Məhkəmə qərarları › İş №1(036)-70/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-70/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-70/2021 27.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 12:25 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə İmişli şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 22 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə, sааt 15:00 radələrində İmişli şəhəri, Heydər Əliyev prospektində “Daş körpü” adlanan ərazidə yerləşən ictimai-iaşə obyektlərinin qarşısında, ictimai yerdə, tanışı VəlizadəTurqut İlham oğluna sataşmaq məqsədilə sillə ilə onun döyülməsini eşitdiyini bildirmişdir. VəlizadəTurqut İlham oğlu cavabında özünün döyülməsi barədə eşitdiyini bildirən zaman Təqsirləndirilən şəxs ətrafda olan şəxslərin və tanışlarının yanında digərlərindən fərqləndiyini nümayiş etdirmək məqsədilə özünü cəmiyyətin fövqündə qoyub, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, VəlizadəTurqut İlham oğluna qarşı nalayiq ifadələr işlədərək. əvvəlcə yumruq və təpiklə sifət-bədən nayihəsindən vuraraq, zor tətbiq etmişdir. Daha sonra, şalvarının arxa cibində gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək zor tətbiq etməklə, qəsdən Zərərçəkmiş şəxs1 1 (bir) dəfə qarın və sol bud nahiyəsindən vuraraq, ona qarnın sağ yan divarında və sol budun aşağı 1/3 hissəsinin arxa səthində yara ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Daha sonra, hadisə yerində olan Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs VəlizadəTurqut İlham oğlunun ünvanına uca səslə söyüş söydüyünü görüb, ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirməklə, ona söyüş söyməsini irad tutmuşdur. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 da heç bir əsaslı səbəb olmadan nalayiq ifadələrlə təhqir edib, silah qismində istifadə etdiyi bıçaqla zor tətbiq edərək, qəsdən Zərərçəkmiş şəxs2 1 (bir) dəfə sifət və sol qol nahiyəsindən vuraraq müqavimət göstərmiş, sonuncuya sifətin sol yarısında çənə sümüyünün sol şaxəsi proyeksiyasında yara ilə müşayiət olunan dərəcəsi təyin edilməyən və sol bazunun yuxarı 1/3 hissəsinin arxa səthində yara ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 22 ünvanda yaşayır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qonşusudur. Baş vermiş hadisə barədə bildirir ki, 01 mart 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində evindən çıxaraq İmişli şəhərində “Daşkörpü” adlanan dairədən təxminən 15 metr aralıda yerləşən, “Fəzail” adlı şəxsin işlətdiyi mağazaya gedərək oradan fısdıq almışdır. Fısdığı alıb mağazadan çıxan zaman təxminən 15 metr aralıda “Röyal” adlı şəxsin işlətdiyi bərbərxananın qarşısında Turqut ilə Röyalım söhbət etdiyini görüb, onlara yaxınlaşmışdır. O, söhbət zamanı, zarafatla Turquta “eşitmişəm səni sillə ilə vurublar.” demişdir. Turqut isə ona ciddi şəkildə “məni heç kim sillə ilə vura bilməz, sənin özünü sillə ilə vurublar.” demişdir. Lakin Turqut ona kimin, nə vaxt və harada sillə ilə vurmasını deməmişdir. O da, Turquta “məni kimin sillə vurmasını sübut elə.” demişdir. Bu səbədən də, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Turqut əli ilə onun sinəsindən itələmişdir. O da, bir dəfə Turqutun sifətindən yumruq zərbəsi vurmuş, Turqut da onun qarnından təpik zərbəsi vurmuşdur. Hər ikisi aldıqları zərbədən yerə yıxılmışlar. O, yıxıldığı yerdən qalxaraq əynindəki şalvarın arxa sol cibində olan qatlanıb açılan bıçağı çıxararaq Turqutun üstünə getmişdir. Sağ əlində tutduğu bıçaqla Turquta bir neçə dəfə zərbə endirmişdir. Həmin vaxt həyəcanlı olduğu üçün vurduğu bıçaq zərbələrinin Turqutun bədəninin harasına dəyməsini bilməmişdir. Turqut oradan qaçaraq təxminən 30 metr uzaqlaşmışdır. O, Turqutun arxasınca təxminən 10 metr qaçdıqdan sonra dayanmış və Turqutun ünvanına nalayiq ifadələr işlədərək, geri qayıtmışdır. Onu da qeyd edir ki, o, həmin vaxt Turqutu bıçaqla vuran zaman bıçağın tiyəsinin bir hissəsini sağ əlinin ovcunda tutduğu üçün bıçaq özünün sağ əlini yaralamışdır. Əlindən qan axdığı üçün əlini yumaq üçün bərbərxanaya girmişdir. Bu zaman Vaqifin bərbərxananın qapısında dayandığını görmüşdür. Vaqif ona “sən Turqutu niyə söyürdün?” demişdir. O da, əsəbi olduğu üçün bərbərxanadan çıxaraq Vaqifin də ünvanına nalayiq ifadələr işlədərək, onun üzərinə hücum çəkmiş və onlar əlbə-yaxa olmuşlar. Həmin vaxt Turqut ora gələrək onun qollarından tutub dartaraq Vaqifdən ayırmışdır. O, Turquta onu buraxmasını desə də, lakin Turqut onu buraxmamışdır. Həmin vaxt o, Turqutun əlindən dartınıb çıxaraq, Vaqifin olduğu yerə tərəf getmişdir. Bu zaman əmisi Elxan ora gələrək onu qucaqlayıb sakitləşdirmək istəsə də, lakin o, əsəbi olduğu üçün sakitləşməmişdir. Elxanın əlindən çıxaraq Vaqifin üstünə gedib əlində olan bıçaqla Vaqifə bir neçə dəfə zərbə endirmişdir. Əsəbi olduğu üçün vurduğu bıçaq zərbələrinin Vaqifin harasına dəyməsini bilməmişdir. O, hadisə yerindən ayrıldıqdan sonra İmişli şəhərinin Cəfərli kəndi istiqamətində çıxışına tərəf getmiş, bıçağı yolun kənarındakı su kanalına atmış, lakin, həmin vaxt həyəcanlı olduğu üçün bıçağı tulladığı yer dəqiq yadında deyildir. Həmin gün, təxminən saat 21:00 radələrində əlinin yarası onu çox incitdiyi üçün İmişli Rayon Mərkəzi Xəstəxanasına gedərək, orada tibbi yardım almışdır. O, polislərin axtardığını eşidib, İmişli Rayon Polis Şöbəsinə getmişdir. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir, səmimi peşmanlıq və mənəvi əzab hissi keçirir. Hal-hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış, ona qarşı tələb və şikayətləri yoxdur, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və məhz özünün səbrsizliyi və düşüncəsizliyi ucbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır, subaydır, valideynləri ayrılmış və nənəbabasının himayəsində yaşayır. Gələcəyə nikbin planları vardır. Demək olar ki, ailəyə yeganə qazanc gətirən şəxsdir. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 20 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Digər Zərərçəkmiş şəxs2 onun bibisinin oğludur. Baş vermiş hadisə barədə bildirir ki, 01 mart 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində toyuqlarına dən almaq üçün İmişli şəhərində “Daşkörpü” adlanan dairədən təxminən 15 metr aralıda “Fəzail” adlı şəxsin işlətdiyi mağazaya getmişdir. Mağazaya çatan zaman həmin mağazadan təxminən 15 metr aralıda “Röyal” adlı şəxsin işlətdiyi bərbərxananın qarşısında Röyalın dayandığını görmüş və onun ilə görüşüb, söhbət etmişdir. Bu zaman İlkin də Fəzailin mağazasından çıxaraq, onların yanına gəlib görüşmüşdür. Söhbət zamanı İlkin ona “sən kişi deyilsən, eşitdiyimə görə səni sillə ilə vurublar.” demişdir. O da, İlkinə “məni heç kim sillə ilə vurmayıb, sillə ilə vurulan sənsən.” demişdir. Bu səbəbdən də, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanə İlkin onu nalayiq ifadələr ilə təhqir etdiyi üçün əli ilə İlkinin sinəsindən itələmişdir. İlkin də sağ əli ilə bir dəfə onun sifətindən yumruq zərbəsi vurmuş, o da, İlkinin qarnından bir dəfə təpik zərbəsi vurmuşdur. Hər ikisi aldıqları zərbədən yerə yıxılmışlar. Ayağa qalxdıqdan sonra İlkin əynindəki şalvarın arxa sol cibində olan qatlanıb açılan bıçağı çıxararaq, onun üstünə getmişdir. Sağ əlində tutduğu bıçaqla ona bir neçə dəfə zərbə endirmişdir. O, bıçaq zərbələrinin təsirindən bədənin qarın və sol bud nahiyələrindən xəsarət almışdır. Lakin o, özündə güc toplayıb, hadisə yerindən uzaqlaşmışdır. İlkin onun arxasınca təxminən 10-15 metr qaçsa da, lakin sonradan arxasınca getməyib geri qayıtmış və onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman o, yoldan keçən bibisi oğlu Vaqif İlkinin onun ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuşdur. İlkin Vaqifin də ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Vaqif ilə İlkin əlbə-yaxa olaraq, yerə yıxılmış və onları ayırmağa çalışmışdır. Bu zaman İlkinin əmisi Elxan da hadisə yerinə gəlmişdir. İlkin yenə də Vaqifin üstünə hücum edərək, əlindəki bıçaqla Vaqifə bir neçə bıçaq zərbəsi endirmişdir. O, halsız olduğu üçün özündən getmiş və ayılanda görmüşdür ki, ona İmişli Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərirlər. Eyni zamanda o, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında da müalicə olunmuşdur. Hal-hazırda onun Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cavan, subay və onun qonşusu olduğu üçün onu bağışlayır. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə tərəfindən azadlıqdan məhrum etmə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 20 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Digər Zərərçəkmiş şəxs1 dayısının oğludur. Baş vermiş hadisə barədə bildirir ki, 01 mart 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində işə getmək üçün yaşadığı evdən çıxaraq İmişli şəhərində “Daşkörpü” adlanan dairənin yaxınlığından piyada keçib gedən zaman İlkinin yolun kənarında Röyal adlı şəxsin işlətdiyi bərbərxananın qarşısında dayanaraq, yüksən səslə Turqutun ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin vaxt yanından keçən tanımadığı 20-25 yaşlı bir kişi ona İlkinin Turqutu bıçaqla vurmasını demişdir. O, Turqutun bıçaqla vurulmasını eşidib həyəcanlandığı üçün İlkinin üzərinə gedərək Turqutu nə səbəbdən vurmasını və söyməsini soruşmuşdur. İlkin onun da ünvanına nalayiq ifadələr işlədərək üzərinə hücum etmişdir. Həmin vaxt onlar əlbə-yaxa olmuş və hər ikisi yerə yıxılmışlar. Bu zaman Turqut hadisə yerinə gələrək, İlkini arxadan qucaqlayaraq oradan aralamağa başlamışdır. İlkin ayrıldıqdan sonra ona tərəf getmişdir. Həmin vaxt İlkinin əmisi Elxan da hadisə yerinə gəlmişdir. Elxan da İlkini sakitləşdirmək istəsə də, lakin İlkin sakitləşməyib yenidən onun üzərinə gələrək, əlində olan bıçaqla ona bir neçə zərbə endirmişdir. O, bıçaq zərbələrinin təsirindən bədənin çənə və sol qol nahiyələrindən xəsarət almışdır. Daha sonra, İlkin hadisə yerindən uzaqlaşaraq çıxıb getmişdir. Hadisədən sonra ona İmişli Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilmiş və daha sonra isə, ambulator müalicə olunmuşdur. Hal-hazırda onun Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cavan, subay və onun qonşusu olduğu üçün onu bağışlayır. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə tərəfindən azadlıqdan məhrum etmə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 228, mənzil 12 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qardaşının oğludur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qonşusudur. Baş vermiş hadisə barədə bildirir ki, 01 mart 2021-ci il tarixdə, təxminən saat 15:30 radələrində evindən çıxıb İmişli şəhərində “Daşkörpü” adlanan dairəyə yaxınlaşan zaman Turqutun İlkini qucaqlayaraq saxlamasını, İlkinin isə qışqıraraq Turqutun əlindən çıxmaq istəməsini görmüşdür. Həmin vaxt Vaqif İlkingildən bir az aralıda dayanmışdır. O, nə baş verməsini öyrənmək üçün İlkingilin yanına getmişdur. Bu zaman İlkin Turqutun əlindən çıxaraq Vaqifə tərəf getmişdir. Həmin vaxt o, İlkini tutub saxlamaq istəsə də, lakin bu mümkün olmamışdır. İlkin Vaqifin üzərinə hücum edərək, ona bir neçə bıçaq zərbəsi vurmuşdur. O, həmin vaxt həyəcanlı olduğu üçün İlkinin vurduğu bıçaq zərbələrinin Vaqifin harasına dəyməsini görməmişdir. Bununla da, dava-dalaş başa çatmışdır. Sonradan eşitmişdir ki, dava-dalaş vaxtı ilk əvvəl İlkin Turquta da bıçaqla bir neçə zərbə vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 oğlu Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İmişli Mərkəzi Rayon Xəstəxanasının 774 saylı, 01 mart 2021-ci il tarixli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müayinə edilməsi Qaydaları”na əlavə “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs “alkoqol sərxoşluğu vəziyyəti” müəyyən edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 136 saylı, 16 mart 2021-ci il ekspert rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər-qarnın sağ yan divarında və sol budun aşağı 1/3 hissəsinin arxa səthində yaralar iti kənarlı kəsici xassəyə malik əşyanın (əşyaların), təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, qərarın təsviri hissəsində göstərlən vaxtda və şəraitdə, yəni 01 mart 2021-ci il tarixdə bıçaqla vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 137 saylı, 10 mart 2021-ci il ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər-1. Sifətin sol yarısında çənə sümüyünün sol şəxəsi proyeksiyasında yara, sol bazunun yuxarı 1/3 hissəsinin arxa səthində yara iti kənarlı kəsici xassəyə malik əşyanın (əşyaların), təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərlən vaxtda və şəraitdə, yəni 01 mart 2021-ci il tarixdə bıçağın təsiri nəticəsində əmələ gələ bilərdi. 2. Sifətin sol yarısında çənə sümüyünün sol şəxəsi proyeksiyasında olan yara sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, sol bazunun yuxarı 1/3 hissəsinin arxa səthində olan yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. 3. Zərərçəkmiş şəxs2 sifətinin sol yarısında çənə sümüyünün sol şəxəsi proyeksiyasında olan yara sifətdə yerləşməsinə baxmayaraq həmin yaradan sonra əmələ gələn çapıq sifətdə mimika pozğunluğu, kəskin nəzərə çarpan asimmetriya törətmədiyindən və onun aradan qaldırılması üçün cərrahi müdaxiləyə-kosmetik əməliyyata ehtiyac olmadığından silinməz hesab olunmur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 144 saylı, 16 mart 2021-ci il ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər-1. Sağ əlin ovuc səthində 2-ci daray sümüyü proyeksiyasında yara iti kənarlı kəsici xassəyə malik əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 01 mart 2021-ci il tarixdə bıçağın təsiri nəticəsində əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işində olan 02 mart 2021-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə, saat 11:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 03 mart 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə İmişli Rayon Polis X1 Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 03 mart 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 03 may 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, eləcə də, ona məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etmələrini, səmimi peşmanlığını, nənəbabasının himayəsində olmasını, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də, istintaq müddəti ərzində öz səhvlərini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini və eləcə də, gələcəyə nikbin baxışlarını və planlarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alaraq, barələrində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayaraq həmin cəzanın şərti olaraq tətbiq edilməsini, sınaq müddətinin məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmasını və eləcə də, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdən 03 mart 2021-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 1 (bir) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 1 (bir) günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar