Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-74/2025 11.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, X11, X4 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X11, X4 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində facebook internet resursunda "Təhsil Forumu" facebook səhifəsində jurnalist X9 tərəfindən barəsində "məktəb direktoru Lamiyə xanım 600 manatlıq qızılı özünə yaraşdırmayıb müəllimləri təhqir etdi" manşetli böhtan və şər xarakterli yazı paylaşılmışdır. Qeyd edilən məlumatda ona məxsus şəxsi səhifəyə aid 2019-cu il tarixli fotoşəkli oğurlayıb istifadə etməklə saxta audio yazı yerləşdirilmişdir. Həmin audioyazı əvvəlcədən əlbir olan bir neçə şəxs, o cümlədən 231 nömrəli məktəbdə müəllim işləyən X4, X2 və xx.xx.2025-ci il tarixində həmin məktəbdə tutduğu vəzifədən azad edilmiş (təlim-tərbiyə işləri üzrə direktor müavini) tərəfindən qondarma ittihamlarla təqsirləndirmək məqsədilə onun xəbəri olmadan 2 il öncə (2023-cü ilin mart ayı) qeydə alınmış və montaj edilərək saxtalaşdırılmışdır. Buna səbəb məktəbdaxili hansısa qaydaların bu şəxslərin xoşuna gəlməməsi və bir yolla onu məktəbdən kənarlaşdırmaq istəkləri olmuşdur. Bu yolda hətta saxtalaşdırılmış materialdan istifadə etmək və bununla da cinayət törətməkdən belə çəkinməmişlər. Deməli, 2025-ci ilin fevral ayında X5 işdən azad edildikdən sonra həmin gün votsap tətbiqi üzərindən ona hədə-qorxu xarakterli səs ataraq, guya onda olan videonu (yəqin ki, bu səs yazısını nəzərdə tuturmuş) internetdə canlı yayım açaraq paylaşacağını bildimişdir. Həmin səslərdə həm ona, həm də ailə üzvlərinə hədə-qorxu gəlmişdir. (Qeyd olunan səslər və votsap yazışması təqdim ediləcək) Bu yolda Elza Cəfərovaya həmin məktəbdə işləyən və təlim-tərbiyə işləri üzrə boşalan yerə təyin olunmaq arzusu ilə yaşayan İlhamə Ağayeva və Samirə İsgəndərova kömək etmişdir. Lakin bu vicdansız adamlar heç cür ehtimal etməmişlər ki, əllərində saxtalaşdırdıqları səs yazısının montaj edilməmiş orijinal versiyasını o əldə edə bilər. Hazırda həmin səs yazısı onda vardır, təqdim edəcək. Və tələb edəcək ki, lazım gələrsə müvafiq ekspertiza aparılmaqla bu şəxslərin media vasitəsilə ictimaiyyətə saxta məlumat verilməsi və nəticədə günahı olmaya-olmaya işgüzar nüfuzuna xələl gətirilməsinə və böhtan atılmasına görə cinayət məsiliyyətinə cəlb edilsinlər. Onu hədələdikləri barədə dərhal Bakı Şəhəri Təhsil İdarısinə xəbər vermiş və onlara orijinal səs yazısını təqdim etmişdir. Ona hələ ki, media vasitəsilə açıqlama verməmək və onların özlərinin daxili araşdrma aparacaqlarını deyib gözləmək bildirilmişdir. Lakin bu montaj edilmiş səs yazısı facebook səhifəsindən başlayaraq, Sakit Muradov vasitəsilə kütləvi informasiya vasitələri və internet resurslarında xx.xx.2025-ci il tarixdən başlayaraq yayımlanmağa başlanmışdır, ilk dəfə bunu paylaşan məhz Sakit Muradov olmuş və heç bir mənbəyə istinad etmədən məlumatı birbaşa öz adından paylaşmışdır. Bundan dərhal sonra onunla əlaqə saxlamış və paylaşdığı yazının həqiqətə uyğun olmadığı, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün ilk öncə onunla əlaqə saxlamalı olmasını və həqiqəti araşdırıb daha sonra kiminsə barəsində bu cür ağır ittihamlar səsləndirməyin mümkün olmasını bildirmişdir. Həmçinin ondan yazını silməyi və ya təkzib verməsini tələb etmiş, əks halda onun bu qanunsuz əməli barəsində hüquqmühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. X13 bu məlumatın ona adını çəkmək istəmədiyi bir "informatorun” ötürməsini bildirmiş, yazını silməyəcəyini demiş və "hara istəyirsiz şikayət edin” demişdir. Ona o səs yazısının saxta olmasını, onda orijinal versiyanın olmasını bildirsə də, buna maraq göstərməmiş, yalandan guya ona zəng gəldiyini bəhanə edərək telefonu söndürmüşdür. X10 sosial şəbəkəsində "Təhsil Forumu" səhifəsində olan bu paylaşımından sonra eyni "məktəb direktoru 600 manatlıq qızılı özünə yaraşdırmayıb müəllimləri təhqir etdi” başlıqlı yazılar ildırım sürətilə digər internet platformalara yayılmış və nəticədə "tehsilmedia.az", "bakuplus.az”, xəbər resurslarının həm facebook, həm də instaqram sosial şəbəkələrində olan səhifələrində, "analoq.az" saytında, "elm_ve_tehsil” instaqram səhifəsində, "işıqlı həyat” youtube kanalında yayımlanmışdır. Bunun ardınca, xx.xx.2025-ci il tarixində digər kütləvi informasiya vasitələrində, o cümlədən "Xəzər Xəbər”də eyni başlıqlı xəbər yayılmışdır. Göründüyü kimi, bütün bu dezinformasiya və yanlış xəbərin yayılmasının səbəbkarı sifarişlə iş görən özünü 27 illik jurnalist kimi qələmə verən X9 adlı şəxs olmuşdur. Onun və yuxarıda adlarını çəkdiyi şəxslərin yaratdıqları əlbir qrupun qanunsuz əməlləri nəticəsində illərdir qazandığı peşəkar nüfuzuna xələl gəlmiş, şərəf və ləyaqəti alçaldılmış, ona şər və böhtan atılmışdır. Belə ki, yalandan bunun doğru olmadığını bilə-bilə onu cəmiyyətə yanlış formada təqdim etmiş, korrupsiyaya meyilli və müəllimləri təhqir edən biri kimi qələmə vermişlər. Sakit Muradov isə bu gün həqiqətin nəcə və nədən ibarət olduğunu bilmirdi deməsi, onu heç bir halda məsuliyyətdən azad edə bilməz. Çünki xx.xx.2025-ci il tarixində onun barəsində olan paylaşımından dərhal sonra onunla olan yazışma və telefon danışıqlarının sübutu vardır. Sakit Muradov və ona sifariş edən şəxslər X5, X4, X2 və Əliyarova Vüsalə hamısı barəsində həqiqətə uyğun olmayan bu cür ağır ittihaamların səsləndirilməsinə, icazəsiz səs qeydi alınmasına və üstəlik sonradan da özlərinə uyğun formada saxtalaşdırılmasına, bu yolla ictimaiyyəti çaşdırmağa və cəmiyyət arasında təhsildən narazılığın artırılmasına xidmət etmələrinə görə məsuliyyətə cəlb olunmalı və layiqli cəzalarını almalıdırlar. X11, X4, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə təqsirli bilinərək barələrində 6 ay müddətində azadlıqdan mərhum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər üzrlü səbəb olmadan məhkəmənin hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür, ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, həmçinin şikayətin məzmunu CMP-in 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. İş üzrə müvafiq olaraq xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərə təyin edilmiş məhkəmənin hazırlıq iclaslarının vaxtı və yeri barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə lazimi qaydada məlumat verilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclaslarının vaxtı və yeri barədə onun şikayət ərizəsində qeyd etdiyi mobil telefon nömrəsinə elektron məhkəmə sistemi vasitəsi ilə bildirişlər göndərilmiş və çatdırılmışdır. Lakin qeyd edilən iclaslarda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclası ilə bağlı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xx.xx.2025ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasının xx.xx.2025-ci il tarixdən sonraya təxirə salınmasını xahiş etmişdir. Sonuncu, yəni xx.xx.2025-ci il tarixli məhkəmə iclasıda iştirak etməməsinin səbəbləri barədə isə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin məhkəmə hazırlıq iclaslarında iştirak etməməsi üzrlü hesab edilə bilməz. Belə ki, şikayət vermiş şəxs səhhəti ilə bağlı iclasların təxirə salınmasını xahiş etsə də, xəstə olmasını və xəstəliyi ilə əlqədar məhkəməyə gələ bilməməsini təsdiq edən hər hansı sənədi (sənədləri) məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, şikayət vermiş şəxsin yalnız xəstə olması barədə məlumat verməsi deyil, məhkəmə iclasında iştirakına mane olacaq xəstəliyini təsdiq edən sənədləri təqdim edəcəyi halda onun məhkəmə iclasında iştirak etməməsi üzrlü hesab edilə bilərdi. Həmçinin nəzərə almaq lazımdır ki, bu hal bir iclas olmamış, ardıcıl iki iclas davam etmişdir. Bundan əlavə şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etsə də, onların hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Beləliklə də, barəsində şikayət verilmiş şəxslər şikayət ərizəsində yalnız ümumi formada ittiham edilmiş, ittihamın məzmunu və həcmi dəqiq müəyyənləşdirilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən hallar xüsusi ittiham qaydasında şikayətdə göstərilmədiyi halda, məhkəmə öz təşəbbüsü ilə şəxsin hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə həmin Məcəllənin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini müəyyən edə bilməz. Belə ki, ittihamın məzmununu və həcmini müəyyən etmək ədalət mühakiməsini həyata keçirən məhkəmənin vəzifəsi deyil, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Qeyd edilən hallar isə məhkəmənin hazılıq iclasında araşdırlıb qiymət verilməli olan məsələlərdir. Məhkəmənin hazırlıq iclasında törədilməsi iddia edilən əməllərə mahiyyəti üzrə baxılıb qiymət verilməsə də, onların nədən ibarət olması, şəxsin məhz hansı əməllərinə görə cinayət qanununun hansı norması ilə ittiham edilməsi, yəni ittihamın məzmununu və həcmi aydın və dəqiq olmalıdır ki, barəsində şikayət verilmiş şəxs üçün də aydın olsun ki, hansı əməllərinə görə Cinayət Məcəlləsinin məhz hansı maddəsi ilə ittiham edilir. İttihamın qeyri-müəyyən olması işin məhkəmə baxışının təyin edilməsi istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. İndiki halda xüsusi ittiham qaydasında şikayət vemiş şəxs Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinə əsasən üzərinə düşən vəzifəni yerinə yetirməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmiş, həmçinin məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi üçün şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X11, X4 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülsaba Ağayeva
Məhkəmə qərarları › İş №1(036)-74/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-74/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver