Məhkəmə qərarları › İş №1(036)-62/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-62/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-62/2025 24.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Milli Cəbhə Partiyasının xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Milli Cəbhə Partiyası xüsusi ittiham qaydasında şikayətlə İmişli Rayon Məhkəməsinə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı Milli Cəbhə Partiyası şikayətini onunla əsaslandırmışdır ki, X2, heç bir əsas və səbəb olmadan Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev və onun həyat yoldaşı Könül Ağayeva haqında, yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların yayılması məqsədi "Hüriyyət TV"-yə müraciət edərək, kütləvi informasiya və sosial media vasitəsi ilə Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevi şantaj edərək qanunsuz və əsasız maddi mənfəət əldə etməyə çalışmışdır. Hətta, X4 oğlu istəklərini reallaşdırmaq üçün MCP sədri, deputat Razi Nurullayevi biznesə himayədarlıqda, yəni ağır cinayətdə ittiham etmişdir. "Hüriyyət TV"-nin rəhbəri Vüqar Tofiqoğlu qarşı tərəfin məsələyə münasibətini öyrənmədən, X1 yalan məlumatlarını 25 mart 2025-ci il tarixdə "Hüriyyət TV" internet tv kanalından öz şəxsi çıxışı ilə efirə vermişdir (sübutlar təqdim edilir). Həmçinin, istisna deyil ki, X2 MCP sədri Razi Nurullayev haqında yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayması, böhtan atması, partiyanın və onun şəxsi nüfuzuna xələl gətirməyə cəhd göstərməsi sifarişlidir və partiyanın siyasi fəaliyyətinə, deputat seçildiyi İmişli rayonda deputat fəaliyyətinə kölgə salmaq niyyəti daşıyır. Nadir Şirinovun həmin məlumatları mediada, KİV-də yayması, Razi Nurullayevi ağır cinayətlərdə ittiham etməsi heç şübhəsiz şərəf və ləyaqətin qəsdən alçatma və böhtandır və həmin məlumatları məqsədli şəkildə yaymışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə böhtan cinayət məsuliyyəti yaradır. Ona görə də Nadir Şirinovun əməllərinə hüquqi qiymət verilməli və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Xüsusi ittihamçı Milli Cəbhə Partiyasının nümayəndəsi X3 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəmə iclasında göstərdi ki, o, Milli Cəbhə Partiyası barəsində mediada və ya internet informasiya ehtiyatlarında hər hansı təhqir və ya böhtan xarakterli məlumatlar yaymamışdır. O, sadəcə olaraq media vasitəsilə həmin partiyanın sədrinə müraciət edərək öz haqqını tələb etmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında şikayətin materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Milli Cəbhə Partiyasının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət üzrə ittihamın əsasını təşkil edən yeganə sübut qismində təqdim edilmiş USB diskdə olan video görüntülər məhkəmə iclasına tədqiq olunarkən müəyyən edilmişdir ki, X2 tərəfindən "Hüriyyət TV" internet televiziya kanalına Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Razi Nurullayev barəsində yazılı müraciət təqdim edilmişdir. Həmin müraciət “Hürriyət TV” adlı internet televiziya kanalında aparıcı Vüqar Tofiqoğlu tərəfindən səsləndirilmişdir. Səsləndirilmiş müraciətdə xüsusi ittihamçı Milli Cəbhə Partiyası barəsində hər hansı təhqir və ya böhtan xarakterli məlumatlar ifadə edilməmişdir. Göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və ya 148-ci maddələrinin tərkibi müəyyən edilmir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Milli Cəbhə Partiyasının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Milli Cəbhə Partiyasının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar