Məhkəmə qərarları › İş №1(036)-68/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-68/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-68/2021 30.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1969-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Xiyabani küçəsi ev 54-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdə gecə saat 02 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına tavanını sökmək yolu ilə qanunsuz daxil olub divarlarda quraşdırılmış, ümumi dəyəri 70 manat olan “Hikvision” markalı üç ədəd videomüşahidə kamerasını, daha sonra həmin mağazadakı saxlanc yeri hesab olunan dəmir seyfin qapısını dəmirkəsən mişarla kəsərək orada saxlanılan 12800 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə 12870 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 2021-ci ilin fevral ayının əvvəllərində gecə saat 18 radələrində İmişli rayonunun Oruclu kəndində yerləşən kafedə beş nəfərlə qumar oynamış və həmin vaxt 400 manat pul uduzmuşdur. Qumar borcu olduğundan pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 09 fevral 2021-ci tarixdə gecə saat 02 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən ərzaq mağazasından oğurluq etmək üçün mağazanın arxa hissəsində olan hasardan dırmaşaraq mağazanın damına çıxmış və mağazanın dam örtüyünün dəmir şiferinin birini əli ilə dartıb çıxarmışdır. Bundan sonra mağazanın tavanını ayağı ilə itələyərək söküb mağazadan içəriyə keçmiş və içəriyə keçdikdən sonra özündə olan alışqanın işığı ilə ətrafı axtarmış, lakin ərzaq anbarında pul tapa bilməmişdir. Digər anbara girmək istədikdə anbarın qapısının bağlı olduğunu görmüşdür. Bundan sonra içəridə üç ədəd müşahidə kamerası olduğunu görüb həmin kameraları özü ilə gətirdiyi kəlbətinlə naqillərini kəsib götürmüşdür. Daha sonra seyf olan anbara girmək üçün içəriyə daxil olduğu yerdən çıxmışdır. O, həmin mağazada əvvəllər bir neçə dəfə şəkər tozu torbasını boşaldarkən orada seyf olduğunu görmüş və həmin seyfdə pul olduğunu güman etmişdir. Tavanın sökülmüş yerindən çıxıb damın üstü ilə seyfin saxlanıldığı anbarın üzərinə getmiş və həmin anbarın dam hissəsində bir ədəd dəmir şiferi söküb onun aşağı hissəsində olan lambirini ayağı ilə itələyərək həmin yerə düşmüşdür. Bundan sonra qapının ağzında olan dəmir seyfi sürüyərək bir qədər kənara çəkib yerə yıxmışdır. O, seyfi kəsmək üçün özü ilə evdən dəmir kəsən mişar da götürmüş və seyfi yerə yıxdıqdan sonra həmin dəmir kəsən mişarla seyfin qapısını kəsmişdir. Seyfin qapısını kəsdikdən sonra onu əyərək qapısını aralamış və seyfin içərisində olan pulları götürüb saymadan cibinə qoymuşdur. Bundan sonra tavanı sökdüyü yerdən çıxmış və piyada İmişli Mərkəzi Rayon Xəstəxanası istiqamətində getmişdir. Özü ilə götürdüyü üç ədəd kameranı yaxınlıqda kənara tullamış və birbaşa yaşadığı evə getmişdir. Oğurladığı pulları saymadan qara rəngli paltosunun sağ yan cibinə qoymuşdur. Pullar rezinlə bağlanmış vəziyyətdə və müxtəlif əskinaslarla olmuşdur. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən ərzaq mağazasında ərzaq mallarının topdan və pərakəndə satışını həyata keçirir. Mağazanın üç anbarı olmaqla, birinci anbarda sular, ikinci anbarda qida məhsulları, üçüncü anbarda isə siqaret və salfet kimi məhsullar saxlanılırmış. Mağazanı hər gün səhər saat 08 radələrində açıb axşam saat 17 radələrində bağlayırmış. Mağazanın iki nəfər işçisi olmuş və onlar mağazaya gələn malların boşaldılması ilə məşğul olurmuşlar. Mağazanın və anbarların açarları yalnız özündə olmuşdur. 09 fevral 2021-ci il tarixdə səhər saat 08:15 radələrində mağazaya gəlib qapını açdıqdan sonra birinci anbarın tavanının künc hissəsinin söküldüyünü görmüşdür. O, mağazadan oğurluq ola biləcəyini ehtimal edib dərhal içərisində pul olan seyfin saxlanıldığı ikinci anbarın qapısına yaxınlaşdıqda qapının bağlı olduğunu görmüşdür. Bundan sonra açarla anbarın qapısını açdıqda seyfin qapının ağzında yerdə, seyfin qapısının isə kəsilərək içərisindəki əşyaların dağınıq vəziyyətdə oldğunu aşkar etmişdir. Anbarda ətrafa baxdıqda anbarın tavan hissəsinin də söküldüyünü görmüşdür. Bundan sonra oğurluq barədə İmişli RPŞ-yə məlumat vermiş və polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Polis əməkdaşları ilə birlikdə baxışda iştirak edərkən seyfdə olan 12800 manat pulunun oğurlandığını və üç ədəd müşahidə kamerasının sökülərək aparıldığını aşkar etmişdir. Mağazanın tavanının sökülməsi, kameranın naqillərinin və seyfin qapısının kəsilməsi nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla bir müddət əvvəl İmişli şəhər mərkəzində yerləşən çayxanaların birində tanış olmuşdur. Aralarında tanışlıq yarandıqdan sonra Hidayət ona gedib qumar oynamağı təklif etdikdə o, razılaşmış və rayon mərkəzində qumar oynamaq üçün yer tapa bilmədikləri üçün yaşadığı İmişli rayonunun Oruclu kəndinə getməyi təklif etmişdir. Həmin vaxt Hidayətin yanında tanımadığı iki nəfər, onun yanında isə tanışı Şahid2 olmuşdur. Oruclu kəndinə çatdıqda orada həmkəndlisi və qohumu Şahid3 məxsus çayxanaya getmiş, çayxananın qapısını o açmış və içəriyə daxil olmuşlar. Elsevərin vaxtı olmadığına görə çayxananı açıb işlətmək üçün açarını ona vermişdir. O, çayxananı axşam saat 18 radələrində açıb saat 22 radələrində bağlayırmış. Çayxanada o, Hidayət, tanımadığı iki nəfər şəxs və tanışı Zöhrab qumar oynamışlar. Həmin vaxt o, 130 manat pul udmuş, Hidayət isə 200-250 manat pul uduzmuşdur. Bundan təxminən 3-4 gün sonra onlar yenidən həmin çayxanada qumar oynamış və həmin vaxt Hidayət 50-60 manat uduzmuşdur. Onların çayxanada qumar oynamağından Şahid3 xəbəri olmamışdır. O, həmçinin ifadəsində göstərdi ki, 09 fevral 2021-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından 12800 manat pul oğurlanması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, yaşadığı İmişli rayonunun Oruclu kəndində çayxanası olmuş və 2020-ci ilin oktyabr ayından onun başqa işləri olduğuna görə çayxananı işlətmək üçün açarlarını həmkəndlisi və qohumu Şahid1 vermişdir. O, İmişli rayon polis şöbəsinə dəvət olunduqdan sonra Elxanın çayxananı işlədən zaman orada tanışları ilə birlikdə bir neçə dəfə qumar oynadıqlarını bilmişdir. O, həmçinin ifadəsində göstərdi ki, 09 fevral 2021-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından 12800 manat pul oğurlanması barədə heç bir məlumatı olmamışdır. İşə əlavə edilmiş məhkəmə-əmtəəşünasıq ekspertizasının 29 aprel 2021-ci il tarixli, 9/1735 saylı rəyində göstərilmişdir ki, bir ədəd üzərində “Hikvision, Color Canera, model DS-2CE 16COT-İR, made in China” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, ağ rəngdə, silindr formalı video müşahidə kamerası 20,00 manat; iki ədəd “Hikvision” markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş, ağ rəngdə, dairəvi formalı video müşahidə kamerası 50,00 manatdı. Mərkəzdə müvafiq şərait və müşahidə kameralarına aid digər avadanlıq olmadığından müşahidə kameralarının istfiadəyə yararlı olub-olmamasını müəyyən etmək mümkün olmadı. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışmasını, sonuncuya vurmuş olduğu maddi ziyanı tam ödəməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə maddi sübut olan üç ədəd videomüşahidə kamerası və 7800 manat pul zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nadir oğlunda saxlanılmalı, İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan digər maddi sübutlar bir ədəd kəlbətin, bir ədəd dəmirkəsən mişar və bir ədəd vintaçan məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdən 11 may 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 3 (üç) ay müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan üç ədəd videomüşahidə kamerası və 7800 manat pul sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nadir oğluna qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan digər maddi sübutlar bir ədəd kəlbətin, bir ədəd dəmirkəsən mişar və bir ədəd vintaçan məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 75 (yetmiş beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar