Məhkəmə qərarları › İş №1(036)-77/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-77/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-77/2023 14.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxx 1965-ci ildə İmişli rayonu, Ağaməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Araz küçəsi ev 60 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs sonuncunun və oğlu Şahid2 Dayanıqlı və X3 sosial işlə təmin edəcəyi barədə vəd verərək Zərərçəkmiş şəxs İmişli şəhəri H.Əliyev prospektindəki "xxxx" Açıq Səhimdar Cəmiyyətinin İmişli filialının inzibati binasının arxa tərəfində yerləşən çayxanada 29 fevral 2023-cü il tarixdə, saat 11 radələrində 600 (altı yüz) manat, 09 mart 2023-cü il tarixdə, saat 11 radələrində isə 400 (dörd yüz) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs 1000 (min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanışı Camal vasitəsi ilə 2023-cü ilin fevral ayında tanımışdır. X5 Astanovu Bakı şəhərində yük avtomobili vurmuş, aldığı xəsarətlə əlaqədar xəstəxanada müalicə olurmuş və bu səbəbdən də qardaşı Tahirə 1000 manat pul lazım olmuşdur. O, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin İmişli filialının arxasında çayxanada Camalla birlikdə olarkən, 1000 manat pul əldə etmək üçün Camala yalandan "xxxx" agentliyində iki nəfərlik iş olduğunu və işə düzəltmək üçün adam başına 500 manat pul lazım olduğunu demişdir. Camal ona iş axtaran tanışı olduğunu deyib, 29 fevral 2023-cü il tarixdə səhər saatlarında həmkəndlisi Xalıqverdi və onun oğlu ilə birlikdə mütəmadi olduğu çayxanaya gəlmişlər. Camal onları tanış edərək, Xalıqverdinin özünü və oğlunu işə düzəltmək istədiyini demişdir. O da Xalıqverdiyə onu və oğlunu 1-2 ay ərzində "xxxx" agentliyində işə düzəldəcəyini, aylıq olaraq 327 manat maaş alacaqlarını bildirmişdir. Həmin vaxt Xalıqverdi razılaşaraq ona 600 manat pul vermiş və qalan 400 manatı isə işə düzələndən sonra verəcəyini demişdir. Bir müddət keçdikdən sonra, yəni, 8 mart 2023-cü il tarixdə Camalın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə zəng edərək Xalıqverdiyə 400 manatı gətirib verməsini demişdir. 9 mart 2023-cü il tarixdə, saat 11 radələrində "xxxx" ASC-nin İmişli şəhəri, H.Əliyev prospketində yerləşən filialının arxasında Xalıqverdi, oğlu Əlməddin və Camalla görüşmüş və Xalıqverdi qalan 400 manat pulu da ona vermişdir. 400 manat pulu aldıqdan 1-2 ay sonra Xalıqverdi onun yanına gələrək, ona iş lazım olmadığını və oğlunun iş tapdığını deyib, pulunu istəmişdir. O da etiraz etməyərək pulu qaytaracağına söz vermişdir. 21 iyun 2023-cü il tarixdə, saat 16 radələrində "xxxx" ASC-nin İmişli şəhəri, H.Əliyev prospketində yerləşən filialının qarşısında quraşdırılmış ödəmə terminalının yanından Camala zəng vurub bank kartının nömrəsini ona deməsini istəmişdir. Camal bank kartının nömrəsini ona dedikcə, o da həmin kartın nömrəsini ödəmə terminalına yazaraq pulu Camalın kartına köçürmüşdür. Pulu köçürdükdən sonra Xalıqverdiyə zəng vurub 500 manat pulu Camalın kartına köçürdüyünü və Camalın həmin pulu çıxardaraq ona verəcəyini demişdir. Pulu köçürdükdən bir gün sonra Xalıqverdi ona zəng edərək Camalın pulu ona vermədiyini, Camala zəng etdiyini, lakin zəngə cavab vermədiyini demişdir. Hazırda etmiş olduğu cinayət əməlindən peşman olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi Camalın vasitəsi ilə tanımışdır. O və oğlu Şahid2 uzun müddət işsiz olmuşlar. İş tapmaq üçün "xxxx" MMC-yə müraciət etmişlər, lakin onlar işlə təmin olunmamışlar. 28 fevral 2023-cü il tarixdə yaşadığı kəndin ərazisindəki çayxanada olan zaman həmkəndlisi Camal ona Sovet adlı tanışının vasitəsilə işə düzəldə biləcəyini demişdir. 29 fevral 2023-cü il tarixdə saat 11 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin İmişli filialının arxasında çayxanada Sovetlə görüşmüş və onunla tanış olaraq özünün və oğlunun işlə təmin edilməsi barədə söhbət etmişlər. Sovet onlara qapı bir qonşusunun "xxxx" agentliyində işlədiyini, üç boş iş yeri olduğunu və bir nəfəri 500 manata işə düzəltdiyini demişdir. O da oğlu Əlməddini və özünü işə düzəldilməsi üçün Sovetlə razılaşmışdır. Sovet ondan 1000 manat pul istəmişdir. O, üzərində olan 3 ədəd 200 manatlıq, yəni 600 manat pulu Sovetə vermişdir. Sovet onu və oğlunu 1 ay ərzində işlə təmin etdirəcəyini və hər ay hər biri 350 manat maaş alacaqlarını demişdir. 8 mart 2023-cü il tarixdə Sovet istifəsdində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək 1000 manat puldan qalıq olaraq qalmış 400 manat pulu istəmiş və ona işlə təmin olunmaqları ilə bağlı tez bir vaxtda mobil telefonlarına mesaj gələcəyini demişdir. Səhəri gün, yəni 9 mart 2023-cü il tarixdə, saat 11 radələrində "xxxx" ASC-nin İmişli şəhəri ərazisində yerləşən filialının arxasındakı çayxanda o, oğlu Əlməddin, Camal və Sovet görüşmüşlər. Görüş zamanı Sovetə 1000 manatdan qalıq olaraq qalmış 400 manat pulu vermişdir. Sovet ona 2-3 günə işlə təmin oluncaqlarını demişdir. Bundan sonra onlar getmişlər. 2-3 gündən sonra Sovetə zəng vurub, işlə təmin olunmalarını tələb etmiş, Sovet isə ona qısa zaman içərisində işlə təmin olunacaqlarını demişdir. 5 ay ərzində işlə təmin olunmalarını gözləmiş, lakin heç bir nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs zəng vurub pulunu geri istəmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəyini demişdir. Bundan sonra da pulunun geri qaytarılmadığını görüb, onun qanunsuz əməlləri barədə şikayət ərizəsi ilə rayon polis şöbəsinə müraicət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, 27 fevral 2023-cü il tarixdə, saat 11 radələrində "xxxx" ASC-nin İmişli şəhəri, H.Əliyev prospektindəki filialının arxasında yerləşən çayxanada Sovetlə birlikdə çay içib söhbət edən zaman, sonuncu ona qonşusunun və özünün "xxxx" agentliyində işlədiyini, həmin yerdə 3 iş yeri olduğunu demişdir. Sovet ona həmin iş yerlərinə bir nəfər adamı 500 manata, üç nəfər adamı isə 1500 manata işə düzəldə bilmək imkanı olduğunu və ondan işçi tapmasını xahiş etmişdir. O da Sovetə bir nəfər özünü, iki nəfər isə həmkəndlilərindən tapa biləcəyini demişdir. Sovet ona problemsiz işi həll edəcəyini, sadəcə işə düzəlmək istəyən şəxsin 500 manat pulunun olmasının kifayət edəcəyini bildirmişdir. O, əvvəlcədən Xalıqverdinin özünə və oğlu Əlməddinə iş axtardığını bildiyinə görə, 28 fevral 2023-cü il tarixdə kənd ərazisində çayxanada olarkən Xalıqverdini görüb ona yaxınlaşmış və Sovetin işlə bağlı bildirdiyi təklif barədə məlumat vermişdir. Xalıqverdi qeyd olunan təkliflə razılaşaraq Sovetlə görüşmək istədiyini bildirmişdir. 29 fevral 2023-cü il tarixdə, saat 11 radələrində birlikdə "xxxx" ASC-nin İmişli şəhəri, H.Əliyev prospektindəki filialının arxasında yerləşən çayxanaya gəlib Sovetlə görüşüb işlə bağlı söhbət etmişlər. Həmin vaxt Xalıqverdi razılaşaraq Sovetə 3 ədəd 200 manatlıq, yəni 600 manat pul vermişdir. Sovet pulu alıb cibinə qoymuş, Xalıqverdiyə heç bir narahatçılığın olmadığını deyib, puldan qalıq olaraq qalmış 400 manatıda istəmişdir. Xalıqverdi Sovetə bir neçə gündən sonra 400 manatı verəcəyini demiş, bu vaxt ərzində Sovetin iş məsələsini həll etməsini xahiş etmişdir. Sovet Xalıqverdiyə mart ayının ortalarınadək onları işlə təmin etdirəcəyini və hər ay 400 manata yaxın maaş alacağlarını demişdir. 9 mart 2023-cü il tarixdə, saat 11 radələrində Xalıqverdi ilə birlikdə yenə Sovetin daim olduğu yerə, yəni çayxanaya gəlmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Xalıqverdi mobil telefon vasitəsi ilə Sovetlə danışmış və Sovet 1000 manat puldan qalıq qalmış 400 manat pulu istədiyinə görə Xalıqverdi də həmin pulu gətirib Sovetə vermişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq Sovet vədinə əməl etməmiş, Xalıqverdi və oğlunu işlə təmin etdirməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. ( i/v 22- 26) İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 1(036)-109/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsindən daxil olmuş 14 sentyabr 2023cü il tarixli, 3-17-7/2-35858/2023 məktuba əsasən Zərərçəkmiş şəxs və Şahid2 "xxxx" mərkəzlərinə müraciətlərinin, eyni zamanda "xxxx" MMC ilə əmək münasibətləri olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində 15 sentyabr 2023-cü il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 5-53-12/1-2-70 nömrəli məktub və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Araz küçəsi ev 60 ünvanında arvadı X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır və onun Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli və cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar