Məhkəmə qərarları › İş №1(036)-79/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-79/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-79/2021 12.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Taleh qızı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Məhəddin oğlu və Zərərçəkmiş şəxs4, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə, xx xxx 1995-ci il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə, xx xxxxxx 1996-cı il tarixdə İmişli rayonunun Oruclu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonunun Oruclu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 07 dekabr 2020-ci il tarixdə saat 13 radələrində qohumu Zərərçəkmiş şəxs2 məxsus İmişli rayonunun Rəsullu kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq evin otağından bir ədəd 400 manat dəyərində xalçanı gizli talayaraq zərər çəkmiş şəxsə 400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 20 yanvar 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 Məhəddin oğluna məxsus İmişli rayonunun Rəsullu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, oradan hər birinin orta bazar qiyməti 200 manat olmaqla 400 manat dəyərində 2 baş dişi qoyun və hər birinin orta bazar qiyməti 250 manat olmaqla 500 manat dəyərində 2 baş erkək qoyun heyvanlarını gizli talayaraq, ümumilikdə zərər çəkmiş şəxsə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 20 yanvar 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 Məhəddin oğluna məxsus İmişli rayonunun Rəsullu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, oradan hər birinin orta bazar qiyməti 200 manat olmaqla 400 manat dəyərində 2 baş dişi qoyun və hər birinin orta bazar qiyməti 250 manat olmaqla 500 manat dəyərində 2 baş erkək qoyun heyvanlarını gizli talayaraq, ümumilikdə zərər çəkmiş şəxsə 900 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 21 yanvar 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 İsrafil oğluna məxsus İmişli rayonunun Yalavac kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, oradan orta bazar qiyməti 180 manat dəyərində 1 baş dişi qoyun heyvanını gizli talayaraq zərər çəkmiş şəxsə 180 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 fevral 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli rayonunun Rəsullu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, oradan hər birinin orta bazar qiyməti 200 manat olmaqla 400 manat dəyərində 2 baş erkək qoyun heyvanlarını gizli talayaraq zərər çəkmiş şəxsə 400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 fevral 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli rayonunun Rəsullu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, oradan hər birinin orta bazar qiyməti 200 manat olmaqla 400 manat dəyərində 2 baş erkək qoyun heyvanlarını gizli talayaraq zərər çəkmiş şəxsə 400 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 19 yanvar 2021-ci il tarixdə günorta saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə kənddə olan bərbərxananın qarşısında söhbət edərkən hər ikisinin pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Həmin gün Beyləqan rayonunda mal bazarı təşkil olunduğundan oğurlayacaqları heyvanları aparıb həmin mal bazarında satmağı fikirləşmişlər. Sonra onlar evə gedib həmin gecə saat 02 radələrində elə həmin bərbərxananın qarşısında görüşməyə razılaşmışlar. 20 yanvar 2021-ci il tarixdə saat 02 radələrində o, Elnurla Rəsullu kəndində olan bərbərxananın qarşısında görüşmüş və həmkəndliləri Rəsullu kənd sakini Zərərçəkmiş şəxs3 Məhəddin oğlunun həyətindən qoyun oğurlayıb satmağa qərar vermişlər. Bundan sonra onlar birlikdə Camala məxsus yaşayış evinin həyətinə getmiş və həyətə tövlə olan yerdə açıq taxta qapıdan daxil olmuşlar. Elnur pusquda durmuş, o isə həyətdə olan tövləyə girmişdir. Sonra o, tövlədən iki baş quzu çıxardıb Elnura vermiş və hərəsi 1 baş quzunu həyətdən təxminən 50 metr kənara aparıb gizlin bir yerdə bağlamışlar. Daha sonra onlar yenidən tövləyə qayıtmış və o, yenə də tövləyə girib iki baş quzu çıxarıb bir baş quzunu Elnura vermiş, digər quzunu isə özü götürmüşdür. Onlar həmin 2 baş quzunu da əvvəl oğurladıqları iki baş quzuların yanına gətirmişlər. Sonra hərəyə 2 baş quzu olmaqla, ümumilikdə 4 baş quzunu oğurlayıb onun həyətinə aparmışlar. Gecə saat 03 radələrində o, həmkəndlisi taksi sürücüsü Şahid2 zəng edib evinə gəlib 50 manat pul müqabilində onları Beyləqan rayonuna mal bazarına aparmağı təklif etmiş, sonuncu da razılaşıb onun evinə gəlmiş və Elnurla birlikdə 4 baş quzunu sonuncuya məxsus “Mercedes” markalı avtomobilə yükləyib Beyləqan rayonuna aparmışlar. Elman qoyunların kimə məxsus olduğunu soruşduqda o, qoyunların özünə məxsus olduğunu demişdir. Birlikdə Beyləqan mal bazarında həmin 4 baş quzuları 1 başı 80 manat olmaqla, ümumilikdə 340 manata tanımadığı şəxsə satmışlar. Heyvanları satandan sonra Elmanın 50 manatını vermiş və yerdə qalan 290 manatı isə Elnurla yarı bölmüşdür. Bundan sonra Elman gətirib onları kəndlərində düşürdüb getmişdir. Səhəri gün, yəni 20 yanvar 2021-ci il tarixdə gündüz vaxtı o, Elnurla yenə də kənddə bərbərxananın qarşısında görüşüb oğurluq etməyə qərar verib gecə saat 02 radələrində görüşməyə razılaşmışlar. O, Elnura onun İmişli rayonunun Yalavac kəndində yaşayan qayınatası Zərərçəkmiş şəxs4 İsrafil oğluna məxsus evə gedib sonuncunun evindən qoyun oğurlamağı təklif etmişdir. 21 yanvar 2021-ci il tarixdə saat 02 radələrində o, Elnurla kənddə bərbərxananın yanında görüşmüş və birlikdə piyada qayınatasıgilin evinə getmişlər. Evin həyətinə çatarkən hər ikisi həyətin darvazasının yanındakı hasardan həyətə girmişlər. Həmin vaxt həyətdə olan tövlənin giriş qapısı bağlı olsa da, pəncərəsi açıq olmuş və Elnur açıq pəncərədən tövləyə girmiş, o isə pəncərənin qarşısında gözləmişdir. Elnur 1 baş toğlunu tövlənin pəncərəsindən çıxarıb ona vermişdir. Elnur növbəti qoyunu götürmək istədikdə oğurladığı evin sahibinin qayınatası olması səbəbindən sonuncuya növbəti qoyunu götürməyə icazə verməmişdir. O, Elnurla birlikdə həmin bir baş qoyunu Yalavac kəndindəki yolun kənarına gətirib orada durub taksi gözləmişlər. Həmin vaxt onun həmkəndlisi taksi sürücüsü Şahid1 oradan keçərkən o, əl edib onu saxlatmış və qayınatasının ona mal bazarında satması üçün bir baş qoyun verdiyini bildirib onları mal bazarına aparmağı xahiş etmişdir. Aralarında olan razılığa əsasən Elvin onları mal bazarında gözləməli olmuş və bunun qarşılığında ona 8 manat pul verməli olmuşlar. Bundan sonra Elvin avtomobili ilə onları mal bazarına aparmış və o, Elnurla birlikdə oğurladığı bir baş toğlunu tanımadıqları şəxsə 110 manata satmışlar. Həmin şəxsə satdıqları heyvanın özlərinə məxsus olduğunu demişlər. Onlar heyvanı satandan sonra Elnurla birlikdə Elvinə məxsus avtomobillə Rəsullu kəndinə gəlmiş və razılaşmaya görə sonuncuya 8 manat pul vermişlər. Yerdə qalan 102 manat pulu isə Elnurla aralarında yarı bölmüşlər. Bundan başqa o, 09 fevral 2021-ci il tarixdə saat 23 radələrində Rəsullu kəndində yerləşən bərbərxananın qarşısında durub tanışı Oruclu kənd sakini Şəmsi ilə söhbət edərkən söhbət əsnasında hər ikisi oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə gecə saat 03 radələrində görüşüb həmkəndlisi Zərərçəkmiş şəxs1 həyətindən qoyun oğurlamağa razılaşmışlar. Gecə saat 03 radələrində o, Şəmsi ilə yenə bərbərxananın qarşısında görüşmüş və piyada Elçingilin evinə tərəf getmişlər. Həmin vaxt o, özünü pis hiss etdiyi üçün həyətə girə bilməmişdir. Şəmsi hasardan həyətə tullanıb bir baş quzunu gətirib ona vermiş və sonra yenə də həyətə girib bir baş quzu da gətirmişdir. Onlar hərəyə bir baş quzu götürüb baş yolun kənarına gəlmişlər. O, Şəmsinin mobil telefonu ilə Elvinə zəng edib onları 50 manata Füzuli rayonunda təşkil olunan mal bazarına aparmağıxahiş etdikdə sonuncu etiraz etməyib olduqları yerə gəlib onları Füzuli rayonuna aparmışdır. Elvin onlardan həmin quzuların kimə məxsus olduğunu soruşduqda o, quzuların özünə məxsus olduğunu demişdir. Onlar mal bazarında həmin 2 baş quzunu tanımadıqları şəxsə 250 manata satmışlar. Həmin şəxsə quzuların özlərinə məxsus olduğunu demişlər. Daha sonra onlar həmin puldan 50 manatı Elvinə vermiş, yerdə qalan 200 manatı isə aralarında yarı bölmüşlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, əmisi Laçın Əzizovla qonşuluqda yaşayır. Əmisi Bakı şəhərində işləyib yaşadığından əmisi arvadı Gülufə tək evdə qalmasın deyə çox vaxt atasıgilə gedirmiş. Ona görə də evləri çox vaxt boş olurmuş. 07 dekabr 2020-ci il tarixdə o, kənddə tək gəzərkən cibində pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Həmin gün əmisigilin evi boş olduğundan və əmisi arvadı evlərində olmadığından onların evindən oğurluq etmək fikrinə düşmüşdür. Saat 13 radələrində o, əmisigilin qapısının qarşısında durub ətrafa baxmış və heç kimin olmadığına əmin olduqdan sonra hasardan tullanıb həyətə keçmişdir. Daha sonra o, həyətdə yerləşən evə tərəf getmiş və birinci mərtəbədə oğurlanası əşya olmadığı üçün ikinci mərtəbəyə qalxmışdır. İkinci mərtəbədə evin giriş qapısı bağlı olduğu üçün o, pəncərənin şüşəsini yerindən çıxardıb evə daxil olmuşdur. O, evin bütün otaqlarını gəzmiş, lakin dəyərli bir şey tapmamışdır. Sonra o, evin otaqlarının birində bağlı formada təzə xalça görmüş və həmin xalçanı oğurlamaq qərarına həlmişdir. Evdən tələsik çıxdığı üçün pəncərənin şüşəsini yerinə bərkitməmiş və şüşəni pəncərəyə boş bağlayıb xalçanı da götürüb evdən çıxmışdır. O, xalçanı sonradan satmaq üçün aparıb həyətlərində gizlin bir yerdə gizlətmişdir. Oğurluqdan iki gün sonra, yəni 09 dekabr 2020-ci il tarixdə əmisi arvadı evlərinə gələrkən evlərindən oğurluq olduğunu müəyyən etmiş və bu barədə polis şöbəsinə şikayət etmişdir. O, oğurluğunun üstünün açılacağını başa düşdüyündən xalçanı satmamaq qərarına gəlmişdir. Bir neçə gün gözləyib əmisi arvadının sakitləşib şikayətini götürəcəyini düşünmüş, lakin sonuncu şikayətini geri götürmədiyi üçün o, xalçanı gizlicə aparıb yerinə qoymağı düşünmüşdür. Bir neçə gün sonra xalçanı gizlin aparıb əmisigilin həyətinə atmışdır. 19 yanvar 2021-ci il tarixdə günorta saatlarında o, həmkəndlisi Elnurla birlikdə kənddə olan bərbərxananın qarşısında söhbət edərkən hər ikisinin pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Həmin gün Beyləqan rayonunda mal bazarı təşkil olunduğundan onlar oğurlayacaqları heyvanları aparıb həmin mal bazarında satmağı düşünmüşlər. 20 yanvar 2021-ci il tarixdə saat 02 radələrində o, Mayislə Rəsullu kəndində olan bərbərxananın qarşısında görüşmüş və həmkəndliləri Zərərçəkmiş şəxs3 həyətindən qoyun oğurlayıb satmağa razılaşmışlar. Onlar birlikdə Camalgilin həyətinə getmiş və taxta qapını açıb həyətə daxil olub həyətdə olan heyvan saxlamaq üçün tövləyə girmişlər. Tövlənin qapısında kilid olmamış və qapısını yaba söykəyib bağlayıbmışlar. O, tövlənin giriş qapısının yanında pusquda durmuş Mayis isə tövləyə girmişdir. Bundan sonra Mayis tövlədən iki baş quzu çıxardıb ona vermiş və hərəsi bir baş quzunu həyətdə təxminən 50 metr kənara aparıb bir yerdə bağlayıb daha sonra yenidən tövləyə qayıtmışlar. Mayis yenə də tövləyə girib iki baş quzu çıxarıb bir baş quzunu ona vermiş, o biri quzunu isə özü götürmüşdür. Onlar həmin 2 baş quzunu da əvvəl oğurladıqları iki baş quzuların yanına gətirmişlər. Daha sonra hərəyə 2 baş quzu olmaqla ümumilikdə 4 baş quzunu oğurlayıb Mayisgilin həyətinə aparmışlar. Saat 03 radələrində Mayis həmkəndlisi taksi sürücüsü olan Elmana zəng edib evinə gəlib onları 50 manat pul müqabilində Beyləqan rayonunda təşkil olunan mal bazarına aparmağı xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Elman Mayisgilə gəlmiş və onlar birlikdə 4 baş quzunu sonuncuya məxsus “Mercedes” markalı avtomobilə yükləyib Beyləqan rayonuna aparmışlar. Elman qoyunların kimə məxsus olduğunu soruşduqda Mayisə məxsus olduğunu demişlər. Beyləqan mal bazarında 4 baş quzuları 340 manata tanımadıqları şəxsə satmışlar. Pulun 50 manatını Elmana vermiş, yerdə qalan 290 manatı isə yarı bölmüşlər. Sonra Elman gətirib onları kəndlərində düşürüb getmişdir. Bundan sonra, 20 yanvar 2021-ci il tarixdə gündüz vaxtı yenə də Mayislə birlikdə kənddə bərbərxananın qarşısında görüşüb oğurluq etmək qərara gəlmişlər. Mayis ona Yalavac kəndində yaşayan qayınatasının yaşadığı evin həyətində yerləşən tövlədən qoyun oğurlaya biləcəklərini bildirmişdir. 21 yanvar 2021-ci il tarixdə saat 02 radələrində onlar kənddəki bərbərxananın qarşısında görüşüb birlikdə piyada Mayisin qayınatasıgilin evinə getmişlər. Evin həyətinə çatıb hər ikisi həyətin darvazasının yanından hasardan həyətə girmişlər. Həmin vaxt həyətdə olan tövlənin giriş qapısı bağlı olsa da pəncərəsi açıq olmuşdur. O, həmin açıq pəncərədən tövləyə girmiş, Mayis isə pəncərənin qarşısında gözləmişdir. O, tövləyə girib bir baş toğlunu götürüb tövlənin pəncərəsindən çıxarıb Mayisə vermişdir. O, növbəti qoyunu götürmək istəyərkən Mayis oğurluq etdikləri evin sahibinin qayınatası olduğunu deyib ona əlavə qoyun götürməyə icazə verməmişdir. Həmin bir baş qoyunu onlar birlikdə Yalavac kəndindəki yolun kənarına gətirmişlər. Mayis taksi tapmaq üçün getmiş və bir neçə dəqiqədən sonra taksi sürücüsü Şahid1 avtomobili ilə gəlmişdir. Mayis avtomobildən düşərək köməkləşib həmin 1 baş qoyunu Elvinin avtomobilinin yük yerinə qoymuşlar. Daha sonra hər ikisi avtomobilə əyləşmiş və Elvin avtomobili ilə onları mal bazarına aparmış, özü isə çıxıb getmişdir. O, Mayislə birlikdə həmin oğurladığı bir baş toğlunu tanımadıqları şəxsə 110 manata satmışlar. Həmin şəxsə satdıqları heyvanın özlərinə məxsus olduğunu demişlər. Heyvanı satandan sonra Elvin qayıdıb gəlmiş və o, Mayislə birlikdə sonuncuya məxsus avtomobillə Rəsullu kəndində qayıtmışlar. Razılaşmaya əsasən Elvinə 8 manat pul verib yerdə qalan 102 manatı isə Mayislə aralarında yarı bölmüşlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 2021-ci ilin fevral ayında tanışı Mayislə birlikdə axşam vaxtı kənddə olan bərbərxananın qarşısında söhbət edərkən sonuncu ona qohumlarıgildə heyvan olduğunu və həmin heyvanı gedib oğurlamaqlarını bildirdikdə o, razılaşmışdır. Razılaşdıqları kimi gecə saat 03 radələrində onlar Rəsullu kəndində yerləşən bərbərxananın qarşısında görüşüb həmin yerdən təxminən 300-400 metr kəndin içinə gedəndən sonra kanalın yanında yerləşən bir evə çatmışlar. Həmin vaxt Mayis özünü pis hiss etdiyi üçün həyətə girə bilməmişdir. Mayis həyətin yerini ona göstərmiş və o da həmin həyətin hasarından tullanıb həyətdə olan tövləyə girmişdir. O, tövlədən 1 baş quzunu çıxarıb gətirib Mayisə vermiş, sonra bir də tövləyə girib tövlədən 1 baş quzu da gətirmişdir. Onlar hərəyə bir baş quzu götürüb kəndin yolunun kənarına çıxmışlar. Onun mobil telefonu ilə Mayis Elvinə zəng edib onları 50 manata Füzuli rayonunda təşkil olunan mal bazarına aparmağı xahiş etdikdə sonuncu razılaşıb olduqları yerə gəlib onları Füzuli rayonuna aparmışdır. Onlar 2 baş quzunu Elvinin avtomobilinə yükləyən zaman sonuncu həmin quzuların kimə məxsus olduğunu soruşduqda onlar quzuların Mayisə məxsus olduğunu demişlər. Füzuli mal bazarında həmin 2 baş quzunu tanımadıqları şəxsə ümumilikdə 250 manata satmış və həmin quzuları satdıqları şəxsə quzuların Mayisə məxsus olduğunu demişlər. Həmin puldan 50 manatını Elvinə vermiş, yerdə qalan 200 manatı isə aralarında yarı bölmüşlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməli özlərinin etirafi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza və mütəxəssis rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam subuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, İmişli rayonunun Rəsullu kəndində evləri vardır, lakin son iki ildə əri Bakı şəhərində yaşadığından o, həmin evdə yaşamır. Evdə tək qalmadığı üçün Rəsullu kəndində yerləşən atasıgilin evində yaşayır. Təxminən 15-20 gündən bir gəlib evinə baxış keçirib gedirmiş. Sonuncu dəfə 01 dekabr 2020-ci il tarixdə evinə baxış keçirmiş və həmin vaxt hər şey yerində olmuşdur. 09 dekabr 2020-ci il tarixdə o, evin ikinci mərtəbəsindən xalça götürməli olmuş və bu məqsədlə evin ikinci mərtəbəsinə çıxarkən qapının bağlı olduğunu görmüşdür. O, özündə olan açarla qapını açıb evin ikinci mərtəbəsinə girmiş və istədiyi xalçanı götürmüşdür. Həmin vaxt o, digər otaqlara baxış keçirən zaman ayrı bir xalçanın yerində olmadığını görüb evə oğru girdiyini bilmişdir. O, evin pəncərəsi və qapısına baxış keçirərəkən qapının yanında olan pəncərənin şüşəsinin əyri durduğunu müəyyən etmişdir. O, əlini şüşəyə vuran kimi şüşə yerə düşüb qırılmışdır. Bundan sonra o, evə həqiqətən də oğru girdiyinə və evdə olan xalçanı oğurladığına əmin olmuşdur. Daha sonra o, DİN-in 102 xidmətinə zəng edib evində olmuş oğurluqla bağlı məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirib, fotoşəkillər çəkdikdən sonra protokol tərtib etmişlər. Sonradan oğurluğu qohumu Təqsirləndirilən şəxs2 törətdiyini bilmişdir. Hazırda ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, İmişli rayonunun Rəsullu kəndi ərazisində yaşadığı evinin həyətyanı sahəsində tövləsi və həmin tövlədə özünə məxsus şəxsi təsərrüfatı və təsərrüfatında 14 baş inək və 7 baş qoyun heyvanı olmuşdur. Həyətyanı tövləsinin arxa hissəsi beton hasardan, ön hissəsi isə kərpicdən tikilmişdir. 09 fevral 2021-ci il tarixdə saat 18 radələrində o, qoyunları tövləyə salıb taxtadan olan qapısını bağlamışdır. Səhəri gün, yəni 10 fevral 2021-ci il tarixdə saat 09 radələrində o, işdə olarkən arvadı Şölə Vəliyeva ona zəng edərək 7 baş qoyun heyvanından 2 başının tövlədə olmadığını bildirmişdir. O, dərhal evə gəlib tövləyə baxış keçirmiş və ona məxsus həyətyanı sahədə yerləşən tövlədən iki baş qoyun heyvanının oğurlandığı məlum olmuşdur. Bundan sonra o, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirib fotoşəkillər çəkdikdən sonra protokol tərtib etmişlər. İki baş qoyun heyvanlarının oğurlanması nəticəsində ona 400 manat ziyan dəymişdir. Sonradan oğurluğu Rəsullu kənd sakini Təqsirləndirilən şəxs1 və Oruclu kənd sakini Təqsirləndirilən şəxs3 törətdiklərini bilmişdir. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Odur ki, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Məhəddin oğlu ifadəsində göstərdi ki, özünə məxsus yaşayış evinin həyətyanı sahəsində şəxsi təsərrüfatı və təsərrüfatında 28 baş qoyun heyvanları olmuş və həmin heyvanları yaşadığı evin həyətində yerləşən tövlədə saxlayırmış. Hər gün o, heyvanları səhər saatlarında həyətində olan tövlədən çıxarıb təxminən axşam saatlarında tövləyə yerlərinə geri qaytarırmış. 19 yanvar 2021-ci il tarixdə o, heyvanları tövləyə salarkən onları saymış və sayları düz olmuşdur. Səhəri gün, yəni 20 yanvar 2021-ci il tarixdə güclü yağış yağdığı üçün o, heyvanları tövlədən çölə çıxarmamışdır. 21 yanvar 2021-ci il tarixdə təxminən saat 15 radələrində tövləyə baxdığı zaman qapısının başqa bir formada bağlı olduğu diqqətini çəkmişdir. O, tövləyə girib tövlədə olan heyvanları saymış və heyvanlardan 4 baş qoyunların yerində olmadığını müəyyən etmişdir. O, dərhal bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirib fotoşəkillər çəkdikdən sonra protokol tərtib etmişlər. Dörd baş qoyun heyvanlarının oğurlanması nəticəsində ona 900 manat ziyan dəymişdir. Sonradan oğurluğu Rəsullu kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiklərini bilmişdir. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Odur ki, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, özünə məxsus yaşayış evinin həyətyanı sahəsində şəxsi təsərrüfatı və təsərrüfatında 42 baş qoyun heyvanları olmuş və heyvanları yaşadığı evin həyətində yerləşən tövlədə saxlayırmış. 20 yanvar 2021-ci il tarixdə saat 18 radələrində o, heyvanları otlaq sahəsindən gətirdikdən sonra həyətyanı sahəsindəki tövləyə salıb qapısını örtmüş və səhəri gün, yəni 21 yanvar 2021-ci il tarixdə yuxudan oyandıqdan sonra heyvanları saydıqda bir baş xırdabuynuzlu heyvanın yerində olmadığnı müəyyən etmiş və oğurlandığını başa düşmüşdür. O, dərhal bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirib fotoşəkillər çəkdikdən sonra protokol tərtib etmişlər. Bir baş qoyun heyvanının oğurlanması nəticəsində ona 180 manat ziyan dəymişdir. Sonradan oğurluğu Rəsullu kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiklərini bilmişdir. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Odur ki, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes” markalı avtomobillə İmişli rayonu ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərir. Onun Rəsullu kəndində müxtəlif müştəriləri olmuş və onları gecə vaxtı İmişli və Beyləqan rayonlarında təşkil olunan mal bazarına aparırmış. 2021-ci ilin yanvar ayının sonlarında gecə saat 03-04 radələrində o, evdə olarkən həmkəndlisi Mayis zəng edib qaynatasının ona verdiyi 4 baş qoyun heyvanını Beyləqan rayonunda təşkil olunan mal bazarında satmaq istədiyini və buna görə də gəlib evlərindən götürməyini xahiş etmişdir. O, etiraz etməyərək idarə etdiyi avtomobillə Mayisin yaşadığı evlərinə gəlmiş və həmin vaxt sonuncunun yanında tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 da olmuşdur. Mayis və Elnur 4 baş qoyun heyvanlarını həyətdən çıxarıb avtomobilə yükləmişlər. Razılaşmaya əsasən Mayisgili 50 manata Beyləqana aparıb-gətirməli olmuşdur. Birlikdə Beyləqan rayonunda təşkil olunan mal bazarına getmiş və Mayisgil orada 4 baş qoyun heyvanlarını satıb onunla birlikdə rayona qayıtmışlar. O, X2 kəndində yolun kənarında düşürmüş və sonuncu ona 50 manat yol pulu vermişdir. O, həmin 4 baş qoyun heyvanlarının oğurluq olduğunu bilməmişdir. İşə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2021-ci il tarixli, 9/1037 nömrəli rəyindən görünür ki, yerli cinsdən olan, 1 yaşlı, diri çəkisi 35 kiloqram çəkidə sağlam vəziyyətdə erkək qoyun – 200 manat, yerli cinsdən olan, 2 yaşlı, diri çəkisi 35 kiloqram çəkidə sağlam vəziyyətdə erkək qoyun – 200 manat, yerli cinsdən olan, 1 yaş 8 aylıq, diri çəkisi 30 kiloqram çəkidə sağlam vəziyyətdə doğmamış dişi qoyun – 180 manat və yerli cinsdən olan, 8 aylıq, diri çəkisi 35 kiloqram çəkidə sağlam vəziyyətdə doğmamış dişi qoyun – 180 manat dəyərində müəyyən edilir. Beləliklə, göstərilən dörd adda xırdabuynuzlu heyvanların 2021-ci ilin yanvar - fevral aylarına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 760 manat müəyyən edilir. İşə əlavə edilmiş "xxxx" ASC-nin 25 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 01 ədəd eni 2 metr, uzunluğu 3,5 metr, materialı kəşmirdən olan, işlənməmiş, yəni ki, bükülü qaydada ev şəraitində saxlanılmış xalçanın 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti - 400 manat təşkil edir. İşə əlavə edilmiş İmişli rayon məhkəməsinin 1(036)-34/2017 saylı, 04 aprel 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancından 20% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirli bilinib qazancından 20% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş və AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar tamamilə toplanaraq üzərində qəti olaraq qazancından 20% dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası saxlanılmışdır. İşə əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin 12 avqust 2021-ci il tarixli, 180013 saylı rayışından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində İmişli rayon məhkəməsinin 1(036)-34/2017 saylı, 04 aprel 2017-ci il tarixli hökmü və hökmün icrası barədə göstəriş İmişli rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və məhkum şöbənin qeydiyyatına götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs3 barəsində olan islah işləri cəzasını icra etmədiyi üçün şöbənin qeydiyyatından çıxarılmamışdır. Arayışdan göründüyü kimi məhkum Təqsirləndirilən şəxs3 müvafiq işlə təmin olunmadığından ona təyin olunmuş islah işləri cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 80.1 və 80.1.1-ci maddələrinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur: Odur ki, məhkəmə hesab edir ki, Əmirov X1 rayon məhkəməsinin 1(036)-34/2017 saylı, 04 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasını iki il müddət ərzində icra etmədiyindən o, həmin cəzanı çəkməkdən azad olunmuş hesab edilməlidir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsləri səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayətinin və tələbinin olmamasını və vurulmuş maddi ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayətinin və tələbinin olmamasını və vurulmuş maddi ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayətinin və tələbinin olmamasını və vurulmuş maddi ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 fevral 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılıması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 mart 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılıması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 10 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılıması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar