Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-73/2023 02.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1980-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, S.Fətəliyev küçəsi ev 16 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il saat 17 radələrində idarə etdiyi “Mercedes- Benz ML 350” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Bəhrəmtəpə- Horadiz avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən 83-cü kilometrliyində İmişli şəhəri istiqamətində hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və s.) vaxtında yerinə yetirməklə avtomobilinin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 64-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili 100-110 km/saat sürətlə idarə edərkən qarşısına çıxan heyvanlardan yayınmaq üçün avtomobili yolun hərəkət hissəsindən kənara çıxararaq idarəetməni itirib avtomobili yolun sağ tərəfinə aşıraraq avtomobilin qabaq oturacağında oturmuş sərnişin X3 avtomobilin ön alın şüşəsindən torpaq örtüyünə düşərək ehtiyatsızlıqdan təpə sümüyünün yerinidəyişməyən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş beyin toxumasına qansızma, sağ bazu sümüyünün orta 1/3-nin, açıq yerinidəyişmiş qəlpəli sınığı, ağ ciyərlərin zədələnməsi və daxili qanaxma ilə müşayət olunan sol 5-8-ci qabırğalarda, sağda 4-9 qabırğalarda yerinidəyişmiş sınıqları, təpə nahiyəsində ortada, sağ bazunun orta 1/3-nin ön səthində, sol qulaq seyvanında yaralar, təpə nahiyəsində, alın nahiyəsində ortada, kürək arası sahədə, sol kürək nahiyəsində, bel nahiyəsində solda, sifətin sol yarısında, boyunun sol yan səthində, qarnın ön divarında, sol qabırğa altı nahiyədə sıyrıqlar və sağ gözün bayır bucaq nahiyəsində qançırdan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və B.M.Qasımovun çoxsaylı tramvalardan baş vermiş travmatik şokdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum Bayram Qasımov iş yoldaşı olmaqla, onunla bir evli kimi olmuşdur. Aralarında heç bir vaxt ədavət və düşmənçilik olmamışdır. İmişli şəhəri, S.Fətəliyev küçəsində yerləşən avtomobil təmiri sexində birlikdə usta işləyirdilər. 30 aprel 2023-cü il tarixdə saat 09 radələrində Bayramla birlikdə qardaşı Eynullaya məxsus “Mercedes Benz ML 350” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanışı Xalidin Allahmədətli kəndində yerləşən fermasına xarab olmuş avtomobilinin təmiri üçün getmişlər. Həmin gün saat 15 radələrində Xalidin avtomobilini təmir edib qurtarmışlar. Avtomobili təmir etdikdən sonra nahar etmişlər. Nahar vaxtı Bayram biraz araq içmiş, o isə avtomobili idarə edəcəyi üçün içki içməmişdir. Nahar etdikdən sonra yola çıxıb evlərinə gələn zaman, İmişli rayonu istiqamətində Ağsu-Kürdəmir-İmişli yolunun Ağaməmmədli kəndindən keçən hissəsində qəfil qarşısına 4-5 baş inək çıxmışdır. Həmin vaxt avtomobili 110-120 km/saat sürətlə idarə etmişdir. O, heyvanları vurmamaq üçün avtomobili yolun sol hissəsinə çəkmişdir. Bu vax avtomobil yol kənarına, daşlıq əraziyə düşmüş və idarə etməni itirmişdir. Bundan sonra baş verənlərini xatırlamır və ayılan zaman torpağın üzərində, yaralı vəziyyətdə olarkən ona polis əməkdaşları və ətrafda olan şəxslərin kömək etdiklərini görmüşdür. Yaralı vəziyyətdə Bayramı çağırmış, lakin ona cavab verməmişdir. Sonra hadisə yerinə gələn təcili-tibbi yardım avtomobili ilə onu rayon xəstəxanasına aparmışlar. Hazırda törətmiş olduğu cinayət əməlindən səmimi peşiman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, mərhum X5 onun qardaşıdır. Bayram Qasımov və Təqsirləndirilən şəxs bir yerdə usta işləmişlər, dosdluq münasibətində olmaqla aralarında heç bir zaman ədavət və düşmənçilik olmamışdır. 30 aprel 2023-cü il tarixdə saat 18 radələrində evdə olan vaxt ona tanışları zəng edərək qardaşı Bayramın Adəm ilə birlikdə Kürdəmir yolunda avtoqəzaya düşdüyünü demişlər. O, dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda qardaşını təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına aparmışdırlar. Xəstəxanaya çatanda qardaşının vəfat etdiyini eşitmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində daha yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, o, İmişli rayon polis şöbəsinin Post-patrul xidməti bölüyündə polis nəfəri vəzifəsində işləyir. 30 aprel 2023-cü il tarixdə Şahid5 ilə birlikdə xidmətdə olarkən Ağsu-Kürdəmir-Horadiz avtomobil yolunun İmişli rayonu, Ağammədli kəndindən keçən hissəsində “Mercedes Benz ML 350” markalı avtomobilin yol-nəqliyyat hadisəsindən sonra əzilmiş vəziyyətdə, ön tərəfi asfalt yola tərəf dayandığını görmüşlər. Dərhal xidməti avtomobillərini hadisə baş verən yerin yaxınlığında saxlayıb həmin avtomobil yaxınlaşmışlar. Avtomobilin yaxınlığında bir nəfər yaralı vəziyyətdə olmuşdur. Onlar dərhal həmin şəxsə kömək etmişlər. Bundan sonra o, təcili tibbi yardım xidmətinə zəng vurub həmin yerə təcili tibbi yardım avtomobili çağırmış və baş vermiş hadisə barədə Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. Yaralı şəxsə köməklik etdikdən sonra avtomobildən təxminən 30 metr kənarda, İmişli rayonu istiqamətində kişi meyiti aşkar etmişlər. Təxminən 10-15 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və yaralını xəstəxanaya aparmışdır. Eyni vaxtda hadisə yerinə polis əməkdaşları gəlib, hadisə yerinə baxış keçirmişlər. Baxış keçirdikdən sonra hadisə yerinə daha bir təcili tibbi yardım avtomobili gəlmiş və meyit müayinə olunması üçün İmişli rayon mərkəzi xəstəxanasına aparılmışdır. Şahid5 məhkəmə iclasında Şahid2 ilə eyni məzmunlu ifadə verərək, yuxarıda qeyd olunan cinayət əməlini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 ifadələri ilə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli bir daha təsdiq olunur. İş materiallarında olan “Yol–nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 aprel 2023-cü il tarixli protokola əsasən hadisə Ağsu-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən 83–cü kilometrliyndə baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü, yolda qırıq qırıq xət olmaqla, quru və hamardır. Həmin yolda hərəkət surəti 60 km/saatdır. Asfalt yolun hərəkət hissəsinin eni 6,90 metr olmaqla, 2 zolaqlıdır. Yolun İmişli şəhəri istqamətində hər iki tərəfdən 2,8 metr enində yol çiyni vardır. Yol çiynindən sonra isə hər iki tərəf dərə olmaqla torpaq sahəsidir. Hadisə zamanı "Mercedes-Benz ML 350" markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində bir nəfər sərnişin olmuş, yük yerində əlavə yük olmamışdır. Hadisə yerində asfalt yolun üzxərində üzü İmişli şəhəri istiqamətində götürdükdə "Mercedes Benz ML 350" markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə məxsus qarşı tərfin hərəkət zolağına çıxmaqla çəpinə 14 metr uzunluğunda avtomobilə məxsus tək təkərin sürtünmə izi, daha sonra sürücü avtomobilin idarəetməsini öz hərəkət zolağına istiqamətləndirdiyi üçün avtomobil yenidən öz hərəkət zolağına qayıtdığından 102 metr uzunluğunda çəpinə avtomobilin sürütünmə izi asfalt üzərində qalmış, daha sonra avtomobil yol çiynindən çıxaraq çökəkliyə aşmış və avvtomobil asfalt yoldan çıxdığı və aşdığı yerədək məsafə 72 metr olmuşdur. Avtomobilin qarşı hissəsi asfalt yola tərəf 7 metr məsafədə daynmış və avtomobilin sağ yan hissəsindən üzü İmişli şəhəri istiqamətində 30 metr məsafadə meyid vardır. Meyidin baş hissəsi İmişli şəhəri istiqamətində olmuş və asfalt yolun sağ kənarından 5,5 metr məsafədə yerləşir. “Avtomobilə və nəqliyyat vasitəsinə baxış keçiriləməsi haqqında” 30 aprel 2023-cü il tarixli protokola əsasən baxış keçirilən avtomobil “Mercedes Benz ML 350” markalı, 9- RJ-907 dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilin arxa və ön hissəsi, həmçinin ban hissəsi əzilmiş, arxa hissəsi əzilərək bükülmüş vəziyyətdədir. Avtomobilin üzərində olan bir ədəd açarı avtomobilin mühərriki açıq qaldığı üçün söndürülərək götülürmüşdür. Avtomobilin ön sürücü yerinin ayaqaltında və avtomobilin açılaraq yerə düşmüş qoruyucu hissəsində avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilmişdir. Həmçinin avtomobilin arxa sol oturacaq hissəsində bir ədəd “Kapital Bank”a aid 4169 7388 8182 0298 nömrəli kart, 01 ədəd etibarnamə, ön sərnişin oturcağının üzərində “Kapital Bank”a aid 4169 7385 30** **** son rəqəmləri oxunmayan plastik kart, “Mercedes Benz ML 350” markalı, **-RJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki pasportu, Şahid1 məxsus sürücülük vəsiqəsi, həmin yerdən bir ədəd şəffaf selofan torbanın içərisindən üzərində “Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi” yazılmış 01 zərf, üzərində yazıları pozulmuş 01 ədəd çek, 01 ədəd “Elektron talon” çeki, üzərində “Günay siğorta” yazıları yazılmış çekə bənzər 01 ədəd kağız, üzərində “kredit evi” sözləri yazılmış 9032 4100 0058 0872 nömrəli kart, Şahid1 aid 01 ədəd şəhadətnamə, üzərinə “həbs vərəqəsi” sözləri yazılmış 01 ədəd kağız və üzərində ***-***-**-** nömrəsi yazılmış 01 ədəd kağız parçası aşakar edilmişdir. Zərbənin təsirindən avtomobildən kənara düşmüş 2 ədəd samsung markalı telefon aşkar edilmiş, hansı ki, kiçik ölçülü mobil telefonun ekranı sınmış, hər ikisi torpalı vəziyyətdədir. Avtomobildən kənarda 01 ədəd üzərində “Fermer kartı” sözləri yazılmış 6768 6766 9178 4439 nömrəli bank kartı və 01 ədəd öv tüfənginə aid patron aşkar edilmişdir. Avtomobildən kənarda olmaqla, bir-birindən aralı bir ədəd qırmızı rəngli köynək, bir ədəd şalvar, bir ədəd gödəkçə, bir ədəd qış geyimi kurtka və qarışıq formada geyim aşkar edilmişdir. Gödəkçənin sol iç cibində, ağzı zamokla bağlı hissəsində 05 ədəd 100 manatlıq aşkar edilmişdir. Bundan başqa avtomobilin sürücü tərəfindən açılmış və üzərində qan izləri olan təhülkəsizlik yastığından qan izi olan hissəsi ekspertizaya təqdim edilməsi üçün kəsilərək götürülmüşdür. Avtomobildən başqa hər hansı bir əşya aşkar edilməmişdr. Bundan sonra avtomobil İmişli RPŞ-nin duracağına yerləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 12 may 2023-cü il tarixli məktubuna əsasən, İmişli şəhəri, S.Fətəliyev küçəsi ev 16 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 30 avqust 2021-ci ildə BC-702428 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi, İmişli şəhəri, H.Əliyev prospekti ev 56 ünvanında qeydiyyatda olan X4 16 dekabr 2020-ci il ildə BC-700164 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onların adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. İmişli Rayon Polis X7 Patrul Xidməti Bölüyündən daxil olmuş 9 iyun 2023-cü il tarixli, 83/2-7431 nömrəli məktuba əsasən “Mercedes Benz ML 350” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İmişli rayonu S.Fətəliyev küçəsi ev 16 ünvanında qeydiyyatda olan Şahid1 1 mart 2023-cü il tarixdən 31 oktyabr 2032-ci il tarixədək etibarnamə verilmişdir. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmmuş 19 may 2023-cü il tarixli mətkuba əsasən, İmişli şəhəri, S.Fətəliyev küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla yaşayan 6 iyun 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə “Üzün bərk əzilməsi, qabırğanın sınığı” diaqnozları ilə ambulator müalicə almışdır. Stasionar, ruhi əsəb və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İmişli şəhəri, H.Əliyev prospekti ev 56 ünvanında qeydiyyatda omaqla yaşamış 01 may 1967-ci il təvəllüdlü X5 “İmişli RMX” PHŞ-in stasionar, ruhi əsəb və narkoloji kabinetdə qeydiyyatda dayanmır və xəstəxanaya hər hansı bir müraciəti olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 30 aprel 2023-cü il tarixli, 06 nömrəli rəyinə əsasən X3 meyitində müəyyən edilmiş xəsarətlər – təpə sümüyünün yerini dəyişməyən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş beyin toxumasına qansızma, sağ bazu sümüyünün orta 1/3-nin, açıq yerini dəyişmiş qəlpəli sınığı, ağ ciyərlərin zədələnməsi və daxili qanaxma ilə müşayət olunan sol 5-8-ci qabırğalarda, sağda 4-9 qabırğalarda yerini dəyişmiş sınıqlar, təpə nahiyəsində ortada, sağ bazunun orta 1/3-nin ön səthində, sol qulaq seyvanında yaralar, təpə nahiyəsində, alın nahiyəsində ortada, kürək arası sahədə, sol kürək nahiyəsində, bel nahiyəsində solda, sifətin sol yarısında, boyunun sol yan səthində, qarının ön divarında, sol qabırğa altı nahiyədə sıyrıqlar, sağ gözün bayır bucaq nahiyəsində qançır bərk küt əşaynın (əşyaların) təsirindən törənmiş, 30 aprel 2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomaşının aşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,2 % qatılığında etil spirti aşkar edilmişdir. X3 ölümü 30 aprel 2023-cü il tarixdə baş vermiş və onun ölümünə səbəb olmuş aldığı çoxsaylı tramvalardan (başın açıq küt travması nəticəsində təpə sümüyünün sınığı, baş beyin toxumasına qansızma, sağ bazu sümüyünün açır, yerdəyişmiş qəlpəli sınığı, ağciyərlərin zədələnməsi və daxili qanxama ilə müşayət olunan qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları) baş vermiş travmatik şok olmuşdur. Məhkəməmə-tibbi ekspertizasının 22 iyun 2023-cü il tarixli 478 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər - baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol 7,8,9,10,11-ci qabırğaların yerini dəyişmiş sınıqları, dilin uc hissəsində sağda, sifətin sağ və sol yarısında yaralar, sol göz yuvası ətrafında hematoma bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxda və şəraitdə, yəni 30 aprel 2023-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya adi edilir. Məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2023-cü il tarixli, 1941/K nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxsdan götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qurpu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törmələri, salisilatlar və kannabioid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edimlədi. Məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2023-cü il tarixli, 1941 A/K nömrəli rəyinə əsasən X2 götürülmüş qan nümunəsində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı 1,4 %dir. Etil spirtinin qatılığı obyektin çürüməsi ilə əlaqədar nisbi hesab edilsin. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qurpu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin tərmələri, salisilatlar və kannabioid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edimlədi. “Məhkəmə yol-nəqliyyat hadisələri” ekspertizasının 11 iyul 2023-cü il tarixli ,8/1947 nömrəli rəyinə əsasən “Mercedese Benz ML 350” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısnı almağa imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 100-110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Başqa yerə getməmək barədə qətimkan tədbiri seçilməsinə dair” 24 iyul 2023-cü il tarixli qərarla müəyyən olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, hazırda ondan heç bir şikayət və tələbin olmaması, ölən şəxsin dəfn xərclərini qarşılamasını, dəymiş ziyanın könüllü olaraq ödəməsini, yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 manat məbləğində ekspertiza xərci vardır. Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən 85 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedese Benz ML350” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkumun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Mercedese Benz ML 350” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-73/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-73/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver