Məhkəmə qərarları › İş №1(036)-81/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-81/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-81/2024 11.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilnib 1 il 8 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan və yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, daşımış və saxlamışdır. Belə ki o, 27 iyul 2024-cü il tarixdə saat 21:25 radələrində istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qara rəngli poletilen torbanın içərisində xeyli miqdarda, yəni 430,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, üzərində daşıyarkən, İmişli st. Xətt polis şöbəsinə daxil olmuş məlumat əsasında şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli şəhər 20 yanvar küçəsində yerləşən İmişli dəmir yol stansiyasının qarşısında saxlanılmış və saxlanılıdıqdan sonra onun əlindəki bir ədəd qara rəngli poletilen torbaya əməliyyat tədbirlərinin iştirakçıları tərəfindən baxış keçirilərkən həmin torbanın içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 430,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Küdəmir rayonu Xırdapay kəndində yaşayır. 4-5 ay əvvəl Kürdəmir RPŞ-nin əməkdaşları onu narkotik maddə marixuana saxladığına görə həbs etmişlər və Kürdəmir rayon məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə 1 il 8 ay 26 gün azadlığın məhdudlaşdırıliması cəzasına məhkum edilmişdir. Hökm üzrə cəzasın çəksə də, ona nəzarətedici qolbaq taxılmamışdır. O, tutulmazdan 1 ay əvvəl mobil telefonda «WhatsApp» proqramı vasitəsi ilə tanımadığı İran İslam Respublikası vətəndaşı ilə danışmış, həmin şəxsin telefonda istifadə etdiyi nömrə 98 914 529 07 21 olmuşdur. Həmin şəxslə danışsa da soyadını, adını və atasının adını, onun yaşadığı ünvanı öyrənməmişdir. İran İslam Respublikası vətəndaşından ona mobil telefon alıb göndərməsini xahiş etmiş, həmin şəxs ondan telefon almaq üçün 350 manat pul istəmişdir. İranlı şəxsin kart hesab nömrəsinə 350 manat pul köçürmüş, lakin sonradan həmin şəxs ona mobil telefon alıb göndərməmişdir. Ondan pulunu geri tələb etmiş lakin ala bilməmişdır. 27 iyul 2027-ci ildə saat 20 radələrində İran İslam Respublikasının vətəndaşına «WhatsApp»la zəng etmiş, onunla danışıb pulu geri qaytarmasını tələb etmişdir. Həmin şəxs də ona 350 manat pulunu geri qaytaracağı təqdirdə ondan İmişli dəmir yol vağzalına gedib, onun telefonda şəkilini göstərdiyi yerdən narkotik maddə olan qurudulmuş marxuana kütləsini götürüb, başqa ünvana aparıb qoymasını tapşırmışdır. Onun bu hərəkəti müqabilində 350 manat pulunu geri kartına atacağına söz vermişdir. İranlı ilə razılaşıb taksi maşınla yaşadığı Kürdəmir rayonu Xırdapay kənindən İmişli şəhərinə yerləşən dəmir yol vağzalına gəlmişdir. İmişli şəhərində taksi maşından düşüb, İranlının atdığı «konum» əsasında vağzalın ərazisində gəzişmiş, orada qurulmuş dəmir lövhənin yanında yerdən ağacların altından qara poletilen torbada bir büküm narkotik vasitə qurudulmuş marixuana kütləsini tapıb, əlinə götürüb getmək istədikdə onu İmişli st.XPŞ-nin bir qrup əməkdaşı saxlamışlar. Polislər onun əlində olan poletilen torbaya videoçəkişlə baxış keçirmişlər. Həmin torbanı açıb icərisinə baxarkən həmin torbada narkotik maddə olan qurudulmuş marixuana olması ona və polislərə məlum olmuşdur. Sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi tərəzidə onun iştirakı ilə çəkilmiş və əlində olan marixuana kütləsinin cəmi çəkisinin 485 qram olması müəyyən edilmişdir.. Həmin kütlə polislər tərəfindən zərfə qoyulmaqla qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Sonra onu İmişli st. XPŞ-nə gətirmişlər. Ona Xətt polis şöbəsində vəkil təqdim edilmiş, öz istəyi ilə Müdafiəçi ona vəkil təyin edilmişdir. Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd «Samsunq» markalı mobil telefon aşkar edilmiş və götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin adam özü demişdir ki, iranlıdır. Whatsappla danışırmışlar, iran nömrəsi idi. Kart nömrəsi vermişdi. 350 manata “Samsung” markalı telefonu almaq istəyirdi. Aşağı qiymətə verirdi. On beş gün idi ki, onunla danışırmış. Əməlindən peşmandır. Ailəsi çox acınacaqlı vəziyyətdədir. Həmin iranlı torbada narkotik vasitə olduğunu demişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli st. xətt polis şöbəsində əməliyyat qrupunun baş əməliyyat müəvvəkili vəzifəsində xidmət edir. 27 iyul 2024-cü il tarixdə icraatına Kürdəmir rayon Xırdapay kəndində yaşayan Təqsirləndirilən şəxs İmişli dəmir yolu stansiyasının ərazisində olması və üzərində narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şöbənin rəisinə raportla məruzə etdikdən sonra, daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmışdır. Əməliyat qrupuna İmişli stansiyası xətt polis şöbəsinin X2 inspektoru, polis kapitanı Şahid3 və XPŞ-nin post patrul xidməti manqasının polis nəfəri, polis baş serjantı Şahid2 üzv olaraq daxil edilmişdir. Həmin gün saat 21:25 radələrində əməliyyat qrupunun üzvləri ilə İmişli stansiyası dəmir yol vağzalının ərazisinə getmişlər. Təqsirləndirilən şəxs vağzalın ərazisində müşahidəyə götürmüşlər. Təqsirləndirilən şəxs İmişli dəmir yol vağzalının platforoması telefona baxa-baxa hərəkət edib, orada olan dəmir lövhənin yanında yerdən əlinə qara selofan torbanı götürüb ərazidən uzaqlaşıb getmək istədikdə onu tutub saxlamışlar. Onu vağzalın elektirik işıqları yanına gətirib əlində olan selofan torbaya baxış keçirdikdə torbada narkotik vasitə olan qurudulmuş marixuana oxşar kütlə aşkar etmişdir. Həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və torba ilə bir yerdə kütlənin çəkisinin 485 qram olması müəyyən edilmişdir. Həmin kütlə hadisə yerində kağız zərfə qoyularaq qablaşdırılmaqla götürülmüş və zərfin üzəri A. Cəbrayılovun özü və əməliyyat qrupunun digər üzvləri tərəfindən imzalanmış və XPŞ-nin möhürü ilə möhürlənmişdir. Keçirilmiş təxirəsalınmız-əməliyyat axtarış tədbirləri telefonun kamerası vasitəsi ilə çəkilmişdir. Bundan sonra A. Cəbrayılov və aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuana bənzər kütlə İmişli stansiyası XPŞ-nə gətirilmişdir. Təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə tərbib edilmiş sənədlər aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün İmişli St. XPŞ-nin İstintaq və təhqiqat qrupuna göndərilmişdir. Bundan sonra A. Cəbrayılovun üzərində İmişli st. XPŞ-nin inzibati binasında şəxsi axtarış aparılmış, onun üzərindən 1 ədəd «Samsunq A 13» markalı mobil telefon, 1 ədəd 20 manat,3 ədəd 5 manat, 1 ədəd 1 manat olmaqla cəmi 36 manat pul aşkar edilməklə götürülmüşdür. A. Cəbrayılovun əlində narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə aşkar olunarkən çəkilmiş videogörüntü telefonun yaddaşından 1 ədəd DVD diskə köçürülməklə materiala əlavə edilmişdir. A. Cəbraylov torbada olan narkotik vasitə olan qurudulmuş marixuana oxşar kütləni İran İslam Respublikası vətəndaşı ilə əlaqə qurub əldə etməsini bildirmişdir. Etdiyi hərəkətin müqabilində ona İran İslam Respublikası vətəndaşının 350 manat pul verəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:20 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19-20); şəxsi axtarış və götürmə aparılması haqqında 27 iyul 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cinsa şalvarın cibindən 1 ədəd «Samsunq» markalı mobil telefonu, 1 ədəd 20 manat, 3 ədəd 5 manat və 1 ədəd 1 manat olmaqla cəmi 36 manat pulu çıxarıb stolun üzərinə qoymuş, üzərində olan qanunsuz yolla əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana kütləsini 1 saat əvvəl İmişli St. XPŞ-nin əməkdaşları onu İmişli dəmir yolu stansiyası ərazisində saxlayarkən götürdüklərini və hazırda üzərində qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon və pul əskinasları ayrı-ayrı kağız zərflərə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin İmişli St. XPŞ-nin “arayışlar üçün” möhürü ilə möhürlənərək götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/704 nömrəli rəyindən görünür ki, 1) Tədqiqata təqdim edilmiş üzərində " ... Təqsirləndirilən şəxs üzərindən..." sözləri və imzalar olan kağız paketdə 01 ədəd qara rəngli poletilen torbada təmiz çəkisi - 430,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v. 40-42); şübhəli şəxsin dindirilməsi haqqında 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, X3 vətəndaşına 350 manat pulu ona telefon alıb göndərməsi üçün göndərdiyini, həmin şəxsin ad familyasını bilmədiyini, kartın nömrəsinin telefonundan silindiyini, ona məxsus sadəcə telefon nömrəsini bildiyini, qeyd olunan şəxsdən pulunu geri ala bilmədiyini, pulunu geri almaq üçün ona məxsus narkotik vasitələri daşımaqla kuriyerlik etmək istədiyini, lakin polis əməkdaşları tərəfindən yaxalandığını etiraf etmiş və “ifadəm mənim sözlərimlə düzgün yazılmışdır, əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 44-46); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 53-54); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, X5 vətəndaşına 350 manat pulu ona telefon alıb göndərməsi üçün göndərdiyini, həmin şəxsin ad familyasını bilmədiyini, kartın nömrəsinin telefonundan silindiyini, ona məxsus sadəcə telefon nömrəsini bildiyini, qeyd olunan şəxsdən pulunu geri ala bilmədiyini, pulnu geri almaq üçün ona məxsus narkotik vasitələri daşımaqla kuriyerlik etmək istədiyini, yaşadığı Kürdəmir rayonundan taksi ilə İmişli şəhərinə Dəmir yolu vağzalına gəlib X5 vətəndaşının onun “Votsap” sosial şəbəkəsi vasitəsi ilə ona atdığı məkəna, yəni H.Əliyev adına parka gəlib ağacın dibindən qara polietilen torbada bir büküm narkotik vasitə olan qurudulmuş marixuana kütləsini götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalandığını etiraf etmiş və “ifadəm mənim sözlərimlə düzgün yazılmışdır, əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 60-63); İmişli Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 4(036)-62/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablanmışdır (i.v. 72-78); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 114-115); Kürdəmir Rayon Məhkəməsinin 1(041)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 02 gün şübhəli şəxs qismində saxlanıldığı müddət bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 122-123); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsinin xx.xx.2024-ci il tarixli 5817 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 124-125); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/704 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli 5817 saylı rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd «Samsunq» markalı mobil telefonu, 1 ədəd 20 manat, 3 ədəd 5 manat və 1 ədəd 1 manat olmaqla cəmi 36 manat pul İmişli St. XPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 143-149); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Kürdəmir Rayon Məhkəməsinin 1(041)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasından xx.xx.2024-cü il tarixə 03 ay 09 gün çəkmiş və onun 01 il 05 ay 17 gün çəkilməmiş cəzası qalmışdır. (i.v. 121); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə təqsirləndirilən şəxsin oğlu Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, himayəsində azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01 il 05 ay 17 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 67.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 01 ədəd qara rəngli poletilen torbanın içərisində olan ilkin təmiz çəkisi 430 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 429,90 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 1 ədəd “Samsung Galaxy A 13” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə verilsin, 03 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı, 31,95 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 1(041)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01 (bir) il 05 (beş) ay 17 (on yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin saxlanc otağına təhvil verilmiş, 01 ədəd qara rəngli poletilen torbanın içərisində olan ilkin təmiz çəkisi 430 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 429,90 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “Samsung Galaxy A 13” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə verilsin, 03 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar