Məhkəmə qərarları › İş №1(036)-74/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-74/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-74/2024 16.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Mənzil X4 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən binalarından güzəştli şərtlərlə ucuz qiymətə ikiotaqlı və təmirli mənzillə təmin edəcəyi barədə vəd verərək, bu məqsədlə 2023-cü ilin noyabr ayının əvvəllərindən ortalarınadək olan müddətdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında 2000 (iki min) manat, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən kafelərin birində 500 (beş yüz) manat, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Vitr Fitness” idman salonunun qarşısında 12500 (on iki min beş yüz) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 15000 (on beş min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olan oğlu Bayram Bayramlının barəsində hər hansı araşdırma aparılmadığı halda Bakı Hərbi Prokurorluğunda sonuncunun cinayət məsuliyyətinə cəlb edilməməsinə köməklik edəcəyi barədə yalan vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs1 2023-cü ilin noyabr ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” yaşayış kompleksinin ərazisində verdiyi 1700 (min yeddi yüz) manat, sonrakı günlərdə İmişli şəhəri, H.Əliyev prospekti 109 ünvanında yerləşən “Bazarstore” markertdə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə ona məxsus 4098 5844 9262 7540 nömrəli Leobanka aid bank kartına köçürdüyü 300 (üç yüz) manat, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında kürəkəni Şahid2 vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat, İmişli rayonu, Şahverdili kəndində yerləşən marketdə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə ona məxsus 4098 5844 9262 7540 nömrəli Leobanka aid bank kartına köçürdüyü 500 (beş yüz) manat, sonuncu dəfə isə 21 noyabr 2023-cü il saat 16:10-da İmişli şəhəri, H.Əliyev prospekti 109 ünvanında yerləşən “Bazarstore” marketdə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə ona məxsus 4098 5844 9262 7540 nömrəli Leobanka aid bank kartına köçürdüyü 1800 (min səkkiz yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 4800 (dörd min səkkiz yüz) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, o, Bakı şəhər Xətai rayon məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmü ilə 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş və hazırda cəzasını 7 saylı Cəzaçəkmə müəssisəsinə çəkir. 2023-cü ilin noyabr ayında İmişli rayon sakini Zərərçəkmiş şəxs1 tanımışdır. Belə ki, onun bir nəfər tanışı ev təmir etdirirmiş. Tanışının evini Rəhman adına usta təmir edirmiş. Tanışının evinə baxan zaman orada usta işləyən Rəhmanla söhbət edən vaxt, söhbət hərbi xidmətdən düşmüşdür. O da Rəhman əvvəllər hərbiçi olduğunu demişdir. Rəhmanda ona qohumunun şəhid olduğunu, lakin ona şəhidlik statusunu ala bilmədiklərini demiş, o da Rəhmana köməklik edə biləcəyini demişdir. Həmin vaxt Rəhman onun mobil nömrəsini götürmüşdür. Bundan bir müddət sonra Rəhman ona zəng edərək, hərbi xidmətdə müddətli həqiqi hərbi xidmətdə olan qohumunun Bakı Hərbi Prokurorluğunda işi olduğunu deyib, ondan kömək etməyini istəmişdir. O isə Rəhmana kömək edə biləcəyini, buna görə də, hərbi xidmətdə olan qohumunun böyüyünün onunla əlaqə saxlamasını istəmişdir. Onun sözlərindən sonra Elburus ona zəng etmişdir. Elburus ona həqiqi hərbi xidmətdə olan oğlu Bayramın hərbi prokurorluğda işi olduğunu, oğluna cinayət işi başlayacaqlarını, bu barədə kömək etməyini istəmişdir. O, Elburusa belə işləri 5000 manata həll edildiyini demiş, Elburus ondan pulu düzəltmək üçün bir həftə vaxt istəmişdir. O Elburusla razılaşmışdır. Bir həftədən sonra Elburusa zəng edib, pulu verməyə gücünün çatıb-çatmayacağını soruşmuşdur. Elburus isə ona səhəri gün Bakı şəhərinə gəlib, pul tapacağını və onunla görüşəcəyini demişdir. Elburusun dediyi kimi olmuş və 2023-cü ilin noyabr ayının ortalarında Bakı şəhərində, Xətai rayonu ərazisində “Ağ şəhər” adlanan bulvarda Elburusla görüşmüş və Elburus ona 1700 manat pul vermişdir. O da Elburusdan pulun yerdə qalan hissəsini düzəltməsini istəmişdir. Elburus isə cavabında rayona qayıtdıqdan sonra pulun yerdə qalan hissəsini düzəldib verəcəyini demişdir. Elburus rayona qayıtdıqdan sonra Elburusa tez-tez zəng edib, pulun yerdə qalan hissəsini verməsini istəmişdir. Elburus isə ondan hər dəfə vaxt istəmişdir. Yenə, 2023-cü ilin noyabr ayının ortalarında, saat 16 radələrində “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Elburusa göndərdiyi "xxxx" ASC-yə aid, ona məxsus 4098 5844 9262 7540 saylı bank kartına 300 manat pul köçürtmüşdür. O, Elburusa tez-tez zəng edib pulun yerdə qalan hissəsini düzəltməsini istəmişdir. Yenə həmin vaxtlarda Elburus ona yeznəsi Hüseyn vasitəsilə 500 manat pul göndərmişdir. Həmin pulu Bakı şəhərində “Koroğlu” metrostansiyasının yaxınlığında götürmüşdür. Həmin vaxtlarda Elburus yenə onun "xxxx" ASC-yə aid bank kartına 500 manat pul köçürmüşdür. O, Elburusa oğlunun işinin tez bir vaxtda həll edilməsi üçün yerdə qalan 2000 manat pulu köçürməsini istəmişdir. Elburus isə onun dediyini etmişdir. Buna görə də, Elburus onun kartına 1800 manat pulu 21 noyabr 2023-cü il tarixdə köçürmüşdür. Elburusdan yerdə qalan 200 manat pulu istəmiş, lakin Elburus ona pulunun olmadığını, həmin pulu verə bilməyəcəyini demiş, o da məcbur olub özünün həll edəcəyini deyib, 200 manatı almamışdır. Elburusdan ümumilikdə 4800 manat pul almışdır. Həmin pulu aldıqdan sonra Elburusun oğlu Bayram üçün heç bir şey etməmiş, aldığı 4800 manat pulu borclarına vermişdir. Zərərçəkmiş şəxs2 Orxan adlı tanışı vasitəsi ilə 2023-cü ilin noyabr ayının əvvəllərində tanımışdır. Belə ki, Orxan ona Ələkbər adlı tanışının tibbi komisyadan keçərək həqiqi hərbi xidmətə getməmək üçün vaxtını uzatmaq lazım olduğunu deyib, ondan kömək etməyini istəmişdir. O da Orxana tanışı Ələkbərə kömək edə biləcəyini deyib, Ələkbərin ona zəng etməsini istəmişdir. Bundan sonra Ələkbər ona zəng etmişdir. Ələkbərlə danışan zaman işini 2000 manat pulun qarşılığında həll edə biləcəyini demiş, Ələkbər onunla razılaşmışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Yasamal rayonunda, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşmüş, Ələkbər ona 2000 manat pul vermişdir. O da Ələkbərin verdiyi pulu alıb işini həll edəcəyini demişdir. Bunun üzərindən 5-6 gün keçdikdən sonra Ələkbərə zəng edib, əlavə 500 manat pulun lazım olduğunu demişdir. Ələkbərdə onunla razılaşmışdır. Həmin vaxtlarda Bakı şəhərində “Xətai” metrostansiyasının yaxınlığında görüşmüş və 500 manat pulu Ələkbərdən almışdır. Həmin vaxt Ələkbər ondan nə vaxta işinin həll olunacağını soruşmuşdur. O da Ələkbərə işinin qısa vaxt ərzində həll olunacağını demiş, Ələkbər onunla razılaşmışdır. Söhbət əsnasında Ələkbər ona “Mənzil İnşaat Dövlət Agentliyin”də tanışının olub-olmamasını soruşmuşdur. O da yalandan tanışının olduğunu demişdir. Ələkbər ailə üzvüləri ilə məsləhət edib, ona bir söz deyəcəyini demişdir. Təxminən 10 gün sonra, 2023-cü ilin noyabr ayının ortalarında Ələkbər ona zəng edərək, böyük qardaşı ilə birlikdə onunla görüşmək istədiyini demiş, o da razılaşmışdır. Bundan sonra onlar “Gənclik metrostansiyası”nın yaxınlığında “Atatürk” parkında görüşmüşlər. Görüş əsnasında Ələkbər və qardaşına vəd verib, “Mənzil İnşaat Dövlət Agentliyin”də Ələkbərə mənzil ala biləcəyini deyib, 15000 manata bu işi həll edə biləcəyini demişdir. Belə ki, pulun 12000 manatını ilkin ödəniş edəcəyini, yerdə qalan 3000 manat pulun bir hissəsini işi görən adama, yerdə qalan hissəsini gördüyü işə özünə götürəcəyini demişdir. Ələkbər və qardaşı onunla razılaşıb, axşam əlaqə saxlayacaqlarını demişlər. Həmin günü axşamı, yəni 2023-cü ilin noyabr ayının ortalarında Ələkbər onunla əlaqə saxlayaraq Yasamal rayonunda yerləşən “Virt Fitnes” idman zalının qarşısında görüşmüşdür. Ələkbər orada ona 12500 manat pul verib, hərbi biletinə görə verdiyi 2500 manat pulu həmin pulu üzərinə qoyub mənzil məsələsini həll etməyini istəmişdir. O da Ələkbərə yalandan vəd verərək ilin sonunadək olan müddət ərzində mənzil məsələsini həll edəcəyini demişdir. Belə ki, Ələkbərə “Mənzil İnşaat Dövlət Agentliyin”də Yasamal rayonu ərazisində tikdiyi binalardan 2 otaqlı, orta təmirli mənzil alacağını demişdir. Lakin vədinə əməl etməyib Ələkbərin 15000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, həmin pulu şəxsi ehtiyyacları üçün xərcləmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. Qeyd olunanların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, onun oğlu X5 Nazirliyinin Bakı şəhərində yerləşən “N” saylı həbri hissəsində 2022-ci ilin iyun ayından 2024-cü ilin yanvar ayında qədər müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Bayram hərbi xidmətdə olarkən 2023-cü ilin noyabr ayının əvvəllərində başına hadisə gəlmişdir. Hadisə ilə bağlı Bayramın işi Hərbi Prokurorluq tərəfindən araşdırılmışdır. Hadisə barədə qohumlarımın məlumatı olmuşdur. Bacısı oğlu Şahid2 ev təmir edir, bu yolla pul qazanaraq ailəsini saxlayır. Bu vaxtlarda Şahid2 Bakı şəhərində işləyirmiş. Hüseynin bir nəfər usta tanışı onun oğlunun işinə köməklik edəcək bir nəfər olduğunu, həmin adamın tanışının evində işlədiyini demişdir. Bundan sonra Hüseyn ona zəng edərək, Bayramın işinə köməklik edəcək bir adamın olduğunu demişdir. O da Hüseyndən adamın kim olduğunu soruşmuşdur. Hüseyn isə həmin adamın onun mobil nömrəsini istədiyini demişdir. Hüseynə etiraz etməmiş və nömrəsini həmin adama Hüseynin tanışı vasitəsi ilə vermişlər. Hüseynin tanışının adı Rəhmandır.Hüseyn həmin adama onun nömrəsini verdikdən 3-5 dəqiqə sonra ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Həmin adam özünü təqdim edərək, adının Fərid olduğunu deyib, oğlu Bayramın başına gələn hadisədən məlumatının olduğunu bildirmişdir. Fərid ona hadisə ilə maraqlandığını, oğlu Bayramın işinin ağır olduğunu və tutulacağını deyib, işin həlli yolu olduğunu bildirmişdir. O da Fəriddən işin necə həll ola biləcəyini soruşmuşdur. Fərid isə ona adamının olduğunu, əlinin hər yerə çatdığını deyib, işin həlli üçün 5000 manat pul istəmişdir. Fəridə 5000 manat pulunun olmadığını demişdir. Fərid isə hər nə yolnan olursa olsun, oğlu Bayramın tutulmamasından ötəri 5000 tapmağını istəmişdir. Evdə olan 2000 manat pulu götürüb Bakı şəhərinə getmişdir. 2000 manat pulu 2 baş, 1 başının yanında balası olan heyvanlarını satıb toplamışdır. 2023-cü ilin noyabr ayının ortalarında Bakı şəhərində, “Ağ Şəhər” adlanan yerdə Fərid ilə görüşmüş və Fəridə orada 1700 manat pulu əlbə-əl vermişdir. Həmin vaxt Fərid ona narahat olmamağını deyib, ondan yerdə qalan pulun üstünü düzəltməyini istəmişdir. Pulu verdikdən sonra Bakı şəhərində 3-cü mikrorayon ərazisində "xxxx" ASC-nin filialına yaxınlaşaraq kredit istəmiş, lakin ona kredit verilməmişdir. Bu vaxtda Fərid dayanmadan ona zəng edib pul istəyirmiş. Rayona qayıtdığı gün, yəni 2023-cü ilin noyabr ayının ortalarında, saat 16 radələrində qardaşı oğlundan 300 manat borca pul alıb Fəridin ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyi "xxxx" kartına İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” supermarketinə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə köçürmüşdür. Bu pulu göndərdikdən sonra Fərid yenə ona zəng edərək 3000 manat pulu istəyirmiş. Bundan sonra Hüseyn zəng vurub onun əvəzindən 500 manat pulu Fəridə verməsini istəmişdir. Belə ki, pulu Hüseyndən borc istəmişdir. Hüseyn 2023-cü ilin noyabr ayının ortalarında tanışı Rəhman vasitəsi ilə Fəridlə Bakı şəhərində görüşüb 500 manat pul vermişdir. Hüseyn 500 manat pulu verdikdən sonra bu dəfə qardaşı oğlu Ramildən 500 manat pulu borc almış və Ramilin İmişli rayonu, Şahveridili kəndində yerləşən marketinə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Fərid yenə ona zəng edərək yerdə qalan pulu düzəldərək göndərməyini istəyirmiş. O da məcbur olub Azərbaycan Beynəlxalq Bankın İmişli şəhəri, H.Əliyev prospektində yerləşən filialından 7000 manat kredit götürüb, borcda olan kreditini bağlamış, kreditdən ona 1800 manat pul qalmışdır. Pul axtaran ərəfələrdə Fərid tez-tez zəng edərək, pulu təcili tapmağını, tapşırdığı adamların pulu tələb etdiyini demişdir. 1800 manat pulu 21 noyabr 2023-cü il tarixdə, saat 21:11-də İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” supermarketinə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə Fəridin göndərdiyi 4098 5844 9262 7540 saylı bank kartına köçürmüşdür. Ümumilikdə Fəridə 4800 manat pul vermişdir. Fərid isə ondan yerdə qalan 200 manat pulu istəmişdir. O isə Fəridə pulunun qurtardığını demişdir. Onun bu sözlərindən sonra Fərid adamlarla danışıb bir cavab verəcəyini demişdir. Təxminən 25-30 dəqiqə sonra Fərid ona zəng edərək adamların 4800 manata razılaşdığını, narahat olmamağını, oğlu Bayramın işinin həll olduğunu demişdir. Bundan sonra Fərid ilə əlaqə saxlamamış, Fərid ona özünün zəng edəcəyini demişdir. Pulu verdikdən sondə Bayramın xidmət etdiyi hərbi hissəyə getmiş, hərbi hissəd Bayrama N gün qubbağ cəzası verdiklərini demişlər. Hərbi hissədən çıxdıqdan sonra Fəridə zəng edib, Bayramın qubbağa getdiyini demişdir. Fərid isə ona narahat olmamağı deyib, işlə maraqlandığını demidir. Buna baxmayaraq Bayramı N gün müddətinə qubbağa aparmışlar. Bu müddət ərzində oğlunun işinə hərbi prokurorluğda xitam vermişlər. Fərid ilə əlaqə saxlayaraq Hərbi Prokuroluğa pul verilmədiyini, ondan aldığı pulu iş adamı olan tanışına verdiyini, həmin adamında pulu Hərbi Prokurorluğa çatdırmadığını demişdir. Bundan sonra Fəriddən pulunu geri istəməyə başlamışdır. Pulunu geri istəyən vaxtlarda Fəridin qohumları ona pulu geri qaytaracaqlarını demiş, hətta buna görə yaşadığı evə gəlmiş və ondan müddət istəmişlər. O da Fəridin qohumlarına 1 ay vaxt vermişdir. Lakin verilən vaxtın üzərindən 5 ay keçməsinə baxmayaraq ona pul qaytarılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona 4800 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin noybar ayının əvvəllərindən dostu Şahid6 vasitəsi ilə tanımışdır. Fərid ilə arasında heç bir ədavət, düşmənçilik və ya qohumluq münasibəti yoxdur. Onun səhətində olan problemlərə görə hərbi xidmətə getməmiş, buna görə də, üç ildən bir tibbi komisyadan yoxlanışdan keçrimiş. Qanunda olan dəyişikliklərə görə tibbi komisyadan keçə bilməyəcəyini fikirləşib, başqa yolla həll etmək istəmişdir. Bu barədə dosdu Orxana demişdir. Orxan isə ona Fərid adında bir nəfər tanışının olduğunu deyib, bu işi həll edə biləcəyini bildirmişdir. O da Orxan ilə razılaşmış, Orxan Fəridə zəng edib, dedikləri barəsində Fəridə məlumat vermişdir. Fərid isə Orxana işi sahibinin ona zəng etməsini bildirmişdir. Bundan sonra Fəridə zəng etmişdir. Fərid ilə danışan zaman Fərid ondan 2000 manat pul istəmiş, o da Fərid ilə razılaşmışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Fərid ilə “Elmlər Metrostansiyası”nın yaxınlığında görüşüb, 2000 manat pulu əlbə-əl vermişdir. Pulu verdikdən sonra Fərid ona işini qısa vaxt ərzində həll edəcəyini demişdir. Pulu verdikdən təxminən 3-4 gün sonra Fərid ona zəng edərək, əlavə 500 manat pul istəmişdir. O da məcbur olub Fəridlə razılaşmış və Xətai rayonu ərazisində yerləşən restoranların birinin qarşısında görüşmüş və orada Fəridə 500 manat pul vermişdir. Fəridə 2000 və 500 manat pulları verən zaman Orxan yanında olmuşdur. 500 manat pulu verərəkən söhbət etməyə başlamışlar. Söhbət “Mənzil İnşaat Dövlət Agentliyin”dən düşmüş, Fərid orada tanışının olduğunu deyib, mənzil ala biləcəyini demişdir. O da Fəriddən mənzili əldə etməyin yollarını soruşmuşdur. Fərid ilkin ödənişdən, aylıq ödənişindən və digər şərtlərlə marağlanıb məlumat verəcəyini demişdir. Fəridə mənzil olacağı təqdirdə istəyəcəyini bildirmişdir. Səhəri gün Fərid ona zəng edib, şəhərdə görüşməyi təklif etmiş, onlar Xətai rayonu ərazisində yerləşən “Yaban Pub” kafesində görüşmüşlər. Orada Fərid ona “Mənzil İnşaat Dövlət Agentliy”indən ev əldə etməyin yolları, ödənişləri və digər şərtləri barədə məlumat vermişdir. Orxanda orada olmuşdur. Fərid onlarla pul barəsində söhbət etməməmişdir. Kafedən çıxdıqdan 1-2 saat sonra Fərid ona zəng edib 15000 manata mənzil ala biləcəyini demişdir. O da qardaşıyla məsləhət edib cavab verəcəyini demişdir. Bundan sonra atasının xalası oğlu Şahid7 yanında gedib, Fəridin ona dediklərini demiş, Ramində bir yerdə Fəridlə görüşməyi təklif etmişdir. Fəridə zəng edib, qardaşıyla birilikdə görüşmək istədiyini demiş, Fəriddə onunla razılaşmışdır. Onlar “Gənclik Metrostansiyası”nın yaxınlığında yerləşən “Atatürk” parkında görüşmüşlər. Orada Fərid ondan müxtəlif sənədləri 2 gün içərisində hazır edib, pul ilə birlikdə gətirməyini istəmiş, o da razılaşmışdır. 2 gündən sonra, yəni 2023-cü ilin noyabr ayının ortalarında Fəridə zəng edib, pulun və sənədlərin hazır olduğunu demişdir. Fərid ilə Yasamal rayonu ərazisində yerləşən “Vitr Fitness” idman mərkəzinin qarşısında görüşüb 12500 manat pulu əlbə-əl Fəridə vermiş və tibbi komisya üçün verdiyi 2500 manat puluda evin puluna əlavə etməsini istəmişdir. Fərid pulu aldıqdan sonra 2023-cü ilin sonuna qədər ona “Mənzil İnşaat Dövlət Agentliyin” Yasamal rayonu ərazisindən 2 otaqlı, 57 kv/metr ölçüdə, orta təmirli mənzil alacağını demişdir. Aylıq isə 7 il ərzində 800 manat pul ödəyəcəyini bildirmişdir. 2023-cü ilin sonlarında Fəridə zəng edib, ev məsələsinin nə yerdə olduğunu soruşmuşdur. Fərid isə Novruz bayramına kimi işini həll edəcəyini demişdir. Lakin Fərid veridiyi vədinə əməl etməyib, ona müxtəlif bəhanələr gətirmiş, daha sonra Fəridlə əlaqə qurmaq mümkün olmamışdır. Başqa nömrə ilə Fəridlə əlaqə saxlayan zaman yenə yalandan vədlər verir və ondan əlavə 200-300 manat pul istəmişdir. O da pul göndərməyib, verdiyi pulu geri istəyirmiş. Fərid ilə ona pulu düzəltdikdən sonra qaytaracağını demişdir. Lakin yenə də, Fərid onun pulunu verməmişdir. Baş vermiş hadisə barəsində atasınında məlumatı olmuşdur. Atası məlumat aldıqdan sonra Fəridlə əlaqə saxlamış, Fərid may ayının 10-a kimi pulları qaytaracağını demişdir. Fərid bu dəfə də, onları aldatmışdır. Baş vermiş hadisə nəticəsində ona 15000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 9-cu sinifi bitirdikdən sonra Şirvan Dövlət-İqtisadiyyat və Humanitar Kollecinin bədən tərbiyyə müəllimli ixtisası üzrə təhsil almağa başlamışdır. 2022-ci ildə təhsilini bitirdikdən sonra həmin ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Xidmətini Müdafiə Nazirliyinin Hərbi Hava qüvvələrinin N saylı hərbi hissəsində etmişdir. Xidmət etdiyi müddət ərzində onun barəsində hərbi hissə komandirliyinə heç bir şikayət daxil olmamış, heç bir cəaz almamışdır. Taki, hərbi xidmətini başa vurmağına 2 ay qalmış bölüyə yeni gəlmiş gənc əsgərin onun barəsində hərbi hissə komandirliyinə şikayət etmişdir. Həmin gənc əsgərin psixoloji problemi olduğu üçün ondan qorxduğu üçün şikayət etmişdir. Gənc əsgərin şikayəti əsasında barəsində toplanmış material Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. Bundan sonra barəsində Bakı Hərbi Prokurorluğunun Şəhram və Samir adlı əməkdaşları işini aparmışdır. Bu barədə atası Elburusa məlumat vermişdir. Atasına məlumat verdikdən sonra atası ona işi ilə bağlı bir nəfərlə danışıb pul verdiyini işini həll edəcəyini demişdir. 20 noyabr 2023-cü ildə 1 həftə müddətinə nizam-intizam xarakterli olaraq haupvaxta göndərmişlər. Haupvaxta getməmişdən əvvəl atasına demişdir. Atası işi danışdığını haupvaxta getməyəcəyini demişdir. Buna baxmayaraq haupvaxta getmişdir. Haupvaxtdan gəldikdən sonra barəsində araşdırma davam etdirilmiş, günahı olmadığına görə işinə xitam verilmişdir. 5 yanvar 2024-cü il tarixdə ordu sıralarından təxris edilmişdir. Təxris olduqdan sonra Təqsirləndirilən şəxs adlı şəxs onun barəsində Bakı Hərbi Prokurorluğunda gedən işə xitam verilməsi adı ilə atasını aldadaraq 4800 manat pulunu dələduzluq yolu ələ keçirmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun dayısıdır, Elburus ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Həmçinin Təqsirləndirilən şəxsdə tanıyır. Təqsirləndirilən şəxs iş yoldaşı Şahid3 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs ilə də arasında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Rəhman Xəilov ilə birlikdə ev təmiri işləri ilə məğul olur. 2023-cü ilin noyabr ayının əvvəllərində dayısı Elburus ona zəng edərək, hərbi xidmətə olan oğlu Bayram Bayramlının başına iş gəldiyini, barəsində Hərbi Prokurorluğda araşdırma getidyini, Bayramı həbs edəcəklərini deyib, ondan hərbidə tanışının olub-olmamasını soruşmuşdur. Bundan sonra o, tanışı Şahid3 zəng edib görüşmək istədiyini demişdir. Həmin vaxt Rəhman ilə o ayrı-ayrı yerlərdə işləyirmişlər. Axşam işdən çıxdıqdan sonra Rəhman ilə şəhərdə görüşmüş və Rəhmana dayısı oğlu Bayram Bayramlının həbri xidmətdə olan zaman başına gələn hadisə barəsində məlumat verib, hərbidə işləyən tanışının olub-olmamasını soruşmuşdur. Rəhman isə ona Fərid adlı tanışının oluduğunu demişdir. Bundan başqa Rəhman ona Fəridin Bakı şəhərində “Zəngəzur” şadlıq sarayının yaxınlığında tikdirdiyi evdə işləyən zaman Fəridin Rəhmana hərbi ilə əlaqədar olan işləri həll etdiyini deməsini bildirmişdir. O, Rəhmandan Fəridə zəng etməsini istəmişdir. Rəhman Fəridə zəng edib məsələni demişdir. Fərid Rəhmana bu işi 5000 manat pul qarşılığında həll edəcəyini deyib, onun mobil nömrəsini işi gördürəcəyi adama verməyini istəmişdir. Fərid ilə danışmamış, Rəhmandan Fəridin mobil nömrəsini alıb dayısına verib, adamın adının Fərid olduğunu, hərbiyə aid işləri həll etdiyini, Rəhmanın tanışı olduğunu deyib, əlaqə saxlamasını demişdir. Həmin vaxt Fərid ***-***-**-** saylı mobil nömrə işlətmişdir. Bundan sonra dayısı Elburus ilə Təqsirləndirilən şəxs arasında baş verən hadisələrdən xəbəri olmamışdır. 2023-cü ilin noyabr ayının sonlarında dayısı Elburus ona zəng edərək, Fərid ilə görüşüb, Fəridə 500 manat pul verməyini, verdiyi pulu isə özünün qaytaracağını demişdir. O da dayısının dediyini edib, axşam saatlarında Fərid ilə Bakı şəhəri, Koroğlu metrostansiyasının yaxınlığında görüşüb, 500 manat pul vermişdir. Sonralar isə Fəridə verdiyi 500 manat pulu dayısı ona qaytarmışdır. 2023-cü ilin dekabr ayının sonlarında dayısı Elburus ona zəng edərək, Fəridin işi həll etmədiyini, Bayramı haupvaxta apardıqlarını deyib, Fəridə 4800 pul verdiyini və həmin pulu geri almaq istədiyini demişdir. Bundan sonra dayısı Elburus ona dəfələrlə Fəridlə pulu almaq barədə danışdığını, Fəridin isə hər dəfə pulu qaytaracağını dediyini, lakin qaytarmadığını bilmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının əvvəllərindən tanıyır, Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət, düşmənçilik münasibəti yoxdur. Həmçinin Şahid2da uzun müddətdir ki, tanıyır. Belə ki, Hüseyn onun Abşeron rayonu, Digah qəsəbəsindən qonşusudur. Şahid2 ilə də arasında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Hüseynlə bir yerdə də işləmişdir. Ev tikintisi və təmir işləri ilə məşğul olur. 2023-cü ilin noyabr ayının əvvəllərində Bakı şəhərində “Zəngəzur” şadlıq sarayının yanında bir xanıma məxsus fərdi evdə təmir işlərini görürmüş. Həmin vaxtlarda ev sahibi olan xanım bir oğlanla gəlib evində gedən işə baş çəkirmiş. Onun bacısı oğlu Eltun Yunusov “Antiteror” əməliyyatlarında şəhid olmuşdur. Ev sahibi xanım onunla şəhid olmuş bacısı oğluna maddi yardım edilibedilməməsi barədə söhbət etmişdir. Söhbətə xanımın yanındakı oğlan, yəni Təqsirləndirilən şəxs qoşulmuş və bacısının ailə üzvülərinə maddi yardım verilməsində hər hansı bir problemin olacağı təqdirdə kömək edə biləcəyini deyib, ona mobil nömrəsini vermişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində tanışlarının olduğunu və tanışları vasitəsi ilə iş həll etdiyini demişdir. O, Fərid ilə hər hansı bir işə görməmişdir. Elə həmin vaxtlarda Hüseyn ona zəng edib, görüşmək istədiyini demişdir. Hüseynlə şəhərdə görüşmək barəsində razılaşmışdır. Şəhərdə Hüseynlə görüşən zaman Hüseyn ona müddətli həqiqi hərbi xidmətdə olan dayısı oğlu Bayram Bayramlının başına iş gəldiyini, buna görə də, Bayramı həbs edəcəklərini deyib, ondan hərbidə tanışının olub-olmamasını soruşmuşdur. Bu vaxt ağlına Təqsirləndirilən şəxs gəlmiş və hərbidə işlər həll etdiyini demişdir. Hüseyn ondan Fəridə zəng etməyini istəmiş, o da Fəridə zəng edib tanışlıq vermişdir. Fərid onu tanımışdır. Fəridə tanışı Hüseynin hərbi xidmətdə olan qohumunun başına gələn işi demişdir. Fərid isə həmin işi həll edə biləcəyini demişdir. Hüseyn Fərid ilə danışmamışdır. Fərid mobil nömrəsini iş gördürən adama verməyini ondan istəmiş, o da Fəridin mobil nömrəsini Hüseynə vermişdir. Bundan sonra Hüseyn Fəridin mobil nömrəsini dayısına vermişdir. Mobil nömrəni verdikdən sonra baş verən proseslərdən xəbəri olmamışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Hüseyn ona zəng edərək Fəridə 500 manat pul verəcəyini, birlikdə, yoldaşlı gedib-gəlməyi təklif etmişdir. O da Hüseyn ilə razılaşmışdır. Hüseynlə görüşüb, saat 18 radələrində Bakı şəhəri “Koroğlu Metrostansiyası”nın yaxınlığına gedib Fərid Əliybəylini gözləmişlər. Fərid qara rəngli, hündür avtomobil ilə gəlmişdir. Onlar avtomobilə minmişlər. Hüseyn avtomobildə Fəridə 500 manat pul vermişdir. Bundan sonra avtomobildən düşüb evlərinə getmişlər. Sonra baş verən hadisələrdən xəbəri olmamışdır. 2023-cü ilin dekabr ayının sonlarında Hüseyn ilə görüşən zaman Hüseyn dayısının Təqsirləndirilən şəxs tərəfindən aldaraq 4800 manat pulunun ələ keçirilməsini ona bildirmişdir. Onun bu hadisədən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. Ələkbərə qarşı dələduzluq edən Təqsirləndirilən şəxs tanıyır. 2024-cü ilin əvvəllərində evdə olan zaman Ələkbər ona yaxınlaşaraq “Mənzil İnşaat Dövlət Agentliyi”ndən ev almaq üçün dosdu Orxan vasitəsilə tanıdığı Fərid adlı şəxsə 2023-cü ilin noyabr ayı ərəfəsində 15000 manat pul verdiyini, Fəridin isə onu aldadaraq pulunu ələ keçirməsini bildirmişdir. Ələkbərdən Fəridin mobil nömrəsini alıb, zəng etmiş, lakin Fəridə zəng çatmamışdır. Orxan gələn zaman Fəridin yaxın qohumlarının mobil nömrəsini tapmasını istəmiş, Orxan ona tapacağını demişdir. Bir neçə gündən sonra Orxan Fəridin anasının mobil nömrəsini ona vermişdir. Həmin mobil nömrəyə zəng edib, Fəridin oğlu Ələkbərə qarşı etdiyi hərəkətlər barəsində demiş, Fəridin anası Fəridin onlarla bir yerdə yaşamadığını deyib, Fəridlə əlaqəsi olmadığını bildirmişdir. Bundan sonra Fərid ona zəng edib, tanışlıq vermiş və mobil telefonunun xarab olduğunu demişdir. Fəriddən 15000 manat pulu qaytarmasını istəmişdir. Fərid isə ondan may ayının 10-a kimi vaxt istəyib pulu qaytaracağını demişdir. O isə Fəridə aprel ayının 29-a kimi vaxt vermişdir. Fərid onunla razılaşmışdır. 28 aprel 2024-cü il tarixdə, Fəridə zəng edib, səhəri gün pulu gətirməli olduğunu demişdir. Fərid ona 29 aprel 2024-cü il tarixdə, saat 19 radələrinə qədər olan vaxt ərzində pulu gətirəcəyini demiş, o da razılaşmışdır. Deyilən vaxt gəlib çatdıqda Fərid pulu gətirməmişdir. Fəridin pulu gətirmədiyini görüb zəng etmişdir. Fərid özünündə aldadıldığını, pulunun düzəlmədiyini deyib, istədiyi təqdirdə barəsində şikayət edə biləcəyini bildirmişdir. O da Fəridə şikayət edəcəyini demişdir. Fərid ona şikayət etsədə-etməsədə təşəkkürünü bildirmişdir. Bundan bir müddət sonra Fərid yoxa çıxmışdır. O yenə Orxan vasitəsi ilə Fəridin xalası oğlu Orxanı tapmış və zəng etmişdir. Fəridin xalası oğlu Orxan ona Fərid ilə heç bir əlaqəsinin olmadığını deyib, Fərid barəsində şikayət edə biləcəyini bildirmişdir. Bundan sonra “161” qaynaq xəttinə zəng edib məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs2 15000 manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğlu Emil Babayevin tanışı kimi 2023-cü ilin sentyabr ayının əvvəllərində tanımışdır. Belə ki, Nəsimi rayonu ərazisində icarə əsasında “Suşi” yeməkxanası işlətdiyi obyektə gələn zaman Fəridlə tanış olmuş və münasibəti yaranmışdır. Fərid özünü ona müxtəlif işləri həll edən adam kimi təqdim etmişdir. Fərid ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Zərərçəkmiş şəxs2 isə uzun müddətdir ki, tanıyır, Ələkbərlə arasında dosduluq münasibəti vardır. 2023-cü ilin noyabr ayının əvvəllərində Ələkbər əsgərliyinə görə tibbi komisyadan keçməli olduğunu deyib, qanunda olan dəyişikliklərə görə tibbi komisyadan keçə bilməyəcəyindən qorxduğunu bildirmişdir. Ələkbərdə təzə tanış olduğu Fərid adlı tanışının bu işləri həll etdiyini demişdir. Ələkbərin sözü ilə Fəridə zəng edib, Ələkbərin dediklərini demişdir. Fərid isə ondan işi görən adamın özünün zəng etməsini istəmişdir. O da Fəridin nömrəsini Ələkbərə vermişdir. Ələkbər Fəridilə danışan zaman işini həll edəcəyini deyib, 2000 manat pul istəmişdir. Təxminən 1-2 gün sonra o, Ələkbər və Fərid “X2”nın yaxınlığında görüşmüş və Ələkbər Fəridə 2000 manat pul vermişdir. Fərid Ələkbərə işini qısa vaxt ərzində həll edəcəyini demişdir. Bu hadisənin üzərindən 2-3 gün keçdikdən sonra Ələkbər ilə futbol oynamaqdan gəlirmişlər. Bu vaxt Fərid Ələkbərə zəng edib əlavə 500 manat pul istəmişdir. Ələkbərdə Fəridlə razılaşmışdır. Həmin günün axşamı Fəridlə Xatai rayonu ərazisində yerləşən kafelərin birində görüşmüş, orada Ələkbər Fəridə əlavə 500 manat pul vermişdir. Pulu verdikdən sonra onlar söhbət etməyə başlamışlar. Fərid onlara “Mənzil İnşaat Dövlət Agentliyi”ndə tanışının olduğunu və mənzil ala biləcəyini demişdir. Bu vaxt Ələkbər olacağı təqdirdə alacağını deyib, məsləhətləşdikdən sonra Fəridə bir söz deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, Fərid və Ələkbər “Xətai metrostansiyası” yaxınlığında yerləşən “Yaban Pub” adlı kafedə görüşmüş, orada Fərid onlara mənzil almaq barədə danışaraq, ilkin və aylıq ödəniş, digər şərtlər barəsində məlumat vermişdir. Ələkbər isə Fəridə ailə üzvüləri ilə məsləhətləşib bir söz deyəcəyini demişdir. Bundan sonra Ələkbərin Fəridə 12500 manat pulu verməsi və tibbi komisyaya görə verdiyi puluda həmin pulun üzərinə gəlməsi barədə razılıq əldə etməsini görməmiş və bilməmişdir. Qeyd etdiyi hadisə barəsində sonradan Ələkbər ona demişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Ələkbərin atası Rüstəm ona Fəridin yaxın qohumlarının mobil nömrəsini tapmağını istəmişdir. O da Fəridin anasının nömrəsini tapıb Rüstəmə vermişdir. Rüstəmin Fəridin anası ilə danışığı barəsində məlumatı olmamışdır. Sonradan isə Fərid özü Rüstəmə zəng etmiş və pulu qaytaracağı barədə söz verməsi barədə məlumatı olmuşdur. Fərid Rüstəmə verdiyi vaxtda pulu qaytarmadığından Rüstəm ondan Fəridin başqa qohumunun mobil nörməsini tapmadığını istəmiş, o da Fəridin xalası oğlunun mobil nömrəsini tapmışdır. Rüstəm Fəridin xalası oğlu ilə danışan zaman onunluq bir şey olmadığını Rüstəmə deyib, hara istəsə şikayət edəcəyini bildirmişdir. Bundan sonra Rüstəm Təqsirləndirilən şəxs barəsində “161 Qaynar Xəttə” zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında Şahid7 elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının ortalarından tanıyır. İş yoldaşı və qohumu Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq bir nəfər şəxslə danışdığını və həmin şəxs onda “Mənzil İnşaat Dövlət Agentliyi”ndə mənzil alacağını demişdir. O da Ələkbərə həmin şəxslə görüşməyi təklif etmişdir. Ələkbər onunla razılaşmışdır. Bundan sonra o, Ələkbər və həmin şəxs “Gənclik Matrostansiyası”nın yaxınlığında yerləşən “Atatürk” parkında görüşmüşlər. Görüş zamanı həmin şəxsin adının Fərid olduğunu öyrənmişdir. Fərid orada tanımadığı adamların adını çəkib, həmin adamların vasitəsi ilə işləri həll edəcəyini deyib, Fəriddən müəyyən sənədləri istəmiş və mənzil barəsində müəyyən danışıqlar etmişdir. Ələkbər Fəridlə razılaşmışdır. Onlar oradan qalxıb getmişdilər. Sonra baş verən proseslərdə iştirak etməmişdir. Sonradan bilmişdir ki, Fərid Ələkbəri aldadaraq 15000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu halı gördükdən sonra Ələkbərdən Fəridin mobil nömrəsini alıb ev işinin nə üçün yuvandığını, işin uzandığını demişdir. Fərid isə ona işin düzələcəyini, müəyyən səbəblərdən düzəlmədiyini deyib, konkret cavab verməmişdir. Fərid Ələkbərin 15000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Baxış keçirilməsi haqqında 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, baxış qara rəngli bank kartının şəklinə keçirildi. Bank kartının üzərində 4098 5844 9262 7540 saylı nömrə qeyd edilmişdir. Bundan əlavə bank kartının üzərində “12/27 007” nömrəsi yazılmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzə baxış keçirilən zaman, müyyən edilmişdir ki, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən, “Bazarstore” supermarketinə quraşdırılmış “mpay” terminalı vasitəsi ilə 21 noyabr 2023-cü il tarixdə, saat 16:10-da Təqsirləndirilən şəxs məxsus, son 8 rəqəmi 9262 7540 olan ban kartına 1800 manat pul köçürülmüşdür. (i.v. 10); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 62-63); Materialların cinayət işinə birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında 15 avqsut 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v. 115-116); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması haqqında 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirli bilinib 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyindən onun barəsində qətimkan tədbiri seçilməmişdir. (i.v. 150A); Sübutların qiymətləndirilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (i.v. 171-180); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (i.v. 182- 183); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-312/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri təqsirli bilinib CM-nin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və CM-nin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilm edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanaraq ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin dilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzası Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi ilə qismən birləşdirilərək ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin və zərər çəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-312/2024 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs qanunla məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini tədqiq edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məkhəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun həmin hökmə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, müki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ onlara izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində həbs qətimkan tədbiri seçilsin və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar