Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-76/2025 05.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, Babayev Famil Ələkbər oğlunun Azərbaycan Respublikası CM-in 148-ci və 147-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Babayev Famil Ələkbər oğlunun Azərbaycan Respublikası CM-nin 148-ci və 147-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, cinayət təqibi üzrə Babayev Famil Ələkbər oğlu onun bacısı oğludur. Cinayət təqibi üzrə Babayev Famil Ələkbər oğlu onun haqqında nalayiq ifadələr işlətdiyinə görə münasibətləri yoxdur. Belə ki, Babayev Famil Ələkbər oğlu həyat yoldaşı X3 mobil telefonuna dəfələrlə zəng vuraraq onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər söyüşlər işlətmiş, habelə etikadan tam olaraq kənara çıxmaqla həyat yoldaşının mobil telefonuna sosial şəbəkə olan “WhatsApp“ mobil tətbiqi vasitəsilə onun və ailə üzvləri haqqında nalayiq ifadələrdən ibarət səs yazıları göndərərək şərəf və ləyaqətini alçaltmışdır. Qeyd edir ki, o, şəhid anasıdır. Onun oğlu X7 2-ci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Həmçinin qaynı X8 da 1-ci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid anası kimi Babayev Famil Ələkbər oğlunun onun ünvanına bu cür nalayiq, şər böhtan xarakterli ifadələr işlədərək şərəf və ləyaqətini alçaltması onun səhhətinə də çox mənfi təsir göstərir. Belə ki, həmin səs yazıları yaşadığı kənddə və bütün qohum-əqrəbaları arasında yayılmışdır. Bu barədə həyat yoldaşı X1 Rayon Polis Şöbəsinə müraciət etmişdir. Ona rəsmi məktubla bildirilmişdir ki, müraciətdə qeyd olunanlarla bağlı məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymada ifadə olunur. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmada ifadə olunur. Göründüyü kimi böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsi şərəf və ləyaqətini və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilə əsərdə və ya kütləvi informasiya vasitəsində yaymada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrə qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələri ilə xüsusi ittihan qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrin saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-c (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Həmin qərarın 5-ci bəndində deyilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə yığıncaq toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunı bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salar məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbuat nəşrləri, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründüyü kimi Babayev Famil Ələkbər oğlu sosial internet şəbəkəsi vasitəsilə onun və ailə üzvləri barəsində böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. Qeyd edilən cinayət formal tərkiblidir, zəruri əlamətlərindən biri də şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə nalayiq formada qəsdən alçaltmaqla ifadə olunmalıdır. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayətə xüsusi ittihamçının şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmasını təsdiq edən mötəbər sübutlar əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hesab edirlər ki, bu ağır ittihamdır və Babayev Famil Ələkbər oğlu cinayət məsuliyyətinə cəlb edilməlidir. Odur ki, Biləsuvar rayon Asağı Cürəli kəndində anadan olmuş və hal-hazırda həmin kənddə yaşayan Babayev Famil Ələkbər oğlu onun barəsində şərəf-ləyaqətini nalayiq formada qəsdən alçatdığına görə onun barəsində xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə, həmin Məcəllənin 148-ci maddəsində təqsirli bilinib 6 (altı) ay müddətinə cəmi 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs S.M.Səfərova izahatında bildirdi ki, barəsində şikayət verdiyi şəxs – Babayev Famil Ələkbər oğlu faktiki olaraq Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayır. Babayev Famil Ələkbər oğlu onun barəsində cinayət xarakterli əməllərini həmin ünvanda törətmiş və ona smslər göndərmişdir. Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs F.Ə.Babayevə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətin məzmununa baxdıqda müəyyən edilir ki, şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin təhqir və böhtan xarakterli məlumatları “Whatsapp” sosial şəbəkəsi vasitəsilə törətdiyini qeyd etmişdir. Şikayətdə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri Biləsuvar rayonu, Aşağı Cürəli kəndi göstərilsədə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, F.Babayev Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayır və mesajları həmin ərazidən göndərmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət Abşeron rayonunun ərazisində törədildiyindən xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyati üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 298-300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Babayev Famil Ələkbər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci və 147-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №1(036)-76/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-76/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver