Məhkəmə qərarları › İş №1(036)-70/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-70/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-70/2023 22.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Beyləqan rayonu, Sarısu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, İmişli rayonu, Qaragüvəndikli kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 188.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 19 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan Qaragüvəndikli bələdiyyəsinin mülkiyyətindəki, İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən İmişli RİHB-nın Qaragüvəndikli KİƏD üzrə nümayəndəliyi,Qaragüvəndikli bələdiyyəsi, Qaragüvəndikli Poçt şöbəsi və İmişli Rayon Mərkəzi Xəstəxanasının Qaragüvəndikli kənd Tibb məntəqəsinin istifadəsinə verilmiş inzibati binanın həyətyanı ərazisində 0,14 hektar torpaq sahəsini dəmir boru və tikanlı məftillərlə özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur; Bundan başqa o,05 may 2023-cü il tarixdə saat 07:30 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən İmişli RİHB-nın Qaragüvəndikli KİƏD üzrə nümayəndəliyi və digər qurumların istifadəsinə verilmiş inzibati binanın həyətyanı ərazisində 0,14 hektar torpaq sahəsini hasarlamaq üçün istifadə etdiyi dəmir boruları götürərkən həmkəndlisi Zərərçəkmiş şəxs2 narazılıq etdiyinə görə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı yaxınlıqdakı avtomobilindən vintaçanı götürüb Zərərçəkmiş şəxs2 qəsdən vintaçanla vuraraq sol budun yuxarı 1/3-nin arxa səthində və döş qəfəsinin sağ yarısının ön səthində məmə xətti boyunca 8-ci qabırğa səviyyəsində yaralardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona qarşı AR CM-nin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünün təqsirli bilməmiş, CM-nın 128–ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Qaragüvəndikli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və himayəsində bir azyaşlı qız uşağı vardır. O, ulu öndər, mərhum prezident Heydər Əliyevin adına park salmaq məqsədilə torpaq sahəsi ayırması üçün İmişli rayon Qaragüvəndikli kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 müraciət etmiş və ondan razılıq alaraq bu məqsədlə Astara rayonundan 750,0 ədəd şam tingi gətirmişdir. 19 aprel 2023-cü il tarixdə saat 19:30 radələrundə bələdiyyənin mülkiyətində olan İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən İmişli RİHB-nın Qaragüvəndikli KİƏD üzrə nümayəndəliyi,Qaragüvəndikli bələdiyyəsi,Qaragüvəndikli Poçt şöbəsi və İmişli Rayon Mərkəzi Xəstəxanasının Qaragüvəndikli kənd Tibb məntəqəsinin istifadəsinə verilmiş inzibati binanın ərazisində torpaq sahəsinin kənarlarına dəmir borular və üçkünc dəmirlər basdırmış, həmin üçükünc dəmirləri də basdırmaqda məqsədi əkəcəyi ağacları Zərərçəkmiş şəxs2, eləcə də digər kənd sakinlərinin heyvanlarının korlaya bilməməsi olmuşdur. Zərərçəkmiş şəxs1 tərəfindən ona basdırdığı üçkünc dəmirlərin söküləcəyi bildirilmiş və o, buna heç bir narazılıq etməmişdir. Həmin sökülmüş dəmirlər Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına yığılmışdır. 05 may 2023-cü il tarixdə saat 07:30 radələrində idarə etdiyi avtomobilə əyləşib dəmirləri Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına yığdığı üçün götürməyə getmişdir. Həmin vaxtı orada Qurbanı görmüş və sonuncu onu görən kimi ona tərəf yaxınlaşıb nalayiq ifadələrlə söyüb təhqir etmiş və dəmirləri aparmasına imkan verməmişdir. O, isə dəmirlərin ona məxsus olmasını və aparacağını bildirdikdə Qurban onunla mübahisə yaratmış və həmin mübahisə zamanı ona xoşagəlməz sözlər işlətmiş, o, Qurbanı özündən kənarlaşdırmaq üçün sinəsindən bir dəfə itələmiş, Qurban isə iki əli ilə onun boğazından tutaraq sıxmışdır. O, Qurbanın əlindən çıxaraq yaxınlıqda saxladığı avtomobilinə əyləşib qaçmaq istəmiş, Qurban onun arxasınca düşmüş və üzərində olan cib bıçağını çıxarıb sol qoluna xəsarət yetirmişdir. Aldığı zədənin təsiri altında o, avtomobilinin qapısının içəri cibində olan vintaçanı götürmüş və Qurbanı özündən kənarlaşdırmaq məqsədilə vintaçanla bud nahiyəsindən bir dəfə vuraraq Qurbanı özündən kənarlaşdırmışdır.Bundan sonra vintaçanı hadisə yerində atmış və avtomobilinə minib ordan uzaqlaşaraq hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra da İmişli rayon polis şöbəsinə getmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, İmişli rayonunun Qaragüvəndikli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İmişli rayonun Qaragüvəndikli kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla arasında əvvələr hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Rafiq onun yaşadığı evin yaxınlığındakı boş torpaq sahəsini çəpərə alıb həmin torpaq sahəsi ilə onun həyətyanı bağ sahəsinə gələn suyun qarşısını kəsdiyi üçün onunla mübahisəsi polulmuş və Rafiqin barəsində kənd icra nümayəndəliyinə, bələdiyyəyə və rayon icra hakimiyətinə şikayət etmişdir. Rafiqin öz başına bələdiyyəyə məxsus olan torpaq sahəsini hasara aldığı dəmir boru və tikanlı məftillər 04 may 2023-cü il tarixdə kənd bələdiyəsinin üzvüləri və polis əməkdaşları tərəfindən sökülmüşdür. 05 may 2023-cü il tarixdə saat 07:30 radələrində həyətində saxladığı 5 baş xırda buynuzlu heyvanları otlaması üçün çölə çıxartmış və özü də həmin vaxtı evinin yaxınlığında dayanmışdır. Həmin vaxtı yanına qonşusu İlqar Təhməzov gəlmiş və ondan oraq istədiyi üçün həyətdə olan arvadı Şahid3 səsləyib ona orağı gətirməsini istəmişdir. Günay ona orağı gətirib verdikdən sonra ona səhər yeməyini hazırlamasını demişdir. Günay yaşadığı evə keçdikdən sonra onun yanına Rafiq gəlmiş və sonuncu ona yaxınlaşaraq “həyətimi dağıtdın” sözlərini deyərək qəfil arxa cibinə əl atmış və cibindən qara dəstəkli bıçağı çıxararaq əvvəlcə sağ sinə nahiyyəsinə, daha sonra arxa sol bud nahiyyəsinə bıçaqla vuraraq xəsarət yetirmişdir. O, özünü müdafiə etmək üçün Rafiqə təpik atmış və sonra oradan qaçaraq uzaqlaşmışdır. Rafiq orada qalmış, onun səsinə evdən arvadı Günay çıxmış və ona qapını arxadan bağlayıb evə keçməsini istəmişdir. Günay evin yan tərəfində olan qapını bağlamış, bu zaman Rafiq onun üstünə yerisə də ona hər hansı bir xəsarət yetirməmişdir. Daha sonra 102 xidmətinə və 103 təcili tibbi yardım xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hazırda İmişli rayonu Qaragüvəndikli kəndində yaşayır və həmin kənddə kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. İmişli rayonu Qaragüvəndikli kənd sakinləri Təqsirləndirilən şəxs İxitiyar oğlunu və Zərərçəkmiş şəxs2 kənd sakinləri kimi tanıyır. Zərərçəkmiş şəxs2 Qaragüvəndikli kənd bələdiyyəsinin üzvüdür., Təqsirləndirilən şəxs özünə yaşayış evi tikmək üçün həyatyanı torpaq sahəsinin ayrılması üçün 12 aprel 2023-cü il tarixdə ona şifahi olaraq müraciət etmişdir. O, Təqsirləndirilən şəxs ona həyatyanı torpaq sahəsi ayrılması və verilməsi ilə bağlı kəndin mərkəzindən, yolun kənarında yerləşən prespektivli inkşaf fondu torpağından ayırıb verə biləcəyini demiş və bununla bağlı Təqsirləndirilən şəxs rəsmi müraciət etməsini və dövlət rüsumunu ödəməyini bildirmişdir. 20 aprel 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 ona zəng edib Təqsirləndirilən şəxs idarənin həyətyanı sahəsini tikanlı məftillə hasara almasını bildirmiş, daha sonra ona bu barədə məlumatının olub-olmamasını soruşduqda məlumatının olmadığını, Rafiqin qanusuz olaraq tikanlı məftillə ərazini hasarladığını bildirmişdir. Səhəri gün Qaragüvəndikli kənd icra nümayəndəsi Ülvü Abbasovun iştirakı ilə polis şöbəsinə ərizə ünvanlamış və bu barədə akt tərtib olunaraq akta əlavə edilmiş 2 ədəd fotoşəkil ilə birlikdə İmişli RPŞ-nə göndərmişdir. Onların müraciətdən sonra Təqsirləndirilən şəxs qanusuz olaraq zəbt etmiş olduğu 0,14 ha torpaq sahəsinin kənarlarına çəkmiş olduğu tikanlı məftillər 24 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən sökülmüş və ərazi zəbtdən azad olunmuşdur. Təqsirləndirilən şəxs zəbt etdiyi Qaragüvəndikli kənd bələdiyəsinə məxsus olan ərazini o, Rafiqə ağac əkilməsi və ya yaşıllaşdırma işləri aparması üçün verməmiş, Təqsirləndirilən şəxs bununla bağlı nə yazılı nə də şifahi olaraq müraciət etməmiş nə də o, Təqsirləndirilən şəxs zəbt etdiyi sözügedən torpaq sahəsni nə şifahi nə də rəsmi olaraq ona verməmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. İş üzrə şahidlər Şahid1 və X3 ifadələrində Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda İmişli rayon polis şöbəsinin İctimaitəhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyir. Xidmət etdiyi ərazi İmişli rayonun Qaragüvədikli kəndini də əhatə etdiyindən Qaragüvəndikli kənd bələdiyyəsinin 20 aprel 2023-cü il tarixli məktubu, əlavə olunmuş akt və 2 ədəd fotoşəkillə birlikdə icraatına verilmişdir. Həmin aktda İmişli rayonun Qaragüvəndikli kənd sakini X1 İmişli rayonun Qaragüvəndikli kəndində kənd bələdiyyəsinin inzibati binasının yerləşdiyi 0,14 ha hissəsini tikanlı məftillərlə va dəmir borularla hasarlayaraq zəbt etməsi və inzibati binaya gediş-gəliş yolunun bağlandığı göstərilmişdir. Təqsirləndirilən şəxs izahat verərək sözügedən torpaq sahəsində mərhum prezident H.Əliyevin adına park salacağını və bununla bağlı əkəcəyi ağacların heyvanlar tərəfindən məhv edilə bilməməsi üçün ərazini tikanlı məftillə hasarladığını bildirmişdir.Təqsirləndirilən şəxs hərəkətlrinin qanusuz olduğunu, bununla bağlı müvaiq icazəsi olmadığını, icazə aldıqdan sonra ağac əkə biləcəyini demiş və toplanmış materitalları apraşdırmanın davam etdirilməsi üçün təhqiqat bölməsinə vermişdir. 04 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş ərazinin Qaragüvəndikli kənd icra nümayəndəsinin, bələdiyyə üzvülərinin iştirakı ilə azad olunması üçün getmiş və Rafiqi də əraziyə çağırmışdır. Təqsirləndirilən şəxs tikanlı məftillərlə əhatəyə almış ərazinin sökülməsinə heç bir etiraz etməmiş, bundan sonra onun zəbt etdiyi ərazi təmizlənmiş və onun yerə basdırdığı dəmir borular elə orada səliqə ilə tibb mənitənəsinin tikilməkdə olan binasının yığılmışdır. 05 may 2023-cü il tarixdə saat 07:30 radələrində Təqsirləndirilən şəxs tibb məntəqəsinə yığılmış dəmir borularını götürmək üçün gedərəkən orada Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə arasında mubahisə yaranmışdır. Rafiq bildirmişdir ki, mübahisə vaxtı Zərərçəkmiş şəxs2 ona qarşı nalayiq ifadə işlətmiş və onu vurduğu üçün o da yaxınlıqda olan avtmobilindən vintacanı götürüb Qurbanı iki dəfə vurub xəsarət yetirmişdir. İşdə olan İmişli RİHB-nın Qaragüvəndikli kənd İƏD üzrə İN və Qaragüvəndikli bələdiyyə sədri tərəfindən İmişli RPŞ-ə verilmiş xx.xx.2023-cü il tarixli ərizədə Təqsirləndirilən şəxs19 aprel 2023-cü il tarixdə gecə vaxtı nümayənədəliyin və bələdiyyənin inzibati inzibati binasının yerləşdiyi ərazini qeyri-qanuni olaraq zəbt etdiyi göstərilmişdir.( c.i.səh:91) İşdə olan İmişli RİHB-nın Qaragüvəndikli Kənd İƏD üzrə İN tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli Aktda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 19-00 radələrində Qaragüvəndikli bələdiyyəsinin mülkiyyətində olan İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən İmişli RİHB-nın Qaragüvəndikli kənd İƏD üzrə nümayəndəliyi,Qaragüvəndikli bələdiyyəsi, Qaragüvəndikli Poçt şöbəsi və İmişli Rayon Mərkəzi Xəstəxanasının Qaragüvəndikli kənd Tibb məntəqəsinin istifadəsinə verilmiş inzibati binanın yerləşdiyi ərazidə 0,14 hektar torpaq sahəsini dəmir boru və tikanlı məftillərlə hasara almışdır. (c.i. səh: 92-94) İşdə olan AR SN MTEPAB PHŞ tərəfindən verilmiş 07 may 2023-cü il tarixli 352 saylı ekspert rəyində göstərilmişdir ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol budun yuxarı 1/3-nin arxa səthində və döş qəfəsinin sağ yarısının ön səthində məmə xətti boyunca 8-ci qabırğa səviyyəsində yaralar deşici əşyanın, əşyaların, (alətin, alətlərin) təsirindən törənmişdir. 05.05 2023-cü il tarixdə müxtəlif şəraitlərdə əmələ gələ bilər. Qeyd olunmuş xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (c.i. səh: 42-43) İşdə olan AR ƏM MEM tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli 3/793 nömrəli ekspert rəyinə əsasən , tədqiqata təqdim edilmiş maykanın ön hisəssinin sağ tərəfində, şalvarın isə arxa hissəsinin yuxarı sol tərəfində rəyin tədqiq hisəssində təsvir edilmiş zədələr vardır. Ümumi əlamətlərinə əsasən maykanın və şalvarın səthində olan zədələr hər iki tərəfi küt, uc hissəsi yastı olan və nisbətən deşiçi xassəyə malik hər hansı bər predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik deşilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik vintaçanlar da aiddir. (c.i. səh: 213-214) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 188.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, CMnın həmin maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyası daxilində cəzalanmalıdır. . AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( c.i. səh: 128) İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB Qaragüvəndikli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i.səh: 259) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli və CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir; İş üzrə maddi sübut, İmişli RPŞ-nin maddi subutların saxlancı otağında saxlanılan ağ rəngdə mayka və cins şalvar Zərərçəkmiş şəxs2 təhvil verilməli;İş üzrə ekspertiza xərcini təşkil edən 80,0 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 1 (bir) il 6( altı) ay müddətə azadığın məhdudlaşdırılması cəzas cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, İmişli RPŞ-nin maddi sübutların saxlancı otağında saxlanılan ağ rəngdə mayka və cins şalvar zərərçəkmiş şəxs X2 verilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 80,0 manat pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar