Məhkəmə qərarları › İş №1(036)-71/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-71/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-71/2025 12.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Şahid1 iştirakları ilə, xx xxxx 2008-ci il tarixdə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İmişli şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla İmişli şəhəri ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus İmişli şəhəri, Həzi Aslanov küçəsi, bina 26, mənzil 6-da yerləşən yaşayış sahəsi olan evin pəncərəsinə əlləri ilə güc tətbiq edərək pəncərəni açıb həmin yerdən evə qanunsuz daxil olaraq evin içərisindəki saxlanc yeri hesab edilən açılıb-qatlanan divanın oturacaq hissəsini qaldırıb divanın alt hissəsində olan bir ədəd pulqabının içərisindən 285 (iki yüz səksən beş) manat dəyərində Rusiya istehsalı olan 585 əyarlı bir cüt qızıl sırğanı və 3300 (üç min üç yüz) manat nağd pulu gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 3585 (üç min beş yüz səksən beş) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, xalası Mahizərin evindən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün təxminən saat 22 radələrində o, piyada xalası Mahizərin yaşadığı binaya tərəf getmişdir. O, binanın həyətində olan zaman xalası Mahizərin yaşadığı evin işıqlarının sönülü olduğunu görüb xalası Mahizərin evdə olmadığını dəqiqləşdirmişdir. Xalası Mahizər ikimərtəbəli binanın ikinci mərtəbəsində yaşayır. O, pilləkən vasitəsilə binanın ikinci mərtəbəsinə qalxmışdır. Sonra binanın eyvanından xalası Mahizərin yaşadığı evin altında yerləşən evin pəncərəsinin üzərinə düşüb oradan da xalası Mahizərin evini pəncərəsini əlləri ilə açaraq evə daxil olmuşdur. O, dərhal təxminən iki ay bundan əvvəl xalası Mahizərin divanın içərisinə qoymuş olduğu pulqabını götürmək üçün divana tərəf yaxınlaşmışdır. Divanın oturacaq hissəsini qaldırıb pulqabını götürmüş və açıb içərisinə baxan zaman xalası Mahizərin qoymuş olduğu pulun orada olduğunu görmüşdür. Həmçinin pulqabının içərisində bir cüt qızıl sırğa olmuşdur. O, pulqabının içərisində olan 3300 (üç min üç yüz) manat pulu və bir cüt qızıl sırğanı götürüb cibinə qoyaraq evə daxil olduğu yolla geri qayıdıb binanı tərk eləmişdir. Oradan birbaşa yaşadığı evə gəlmişdir. Həmin günün sabahısı yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 11 radələrində o, dayısı oğlu Şahid1 ilə üzdən tanıdığı taksi sürücüsünün idarə etdiyi Opel markalı avtomobil ilə Ağsu rayonuna getmişlər. Onlar Ağsu rayonunda perevalda tanımadıqları kafedə oturub yemək yemişlər. O və Taleh orada pivə içmişlər. Onlar həmin gündə yenidən saat təxminən 21 radələrində həmin taksi sürücüsü ilə İmişli rayonuna qayıtmışlar. O, taksi sürücüsünə yol haqqı olaraq 100 (yüz manat) pul vermişdir. Daha sonra aradan təxminən iki həftə keçdikdən sonra o, çoxdan tanıdığı X2 şəhərində yerləşən “yaşıl bazar” adlanan yerdə görüşmüşdür. Onlar birlikdə “Plastation” oynamışlar. O, “Plastation” zalında oynadıqları oyuna görə pul verən zaman Nicat onun cibində olan sırğanı görmüşdür. Ondan həmin sırğanın kimin olduğunu soruşan zaman Nicata həmin sırğanın anasına məxsus olduğunu və maddi vəziyyətləri yaxşı olmadığından satmaq istədiyini demişdir. O, Nicatdan həmin qızıl sırğanı satmaqda ona köməklik etməsini təklif edən zaman Nicat onunla razılaşmışdır. Sonra o, Nicatın idarə etdiyi motosikletlə İmişli şəhərində gəzmişdir. Həmin günün sabahısı saat təxminən 11 radələrində o, Nicatla birlikdə onun idarə etdiyi motosikletlə Saatlı şəhərinə getmişlər. Orada o, qızıl sırğanı Nicata vermişdir. O, qızıl mağazasının qarşısında dayanmışdır. Nicat isə qızıl mağazasına girmişdir. Aradan təxminən 15 dəqiqə keçdikdən sonra Nicat qızıl mağazasından çıxmış və ona qızıl sırğanı 185 (yüz səksən beş) manata satdığını demişdir. O, həmin puldan Nicata 25 (iyirmi beş) manat pul vermişdir. Qalan pulu isə özü götürmüşdür. Onlar oradan birbaşa İmişli rayonuna qayıdarkən yolda İmişli rayon ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində Nicata 10 manat pul vermiş ki, motosikletə benzin töksün. Sonra Nicat idarə etdiyi motosikletlə onu yaşadığı evə gətirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə getmiş və xx.xx.2025-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhərindən yaşadığı evə gəlmişdir. O, evə girən zaman evin döşəməsinin üzərində ayaqqabı izlərinin olduğunu görüb evdən oğurluq ola biləcəyindən şübhələnmişdir. Dərhal açılıb-qatlanan divanın altına qoyduğu pulqabını götürmüş və içərisinə baxan zaman içərisinə qoyduğu 3300 (üç min üç yüz) manat pulun və 285 (iki yüz səksən beş) manat dəyərində Rusiya istehsalı olan 585 əyarlı olmaqla 1,9 qram çəkidə bir cüt qızıl sırğanın yerində olmadığını görmüşdür. Bundan sonra o, bir neçə gün evin içərisində otaqları axtarmış ki, bəlkə pulu və qızılı başqa bir yerə qoymuşdur. Ancaq tapa bilməmişdir. Daha sonra bu barədə xx.xx.2025-ci il tarixdə İmişli rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Hazırda ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə bibisi oğlu Rəvan onlara gəlmiş və ona Ağsu rayonunda yerləşən perevala getmək istədiyini demişdir. Ondan onunla getməsini istəyən zaman o, Rəvandan pulunun olub-olmadığını soruşmuşdur. Rəvan da ona 300-400 manat pulunun olduğunu demişdir. O, Rəvandan həmin pulu haradan əldə etdiyini soruşan zaman Rəvan ona “Onlayn Casino” oyunu vasitəsilə ilə udduğunu demişdir. Bundan sonra həmin gün təxminən saat 11 radələrində o, Rəvanla birlikdə üzdən tanıdığı taksi sürücüsünün idarə etdiyi Opel markalı avtomobil ilə Ağsu rayonuna getmişlər. Onlar Ağsu rayonunda perevalda tanımadıqları kafedə oturub yemək yemişlər. O və Rəvan orada pivə içmişlər və həmin gün təxminən saat 21 radələrində yenidən həmin taksi sürücüsü ilə İmişli rayonuna qayıtmışlar. Bibisi oğlu Rəvanın bibisi Mahizərin evindən oğurluq etməsindən onun xəbəri olmamışdır. O, bibisi Mahizərə məxsus evdən 3300 manat nağd pul və bir cüt qızıl sırğanın bibisi oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını İmişli rayon polis şöbəsinin inzibati binasına gəldikdən sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2025-ci ilin may ayının əvvəllərində saat təxminən 13-14 radələrində o, İmişli şəhərində yerləşən “Yaşıl Bazar” adlanan yerdə “Playstation” oyun zalında Rəvanla birlikdə oyun oynamışlar. Oyun oynayıb qurtardıqdan sonra Rəvan oyunun pulunu verən zaman o, Rəvanın əlində bir cüt qızıl sırğa olduğunu görmüşdür. O, Rəvandan həmin qızılı haradan əldə etdiyini soruşan zaman Rəvan ona həmin qızılın anasına məxsus olduğunu və maddi imkanları zəif olduğundan satmaq istədiyini demişdir. Sonra isə ondan həmin qızılı satmaqda ona köməklik etməsini xahiş etmişdir. Oyunun pulunu Rəvan verdikdən sonra o, idarə etdiyi “CF motor 250 CR” markalı, 99-K-792 dövlət qeydiyyat nişanlı motosikletlə Rəvanı İmişli şəhərində gəzdirmişdir. Onlar birlikdə motosikletlə gəzdikdən sonra Rəvanı yaşadığı evin yaxınlığına aparıb orada düşürüb yaşadığı evə getmişdir. Səhəri gün saat təxminən 10-11 radələrində Rəvan ona zəng edib motosikletlə gəzmək istədiyini deyib motosikletə benzin vuracağını demişdir. Bundan sonra o, yaşadığı evdən çıxıb Rəvanı İmişli şəhər 3 saylı tam orta məktəbin yanından götürüb idarə etdiyi motosikletlə “Az Petrol” yanacaq doldurma məntəqəsi istiqamətində hərəkət etmişlər. Onlar yolda olan zaman Rəvan ona onda olan bir cüt qızıl sırğanı satmaq istədiyini demiş və ondan yenə də həmin qızılı satmaqda ona köməklik etməsini xahiş etmişdir. O da Rəvana qızılı Saatlı şəhərində sata biləcəklərini, həm də ki, motosikletlə gəzəcəklərini demişdir. Rəvan da onunla razılaşmış və o, idarə etdiyi motosikleti birbaşa Saatlı şəhəri istiqamətində sürmüşdür. Onlar Saatlı şəhərinə çatdıqdan sonra Rəvan qızıl mağazasına yaxınlaşmışdır. Ancaq qızıl mağazası bağlı olmuşdur. Bundan sonra Rəvan yenidən başqa bir qızıl mağazasına girsə də qızılı ucuz almaq istədiklərindən sata bilməmişdir. Bundan sonra başqa bir qızıl mağazasına yaxınlaşan zaman Rəvan qızılı onun satmasını istəmişdir. Belə ki, Rəvan ona Bakı şəhərində yaşadığını və buna görə də qızılı baha sata biləcəyini demişdir. O da həmin vaxt Rəvandan bir cüt qızılı alıb qızıl mağazasına daxil olmuşdur. İçəridə bir nəfər kişi satıcı olmuşdur. O, həmin satıcıya yaxınlaşıb onda qızıl olduğunu və satmaq istədiyini demişdir. Həmin şəxs də ondan şəxsiyyət vəsiqəsinin surətini və idarə etdiyi motosikletin nömrəsini istəmişdir. Həmin vaxt şəxsiyyət vəsiqəsi onun üzərində olduğundan o, şəxsiyyət vəsiqəsini satıcıya təqdim etmiş və idarə etdiyi motosikletin nömrəsini demişdir. Satıcı həmin qızılı qiymətləndirib 185 manat qiyməti olduğunu demişdir. O da razılaşmış və həmin qızılı satıcıya satmışdır. O, satıcıdan pulu alıb Rəvanın yanına gəlmişdir. Həmin pulu Rəvana vermişdir. Rəvan da həmin puldan ona 25 manat pul vermişdir. Bundan sonra onlar getdikləri yol ilə yaşadıqları İmişli şəhərinə geri qayıtmışlar. Onlar yolda olan zaman “AZ Petrol” yanacaq doldurma məntəqəsində idarə etdiyi motosikletin çəninə 10 manatlıq benzin vurmuşlar. Benzinin pulunu da Rəvan vermişdir. Oradan yaşadıqları İmişli şəhərinə gəlmişlər. O, Rəvanı yaşadığı evə aparmış, özü isə oradan yaşadığı evə getmişdir. Məhkəmə iclasında, Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2025-ci ilin may ayının əvvəllərində saat təxminən 11- 12 radələrində o, Saatlı şəhərində işlədiyi qızıl mağazasında olmuşdur. Bu vaxt içəri bir nəfər şəxs girib onda bir cüt qızıl sırğa olduğunu və satmaq istədiyini demişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşan zaman şəxsiyyət vəsiqəsinin üzərində olduğunu deyib təqdim etmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinə baxan zaman onun İmişli şəhər sakini Şahid2 olduğunu görmüşdür. O, Nicatdan həmin qızılı haradan əldə etdiyini soruşan zaman ona həmin qızılın dostunun anasına məxsus olduğunu və maddi imkanları yaxşı olmadığından satmaq istədiyini demişdir. O da nicata inanıb qızıllar üçün ona 185 manat pul verə biləcəyini demişdir. Nicat da razılaşmış və Nicata həmin pulu vermişdir. Nicat da bundan sonra mağazadan çıxıb getmişdir. Şahid2 bir cüt qızıl sırğanı aldıqdan iki gün sonra Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Memar Əcəmi metro stansiyasının yaxınlığındakı univermaqda olan loma, yəni qızıl ərinməsi ilə məşğul olan mağazaya 188 manata satmışdır. Buna görə də o, Şahid2 almış olduğu bir cüt qızıl sırğanı istintaqa təqdim edə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC-nin 16 iyun 2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2025-ci il tarixi üçün 1,9 qram ölçüdə olan Rusiya istehsalı, 585 əyarlı bir cüt qızıl sırğanın orta bazar satış qiyməti 285 (iki yüz səksən beş) manat təşkil etmişdir (cild 1, vərəq 83); Cinayət işinin başlanması haqqında 29 may 2025-ci tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus mənzildən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 98-99); Qətimkan tədbirinin seçilməsi haqqında 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 111-112); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və orta məktəb şagirdi olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 2-ci hissəsinin 3-cü abzasında qeyd olunur ki, CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Həmin Qərarın 3-cü hissəsinin 2 və 3-cü abzaslarında qeyd olunur ki, Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yaşını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun həyat və məişət şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar