Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-78/2023 26.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonu Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Cavad kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 16 iyun 2023-ci il tarixdə saat 13:20 radələrində İmişli-Saatlı rayonlararası avtomobil yolunun İmişli rayonunun Qaralar kəndi ərazisindən keçən hissəsində, yaşayış məntəqəsində 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda müəyyən olunan məhdudiyyətdən daha yüksək sürətlə idarə etdiyi “VAZ-21074” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu istiqamətində hərəkətdə olarkən, qarşıda sağ zolaqla onunla eyni istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi “VAZ-21214” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə sola dönmə əməliyyatını aparmaq üçün sol hərəkət zolağına çıxdığını görərək, avtomobilin sürətini azaldıb, sola dönmə əməliyyatının təhlükəsiz başa çatdırılması üçün qarşıdakı nəqliyyat vasitəsinə şərait yaratmalı, avtomobili sol hərəkət zolağına çıxarmamalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı, o cümlədən sağa doğru təhlükəsiz manevr aparmaqla sola dönmə əməliyyatı aparan avtomobilin sağ tərəfindən ötüb keçməli olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsi və 64-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, idarə etdiyi “VAZ-21074” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini azaltmadan və digər zəruri tədbirlər görmədən sol zolaqda hərəkətini davam etdirərək avtomobilinin ön tərəfi ilə sola dönmə əməliyyatı aparan “VAZ- 21214” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vuraraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncu avtomobilin arxa oturacağında oturmuş sərnişin X3 ehtiyatsızlıqdan sağ gicgah nahiyyəsində hematoma (şişkinlik və dərialtı qansızma), sağ gicgah sümüyünün yerinidəyişməyən sınığı, sınıq proyeksiyasında baş-beyinin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş-beyin toxumasında qansızma, sol saidin yuxarı 1/3-nin ön səthində sıyrıqdan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, ehtiyatsızlıqdan X2 başın qapalı küt travması nəticəsində baş-beyin toxumasına qansızmadan ölümünə səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı AR CM-nın 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Sabirabad rayonu Cavad kəndində yaşayır və hər həftə özünə məxsus olan VAZ-21074 markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonundan İmişli rayonuna lavaş apararaq satış məqsədilə ticarət məntəqələrinə paylayır. 16 iyun 2023-cü ildə saat 13 radələrində İmişli şəhərində olub lavaşı satdıqdan sonra idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Sabirabad rayonuna qayıdarkən avtomobili İmişli-Saatlı avtomobil yolunun Qaralar kəndi ərazisindən keçən hissəsində Saatlı rayonu istiqamətinə 80 km/saat sürətlə idarə edərkən yolun sağ tərəfindən hərəkət etdiyi zolağa ağ rəngdə “Niva” markalı avtomobil çıxmış, avtomobilin yola çıxmasını təxminən 4-5 metr məsafədən görmüş, ara məsafəsi az olduğundan idarə etdiyi avtomobilin əyləcini sıxa bilməmiş, onun idarə etdiyi avtomobilin ön tərəfi ilə “Niva” markalı avtomobilin arxa hissəsi toqquşmuş və toqquşmadan sonra avtomobili yolun sol kənarına çıxmışdır. Avtomobili yolun sol kənarında olan dərədə olan dəmir malaya ilişərək dayanmışdır. Yerə düşəndə “Niva” markal avtomaşının arxasının su kanalına tərəf dayanmasını görmüşdür. Avtomobildən düşən sürücü arxın kənarında bir nəfər qadının qarnından basaraq ona nəfəs alması üçün kömək etmişdir. Hadisədən sonra İmişli RPŞ-nə getmiş, daha sonra “Niva” markalı avtomobildə olan sərnişin A.Həsənovanın ölməsini eşitmişdir.Avtomobili idarə etməmişdən əvvəl spirtli içki qəbul etməmiş və avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Daha sonra ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, evlidir və himayəsində iki nəfər azyaşlı uşağı vardır. Baş verənlərə görə peşmançılıq hissi keçirir və X2 ölümünə ğörə əzab çəkir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, mərhum arvadı X5 ilə birliklə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsi ev 8, mənzil 64-də yaşamışdır. X1 xəstə olduğu üçün arvadı Aynurə Həsənova bir həftə əvvəl anasına baş çəkmək üçün İmişli rayonu Qaralar kəndinə gəlmişdir. Hadisə baş verən gün, Bakı şəhərində olmuşdur. 16 iyun 2023-cü ildə saat 13 radələrində qaynı Şahid1 ona zəng edib Aynurənin avtomobil qəzasına düşməsini və xəstəxanaya aparılmasını xəbər vermişdir. O, da dərhal İmişli rayonuna gəlmişdir. İmişli rayonu Qaralar kəndinə çatanda Aynurəni meyitini artıq evlərində görmüş və onu həmin gün Qaralar kənd qəbirstanlığında dəfn etmişlər. Bundan sonra yol-nəqliyyat hadisəsinin necə baş verməsi ilə maraqlanmış, ona məlum olmuşdur ki, qaynıı Şahid1 ilarə etdiyi "Niva" markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaralar kəndinin ərazisində Fariz adlı şəxsin idarə etdiyi "Vaz-21074" markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş, Əfqanın avtomobili yolun sol kənarına düşmüşdür. Hadisə zamanı Aynurə Əfqanın idarə etdiyi avtomobildən çölə çıxıb arxa duşmuş və aldığı xəsarətlərdən ölmüşdür. Həmin hadisənin günahkarı "Vaz-21074" markalı avtomobilin sürücü Fariz adlı şəxsin olmasını bildirmişdir. Onu da qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs və onun ailə üzvləri onlarla maraqlanmış, ona maddi və mənəvi köməklik, ümumiyyətlə, diqqət və qayğı göstərmişlər. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli rayonu, Qaralar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Onun “VAZ-21214” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. X5 onun bacısıdır. Aynurə hadisə baş verməzdən 10 gün əvvəl İmişli rayonu Qaralar kəndinə qaynanası evinə qonaq gəlmişdir. 16 iyun 2023-cü ildə saat 13 radələrində Aynurəni arvadı X4 baş çəkmək üçün gəlib apararkən bacısı Elnurəni götürmək üçün Qaralar kəndində sonuncunun yaşadığı ünvana getməli olmuşdur. O, idarə etdiyi avtomobillə Elnurənin evinə gedərkən nəvəsi Sənan qabaq oturacaqda, bacısı Aynurə isə avtomobildə arxa oturacaqda sağ tərəfdə əyləşmişlər. Həmin vaxt İmişli-Saatlı avtomobil yoluna çıxıb avtomobili 50 km/saat sürətlə idarə edib Elnurənin yaşadığı küçəyə dönmək üçün yolayrıcına 15-20 metr qalmış, sola dönmə işıqların yandırıb yolun sağ zolağından sola tərəf dönərkən arxadan sürətlə hərəkət edən Vaz-21074 markalı avtomobil onun avtomobilinin arxa hissəsinə çırpılmışdır. Vaz-21074 markalı avtomobilin arxada 100-150 metr uzaqda olmasını görüb sola dönmə işıqların yandırıb dönmə əməliyyatı aparmış, lakin o, dönməni başa çatdıran anda Vaz-21074 markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə çatıb toqquşmuş, avtomobilin su kanalına tərəf tullamışdır. Zərbənin təsirindən avtomobilin arxa alın şüşəsi yerindən çıxmış, Aynurə də həmin yerdən çıxaraq su arxına düşərək xəsarətlər almışdır. Avtomobildən düşüb Aynurəni su arxının içərisindən tapıb sudan çıxarıb yerə uzadıb sinəsindən masaj etsədə onu ayılda bilməmişdir. Hadisə yerində olan Seymur adlı şəxsin idarə etdiyi “KİA Optima” markalı avtomobillə Aynurəni İmişli RMX-na yola salmış, üst başı palçıq olduğuna görə evinə gedib əynini dəyişdikdən sonra xəstəxanaya getmiş və orada olarkən Aynurənin ölməsini bilmişdir. İş üzrə şahid X10 ifadəsində göstərmişdir ki, o, babası Şahid1 idarə etdiyi avtomobil ilə yol gələrkən babası yolu sola dönüb, dönməni başa çatdıran anda arxadan gələn minik avtomobili onların mindikləri avtomobili arxa hissədən vuraraq yol kənarına tullamışdır. Babasının idarə etdiyi avtomobil su kanalına tərəf düşmüş və Aynurə avtomobildən düşərək su arxının içərisində qalmışdır. Babası Aynurəni tapa bilmədikdə o, ilk olaraq Aynurəni görüb, arxın içərisində olmasını babasına göstərmişdir. Aynurəni kənd adamları ilə bir yerdə babası sudan çıxarmışdır. Babasının avtomobili ilə toqquşmuş avtomobilin sürücüsü kənarda durmuş və sonra sürücü əks tərəfə qaçıb çıxıb getmişdir. O, hadisə nəticəsində heç bir xəsarət almamışdır. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, 16 iyun 2023-cü ildə saat 13 radələrində bacısı X2 yol-nəqliyyat hadisə zamanı xəsarət aldığını eşidib hadisə yerinə gəlmişdir. Bacısının özündən getməsini, ağır-ağır nəfəs alıb-verməsini görüb bərk əsəbləşmiş və sürücü Təqsirləndirilən şəxs nalayiq söyüşlə söyərək üzərinə getmiş, sürücü onu görüb qorxaraq oradan qaçmışdır. İşdə olan “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri İmişli-Saatlı yolunun Qaralar kəndi ərazisindən keçən hissəsidir. Həmin yerdə yol quru, düz olmaqla görməni məhdudlaşdıran heç bir maneə yoxdur.Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla, yol iki hərəkət zolağından ibarətdir. Asfalt yol, sağ və sol tərəfdən Qaralar kəndinə ayrılan torpaq və çınqıllı yolla kəşişir. Yolun ortasında qırıq ağ xətt, kənarlarında sarı bir düz xətt vardır. Hadisə İmişli rayon Qaralar kəndi ərazisində yaşayış məntəqəsində baş vermişdir.Orada nəqliyyat vasitələrin maksimum sürət həddinin 50 km/saat olmasını bildirən yol nişanı vardır. Toqquşma yolun Saatlı istiqamətində yolun sağ çiynindən sol çiyininə tərəf 5,5 metr məsafədə baş vermişdir. Toqquşmadan sonra “VAZ-21214” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 8 metr aralıda su arxının kənarına,“Vaz-21074” markalı,**-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 35 metr aralıda yolun sol kənarında çökəklik ərazidə aşkar edilmişdir.(c.i.səh: 4-16) İşdə olan İmişli rayon Qaralar kəndində “Dostluq İnşaat” adlanan tikinti materialları mağazaya quraşdırılmış müşahidə kamerasının yaddaş qurğusuna olan görüntüyə baxış keçirilməsi haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 13:22:50 radələrində “VAZ- 21214” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil İmişli –Saatlı yolu ilə Saatlı istiqamətində asfalt yol ilə asta sürətlə hərəkətdə olmuş, həmin avtomobil sola dönüb dönməni başa çatdıran anda “Vaz-21074” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan sürətlə hərəkətdə olaraq “VAZ-21214” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Kamera ilə hadisə yeri arasında məsafə uzaq olduğu üçün “VAZ-21214” markalı, **- OR-*** dövlət qeydiyyat nişanlı avtomobilinsola dönmə işıqların yandırıb-yandırmamasını müəyyən etmək mümkün deyildir.( c.i.səh: 46) İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 07 nömrəli rəyindən görünür ki, müayinə zamanı X2 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ gicgah nahiyyəsində hematoma, (şişkinlik və dərialtı qansızma) sağ gicgah sümüyünün yerini dəyişməyən sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş beyin toxumasında qansızma, sol saidin yuxarı 1/3-nin ön səthində sıyrıq bərk küt əşyanıın (əşyaların) təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aiddirlər; Xəsarətlər həyatidir, ölümlə nəticələnmiş və qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cu il tarixdə baş vermiş avtoqəza nəticəsində əmələ gələ bilərdi;X2 ölümü xx.xx.2023-cü il tarixdə baş vermiş və onun ölmünə səbəb almış olduğu başın qapalı küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. ( c.i.səh: 87-90) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 8/2111 nömrəli rəyinə əsasən “VAZ-21074” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur;Sürücü Təqsirləndirilən şəxs “VAZ-21074” markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimumum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saat qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimumum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. ( c.i.səh: 109-110) İşdə olan AE seriyalı 82069 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, yol-nəqliyyat hadisə zamanı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmuşdur. ( c.i.səh: 25, 123) İşdə olan 415 saylı, xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. (c.i.səh: 20) İşdə olan 2197/K saylı, xx.xx.2023-cü il tarixli “maddi sübutların ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs etil spirti aşkar edilməmişdir. . (c.i.səh: 81-83) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun təqsiri özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, işin materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi, məhkəmə-avtotexniki və məhkəmə-tibbi ekspertizasının rəyləri, habelə işdə olan digər materiallarla tam sübuta yetmişdir. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqlaXüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Sabirabad RİB-nın Cavad kənd inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli15/2-416/2023 saylı arayışa əsasən Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X12 adlı uşaqları vardır. (c.i.səh: 161) İşdə olan Sabirabad RİHB-nın Cavad kənd inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Cəfərov X6 rayonu Cavad kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (c.i.səh: 162) Cinayət işində olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c.i. səh: 70-71) AR CM-nın 59-cu maddəsinə əsasən əməlindən peşman olması, zərərçəkmiş şəxsin varisinə dəymiş mənəvi zərərin aradan qaldırılması üçün səylər göstərərək onunla barışıq əldə etməsini və himayəsində iki nəfər azyaşlı uşaqları olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin xarakteri nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli və cəzanın həddi müəyyən edilərkən cəzasını yüngülləşdirən hallar nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 347, 349, 351-353, 383- 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəli cəzanı çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci alınıb Dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(036)-78/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-78/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver