlər. Sonra onlar birlikdə polis şöbəsinə getmişlər. Şöbəyə gedərkən polis əməkdaşları avtomobili yolüstü “OBA” market adlı mağazada saxlamışlar və orada Ülvi adlı polis əməkdaşı ödəmə terminalı vasitəsilə Coşqunun bank kartına 50 manat pul göndərib qəbzi cibinə qoymuşdur. Polis şöbəsinə daxil olduqda isə orada polis əməkdaşlarının rezin dəyənək ilə Coşquna işgəncə verdiklərini görmüşdür. Həmin vaxt polis əməkdaşları ona tapdığı psixotrop maddə olan metamfetamini Coşqundan aldığını deməyəcəyi təqdirdə onu Coşqundan daha betər hala salacaqlarını bildirmişlər. O isə orada işgəncələrə məruz qalmamaq üçün polis əməkdaşlarının dedikləri kimi izahat vermişdir. Halbuki o, psixotrop maddəni Coşqundan almamış, onu yolun kənarından tapmışdır. Coşqunun kartına atılmış digər pullar isə Coşqun ilə aralarında olan şəxsi borc ilə bağlı olmuşdur. Belə ki, onun Coşquna 100 manat borcu olmuş, tutulmamışdan bir neçə gün əvvəl Coşqunun kartına 20 manat pul atmış və ona 80 manat borclu qalmışdır. O, Coşqunla birlikdə 4-5 il bundan əvvəl qurudulmuş marixuana çəkmiş, lakin heç vaxt Coşqundan narkotik vasitə və ya psixotrop maddə almamışdır. Ona görə də o, ona qarşı elan olunmuş ittihamın satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlaması və daşıması hissəsində özünü təqsirli bilir, lakin ittihamı psixotrop maddə metamfetamini Coşqundan alması hissəsində qəbul etmir. Odur ki, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin X3 baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 05 aprel 2025-ci il tarixdə icraatına etimad doğuran məlum, qeyri-aşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda İmişli şəhəri sakini Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dəqiqləşdirilmiş və İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 daxil edilmişdir. 05 aprel 2025-ci il tarixdə, saat 19:18 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq “Niva” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə, əməliyyat qrupunun üzvləri ilə birlikdə İmişli şəhəri A.Şadlınski küçəsində Şəhidlər Xiyabanının qarşısında Təqsirləndirilən şəxs xiyabanın qarşısında telefonla danışan görüb ona yaxınlaşmış və xidməti vəsiqələri göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilmişdir. Ondan üzərində psixotrop maddə metamfetamin olubolmaması soruşanda Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Yoxlama zamanı sonuncu əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Milano” markalı siqaret qutusunun içərisində salfetə bükülmüş kütlə təqdim etmişdir. Həmin ağ rəngli solfetin içərisində iki ədəd ağ rəngli kağıza bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olmuşdur. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən nəzarət qolbağının aparatı, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd 5 manat və beş ədəd 1 manat pul və əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Kapital Bank hesabına köçürülmüş 50 manat ödəmə qəbzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxslə şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tanışı Coşqun adlı şəxsdən 50 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd “Kapital Bank hesabına köçürülmüş 50 manat ödəmə qəbz, metamfetamin əldə etmək üçün Coşqun adlı şəxsin kart hesabına göndərdiyi pulun qəbzi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilən kütlə, siqaret qutusunun içərisindən çıxarılmış, həmin kütlə kağız salfetə bükülü vəziyyətdə iki ədəd kağız bükümündə olmuşdur. Həmin bükümlər ayrı-ayrılıqda tərəzidə çəkilmiş, bir bükümdə olan kütlə 0.35 qram digər bükümdə olan kütlə 0.18 qram çəkidə olduğu müəyyən olunmuşdur. Sonra aşkar edilmiş kütləni zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra birlikdə İmişli rayon polis şöbəsinə gəlmiş və bu barədə dərhal tərəfindən protokol tərtib edilərək, iştirakçılara elan edilmişdir. İmzalarla doğruluğu təsdiq edilmişdir. Daha sonra müvafiq araşdırmanın davam etdirilməsi İmişli RPŞ-nin İstintaq bölməsinə həvalə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 5 aprel 2025-ci il tarixdə, günorta saatlarında Nahid ona zəng edərək vəziyyətinin yaxşı olmadığını deyib, dolayı yolla narkotik vasitə istəmişdir. O da Nahidə narkotik vasitə olmadığını deyib, ona borcunu qaytarmasını, özünün pula ehtiyacının olduğunu demişdir. Nahid təxmini iki ay əvvəl ondan borc olaraq 100 manat pul almışdır. Həmin 100 manat puldan Nahid 20 manat pul geri qaytarmış 80 manatı isə verməmişdir. Nahid həmin gün yəni xx.xx.2025-ci il tarixdə yenidən ona zəng edərək ondan psixotrop maddə metamfetamin istəmişdir. O, bundan sonra Nahidə telefonda əsəbiləşərək hal hazırda polis şöbəsində barəsində cinayət işi olduğunu və onun narkotik satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra telefonu söndürmüşdür. Nahid onunla telefonda danışarkən vəziyyətinin pis olduğunu görmüşdür. Bundan sonra o, Nahidə sərt cavab verdiyini hiss edib yenidən zəng etmiş və Nahid telefonu açmamışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Nahid ondan əvvəlcə narkotik vasitə marixuana daha sonrakı zənglərində isə psixotrop maddə metamfetamin istəmişdir. O da Nahidə cavabında narkotik vasitə və psixotrop maddə satmadığını, həmçinin narkotikə pul verdiyinə onun borcunu qaytarmasını bildirmişdir. Nahiddə bundan sonra onun kart hesabının nömrəsini əzbər bildiyi üçün onun 5239 1517 9136 9237 nömrəli bank kartına 50 manat pul atmış və ona zəng edərək bu barədə məlumat vermişdir. O, telefonda Təqsirləndirilən şəxs vəziyyətinin pis olduğunu bilib Nahidə təxminən 20 gün əvvəl yaşadığı evdən bir az kənarda siqaret qutusunun içərisində gizlətdiyi psixotrop maddə metamfetaminin olduğunu deyərək həmin yerdən psixotrop maddə metamfetamini götürməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs zəng edərək ona zəng etməməsini tələb etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Vətəndaşın saxlanılması və üstünün yoxlanılması haqqında 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, vətəndaşın saxlanılması və üzərinin yoxlanılması İmişli şəhəri A.Şadlınski küçəsində Şəhidlər Xiyabanının qarşısında aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitələr və ya psixotrop maddə onun prekursorlarının olub-olmaması soruşulmuş, olduğu halda təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən “Milano” markalı siqaret qutusunda ağ rəngli salfetə bükülmüş, iki ədəd kağız bükümdə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər iki ədəd büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş 0.35 və 0.18 qram olmuşdur. Aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman bir ədəd “Samsung” markalı mobil telefon əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd 5 manatlıq, beş ədəd bir manatlıq pul əskinazları, əynindəki gödəkçənin sol yan cibindən elektron qolbağın aparatı və bir ədəd "xxxx" ASC-nin bank kartına ödənilmiş 50 manat pulun qəbzi aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilmişdir. Bu zaman video görüntüdən istifadə edilmişdir (cild 1, səhifə 18- 20); Şəxsi axtarış və götürmə haqqında 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxsi axtarış Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarının olub-olmaması, müsbət halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir əşyanın olmadığını, bütün əşyaları saxlanılan zaman polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 5 aprel 2025-ci il tarixdə, saat 19:18 radələrində saxlanılan zaman üzərindən aşkar edilmiş əşyalara, o cümlədən üzərindən aşkar edilərək 01 ədəd zərfə qoyularaq qablaşdırılmış psixotrop maddə olan metamfetaminə bənzər kütləyə baxış keçirilmişdir. Zərf zərurət ilə əlaqədar olaraq açılmışdır. Zərfin içərisində 01 ədəd “Milano” markalı siqaret qutusu, həmin qutunun içərisində ağ rəngli salfetin içərisində 02 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəziyə qoyularaq çəkilmişdir. Hər büküm ayrı-ayrılıqda 0,32 və 0,19 qram çəkidə olması müəyyən edilmişdir. Həmin bükümlər yenidən “Milano” markalı siqaretin içərisinə qoyularaq yenidən boş zərfin içərisinə qoyularaq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə DİN-nin 179 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini haradan, nə vaxt və necə əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs 5 aprel 2025-ci il tarixdə, günorta saatlarında İmişli rayon sakini Coşqun adlı şəxsin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng edərək 50 manatlıq “Patı” yəni metamfetamin istədiyini, Coşqun isə pulu özünün bank kartına köçürməsini istədiyini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:42-də Coşqunun 5239 1517 9136 9237 nömrəli bank kartına “OBA” marketə quraşdırılmış terminal vasitəsi ilə 50 manat pul köçürdükdən sonra İmişli şəhərində “Depo” adlanan ərazidə, yəni Coşqunun yaşadığı evin yaxınlığında əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Coşqun adlı şəxsin bank kartının 16 rəqəmini necə əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs Coşqun adlı şəxsdən bu yolla dəfələrlə psixotrop maddə olan metamfetamin aldığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 50 manatlıq pul qəbzinin üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə görə Coşqun adlı şəxsə köçürdüyü pulun qəbzi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman aşkar olunmuş bir ədəd “Samsung Duas” markalı mobil telefon və qəbz iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, səhifə 37-41); Şübhəli şəxsin tutulması haqqında 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdə, saat 19:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qismində tutulmuşdur (cild 1, səhifə 31-32); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, səhifə 95-96); Qətimkan tədbirinin seçilməsi haqqında İmişli Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 4(036)-56/2025 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, səhifə 136-142); Məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2025-cü il tarixli 18/287 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,140 qram və 0,230 qram, ümumi çəkisi 0.370 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi çəkisi – 0,370 qram, tədqiqata sərf edilmişdir – 0,10 qram, qalıq çəkisi 0,270 qram təşkil edir. (cild 1, səhifə 72-75); Məhkəmə-narkoloji ekspertizasının 02 may 2025-ci il tarixli 2570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, səhifə 213-214); Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün və şahidlərin məhkəmə iclasında verdiyi ifadələr və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 30 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 2 (iki) il 11 ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cild 1, səhifə 190); İmişli rayon İcra və Probasiya şöbəsinin 20 iyun 2025-ci il tarixli, 31-69-2 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 11 ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu tarixədək, yəni 05 aprel 2025-ci il tarixədək 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gününü çəkmiş və 1 (bir) il 3 (üç) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına əsasən qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədildiyi hallarda hökmlərin məcmusu üzrə cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində ona narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,270 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 ədəd “Samsung Duas” markalı mobil telefon sahibinə qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd ödəniş qəbzi cinayət işi materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili X4 77 (yetmiş yeddi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-151/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 1 (bir) il 3 (üç) gün hissəsinin iki günü Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 6 (altı) ay 2 (iki) günü hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,270 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 ədəd “Samsung Duas” markalı mobil telefon sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd ödəniş qəbzi cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili X4 77 (yetmiş yeddi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-59/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-59/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver