Məhkəmə qərarları › İş №1(036)-79/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-79/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-79/2024 03.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx xx-cü ildə Laçın rayonu, Şəlvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Şəlvə kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, İmamqulubəyli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, 29 may 2024-cü il tarixdə, saat 09:10 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Q.Qarayev küçəsi ilə hərəkətdə olarkən, həmin küçənin İmişli şəhəri, P.Həsənov küçəsi ilə kəsişməsinə çatdıqda 2.4 “Yol verin” nişanının tələbini pozmaqla baş yolda olan, yolu kəsişən digər nəqliyyat vasitələrinin keçmə ardıcıllığına əməl etməyib, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarının tələblərini pozub üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini gözləməyərək öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına özünəgüvənərək kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə sürətini 50-60 km/saatdan 40-50 km/saata salaraq hərəkətinə düzünə davam edib, İmişli şəhəri, P.Həsənov küçəsilə İmişli şəhəri, N.Savalanov küçəsi istiqamətində hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “İj” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletlə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə motosikletin sürücüsü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ənsə sümüyünün kəllə əsasına keçən yerini dəyişən, basılmış qəlpəli sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltında və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişən sınığı, sağ gicgah nahiyəsində, sifətin sağ yanaq nahiyəsində, sol gicgah nahiyəsində, alın nahiysəində ortada, orta xətt boyunca bel nahiyəsində yaralar, burun belində, qarnın ön divarında solda, sol diz oynağının ön səthində, sol iç topuq nahiyəsində, sağ baldırın orta 1/3-nin ön səthində və aşağı 1/3-nin bayır səthində sıyrıqlar ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və Zərərçəkmiş şəxs başın küt travması nəticəsində ənsə sümüyünün açıq, qəlpəli, yerini dəyişən sınığı və baş beyin toxumasına qansızmadan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun oğlu Orxan Ağalarova məxsusdur və sonuncunun etibarnaməsi əsasında həmin avtomobili idarə edir. Həmçinin onun avtomobil idarə etmək üçün “B” kateqoriyalı, “AC 919593” seriyalı sürücülük vəsiqəsi vardır. Sürücülük vəsiqəsi 1 mart 2024-cü il tarixdə 10 il müddətinə verilmiş, 1 mart 2029-cü il tarixədək etibarlıdır. 29 may 2024-cü il tarixdə səhər saat 09:00 radələrində o, idarə etdiyi “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə, avtomobilin ön sağ oturacağında oturmuş sərnişin, bacısı oğlu Şahid1la birlikdə İmişli şəhəri, Q.Qarayev küçəsi ilə hərəkətdə olarkən, P.Həsənov küçəsində döodyol kəsişməsindən keçərkən, kəsişməyə az qalmış yolun sağ tərəfində “Yol ver” nişanını görüb, avtomobilin sürətini 50-60 km/saatdan 40-50 km/saata endirmiş, yolun sol və sağ tərəflərinə baxıb boş olduğunu görərək hərəkətinə davam etmişdir. Bu zaman yolun kəsişməsini keçməyə az qalmış onun avtomobili ön bufer hissədən sağ tərəfdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi motosikletə çırpılmış, o, əyləcdən istifadə edib, avtomobili sol tərəfə istiqamətləndirərək qəzadan yayındırmaq istəmiş, lakin idarəetməni itirdiyindən avtomobil səkinin üzərinə çıxıb daş çəpərə dəyərək dayanmışdır. O, dərhal Şahid1la avtomobildən düşüb Zərərçəkmiş şəxs kömək etmək istəmiş, onun qolundan tutub nəbzini yoxlayarkən nəbzinin olduğunu görmüş və travma aldığı üçün onu yerindən tərpətməyərək, Şahid1 103 xidmətinə zəng etmişdir. Yerdə olan Zərərçəkmiş şəxs qan axırmış və 4-5 dəqiqə sonra onun öldüyünü hiss etmişdir. Bundan sonra o, avtomobilin arxa yük yerində olan çadırı və qırmızı rəngli örtüyü götürüb Zərərçəkmiş şəxs üzünü örtmüş, bir qədər sonra isə hadisə yerinə təcili tibbi yardım heyəti və polis əməkdaşları gəlmişlər. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngün cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 28 may 2024-cü il tarixdə dayısı Ağalar ilə birlikdə 29 may 2024-cü ildə X7-İmtahan və Texniki Baxış şöbəsinə gələrək ona sürücülük vəsiqəsi almaq barəsində razılığa gəlmişdir. Belə ki, Laçın rayonundan olan sakinlərə X7-İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi verilir. X3 “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə gələcəkmişlər. 29 may 2024-cü il səhər saatlarında yola çıxmışlar. Həmin gün, saat 09:10 radələrində İmişli şəhəri, Q.Qarayev küçəsi ilə hərəkətdə olarkən, həmin küçənin İmişli şəhəri, P.Həsənov küçəsinin kəsişməsində olarkən dayısı Ağalar aşağı sürətlə avtomobilini saxlamadan, saatda 40-50 km/saat sürətlə idarə etmişdir. Bu vaxt sağ tərəfdən motosiklet onların avtomobilinə çırpılmışdır. O, nə baş verdiyini anlamamışdır. Avtomobil dayandıqdan sonra dərhal düşmüş və yerdə uzanıqlı vəziyyətdə olan motosikletin sürcüsünə yaxınlaşıb boynundan nəbzini ölçmüşdür. Motosikletin sürcüsünün nəbzi olmuşdur. O, dərhal 103 və 113 xidmətlərinə zəng edib məlumat vermişdir. Dayısı avtomobilin arxa yük yerində olan örtük və döşəyi gətirərək motosikletin sürücüsünün üzərini örtmüşdür. Təxminən 4-5 dəqiqədən sonra motosikletin sürücüsü dünyasını dəyişmiş, bundan sonra dayısı 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra isə hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardımın əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, onun özünə məxsus “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili 27 dekabr 2022-ci ildə alaraq birbaşa adına keçirtmişdir. Avtomobil idarə etməyi üçün “BC” kateqoriyalı, “AD 182198” seriyalı sürücülük vəsiqəsi vardır və 2026-ci ilə qədər etibarlıdır. Həmin avtomobili idarə etmək üçün atasına etibarnamə vermişdir. 29 may 2024-cü ildə atası bibisi oğlu Mirsadiqə sürücülük vəsiqəsi almaq üçün X7-İmtahan və Texniki Baxış şöbəsinə gələcəkmişlər. Belə ki, Laçın rayonundan olan sakinlərə X7- İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi verilir. Həmin gün İmişli rayonu ərazisində atası toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə motosikletin sürücüsü dünyasını dəyişmişdir. Hadisəni eşitdikdən sonra təcili İmişli rayonuna gəlmişdir. Atası və bibisi oğluna heç bir şey olmamış, səhəti qaydasında olmuşdur. Baş vermiş hadisə nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Buna görə heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 29 may 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi (İmişli şəhəri, P.Həsənov küçəsi ilə Q.Qarayev küçəsinin kəsişməsi) yerə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 6-24); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 866 nömrəli xx.xx.2024-cü il tarixli tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 25); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 29 may 2024-cü il tarixli protokoldan görünür ki, “Opel Astra minik” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin ön sağ yan hissəsi, ön hissəsi, ön qoruyucu, sol işıq, kapot, radiator barmaqlıqları, alın şüşəsi sınmış və əzilmiş vəziyyətdə olması müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 53-58); "xxxx" MMC-nin 29 may 2024-cü il tarixli 159 nömrəli aktından görünür ki, “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3080 (üç min səksən) manat maddi ziyan dəymişdir. (i.v. 59); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 29 may 2024-cü il tarixli protokoldan görünür ki, “İj” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletə baxış keçirilmiş, motosikletin sağ yan hissəsinin əzildiyi müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (i.v. 60-62); "xxxx" MMC-nin 29 may 2024-cü il tarixli 160 nömrəli aktından görünür ki, “İj” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletə 395 (üç yüz doxsan beş) manat maddi ziyan dəymişdir. (i.v. 63); “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 25 iyun 2024-cü il tarixli 18- 1-21/3-1919/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. (i.v. 98-99); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ Bərdə Asan xidmət mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə 10 il müddətinə «B» kateqoriyalı AC 919593 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 40); zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istntaq olunan ********* saylı cinayət işi üzrə X6 ölmüş əri Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (i.v. 77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 24 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 97); Meyitin ekspertizası haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 29 may 2024-cü il tarixli, 19 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - ənsə sümüyünün kəllə əsasına keçən yerini dəyişən, basılmış qəlpəli sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltında və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişən sınığı, sağ gicgah nahiyəsində, sifətin sağ yanaq nahiyəsində, sol gicgah nahiyəsində, alın nahiysəində ortada, orta xətt boyunca bel nahiyəsində yaralar, burun belində, qarnın ön divarında solda, sol diz oynağının ön səthində, sol iç topuq nahiyəsində, sağ baldırın orta 1/3-nin ön səthində və aşağı 1/3-nin bayır səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənimş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 29 may 2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ölümünün müddəti 29 may 2024-cü il tarixə uyğun gəlir və ölümünə səbəb başın küt travması nəticəsində ənsə sümüyünün açıq, qəlpəli, yerini dəyişən sınığı və baş beyin toxumasına qansızma olmuşdur. (i.v. 105-108); Canlı şəxsin ekspertizası haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 30 may 2024-cü il tarixli, 342 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində sol əlin arxa səthində 5-ci daraq sümüyü proyeksiyasında sıyrıqlarla əhatə olunmuş yara bərk küt əşyanın təsirindən törənmişdirş dərəcəsinə görə sağlamlığa zərərurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (i.v. 70-71); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2024-cü il tarixli, 1980/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, piazalon, 1,4 benzodiazepiin törəmələri, fenilalkilamin qrupuna aid olan amfetami və metamfetamin, salisilatlar və kannabinoidlər (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (i.v. 111-114); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2024-cü il tarixli, 2026/K saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, piazalon, 1,4 benzodiazepiin törəmələri, fenilalkilamin qrupuna aid olan amfetami və metamfetamin, salisilatlar və kannabinoidlər (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (i.v. 115-119); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 23 avqust 2024-cü il tarixli, 8/1921 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən;

1. “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük nişanı” tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur;

2. “İj” markalı motosikletin sürücüsü Zərərçəkmiş şəxs Shaib oğlunun hadisəinin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir

3. Sürücü Zərərçəkmiş şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 137-140); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 150-151); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 182-183); sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, “Opel Astra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və saxlanlması üçün sahibinə verilmiş, “İj” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet sübut növü kimi tanınmış və məhkəmədək İmişli RPŞ-nin duracağında saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024 il tarixli, 19 saylı və məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1921 saylı rəyləri sübut növü kimi qiymətləndirilmiş və maddi sübut kimi cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v. 140-147); zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. (i.v. 140-147); Laçın rayon İcra Hakimiyyətinin başçısının Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs çox vətənpərvər bir insandır. O, birinci Qarabağ müharibəsində Azərbaycan ordusu sıralarında erməni işğalçılarına qarşı mərdliklə döyüşmüşdür. 1993-ci ilin oktyabr ayında Cəbrayıl rayonunun Mahmudlu kəndi uğrunda gedən döyüşlərdə ayağından yaralanmışdır. Müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılmışdır və 1994-cü ilin aprel ayında Ağdam rayonunun Salahlı kəngərlisisi kəndi uğrunda gedən döyüşlərdə qolundan yaralanmışdır. 2-ci grup Qarabağ müharibəsi əlildir. Təqsirləndirilən şəxs Laçın rayon içtimayyəti tətəfindən yaxşı tanınır, el- oba arasında böyük hörmətə malikdir. Yaşadığı ərazidə əhalinin xeyir və sar məclislərində, həmçinin ictimai-siyasi tədbirlərdə yaxından iştirak edir. Təqsirləndirilən şəxs, ətrafında olan hər kəsin rəğbətini qazanmış, camaat arasında nümunəvi danvranışları və hərəkətləri ilə özünü yüksək nümunə kimi gostərmişdir. Təqsirləndirilən şəxs barəsində hər hansı bir xoşagəlməz hərəkət və hadisə barədə nümayəndəliyə heç bir məlumat daxil olmamaışdır (i.v. 102); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.; 263.2-ci maddəsinə əsasən 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), Azərbaycan ordusu sıralarında erməni işğalçılarına qarşı 1993-ci ilin oktyabr ayında Cəbrayıl rayonunun Mahmudlu kəndi uğrunda gedən döyüşlərdə ayağından yaralanması və müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılmasını və 1994-cü ilin aprel ayında Ağdam rayonunun Salahlı kəngərlisisi kəndi uğrunda gedən döyüşlərdə qolundan yaralanmasını, 2-ci qrup Qarabağ müharibəsi əlili olmasını (59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **- EP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd köynək, 01 ədəd alt mayka, 01 ədəd şalvar, 01 ədəd tursik və 01 cüt corab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “İj” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X4 verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar