Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-71/2023 16.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olunmayan,İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, o6 yanvar 2023-sü il tarixdə saat 15-00 radələrində idarə etdiyi “Mercedes-Benz 190” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli-Qaradonlu avtomobil yolunun İmişli rayonu, Soltanmuradlı kəndi ərazisindən keçən hissəsində İmişli şəhəri istiqamətində hərəkətdə olarkən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, nəqliyyat vasitəsini icazə verilən 60 km/saat sürətdən daha yüksək, yəni 100 km/saat sürətlə hərəkət etdirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, onunla eyni istiqamətdə yolun ehtiyat hissəsində dayanmış "QAZ 31105 120 minik" markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin geriyə dönmə əməliyyatını yerinə yetirməyə başladığını müşahidə edərək hərəkəti üçün təhlükənin yarandığı həmin anda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri icra etmək əvəzinə öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək idarə etdiyi avtomobilin sürətini azaltmadan "QAZ 31105 120 minik" markalı avtomobili soldan ötüb keçmək istəyərkən yolun mərkəzində avtomobilin ön tərəfi ilə Şahid1 idarə etdiyi "QAZ 31105 120 minik" markalı avtomobilin qabaq sol qanadı ilə toqquşub yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildəki sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol körpücük sümüyünün cismində sınıqdan ibarət sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı AR CM-nin 263-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, üçüncü qrup əlil olması ilə əlaqədar işləyə bilmədiyindən özünə məxsus “Mercedes Benz 190” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edir. 06 yanvar 2023-cü il tarixdə saat 14 radələrində İmişli şəhərindən İmişli rayonu, Hacırüstəmli kəndinə bir nəfər sərnişin aparmış və geri qayıdarkən İmişli rayonu, Aranlı kəndində bir nəfər tanımadığı qadını sərnişin olaraq götürmüşdür. Həmin qadın qabaq oturacaqda əyləşmişdir. Daha sonra isə İmişli rayonu, Qızılkənd kəndində bir nəfər tanımadığı 50 yaşlı kişini, İmişli şəhəri, “Post Qayı” adlanan yerdə bir nəfər tanımadığı cavan oğlanı və İmişli rayonu, Soltanmuradlı kəndində bir nəfər tanımadığı cavan oğlan sərnişin olaraq götürmüş və həmin sərnişinlər arxa oturacaqda əyləşmişlər. Avtomobili 70-80 km/saat sürətlə idarə edərək İmişli şəhəri istiqamətində hərəkət edərkən İmişli rayonu, Soltanmuradlı kəndində, qəbirstanlığın yaxınlığında dayanmış “Qaz-31105” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə siqnalını yandırmadan qəflətən dönərək qarşısına çıxmış, o, avtomobili qaçırtmağa çalışsa da avtomobillər toqquşmuşdur. Onun avtomobili bir neçə metr yan üstə gedərək çevrilmiş, oraya toplaşan şəxslər köməklik edərək avtomobildə olan adamları çıxmışlar. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə onu və digər avtomobildəki 2 qadını xəstəxanaya aparmışlar. Digər sərnişinlər və “Mercedes” maraklı avtomobilin sürücüsü isə yoldan keçən maşınlarla xəstəxanaya aparılmışdır. Hadisə nəticəsində onun sol əlinin barmaqları, sol əlinin üstü və sinəsi zədələnmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə saat 15 radələrində çalışdığı İmişli rayonu, Çaxırlı kəndində yerləşən Melioservis idarəsindən çıxarkən sonradan adı ona məlum olan Xəyal adlı taksi sürücüsünü saxlatdırıb İmişli şəhərinə getdiyini öyrəndikdən sonra sərnişin olaraq onun idarə etdiyi “Mercedes Benz 190” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa oturağında sağ tərəfdə sərnişin olaraq əyləşmişdir. Həmin vaxt qabaqda tanımadığı qadın əyləşmişdir. Bundan sonra İmişli şəhəri, “Post Qayı” adlanan yerdən bir nəfər tanımadığı cavan oğlan onların avtomobilinə əyləşib arxada sağ tərəfdə oturmuşdur, o da həmin şəxdən sol tərəfə keçmişdir. Daha sonra isə İmişli rayonu, Soltanmuradlı kəndindən keçərkən başqa bir tanımadığı cavan oğlan da sərnişin olaraq onların avtomobilində arxada sağ tərəfdə əyləşmişdir və o, digər arxada əyləşən sərnişinlə birlikdə sol tərəfə keçmişdir. Bundan sonra 80-90 km/saat sürətlə hərəkətdə olmuşlar və İmişli rayon, Soltanmuradlı kəndində yerləşən “pavarotda” o, sürücü Xəyala “biraz yavaş sür” demişdir, Xəyal da ona “narahat olma mən 9 yaşımdan maşın sürürəm” demişdir. Bundan sonra İmişli şəhəri istiqamətində hərəkətdə olarkən İmişli rayonu, Soltanmuradlı kəndində, qəbirstanlığın yaxınlığında yolun sağ tərəfində dayanmış “Qaz-31105” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin onların qarşısına çıxdığını görmüşdür. Bu vaxt həmin avtomobillə onların avtomobilin arasında nə qədər məsafə olduğunu dəqiq xatırlamasa da təxminən 20 metr qalmışdır. Xəyal da avtomobili yolun sol tərəfinə qaçırtmağa çalışsa da nəticədə avtomobillər toqquşmuşdur və onların avtomobili bir neçə metr yan üstə gedərək arxa tərəfi üstə çevrilmişdir. Bundan sonra oraya toplaşan şəxslər köməklik edərək maşında olan adamları çıxartmış və onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmişdir. Hadisə nəticəsində onun sol körpücük sümüyü sınmışdır. Hadisədən sonra Qaz-31105” markalı avtomobilin sürücüsü Şahid1 tərəfindən ona hər cür maddi və mənəvi koməklik göstərilsə də, Təqsirləndirilən şəxs tərəfindən heç bir köməklik göstərilməmişdir. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli rayon, Soltanmuradlı kənd məscidinin mollasıdır. 06 yanvar 2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus "Qaz-31105" markalı, **- OP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə arvadı Şahid2 və bacısı Şahid3 ilə birlikdə İmişli rayonu, Soltanmuradlı kəndində yerləşən evindən İmişli rayonu, Soltanmuardlı kəndində yerləşən qəbirstanlığa getmişdir. Həmin vaxt Türfə avtomobildə arxada sol tərəfdə, Almara isə arxada sağ tərəfdə əyləşmişdir. Onlar üzü İmişli şəhəri, istiqamətində yolun sağ tərəfində olan qəbirstanlığın yanında avtomobili saxlayıb yolun digər tərəfindən olan qəbirstanlığın yanına getmək istəmişdir, lakin həmin vaxtı dönmə siqnalını yandırıb-yandırmadığını xatırlamır. Əvvəlki izahatında yandırdığını qeyd etsə də həmin vaxt həyəcanlı olduğu üçün elə demişdir. Həmin vaxt arxadan "Mercedes" markalı avtomobilin gəldiyini görmüşdür və o, həmin avtomobili buraxıb sonra dönmə etmək istəmişdir. Bu zaman qəfildən həmin avtomobil onun idarə etdiyi Qaz-31105" markalı, **-OP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq təkərindən vurub qabağa sürüşərək çevrilmişdir. Daha sonra isə oraya toplaşan şəxslər təcili tibbi yardımın köməyi ilə hadisə nəticəsində xəsarət alan şəxsləri İmişli rayon mərkəzi xəstəxasına aparmışlar. O, hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmiş, az sonra polis əməkdaşları gəlib hadisə yerini onun iştirakı ilə müayinə etmişlər. İş üzrə şahidlər Şahid2 və Şahid3 ifadələrində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə saat 15 radələrində İmişli rayonu, Soltanmuradlı kəndində yerləşən fərdi yaşayış evində olarkən Təqsirləndirilən şəxs zəng edib onu İmişli rayon bazarına aparmasını təklif etmişdir. Xəyal isə ona İmişli rayonu, Aranlı kəndinə getdiyini bildirmişdir. O da biraz vaxt keçdikdən sonra yemək yemişdir. Bu vaxt ona Xəyal zəng edib onların evinə yaxınlaşdığını və avtomobilində sərnişinlər olduğunu, kəndin içərisinə girə bilməyəcəyini deyib, ondan yola çıxmasını xahiş etmişdir. O da yol qırağında Xəyalın gəlməsini gözləmiş, sonra isə Xəyal gəldikdən sonra Xəyalın idarə etdiyi “Mercedes Benz 190” markalı, **- RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə sərnişin olaraq əyləşmişdir. Həmin vaxtı arxada sağ tərəfdə əyləşmişdir, ondan solda isə 2 nəfər tanımadığı biri orta yaşlı olmaqla, digəri cavan oğlan əyləşmişdir. Qabaqda sərnişin oturacağında isə kök bir qadın əyləşmişdir. Onlar İmişli şəhəri istiqamətində 75-80 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu zaman İmişli rayon, Soltanmuradlı kənd qəbirstanlığının yaxınlığında yolun sağ tərəfində həmkəndlisi molla Nazimin idarə etdiyi Qaz- 31105” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüdşür. O, Nazimi görəndə aralarında təxminən 100-150 metr məsafə olmuşdur. Onlar həmin avtomobilin arxa buferinə çatanda, yəni aralarında təxminən 5-6 metr məsafə olduqda qəfildən Nazim idarə etdiyi Qaz-31105” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə nişanlarını yandırmadan qəfildən onların yoluna çıxmışdır. Bu zaman Xəyal avtomobili sola tərəf çəksə də toqquşma baş vermişdir. Onların avtomobili toqquşmadan sonra Nazimin avtomobilin sol krel hissəsinə dəymiş, avtomobilin sağ qabaq təkəri qırılmış və avtomobil yan üstə sürüəşərək 15-20 metr getdikdən sonra arxa tərəfi üstə çevrilmişdir. İş üzrə Şahid5 ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə saat 15 radələrində İmişli şəhəri, “Post Qayı” adlanan yerdə Sabirabad rayonuna getmək üçün “Mercedes Benz 190” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə sərnişin olaraq minmişdir. Belə ki, həmin avtomobil Saatlı rayonuna gedəcəkdir və o da Saatlı rayonunda düşüb başqa taksiyə minərək öz yoluna davam edəcəkdir. Həmin vaxtı qabaq oturacaqda bir nəfər tanımadığı qadın əyləşmişdir. O, arxa oturacaqda ondan solda isə 50 yaşlı kişi əyləşmişdir. Daha sonra isə İmişli rayonu, Soltanmuradlı kəndindən keçərkən taksi sürücüsünün əvvəlcədən Saatlıya aparmaq üçün razılaşdığı tanımadığı cavan oğlanı da sərnişin olaraq götürmüşdür və həmin sərnişin də arxada sağ tərəfdə əyləşmişdir və o, digər arxada olan sərnişinlə birlikdə sol tərəfə keçmişlər. Bundan sonra 100-120 km/saat sürətlə İmişli şəhəri istiqamətində hərəkətdə olmuşlar. Bu zaman İmişli rayonu, Soltanmuradlı kəndində, qəbirstanlığın yaxınlığında yolun sağ tərəfində dayanmış “Qaz- 31105” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin dönmə siqnalını yandıraraq qəflətən onların qarşısına çıxdığını görmüşdür. Həmin vaxt Xəyal avtomobili yolun sol tərəfinə qaçırtmağa çalışsa da avtomobillər toqquşmuş və onların avtomobili bir neçə metr yan üstə gedib, çevrilmişdir. Bundan sonra oraya çoxlu sayda insanlar toplaşmış və onlara köməklik edərək maşından çıxartmışlar. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və onları xəstəxanaya aparmışdır. Hadisə nəticəsində bel nahiyəsi zədələnmişdir. İş üzrə Şahid6 ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə saat 15 radələrində İmişli rayonu, Aranlı kəndindən İmişli şəhərinə getmək üçün “Mercedes Benz 190” markalı, **-RH- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə sərnişin olaraq əyləşmişdir. Həmin vaxtı o, qabaq oturacaqda əyləşmişdir. Daha sonra isə İmişli rayonu, Çaxırlı kəndindən bir nəfər tanımadığı 50 yaşlı kişini sərnişin olaraq götürmüşlər və həmin kişi arxada sağ oturacaqda əyləşmişdir. Sonra isə İmişli şəhəri, “Post Qayı” adlanan yerdən bir nəfər cavan oğlan da onların avtomobilinə əyləşib arxada sağ tərəfdə oturmuş, digər arxada olan sərnişin də həmin şəxdən sola keçmişdir. Daha sonra isə İmişli rayonu, Soltanmuradlı kəndindən keçərkən taksi sürücüsünün əvvəlcədən Saatlıya aparmaq üçün razılaşdığı tanımadığı cavan oğlanı da sərnişin olaraq götürmüşlər və həmin sərnişin də arxada sağ tərəfdə əyləşmişdir və arxada olan digər 2 sərnişin də sol tərəfə keçmişdir. Bundan sonra 100-120 km/saat sürətlə sürücü Xəyal adlı şəxs İmişli şəhəri istiqamətində hərəkətdə olmuşdur. Bu zaman İmişli rayonu, Soltanmuradlı kəndində, qəbirstanlığın yaxınlığında yolun sağ tərəfində dayanmış “Qaz-31105” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin dönmə siqnalını yandırmadan qəflətən onların qarşısına çıxdığını görmüşdür. Həmin vaxt o, qışqıraraq hadisə baş verəcəyini bildirib avtomobili saxlamasını demişdir. Xəyal avtomobili yolun sol tərəfinə qaçırtmağa çalışsa da avtomobillər toqquşmuş, onların avtomobili bir neçə metr yan üstə gedib, çevrilmişdir. Bundan sonra oraya toplaşan şəxslər köməklik edərək adamları maşından çıxartmış və onlar hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmişdir. Hadisə nəticəsində onun ayaqları və başı zədələnmişdir. İşdə olan Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 06 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış protokulundan görünür ki, hadisə İmişli rayonu, Soltanmuradlı kəndində baş vermişdir, həmin ərazi yaşayış məntəqəsi hesab olunur, hadisə yerində yol asfalt örtüklü olmaqla quru və hamardır. Asfalt yolun hərəkət hissəsinin eni 8,80 metrdir, yolun İmişli şəhər mərkəzi istiqamətində sol tərəfdə və sağ tərəfdə qəbirstanlıq vardır. Hadisə zamanı “Mercedes Benz 190” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobildə Şahid6, Zərərçəkmiş şəxs, Şahid5 və Şahid4 adlı sərnişinlər və yük yerində isə yük olmamışdır. “Mercedes Benz 190” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. “Qaz-31105" markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Şahid2 və Şahid3 adlı sərnişinlər olmuş və yük yerində isə yük olmamışdır. “Qaz-31105" markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur.Toqquşma yeri İmişli rayonu, Soltanmuradlı kəndində İmişli şəhəri mərkəzi istiqamətində yolun sağ tərəfində baş vermişdir. Toqquşma yerindən hərəkət zolağının sağ kənarına kimi 4,20 metr, hərəkət zolağının sol kənarına kimi isə 4,60 metr məsafə olmuşdur.Hadisə yerində tormozlama izi olmamışdır. ( c.i.səh: 10-19) İşdə olan 09 yanvar 2023-cü il tarixli təqdim edilmiş predmetə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, gümüşü metallik rəngli, "Qaz-31105" markalı avtomobil yolun sağ hissəsində dayandığı yerdən qəflətən yolun ortasına doğru hərəkətlənmiş, "Mercedes Benz 190" markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili sol tərəfə çəkməyə çalışmış, lakin toqquşma baş vermişdir. ( c.i.səh: 60) İşdə olan 16 iyun 2023-cü il tarixli diskə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videoqeydiyyat kamerasının 18:09:57-ci saatında toqquşma baş vermişdir. Həmin vaxtdan 10-cu dirəyə qədər hansı müddətə qət etməsi müəyyən etmək üçün video geriyə çəkilmişdir və “Mercedes Benz 190" markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 10-cu dirəkdə hərəkəti davam etdirməsi (10-cu dirəyin yanından keçməsi) 18:09:39-da baş verməsi müəyyən olumuşdur. (c.i.səh: 152) İşdə olan İmişli Regional Qİ və TB şöbəsinin 27 yanvar 2023-cü il tarixli, 016-11-k-41 nömrəli nömrəli məktubundan görünür ki, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. (c.i.səh: 116) İşdə olan məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 51 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol körpücük sümüyünün cismində sınıq bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (c.i.səh: 78-79) İşdə olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 10 aprel 2023-cü il tarixli 8/680 nömrəli rəyində görünür ki, Mercedes Benz 190 markalı, 99RH521 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. (c.i.səh: 142-146) İşdə olan əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 19 iyul 2023 il tarixli 8/1789 nömrəli rəyindən görünür ki, Mercedes Benz 190 markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. (c.i.səh: 161-165) İşdə olan 24 iyul 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c.i.səh: 210-211) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan İmişli RİB-nın Qaradonlu kənd inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşağları vardır. (c.i.səh: 168) İşdə olan İmişli RİB-nın Qaradonlu kənd inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i.səh: 169) İşdə olan AR ƏƏSMN DSMF publik hüquqi şəxsinin Mil-Muğan regional filialının xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs filialdan 3-cü dərəcəli ümumi xəstəlik səbəbindən “əlilliyə görə” 150 manat məbləğində sosial müavinət alır. (c.i.səh: 167) Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işində olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c.i.səh: 132) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin Qərarın 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə işin faktiki hallarına qiymət verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə cəzasına məhkum edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını çəkməsinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs saxlanılan “Mercedes Benz 190” markalı, **-RH- *** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə verilsin. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-71/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-71/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver