Məhkəmə qərarları › İş №1(036)-76/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-76/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-76/2023 15.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Tofiq oğlu, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-cı il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, İmişli şəhər "xxxx" MMC-də fəhlə işləyən, İmişli şəhəri S.Fətəliyev küçəsi ev 11 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi, 33-cü maddəsinin 4-cü hissəsi və 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə (1 saylı əlavənin 7-ci hissəsinin 4-cü bəndinin) nəzərdə tutulan yol hərəkəti qaydalarına riayət etməyərək, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan və sürət göstəricisi nasaz vəziyyətdə olan “İJ PLANETA-5” markalı motosikletlə İmişli şəhəri, Natəvan küçəsində İmişli şəhəri istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi təqdirdə, İmişli şəhəri, Natəvan küçəsində 12 nömrəli evin darvazasının qarşısında yolu soldan sağa keçən xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs vaxtında görməyərək cinayətkarcasına etinasızlıq etməklə idarə etdiyi motosikletin ön sol tərəfi ilə sonuncunu vuraraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ təpə-gicgah nahiyyəsində dərialtı hematoma, sağ təpə nahiyyəsində subdural hematoma, sağ təpəgicgah sümüyünün minimal yerdəyişmə ilə sınığı, baş beyinin yüngül dərəcəli əzilməsi, üst dodağında yara, alın nahiyyəsində sıyrıqdan ibarət həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində dövlət qeydiyyat nişanı olmayan idarə etdiyi “İJ Planetva-5” markalı motosikletlə 30 km/saat sürətlə İmişli şəhəri Natəvan küçəsində hərəkətdə olarkən yolun sol tərəfində iri qabaritli və təxmini sayını bilmədiyi bir neçə minik maşını dayandığına görə yolun sol tərəfini görmək mümkün olmamışdır. O, hərəkətdə olarkən Natəvan küçəsində yerləşən 12 nömrəli evin qarşısına təxminən 3-4 metr məsafə qalmış qəfildən yolun sol tərəfindəki tut ağacının arxasından Zərərçəkmiş şəxs qaça-qaça qarşısına çıxmış, bu ani olaraq baş verdiyindən əyləci basa bilməmiş, motosikleti isə sağa və ya sola çəkə bilməmişdir. Uğur idarə etdiyi motosikletin sol tərəfində olan dönmə işığına dəydikdən sonra dərhal motosikleti saxlayıb yerə düşmüş və sonuncunu yerdən qaldırıb evlərinə aparmışdır. Valideyenlərinə hadisəni olduğu kimi izah etdikdən sonra Uğuru valideynləri ilə birlikdə yoldan geçən taksi ilə İmişli rayon Mərkəzi xəstəxanasına aparmışdır. Bundan sonra arvadı xəstəxanada qalmış, o isə özünü pis hiss etdiyi üçün geri qayıtmışdır. Hadisə vaxtı idarə etdiyi motosikletin üzərində heç bir dövlət qeydiyyat nişanı olmamış, həmçinin onun motosikleti idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Hadisə vaxtı spirtli içki, yaxud onu sərxoş vəziyyətə gətirə biləcək hər hansı vasitədən istifadə etməmiş, motosikletdə yük olmamışdır. Hazırda törətmiş olduğu cinayət əməlindən peşman olmuş və barəsində daha yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur, xx.xx.2019-cu il təvəllüdlü olmaqla azyaşlıdır. 01 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində o, evə bazarlıq etmək üçün İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarına getmişdir. Uğur və qardaşı xx.xx.2010-cu il təvəllüdlü Şahid1 isə evdə olmuşdur. Nurlan həmin vaxtı İmişli şəhər İdman Kompleksinə futbol oynamaq üçün getməyə hazırlaşmış, Uğur da dalınca düşüb gəlmişdir. İmişli şəhəri, Natəvan küçəsi ev 12 ünvanının qarşısında olarkən İmişli şəhər sakini olan Rabil adlı şəxs idarə etdiyi motosiklet markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qəfildən Uğuru yolun ortasında vurmuşdur. Sürücünün özündən aldığı məlumata əsasən Uğurun başı motosikletin dönmə işığına dəymişdir. Motosiklet sürücüsü Uğuru oradan yaxınlıqda yerləşən evlərinə gətirmiş, sonra isə ətrafdakı şəxslərin köməyi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. O, bazardan evə qayıdandan sonra qonşulardan hadisə barədə məlumat alıb dərhal xəstəxanaya getmiş və bir müddət sonra Uğurun halının pis olduğunu görüb Bakı şəhərində yerləşən Neyrocərrahiyyə institutuna aparmışdır. Orada müayinə olunan zaman Uğurun kəllə-beyin nahiyyəsində travma olduğu müəyyən olunmuşdur. Uğur bir müddət xəstəxanada müalicə aldıqdan sonra yenidən rayona qayıtmış, lakin aldığı travma hələ də qalmaqdadır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, X2 qardaşıdır. İmişli şəhəri 5 saylı tam orta məktəbin 6-cı sinifində oxuyur. Hadisə olan günü, günorta saatlarında o, İmişli şəhər İdman Kompleksinə futbol oynamaq üçün getməyə hazırlaşmış, anası babası evində, atası isə bazarda olmuşdur. O, yaşadıqları küçəyə çıxanda Uğur da onunla gəlmək istəmişdir. O, Uğura evə getməsini demiş, amma sonuncu getməmişdir. Qapılarının qarşısından bir qədər qabağa getdikdə qonşularının qapısının qarşısındakı tut ağacının altında olan zaman o, Uğura evə getməsini demiş, lakin sonuncu getmək istəməmişdir. Bundan sonra Uğur yolun o biri tərəfinə keçmək üçün qaça-qaça getmiş, bu vaxt sürətlə gələn motosikletə dəyib yerə yıxılmışdır. Motosikleti idarə edən şəxs Uğuru qaldırıb əvvəl evə, sonra isə qonşuların köməyi ilə xəstəxanaya aparmışlar. Atası və anası hadisəni eşidib xəstəxanaya getmiş və Uğurun halı pis olduğu üçün atası Bakıya müalicə olunmaq üçün aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 01 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində yaşadıqları İmişli şəhəri Natəvan küçəsində səs-küy olduğunu eşidib küçəyə çıxanda, bir nəfər şəxsin Uğuru qucağına alıb gətirdiyini görmüşdür. O, həmin şəxsi tanımasa da, digər küçədə yaşadığını və motosiklet sürdüyünü bilmişdir. O, həmin şəxsin qarşısına qaçmış və Uğuru taksi ilə İmişli rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs həyat yoldaşı da xəstəxanaya gəlmiş və bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Bir qədər sonra Uğurun atası və anası gəlmiş, ilkin tibbi yardım göstərdikdən sonra Uğur evə yola salınmışdır. Sonradan Uğurun qardaşı Nurlanın futbol oynamağa getdiyini, bu səbəbdən Uğurun qardaşının dalınca qaçdığını, qardaşının deməsinə baxmayaraq geri qayıtmadığını, qonşuluqda yerləşən 12 nömrəli evin qarşısındakı tut ağacının altından yolun digər tərəfinə keçmək istəyərkən yol ilə hərəkət edən motosikletin dönmə işığına dəydiyini və xəsarətləndiyini öyrənmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun dörd yaşı var, məktəbə getmir. Ailədə atası Namiq, anası Nuranə, qardaşı Nurlanla yaşayır, televizora baxmağı və küçədə oynamağı xoşlayır. Hadisə vaxtı qardaşı Nurlan futbol oynamağa getmiş, o da qardaşı ilə getmək istəmişdir. Anası və atası evdə olmamışdır. Qardaşı velosiped sürərkən o da dalınca qaçıb küçəyə çıxmışdır. Küçədə maşın olmamışdır. Yolun ortası ilə qaçıb ağacın altında dayanan zaman qardaşı ona evə getməsini desə də o, getməmişdir. Yolu qaçıb keçən zaman motosikletə dəymiş və yıxılmışdır. Başqa bir hal xatırlamır. O, yolu iti qaçışla hərəkət edib keçmiş, ağacın qarşısında maşın dayandığından motosikleti görməmişdir. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, piyada vurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi yeri İmişli şəhəri, Natəvan küçəsində yerləşən 12 nömrəli evin qarşısıdır. Təqsirləndirilən şəxs sürücülük üçün heç bir hüquqverici sənədi olmadan idarə etdiyi motosiklet İmişli şəhəri, Natəvan küçəsindən İmişli şəhəri istiqamətində hərəkətdə olmuşdur. Piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin sol tərəfində, 12 nömrəli evin qarşısında olan tut ağacının yanında dayanan zaman anidən iti qaçışlarla yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə keçməyə cəhd etmişdir. Yolun hərəkət hissəsinin ümumilikdə eni 6 metr, hər hərəkət zolağının eni isə 3 metrdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, vəziyyəti isə qurudur. Hərəkət hissəsinə sağ və sol tərəflərdən yol çiyni birləşir. Yolun həm sağ, həm də sol tərəflərində fərdi yaşayış evləri və qaz xətti vardır. Asfalt üzərində şin və ya tormozlama izləri yoxdur. Yolun sol tərəfində 1,2 metr, sağ tərəfində isə 1,1 metr digər hissə vardır. Yolun sağ tərəfində isə 12 nömrəli evin qarşısında olan tut ağacına nisbətdə çarpaz yerləşən işıq dirəyi vardır. Yolun sol tərəfdəki hərəkət hissəsinin başlanğıcından piyadanın vurulduğu nöqtəyə qədər 3,10 metr məsafə vardır. Yəni piyada Zərərçəkmiş şəxs dayanığı nöqtədən qaçaraq çatdığı vurulma nöqtəsinə kimi 3,10 metr məsafə qət etmişdir. Piyadanın vurulma nöqtəsi ilə yolun sağ tərəfində yerləşən işıq dirəyi arasında 5 metr məsafə vardır. (cild 01, i/v vər: 04-11) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən nəqliyyat vasitəsi “İJ PLANETA-5” markalı motosikletdir. Nəqliyyat vasitəsinə məxsus heç bir rəsmi dövlət sənədi mövcud deyil. Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən hər hansı icazəverici sənədi yoxdur. Nəqliyyat vasitəsinin sağ tərəfində taxta materiallı, çərçivə formalı yük yeri vardır. Sükanının sağ və sol tərəflərində yan güzgülər vardır. Nəqliyyat vasitəsinin yanacaq çəni və yan təkərin üzərindəki ehtiyat hissəsi qırmızı rəngli, oturacaq hissəsi qara rəngli dəri materiallıdır. Nəqliyyat vasitəsinin sol tərəfindəki dönmə işığı sarı rəngli olmaqla qırılmış vəziyyətdədir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin qırılmış dönmə işığını əyani olaraq göstərərək Zərərçəkmiş şəxs qəfildən onun qarşısına çıxdığını və həmin dönmə nişanına dəyərək yerə yıxıldığını bildirmişdir. (cild 01, i/v vər: 70-73) “İstintaq eksperimenti keçirilməsi haqqında” 9 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, istintaq eksperimentinin aparılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlara uyğun olaraq İmişli şəhəri, Natəvan küçəsində yerləşən 12 nömrəli evin hasarının yanında, zərərçəkmiş Zərərçəkmiş şəxs və qardaşı Şahid1 yanında dayandığı tut ağacının qarşısında **-TL-***, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillər saxlanılaraq İmişli şəhəri, Natəvan küçəsindən İmişli şəhəri istiqamətində motosikletlə hərəkətdə olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hadisədən əvvəl dayandığı yerin görüntüsü süni olaraq məhdudlaşdırılmış və hadisə anı canlandırılmışdır. Təqsirləndirilən şəxs motosiklet nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 12 nömrəli evin hasarının yanında dayanmış qabaritli nəqliyyat vasitəsi üzündən həmin yerdə olan tut ağacının qarşısında dayanan uşaqları görməmişdir. Zərərçəkmiş şəxs qaçmağa başladığı nöqtə ilə Təqsirləndirilən şəxs onu gördüyü yer arasında 14,5 metr məsafə olması müəyyən edilmişdir. (cild 01, i/v vər: 157-160) İş materiallarına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 133 nömrəli rəyi ilə müəyyən olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ təpə-gicgah nahiyyəsində dərialtı hematoma, sağ təpə nahiyyəsində subdural hematoma, sağ təpə-gicgah sümüyünün minimal yerdəyişmə ilə sınığı, baş beyinin yüngül dərəcəli əzilməsi, üst dodağında yara, alın nahiyyəsində sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o, cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı piyadanın motosikletlə vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. (cild 01, i/v vər: 16-17) Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 5 sentyabr 2023-cü il tarixli, 8/2326 nömrəli rəyi ilə müəyyən olur ki, mövcud metodikaya əsasən ekspertiza yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti hadisə yerində qalan tormoz izinə əsasən müəyyən edilir. Hadisə yerində “İJ Planeta-5” markalı motosikletə məxsus tormoz izi qalmadığından ekspertiza yolu ilə motosikletin sürətini müəyyən etmək mümkün deyildir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə əsasən sürücü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi, piyada yolu keçməyə başlayan anda piyada ilə motosiklet arasında 4 metr məsafənin olması və piyadanı vuran anda motosikleti dayandırması məlumatları real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən 30 km/saat sürətlə hərəkətdə olan “İJ Planeta-5” markalı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “İJ Planeta-5” markalı motosikleti spidomteri nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-hissəsinin 3-cü bəndinin (1 saylı əlavənin 7hissəsinin 4-cü bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur. (cild 01, i/v vər: 149-153) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 3-13-16-4/2- 245/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir və onun adı sürücülük hüququndan məhrum olanların siyahısında yoxdur. İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər İƏD-si tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur, barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Beləliklə, məhkəmə işdəki sübutların müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə edərək, hazırda ondan heç bir şikayət və tələbin olmamasını, cinayət əməlini etiraf edib peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakteriza olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 298 (iki yüz doxsan səkkiz) manat məbləğində ekspertiza tədqiqatı xərcləri vardır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən ekspertiza tədqiqatı xərcləri təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkumun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs 298 (iki yüz doxsan səkkiz) manat ekspertiza tədqiqatı xərcləri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar