Məhkəmə qərarları › İş №1(036)-80/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-80/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-80/2023 01.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və nümayəndəsi İmişli rayon vəkil bürosunun vəkili X7, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1959-cu ildə İmişli rayonu, Otuziki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olunmayan, İmişli şəhəri, N.ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi “VAZ- 21063” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhəri, S.Fətəliyev küçəsində yola bitişik ərazidə yerləşən “Sokol” yanacaq doldurma məntəqəsindən İmişli şəhəri, S.Həmzəyev küçəsi istiqamətində 20 km/saat sürətlə hərəkət etdirib yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, sağ tərəfdən, İmişli şəhəri, H.Əliyev prospektindən S.Fətəliyev küçəsi istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olan Şahid1 idarə etdiyi “Mercedes-Benz 320” minik markalı, **-MB-*** dövlət qeydiyat nişanlı avtomobilə yol verməyərək hərəkətini davam etdirib avtomobilin arxa sağ yan tərəfi ilə Şahid1 idarə etdiyi avtomobilinin ön hissəsindən toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilinin arxa oturacağında oturmuş sərnişin X3 ehtiyatsızlıqdan sağ 5, 6, 7, 8, 9-cu və sol 4, 5, 6, 7, 8-ci qabırğaların çoxsaylı yerinidəyişmiş sınıqları, ağciyərin və qaraciyərin cırılmaları və kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin və qarnın qapalı küt travması, qasıq sümüyünün qapalı, sağ baldır sümüklərinin aşağı 1/3-nin, sağ ayağın 3-cü daraq sümüyünün və bayır topuq sümüyünün açıq, yerinidəyişmiş sınıqları, sağ gicgah nahiyəsində hematoma, sağ baldırın aşağı 1/3-nin ön səthində, sağ ayağın bayır topuq nahiyəsində, sağ ayağın üstündə və sağ bazunun aşağı 1/3-nin arxa səthində yaralar, sol baldırın yuxarı 1/3-nin ön səthində, sağ budun aşağı 1/3-nin iç səthində, sağ bazunun orta 1/3-nin ön səthində, bel nahiyəsində qançırlar, sol çiyin qurşağı nahiyəsində, sol bazunun orta 1/3-nin bayır səthində, sağ kürək nahiyəsində sıyrıqlardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, ehtiyatsızlıqdan sonuncunun döş qəfəsinin və qarnın qapalı küt travması fonunda qabırğaların çoxsaylı yerinidəyişmiş sınıqları nəticəsində ağciyərin və qaracirəyin cırılması və baş vermiş kəskin daxili qanaxmadan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərdi ki, özünə məxsus «VAZ-21063» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 20 iyun 2023-cü il tarixdə saat təxminən 11 radələrində İmişli rayonun Kürmahmudlu kəndində faktiki həyat yoldaşı X2 atası evinə qonaq getmişlər. Belə ki, səhəri gün onların evində qonaqlıq olacaqdı və qərara gəlmişlər ki, qeyd olunan tarixdə də onlara getsinlər. Həmin gün saat təxminən 15 radələrində idarə etdiyi avtomobilin mühərrikinin yağ işığının yandığını görmüş və Bənövşəyə bildirmişdir ki, deyəsən avtomobilin mühərriki sıradan çıxır və yağ işığı yanıbsönür. Bənövşə də ona demişdir ki, avtomobilin mühərrikini ustaya göstər və gör nə məsələdir, təmir etdir və səhəri gün anasıgilə qonaq getmələri üçün söz veriblər. O, həmin vaxt Bənövşəyə bildirmişdir ki, onu aparıb evə düşürtsün və özü qaydıb ustanın yanına gələr. Lakin, Bənövşə onunla razılaşmamış və bildirmişdir ki, onu aparıb evə düşürtsə ola bilər ki, maşının mühərriki sıradan çıxar. Bundan sonra o, Bənövşə ilə birikdə şəhərin mərkəzinə gedib avtomobilinə mühərrik yağı almış və bir başa usta Fərahimin yanına gəlmiş və avtomobilində olan nasazlıq barədə məlumat vermişdir. Fərahim də mühərrikin yağına baxmış və ona bildirmişdir ki, yağ azalıb, ancaq sızması yoxdur. O, yeni mühərrik yağı alıb gətirdiyini bildirmiş və bundan sonra Fərahim avtomobilin mühərrikinin yağını dəyişərək avtomobili saz vəziyyətə gətirmişdir. Bundan sonra o və Bənövşə idarə etdiyi avtomobilə əyləşib yaşadığı evə gedərkən dörd yol ayrıcını keçməli olmuş və dördyol ayrıcında sola və sağa baxmış və avtomobil gəlinmədiyini görüb saatda 20 km surətlə hərəkətə başlamışdır. Yolun bir hissəsini keçdikdən sonra İmişli şəhəri istiqamətindən sonradan ona məlum olan Şahid1 idarə etdiyi “Mercedec 320” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyi avtomobilin sağ yan hissəsindən vurmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan faktiki həyat yoldaşı Bənövşə Cəfərova almış olduğu bədən xəsarətlərindən İmişli Rayon Mərəkəzi Xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadə verərək göstərdi ki, X4 onun bacısıdır. 20 iyun 2023-cü il tarixdə, saat təxminən 16 radələrində bacısı Bənövşə faktiki həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 2106» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol- nəqliyyat hadisəsi baş vermiş və həmin hadisədə almış olduğu bədən xəsarətlərdən sonra İmişli Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Həmin hadisədən sonra ona məlum olmuşdur ki, hadisədən əvvəl Cəsarət hadisə yerinin yaxınlığında olan yağ dəyişmə məntəqəsinə gedib orada avtomobilinin yağını dəyişdirirmiş və Bənövşə də həmin vaxtı onun avtomobilində arxa oturacaqda əyləşmişdir. Hadisə nəticəsində Cəsarətin idarə etdiyi avtomobil ilə İmişli şəhər sakini Şahid1 idarə etdiyi «Mercedec Benz 320» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşur. «Mercedec-Benz 320» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisə vaxtı sərxoş vəziyyətdə olmuşdur. Hazırda bacısı Bənövşə Cəfərovanın əri Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və onun barəsində qanunvericiliklə müəyyən edilmiş daha yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, onun İmişli şəhəri, H.Əliyev prospektində qəssabxanası vardır və təxminən 5-6 ildir ki, qəssab kimi çalışır. Şahid1 ögey dayısıdır. Ondan ot bağlaması almaq üçün aralarında razılaşma olmuşdu. İsmət 20 iyun 2023-cü il tarixdə, saat 12:30 radələrində özünə məxsus «Mercedes- Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun qəssabxanasına gələrək ot bağlamalarının pulunu əvvəlcədən istəmiş, o isə, ot bağlamalarını görməmiş pulu verə bilməyəcəyini bildirmişdir. Bundan sonra İsmət ona nahar etmək istədiyini bildirib onunla birlikdə qəssabxanadan təxminən 300 metr uzaqlıqda yerləşən İmişli şəhərində el arasında «Karlar» adlanan yeməkxanaya getməyi təklif etmişdir. Bundan sonra o, İsmətlə birlikdə onun idarə etdiyi «Mercedes-Benz 320 minik» markalı, **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Karlar» adlanan yeməkxanaya getmişdir. Həmin vaxt avtomobili İsmət idarə edirmiş, o, isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Onlar birlikdə həmin yeməkxanada əyləşib kabab yemiş və araq içmişlər. Təxminən saat 13:30 radələrində yemək zamanı onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə uzaq qohumu Suvarağa adlı şəxs zəng edib ona ət lazım olduğunu bildirmişdir. O da İsmətlə birlikdə onun idarə etdiyi «Mercedes-Benz 320 minik» markalı avtomobil ilə qəssabxanaya gəlmişdir. Həmin vaxt avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Qəssabxanaya gəlib Suvarğaya 5 kilo mal əti satdıqdan sonra, yenidən İsmətlə birlikdə sonuncunun idarə etdiyi «Mercedes Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə «Karlar» adlanan yeməkxanaya getmişlər. Orada yeməklərini davam etdirmişlər, lakin hava isti olduğu üçün əlavə içki istəməmişlər. Təxminən saat 16 radələrində onlar “Karlar” adlanan yeməkxanadan çıxaraq, İsmət “Mercedes Benz 320 minik» markalı avtomobilində sükan arxasına oturmuş, o, isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Qəssabxananın yaxınlığından keçərkən o, qəssabxanaya getmək üçün avtomobildən düşmək istəmiş, bu zaman İsmət ona birlikdə İmişli “ASAN xidmət” mərkəzinin yaxınlığındakı maşın sexinə avtomobilini göstərmək üçün getməyi təklif etmişdir. O, İsmətin təklifi ilə razılaşmış və birlikdə İmişli “ASAN xidmət” mərkəzinin yaxınlığındakı maşın sexinə doğru hərəkət etmişlər. Həmin vaxt, qarşıda sol tərəfdə «SOCOL» adlanan yanacaqdoldurma məntəqəsindən açıq göy rəngli, dövlət qeydiyyat nişanını bilmədiyi «VAZ-2106» markalı avtomobilin yavaş sürətlə hərəkət edərək avtomobiliin qarşısına tərəf çıxdığını görmüşdür. Həmin avtomobili görəndə aralarında təxminən 50 metr məsafə olardı və İsmət bu zaman «VAZ-2106» markalı avtomobilin yanından sürətlə keçmək istəmiş, ancaq «VAZ- 2106» markalı avtomobil dayanmaq əvəzinə hərəkət etmiş və İsmətin avtomobilinin qarşısına çıxmışdır. Bu zaman İsmət «VAZ-2106» markalı avtomobillə toqquşmamaq üçün surəti artırıb yanından keçmək istəmişdir. Lakin buna baxmayaraq İsmətin idarə etdiyi avtomobil ön hissədən qarşıda hərəkətdə olan «VAZ-2106» markalı avtomobilin arxa sağ yan hissəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra avtomobil təxminən 50 metr hərəkət edərək dayanmışdır. Onlar dərhal avtomobildən düşmüş, o, həm şokda olduğu, həm də alnı qanadığı üçün üzünə su vurmaq məqsədi ilə hadisə yerinin yaxınlığındakı yeməkxanaya daxil olmuşdur. Orada əl-üzünü yumuş, həmin vaxt yanına İsmət gəlmiş və birbirinin vəziyyəti barədə maraqlanmışlar. Sonra isə İsmət onun yanından uzaqlaşıb qəzada xəsarət alan qadına kömək etməyə getmişdir. O, isə yeməkxanadan çıxıb təxminən 10 dəqiqə səkidə əyləşmişdir. Həmin vaxt hadisə yerinə çoxlu sayda insan toplaşmışdı. Ətrafda olan şəxslərdən İsmətin harada olduğunu soruşduqda tanımadığı bir nəfər İsmətin paltarlarını dəyişmək üçün evə getdiyini demişdir. Hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş, ancaq kimin xəstəxanaya aparıldığını görməmişdir. Az sonra polis əməkdaşları yanına gəlmiş və onu İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada həkim ona baxmış, xəsarətlərini görmüş və ona içkili olduğunu bildirmişdir. Sonra həmin polislərlə birlikdə xəstəxanadan çıxıb İmişli rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin qarşısında Ziyanı görmüş və orada təxminən 20 dəqiqə qaldıqdan sonra avtonəqliyyat hadisəsi zamanı bir nəfər qadının öldüyü barədə eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Şahid3 bacısı oğludur. Onun İmişli şəhəri, H.Əliyev prospektində qəssabxanası vardır. Ona ot bağlaması satmaq üçün aralarında razılaşma olmuşdur. Otu hələ ona satmasa da, ona pul lazım olduğu üçün 20 iyun 2023-cü il tarixdə, saat 12:50 radələrində mülkiyyətində olan «Mercedes Benz 320 minik» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun qəssabxanasına getmişdir. Onunla bu barədə söhbət etdikdən sonra evə getmək istəyərkən Elnur ona nahar etmək istədiyini bildirib, onu qəssabxanadan təxminən 300 metr məsafədə yerləşən İmişli şəhərində «Karlar» adlanan yeməkxanada düşürməyi xahiş etmişdir. Bundan sonra Elnur avtomobilin ön sərnişin oturacağında əyləşmiş və avtomobili idarə edib «Karlar» adlanan yeməkxananın qarşısına gəlmişdir. Elnur orada maşından düşmüş, o, isə yaşadığı evə getmişdir. Evdə yemək yeyib, bir az istirahət etdikdən sonra təxminən saat 15:30 radələrində avtomobili İmişli «ASAN xidmət” mərkəzinin yaxınlığındakı maşın sexinə aparmaq üçün yola düşmüşdür. Yolda gedərkən Elnurun «Karlar» yeməkxanası tərəfdən getdiyini görüb, avtomobili saxlamış və Elnur avtomobilin ön sərnişin oturacağında oturmuşdur. Elnurun sərxoş olduğunu hiss edib, hara getdiyini soruşmuşdur. Elnur ona qəssabxanaya getdiyini demişdir, o, isə maşın ustasına getdiyini bildirib, onunla birlikdə getməyi təklif etmişdir. Elnur razılaşmış və o, avtomobili idarə edib geri döndərərək İmişli «ASAN xidmət” mərkəzinin yaxınlığındakı maşın sexinə doğru hərəkət etmişdir. O, avtomobili H.Əliyev prospektindən İmişli «ASAN xidmət” mərkəzinə doğu hərəkət etdirərkən, qarşıda, sol tərəfdə «SOCOL» adlanan yanacaq-doldurma məntəqəsindən açıq göy rəngli, dövlət qeydiyyat nişanlarını bilmədiyi «VAZ-2106» markalı avtomobilin yavaş sürətlə hərəkət edərək avtomobilinin qarşısına tərəf çıxdığını görmüşdür. O, həmin avtomobili görəndə aralarında təxminən 100 metr məsafə vardır və həmin vaxt saatda 70-80 km sürətlə hərəkət edirdi. Fikirləşmişdir ki, «VAZ-2106» markalı avtomobilin sürücüsü onu görür və əsas yolda o, hərəkətdə olduğuna görə onu keçəcəyini gözləyəcək və buna görə də avtomobilin sürətini bir az da artıraraq təxminən saatda 90-100 km sürətlə idarə etməyə başlamışdır. Bu zaman «VAZ-2106» markalı avtomobil dayanmaq əvəzinə hərəkət etmiş və avtomobilin qarşısına çıxmışdır. O, çox az məsafədə, «VAZ-2106» markalı avtomobilə təxminən 10-15 metr qalmış avtomobilin əyləcini basmış, lakin buna baxmayaraq idarə etdiyi avtomobil ön hissədən qarşısında hərəkətdə olan «VAZ-2106» markalı avtomobilin arxa sağ hissəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra avtomobili təxminən 50 metr hərəkət edərək dayanmışdır. O və Elnur dərhal avtomobildən düşmüş və o, «VAZ-2106» markalı avtomobilə tərəf qaçmışdır. Elnurun isə hara getdiyini və nə etdiyini şokda olduğundan xatırlamır. Bir anda hadisə yerinə çoxlu sayda insan toplaşmışdı. «VAZ-2106» markalı avtomobilə çatanda avtomobilin sürücüsü avtomobilin salonunda sürücü tərəfdə sükan arxasında olduğunu görmüş, bir nəfər qadın isə yolun kənarındakı su arxına düşmüşdür. Qadının bir ayağı su arxının içərisində oturaq vəziyyətdə olmuşdur. O, qadına yaxınlaşanda ətrafdakı adamlar artıq onu su arxından çıxarmağa çalışırdılar. O da kömək etməyə başlamış, bu zaman sağ ayağı su arxına düşmüş və islanmışdır. Su arxından çıxarılarkən qadın bir neçə dəfə «Cəsarət, Cəsarət» deyə çağırırmış və həmin vaxt başa düşmüşdür ki, Cəsarət həmin qadının əridir və o, «VAZ-2106» markalı avtomobilin sürücüsüdür. Ətrafa toplaşanlar Cəsarətin yaxşı olduğunu söyləmişlər və qadın bir az sakitləşmişdir, lakin ağrıdan zarıldayırdı. Sonra o, avtomobilnə tərəf getmiş və görmüşdür ki, orada kimsə su gətirib və Elnur əl-üzünü yuyur. O, Elnurun yanına gedəndə ora polis əməkdaşları gəlmişlər. Polislər «Mercedes» markalı avtomobilin sürücüsünün kim olduğunu soruşmuşlar. O, isə «Mercedes» markalı avtomobilin sürücüsü olduğunu demişdir. Bu zaman qardaşı Şahid2 idarə etdiyi motosikletlə hadisə yerinə gəlmişdir. Ziya nə baş verdiyi soruşmuşdur. Ona demişdir ki, avtoqəza törədib. Bu zaman təcili tibbi yardım maşını gəlmiş və qadını xəstəxanaya aparmışlar. Ziya ona üst-başının yaş olduğunu görüb demişdir ki, evə gedib paltarlarını dəyişsin, özü isə xəstəxanaya gedəcək. O, yolun kənarında dayanmış tanımadığı şəxsin idarə etdiyi ağ rəngli “Jiquli” markalı avtomobilə oturmuş və ondan onu evə aparmağı xahiş etmişdir. O, evə çatıb paltarlarını dəyişmiş və az sonra qardaşı Ziya özünün mobil telefonu ilə ona zəng edərək qəzada yaralanan qadın sərnişinin öldüyünü demişdir. O, evdən yola çıxıb taksi maşını ilə polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 20 iyun 2023-sü il tarixdə, saat təxminən 16 radələrində qardaşı Cəsarət özünə məxsus idarə etdiyi «VAZ-2106» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İmişli şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yolnəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisədə onun faktiki həyat yoldaşı Bənövşə Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri almış və almış olduğu bədən xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Cəsarət də həmin hadisə nəticəsində almış olduğu xəsarətlə bağlı 1 həftəyə yaxın həmin xəstəxanada müayinə və müalicə olunmuşdur. Bundan əlavə olaraq şahid ifadəsində göstərdi ki, qardaşı Cəsarətin idarə etdiyi avtomobillə toqquşan avtomobil sonradan bildiyi İmişli şəhər sakini Şahid1 idarə etdiyi «Mercedec-Benz 320» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş və onun avtmobilində isə Şahid3 olmuşdur. Şahid3 iri buyunuzlu heyvanların kəsimi ilə məşqul olur və İmişli şəhəri H.Əliyev prospektində ət kəsimi mağazası vardır. O, həmin günü səhər saatlarında Şahid3 təxmnən 80 kq. diri çəkidə dana heyvanı kəsdiyini görmüş və həmin günü İmişli şəhərindən yaşadığı evə təxmnən saat 13-14 radələrində qaydarkən ət almaq qərarına gəlmiş və Elnurun ət kəsimi mağazasının yanında idarə etdiyi avtomobili saxlamış və mağazanın bağlı olduğunu görmüşdür. O, mobil telefonla Elnura zəng edib ət almaq istədiyini bildirmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Elnur mağazaya gəlmiş və ona istədiyi 5 kq. əti çəkib vermişdir. Elnur həmin vaxtı mağazaya qardaşı Cəsarətin avtomobili ilə toqquşan avtomobillə gəlmişdir, həmin avtomoili isə Şahid1 idarə edirdi. Həmin gün saat təxminən 16 radələrində eşitmişdir ki, qardaşı Cəsarət idarə etdiyi avtomobillə İmişli şəhəri H.Əliyev prospektində «Sokol» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı dörd yol ayrıcında hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsi və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməlini törətməsi bir daha təsdiq olunur. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri H.Əliyev prospektində «Sokol» yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən avtomobil yoludur. Hadisə yerində yolun eni 17 metrdir, yolun ortasını ayran səki vardır, sol hərəkət zolağının eni 8 metr, sağ hərəkət zolağının eni 8 metrdir, orta səkinin eni 1 metrdir. Orta səkinin baş hissəsində 4.2.1 maneyəni sağdan keçmə yol nişanı vardır. Hadisədən əvvəl «VAZ-21063» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil dördyol ayrıcından «Mercedec-Benz 320» minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin solundan hərəkət edərək yol ayrıcına satda 20 km surətlə hərəkət zolağına daxil olmuşdur. Toqquşma yol-nəqliyyat hadisəsi «Mersedes-Benz 320» minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında, asfalt yolun şərti yol kənarından 4 metr məsafədə baş vermişdir. Toqquşma yol-nəqliyyat hadisəsindən sonra «VAZ-21063» minik markalı avtomobil hadisə yerinin yaxınlığında sağ səkiyə düşmüş, «Mercedec-Benz 320» minik markalı avtomobil isə toqquşma hadisəsi yerindən 90 metr məsafədə qarşıya irəliləyərək mağazanın qarşısında daynmışdır. Hadisə baş verən yolda «Mercedec-Benz 320» minik markalı avtomobil baş yolda hərəkət etmişdir. (cild 01, i/vər: 04-14) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 09 saylı rəyindən görünür ki, 1974-cü il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi ekspertizasında və tibbi sənəddə yazılanlara əsasən aşkar edilmiş xəsarətlər-sağ 5,6,7,8,9-cu və sol 4,5,6,7,8-ci qabırğaların çoxsaylı yerini dəyişmiş sınıqları, ağciyərin və qaraciyərin cırılmaları və kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sınıqları, ağciyərin və qaraciyərin cırılmaları və kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin və qarnın qapalı küt travması, qasıq sümüyünün qapalı, sağ baldır sümüklərinin aşağı 1/3-nin, sağ ayağın 3-cü daraq sümüyünün və bayır topuq sümüyünün açıq, yerini dəyişmiş sınıqları, sağ gicgah nahiyəsində hematoma, sağ baldırın aşağı 1/3-nin ön səthində, sağ ayağın bayır topuq nahiyəsində, sağ ayağın üstündə və sağ bazunun aşağı 1/3-nin arxa səthində yaralar, sol baldırın yuxarı 1/3-nin ön səthində, sağ budun aşağı 1/3-nin iç səthində, sağ bazunun orta 1/3-nin ön səthində, bel nahiyəsində qançırlar, sol çiyin qurşağı nahiyəsində, sol bazunun orta 1/3-nin bayır səthində, sağ kürək nahiyəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə aid edilir. Xəsarətlər həyatidir, göstərilən vaxtda və şəraitdə xx.xx.2023-cü il tarixdə baş vermiş avtoqəza zamanı əmələ gələ bilərdi. X2 ölümü xx.xx.2023-cü il tarixdə saat 18:00 da İmişlii RMX da baş vermiş və onun ölümünə səbəb döş qəfəsinin və qarnın qapalı küt travması fonunda qabırğaların çoxsaylı yerini dəyişmiş sınıqları nəticəsində ağciyərin və qaraciyərin cırılması və baş vermiş kəskin daxili qanaxma olmuşdur. (cild 01, i/vər: 189-192) Məhkəmə yol-nəqliyat hadisəsi ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 8/2226 saylı rəyindən görünür ki, VAZ-21063 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild 01, i/vər: 174-178) İş materiallarında olan 14 iyul 2023-cü il tarixli DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 3-13-16-419-251/2023 saylı məktubundan görünür ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs AE 810286 nömrəli sürücülük vəsiqəsi xx.xx.2016-cı ildən xx.xx.2026-cı ilədək etibarlıdır. (cild 01, i/vər: 110) 20 iyun 2023-cü il tarixli, 424 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən günü ayıq vəziyyətdə olmuşdur. (cild 01, i/vər:193) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsinə haqqında” 29 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ölən şəxsin uzun müddət təqsirləndirilən şəxslə faktiki surətdə ər-arvad münasibətində olub, bir yerdə yaşayaraq, ümumi təsərrüfat aparmaqla həyat yoldaşının olmasını, dəfn xərclərinin qarşılanmasını, dəymiş ziyanın onun tərəfindən ödənilməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, ancaq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmaqla sınaq müddətinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 128 manat məbləğində ekspertiza xərci vardır. Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən 128 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs hadisə törətdiyi “VAZ- 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Şahid1 hadisə törətdiyi “Mersedes Benz 320” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin müddətə şərti hesab edilərək, üzərində 2 (iki) il sınaq müddəti tətbiq edilsin. Məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifəsi qoyulsun. Məhkum Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli onun davranışı üzərində nəzarəti həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Hökmün icrası məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkumun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mersedes Benz 320” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar