Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-71/2022 24.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Müdafiəçi1, X2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə İmişli rayonunun Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Gövhərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, 09 sentyabr 1998-ci il tarixdə İmişli rayonunun Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Gövhərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, 03 mart 1967-ci il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluqları ödənilmiş, İmişli rayonunun Məzrəli kəndində qeydiyyatda olmaqla İmişli şəhəri, Meliorator qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyrisi özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 15 aprel 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs3 idarə etdiyi “QAZ-2410” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, pikap tipli avtomobillə Zərərçəkmiş şəxs2 məxsus İmişli rayonunun Otuziki kəndi ərazisində “Araz” çayının yaxınlığında yerləşən qum-çınqıl karxanasına gəlmiş, özləri ilə gətirdikləri taxta hissələri ilə nərdivan hazırladıqdan sonra rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 həmin nərdivanla beton dirəklərə çıxıb, dirəklərin yuxarı hissəsinə bərkidilmiş 1400 metr uzunluğunda “AES-50” markalı alüminium elektrik məftillərini mişarla hissələrə ayıraraq yerə tullamış, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyrisi isə yerdə olan məftilləri bükərək avtomobilin yük yerinə yükləmiş, daha sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə oradan uzaqlaşmaqla özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 3600 (üç min altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 16 aprel 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs3 idarə etdiyi “QAZ-2410” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, pikap tipli avtomobillə Zərərçəkmiş şəxs3 məxsus İmişli rayonunun Əliqulular kəndində, “Şirin qum” adlanan ərazidə yerləşən fermaya gəlmiş, rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 fermanın torpaq sahəsinin çəpərindəki 75 millimetr diametrli, 45 metr uzunluğunda dəmir boruları özləri ilə gətirdikləri dəmir kəsən alətlə hissələrə bölmüş, Əmrah və Təqsirləndirilən şəxs2 isə hissələrə bölünmüş boruları avtomobilin yük yerinə yükləmiş, daha sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə oradan uzaqlaşmaqla özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 1000 (bir min) manat məbləğində ziyan vurmaqla, təkrarən, oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 2022-ci ilin aprel ayının əvvəllərində oğurluq etməmişdən bir neçə gün əvvəl tanımışdır. Belə ki, özünə məxsus “Moskviç” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomobilini, Xalidlə tanış olmamışdan bir həftə əvvəl İmişli rayonunun Məzrəli kəndində olan dəmir qəbulu obyektinə metal kimi satmışdır. O, həmin obyektdən oksigen balonu almaq üçün gələrkən Xalidin yararsız istismardan çıxmış avtomobil damını doğradığını görmüşdür. Xalid ondan oksigen balonunu nə üçün almaq istədiyini soruşduqda o, dəmir kəsmək üçün kəsici alət düzəldəcəyini demişdir. Onlar Xaliddən oksigen balonunu almağa razılaşmış və oksigen balonunu alıb motosikletlə yaşadıqları İmişli rayonunun Gövhərli kəndindəki evlərinə aparmışlar. 14 aprel 2022-ci il tarixdə günorta saatlarında Xalid onlara gəlmiş və İmişli rayonunun Otuziki kəndinin ərazisində, qum-çınqıl karxanasında, beton dirəklərin üzərində alüminium məftillər olduğunu demişdir. O, Xalidlə birlikdə həmin yerə getmiş və həmin yerin sahibsiz olduğunu və beton dirəklərin üzərində olan məftillərdə cərəyan olmadığını müəyyən etmişlər. Onlar axşam həmin yerə gəlib alüminium məftilləri kəsib aparmaq qərarına gəlmişlər. Avtomobillə evə qayıdarkən yolda 2 ədəd 3 metr uzunluğunda və 5-6 ədəd, təxminən 20-30 sm uzunluğunda taxtalar götürüb onları avtomobillə həmin yerə gətirib nərdivan düzəltmək qərarına gəlmişlər. Evə çatdıqdan sonra o, həyətdən də 1 ədəd 6 metr uzunluğunda qalın taxta tapıb, həmin taxtanı 3 metr uzunluğunda 2 yerə kəsmişdir. Sonra həmin gün axşam Xalid avtomobili ilə onlara gəlmiş, o, taxtaları avtomobilə yığmış və qardaşı Nurlanla əmisi Zaman Nəsirov da onlara qoşulmuşdur. Onlar birlikdə İmişli rayonunun Otuziki kəndi ərazisində “Araz” çayının kənarında yerləşən qum-çınqıl karxanasına getmişlər. 15 aprel 2022-ci il tarixdə gecə saat 01 radələrində həmin yerə çatıb taxta pilləkən düzəldib pilləkəni beton dirəyə söykəyib yuxarıya qalxmışdır. Pilləkəni aşağıdan əmisi Zaman və qardaşı Nurlan tutmuşlar. O, alüminium məftilləri özləri ilə gətirdikləri kəsici alət vasitəsilə kəsmiş, Xalid isə yerdə məftilləri yumurlayaraq toplamışdır. Onlar ümumilikdə 5 beton dirək arasındakı alüminium məftilləri kəsmişlər. Sonra topladıqları məftilləri səhərə yaxın birlikdə onun yaşadığı evinə gətirib avtomobildən boşaltmış, məftilləri kəsici alət və balta vasitəsi ilə kiçik hissələrə kəsərək kisələrə yığmışlar. Əmisi Zaman öz payına düşən bir kisə alüminiumu götürüb getmişdir. Yerdə qalan üç kisə alüminiumu isə Xalid aparıb satmış, ona və qardaşı Nurlana hər birinə 30 manat pul vermişdir. Həmçinin, 16 aprel 2022-ci il tarixdə gecə saatlarında Xalid onun yaşadığı evə gəlib İmişli rayonunun Əliqulular kəndində “Şirin qum” adlanan ərazidə yerləşən fermadan dəmir boruları oğurlamağı təklif etdikdə o, razılaşmışdır. Sonra o, Xalidin təklifini qardaşı Nurlana dedikdə sonuncu da etiraz etməmişdir. Xalid də onların hər birinə 30 manat pul verəcəyini demişdir. Onlar birlikdə Xalidin “Qaz-2410” markalı avtomobilinə əyləşib həmin yerə getmişlər. Fermada Xalid dəmir boruları kəsmiş və onlar həmin boruları sonuncunun avtomobilinin arxa yük yerinə yığmışlar. Sonra səhər saat 07 radələrində İmişli rayon ərazisində yerləşən metal qəbulu obyektlərinin birinə həmin dəmir boruları satmışlar. Xalid həmin borulara görə onların hər birinə 30 manat pul vermişdir. Sonra onlar çıxıb evlərinə getmişlər. Hazırda zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurmuş olduqları maddi ziyanı qardaşı Nurlanla birlikdə tam şəkildə ödəmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 2022-ci ilin aprel ayının əvvəllərində oğurluq etməmişdən bir neçə gün əvvəl tanımışdır. Belə ki, qardaşı Əmrah özünə məxsus “Moskviç” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomobilini, Xalidlə tanış olmamışdan bir həftə əvvəl İmişli rayonunun Məzrəli kəndində olan dəmir qəbulu obyektinə metal kimi satmışdır. O, qardaşı Əmrahla birlikdə həmin obyektdən oksigen balonu almaq üçün gələrkən Xalidin yararsız istismardan çıxmış avtomobil damını doğradığını görmüşdür. Xalid onlardan oksigen balonunu nə üçün almaq istədiyini soruşduqda onlar dəmir kəsmək üçün kəsici alət düzəldəcəklərini demişlər. Onlar Xaliddən oksigen balonunu almağa razılaşmış və oksigen balonunu alıb motosikletlə yaşadıqları İmişli rayonunun Gövhərli kəndindəki evlərinə aparmışlar. 14 aprel 2022-ci il tarixdə o, gecə evdə yatarkən qardaşı Əmrah onu yuxudan oyadıb “Araz” çayının kənarında yerləşən qum-çınqıl karxanasından alüminium məftilləri kəsməyi təklif etdikdə o, razılaşmışdır. Sonra o, qardaşı Əmrah, əmisi Zaman və Xalidlə birlikdə sonuncunun “Qaz-24” markalı, pikap tipli avtomobili ilə İmişli rayonunun Otuziki kəndi ərazisində “Araz” çayının kənarında yerləşən qum-çınqıl karxanasına getmişlər. Orada özləri ilə apardıqları taxtadan nərdivan düzəldib nərdivanı beton dirəyə söykəmiş və qardaşı Əmrah beton dirəyə qalxmışdır. Əmrah məftilləri kəsici alətlə kəsmiş, Xalid isə yerə düşən alüminium məftilləri yumurlayaraq toplamışdır. Onlar ümumilikdə 5 beton dirək arasında alüminium məftilləri kəsmişlər. Həmin məftilləri Xalidinin avtomobilinə yükləyib evlərinə aparmışlar. Evlərində məftilləri kəsici alət və balta vasitəsilə xırda hissələrə kəsərək kisələrə yığmışlar. Sonra o, yatmış və sonradan olanlardan xəbəri olmamışdır. Həmin günün axşamı Xalid onların hər birinə 30 manat pul vermişdir. Bundan başqa, 16 aprel 2022-ci il tarixdə gecə saatlarında Xalid onların yaşadığı evə gəlib İmişli rayonunun Əliqulular kəndində “Şirin qum” adlanan ərazidə yerləşən fermadan dəmir boruları oğurlamağı təklif etdikdə onlar razılaşmışlar. Xalid də onların hər birinə 30 manat pul verəcəyini demişdir. Onlar birlikdə Xalidin “Qaz-2410” markalı avtomobilinə əyləşib həmin yerə getmişlər. Fermada Xalid dəmir boruları kəsmiş və onlar həmin boruları sonuncunun avtomobilinin arxa yük yerinə yığmışlar. Sonra səhər saat 07 radələrində İmişli rayon ərazisində yerləşən metal qəbulu obyektlərinin birinə həmin dəmir boruları satmışlar. Xalid həmin borulara görə onların hər birinə 30 manat pul vermişdir. Sonra onlar çıxıb evlərinə getmişlər. Hazırda zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurmuş olduqları maddi ziyanı qardaşı Əmrahla birlikdə tam şəkildə ödəmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 İspəndiyar oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, özünə məxsus “Qaz-24” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayon ərazisində topladığı dəmirləri avtomobilin yük yerinə yığıb metal qəbulu obyektlərinə satmaqla məşğul olurmuş. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində İmişli rayonunun Məzrəli kəndində yerləşən metal qəbulu obyektində yararsız vəziyyətdə olan avtomobil kəsərkən əvvəllər tanımadığı iki nəfər cavan oğlan adlarını sonradan bildiyi Əmrah və Təqsirləndirilən şəxs2 qardaşları obyektə gəlib oksigen balonu almaq istədiklərini bildirmişlər. O, özündə oksigen balonu olduğunu və həmin balonu onlara verə biləcəyini demişdir. Əmrah və Nurlan onunla razılaşıb oksigen balonunu “İj” markalı motosikletə qoyub yaşadıqları İmişli rayonunun Gövhərli kəndindəki evlərinə aparmışlar. 14 aprel 2022-ci il tarixdə saat 18 radələrində o, Əmrah və Nurlanın yaşadığı evə getmiş və onlara “Araz” çayının kənarında qum-çınqıl karxanasında beton dirəklərin üzərində alüminium məftillər olduğunu deyib onları kəsib yığaraq satmağı təklif etdikdə sonuncular razılaşmışdır. Həmin gün saat 23 radələrində o, Əmrah, Nurlan və onların əmisi Zamanla birlikdə “Araz” çayının kənarında yerləşən qum-çınqıl karxanasına gəlmiş, taxtadan düzəltdikləri nərdivanla Əmrah beton dirəyə qalxmış və kəsici alətlə alüminium məftilləri kəsmişdir. Kəsilmiş məftilləri yumurlayaraq onun avtomobilinin arxa yük yerinə yığmışlar. 15 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində birlikdə Əmrahgilin evinə gəlib orada alüminium kabelləri avtomobilindən boşaltmış və o, çıxıb evinə getmişdir. Həmin gün saat 12 radələrində o, Əmrahgilə gəlmiş və orada Nurlan ona əmisi Zamanın öz payına düşən kəsilmiş məftil hissələrini bir kisəyə yığıb apardığını, yerdə qalan hissələri isə üç kisəyə yığdığını demişdir. Sonra onlar birlikdə İmişli şəhərində yerləşən metal qəbulu obyektinə gedib 48 kq çəkidə olan həmin üç kisə alüminium məftilinin hər kiloqramını 3 manat olmaqla 144 manata satmışlar. Hər birinin payına 48 manat pul düşmüşdür. Bundan başqa o, 16 aprel 2022-ci il tarixdə gecə saatlarında Əmrahgilin yaşadığı evə gedib Əmrah və Nurlana İmişli rayonunun Əliqulular kəndində “Şirin qum” adlanan ərazidə yerləşən fermadan dəmir boruları oğurlamağı təklif etdikdə onlar razılaşmışlar. O, onların hər birinə 30 manat pul verəcəyini demişdir. Onlar birlikdə ona məxsus “Qaz- 2410” markalı avtomobilə əyləşib həmin yerə getmişlər. Fermada o, dəmir boruları kəsmiş və onlar həmin boruları ona məxsus avtomobilinin arxa yük yerinə yığmışlar. Sonra səhər saat 07 radələrində İmişli rayon ərazisində yerləşən metal qəbulu obyektlərinin birinə həmin dəmir boruları satmışlar. O, əldə olunmuş puldan onların hər birinə vəd etdiyi kimi 30 manat pul vermişdir. Sonra onlar çıxıb evlərinə getmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə törətmiş olduqları cinayət əməlləri özlərinin etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, mütəxəssis rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2016-ci il tarixdən "xxxx" MMC qum-çınqıl karxanasının təsisçisi və direktoru vəzifəsində işləyir. Hadisədən təxminən üç il əvvəl, karxanda olan avadanlıqların işləməsi üçün 10000 (on min) manat dəyərində 3000 (üç min) metr uzunluğunda, AES-50 alüminium məftillərindən, beton dirəklər üzərində, elektrik dirəklərinin arasındakı məsafə 90 metr olmaqla üç xətdən ibarət elektrik xətti çəkdirmişdir. Bir müddət olardı ki, elektrik xəttindən istifadə edilməmişdir. 15 aprel 2022–ci il tarixdə karxanaya gələrkən orada 9 ədəd beton dirəklərin üzərində olan 3 xətli alüminium məftillərin 2 xəttindən ibarət hissələrinin yerində olmadığını görmüşdür. O, məftillərin oğurlanmasını bilib bu barədə İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı oğurluq edənlərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X1 olduğunu bilmişdir. Oğurlanmış alüminium məftillərin ümumi uzunluğu 1400 metr olmuşdur. Ona təxminən 3600 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmiş, digər təqsirləndirilən şəxslər tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. Ona görə də onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur və bu barədə məhkəməyə ərizə yazaraq onlara həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, İmişli rayonunun Əliqulular kəndinin “Şirin qum” adlanan ərazisində 86 hektar torpaq sahəsindən icarə müqaviləsi əsasında istifadə edirmiş. Həmin torpaq sahəsinin təxminən 5 sot ərazisində ferması olmuş, lakin fermadan istifadə etmirmiş. Ərazidə əkin əkdiyi üçün hər gün əraziyə gedib baxış keçirirmiş. 16 aprel 2022-ci il tarixdə saat 16 radələrində yenidən əraziyə getmiş və ərazidə olan fermada dirək kimi istifadə etdiyi dəmir boruların yerində olmadığını görmüşdür. Boruların oğurlandığını bilib bu barədə AR DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Oğurlanmış dəmir boruların 2 ədədinin uzunluğu 10 metr, 3 ədədinin uzunluğu təxminən 8 metr, ümumi uzunluğu 45 metr, diametri 75 mm, divarının qalınlığı isə 3 mm olmuşdur. Boruların oğurlanması nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı oğurluq edənlərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduğunu bilmişdir. Hazırda ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmiş, digər Təqsirləndirilən şəxs3 tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. Ona görə də onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur və bu barədə məhkəməyə ərizə yazaraq onlara həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, İmişli şəhəri, T.İsmayılov küçəsində metal qəbulu obyektində işləyirmiş. 16 aprel 2022-ci il tarixdə saat 10 radələrində obyektə üç nəfər tanımadığı, lakin adlarını sonradan bildiyi İmişli rayonunun Gövhərli kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşları və Məzrəli kənd sakini Təqsirləndirilən şəxs3 pikap tipli, “Qaz-24” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmiş və avtomobilin arxa yük yerində təxminən 2 metr uzunluğunda dəmir borular olmuşdur. Onlar ona yaxınlaşıb, boru satdıqlarını və neçəyə ala biləcəyini odan soruşduqda o, metalın hər kiloqramını 40 qəpiyə alacağını demişdir. Dəmir boruların diametri 75 mm, uzunluğu təxminən 45 metr və qismən paslanmış vəziyyətdə olmuşdur. Onlar onunla razılaşıb boruları tərəzinin üzərinə boşaltmış, boruların çəkisi 600 kq təşkil etmiş və o, onlara 240 manat pul vermişdir. O, dəmir boruların oğurluq olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 20 yanvar 2022-ci il tarixdə İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən metal qəbulu obyektini Şahid4lə birlikdə icarəyə götürüb işlədirmişlər. O, obyektin maliyyə işlərinin həllinə, Sahib isə alqı-satqı işlərinə baxmışdır. 2022-ci ilin aprel ayının ortalarında rayon ərazisində metal qəbulu ilə məşğul olan Davud adlı şəxs ona zəng vurub obyektdə olan metalları almaq istədiyini bildirmişdir. O, bu barədə Sahiblə məsləhətləşdikdən sonra metalın bir kiloqramını 43 qəpiyə Davuda satmağa razılığa gəlmişlər. Bundan sonra Davud yük avtomobili ilə obyektə gəlib metalları çəkərək avtomobilə yığdırıb aparmışdır. O, dəmir boruların oğurluq olduğunu bilməmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2022-ci ilin aprel ayına 45 metr uzunluğunda, diametri 75 mm, divarının qalınlığı 33 mm olan dəmir boruların orta bazar qiyməti 1000 (min) manat təşkil edir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2022-ci ilin aprel ayına 1400 metr uzunluğunda AES-50 məftilinin orta bazar qiyməti 3600 (üç min altı yüz) manat təşkil edir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, vurulmuş maddi ziyanın tam ödənilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etməsini və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hall kimi nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, vurulmuş maddi ziyanın tam ödənilməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hall kimi nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək və 05 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı 21 (iyirmi bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) ay 12 (on iki) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək və 05 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı 21 (iyirmi bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) ay 12 (on iki) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hissəsində hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 16 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-71/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-71/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver