Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-82/2022 02.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1990-cı il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 mart 2022-ci il tarixdə gecə saat 01 radələrində X1 yaşadığı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan əl damına qapının kilidini sındırıb qanunsuz daxil olaraq, oradan 45 (qırx beş) manat dəyərində 25 litr həcmli bir ədəd alüminium flaqı, 13 (on üç) manat dəyərində 12 litr həcmli bir ədəd alüminium qazanı, 8 (səkkiz) manat dəyərində 1,5 litr həcmli bir ədəd alüminium qazanı, 10 (on) manat dəyərində 7 litr həcmli bir ədəd alüminium çaydanı, 4 (dörd) manat dəyərində bir ədəd alüminium aşsüzəni və 120 (yüz iyirmi) manat dəyərində 8 litr həcmli bir ədəd alüminium samovarı gizli yolla talamaqla, zərər çəkmiş şəxs Rəsmiyə Rüstəmovaya ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 0,230 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 17 mart 2022-ci il tarixdə saat 19 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində, yaşadığı evinin yaxınlığında saxlanılıb İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra, orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümündə həmin çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, psixotrop maddə olan metamfetamindən istifadə edirmiş. 17 mart 2022-ci il tarixdə saat 19 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən evinin yaxınlığında olan zaman İmişli rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etdikdə o, etiraz etməyərək razılaşmış və onlar birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona üzərində qanunla qadağan olunmuş maddə və ya predmetin olub-olmaması soruşulduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd qızılı rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Büküm açıldıqda içərisində ağ rəngli, spesifik iyə malik olan metamfetamin aşkar olunmuşdur. Sonra üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamin qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan başqa o, 06 mart 2022-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən fərdi yaşayış evinin arxa qapısından həyətə girmiş, evin həyətində olan əl damının kilidini daşla sındırıb oraya daxil olmuş və oradan bir ədəd samovar və bir ədəd alüminium flaqı ilk əvvəl götürüb aparıb evinin əl damına qoymuşdur. Sonra oraya qayıdıb digər əşyaları, yəni bir ədəd böyük alüminium qazanı, bir ədəd kiçik alüminium qazanı, bir ədəd böyük alüminum çaydanı və bir ədəd alüminium aşsüzəni də eyni qaydada gəldiyi evin arxa qapısından çıxaraq aparıb öz evinin əl damına qoymuşdur. Həmin əşyaları evə aparıb qoymağından evdəkilərin xəbəri olmamışdır. Səhəri gün, yəni 07 mart 2022-ci il tarixdə o, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə gedib oğurladığı bir ədəd alüminium flaqı, bir ədəd böyük alüminium qazanı, bir ədəd kiçik alüminium qazanı, bir ədəd böyük alüminum çaydanı və bir ədəd alüminium aşsüzəni 20 manat müqabilində satmışdır. Həmin əşyaları satarkən özünə məxsus olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşlarının onu axtardığını eşidib oğurladığı samovarı “Araz” çayına atmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə ifadəsi elan olunmuş zərər çəkmiş şəxsin və dindirilmiş şahidlərin ifadələri, ekspertiza və mütəxəssis rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə ifadəsi elan olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnın ifadəsindən görünür ki, 15 yaşlı oğlu Elmarla birlikdə Bakı şəhərində yaşayır. Onun İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində özünə məxsus fərdi yaşayış evi vardır. 11 mart 2022-ci il tarixdə həmin fərdi yaşayış evini təmizləmək üçün İmişli şəhərinə gəlmiş və bir gün bacısı Rəfiqəgildə qalmışdır. Səhəri gün, yəni 12 mart 2022-ci il tarixdə Bəhrəmtəpə qəsəbəsində yerləşən evinə getmiş, orada təmizlik işləri apararkən həyətdə olan əl damının kilidinin yerində olmadığını və bundan başqa evin arxa hissəsində yerləşən baxçanın qapısının da açıq vəziyyətdə olmasını görmüşdür. Əl damından bir ədəd 8 litr tutumunda samovar, bir ədəd 25 litr tutumunda alüminium flaq, bir ədəd 12 litr tutumunda böyük alüminium qazan, bir ədəd 1.5 litr tutumunda kiçik alüminium qazan, bir ədəd 7 litr tutumunda böyük alüminum çaydan və bir ədəd 30 sm diametrli alüminium aşsüzənin oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona təxminən 400 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnın məhkəməyə ünvanlanmış teleqramından görünür ki, hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayının əvvəlində işlədiyi İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən metalların alqı-satqısı məntəqəsinə Bəhrəmtəpə qəsəbə sakini, adını sonradan bildiyi Təqsirləndirilən şəxs gəlmiş və əlində bir kisə ilə dolu məişət əşyalarını satmaq istədiyini bildirmişdir. O, əşyaların oğurluq olub-olmadığını maraqlandıqdan sonra Ruslandan bir ədəd göy rəngli alüminium flaq, bir ədəd böyük alüminium qazan, bir ədəd kiçik alüminium qazan, bir ədəd böyük alüminium çaydan və bir ədəd alüminium aşsüzəni 25 manata almışdır. Bundan təxminən 12-13 gün sonra polis əməkdaşları iki nəfər qadınla gəlib metalları saxladıqları anbarı açmış, orada olan qadınlardan biri adını sonradan bildiyi Zərərçəkmiş şəxs yuxarıda qeyd etdiyi əşyaları ayırıb qırağa qoymuş və onların özünə məxsus olduğunu bildirmişdir. O, həmin əşyaların Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurladığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, oğlu Ruslan 2022-ci ilin mart ayında psixotrop maddə olan metamfetamindən şəxsi istehlak miqdarından artıq əldə etdiyinə görə həbs edilmişdir. Həmin müddət ərzində o, oğlunun Bəhrəmtəpə qəsəbəsində Rəsmiyyə adlı qadının yaşayış evindən də müxtəlif növ məişət əşyalarını oğurlayaraq metal qəbulu məntəqəsinə satdığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, 17 mart 2022-ci il tarixdə İmişli RPŞ-də gündəlik xidmətdə olan zaman İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və həmin gün saat 18 radələrində Bəhrəmtəpə qəsəbəsində olacağı barədə məlumat almışdır. O, bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün əməliyyat qrupunun tərkibində o, CAB-ın əməliyyat müvəkkili Şahid4 və PPXB-nin polis nəfəri Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısını müşahidəyə götürmüşlər. Həmin yerdə Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək onun üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib onu İmişli RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı və video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində saxlanması və gəzdirilməsi qanunla qadağan edilən hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirildikdə, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş, içərisində psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imza olunmuşdur. Daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 işin hallarına dair Şahid3 ifadəsinə uyğun ifadə verdi. İşdə olan məhkəmə-fiziki kimyəvi ekspertizanın 18 mart 2022-ci il tarixli, 18/329 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kağız bükümdə təmiz çəkisi - 0,230 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,230 qr., tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 0,180 qr. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 21 iyul 2022-ci il tarixli, 3983 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan "xxxx" MMC-nin 05 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2022-ci ilin fevral-mart ayları tarixində bir ədəd 25 litr tutumunda alüminium flaqın orta bazar satış qiyməti işlənmiş vəziyyətdə 45 (qırx beş) manat, bir ədəd 12 litr tutumunda alüminium qazanın orta bazar satış qiyməti işlənmiş vəziyyətdə 13 (on üç) manat, bir ədəd 1.5 litr tutumunda alüminium qazanın orta bazar satış qiyməti işlənmiş vəziyyətdə 8 (səkkiz) manat, bir ədəd 7 litr tutumunda alüminium çaydanın orta bazar satış qiyməti işlənmiş vəziyyətdə 10 (on) manat, bir ədəd 30 sm diametrli alüminium aşsüzənin orta bazar satış qiyməti işlənmiş vəziyyətdə 4 (dörd) manat və bir ədəd 8 litr tutumunda alüminium samovarın orta bazar satış qiyməti işlənmiş vəziyyətdə 120 (yüz iyirmi) manat olmuşdur. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut kimi İmişli RPŞ-də saxlanılan bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, qalıq çəkisi - 0,180 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi İmişli RPŞ-də saxlanılan bir ədəd alüminium flaq, bir ədəd alüminium qazan, bir ədəd 1,5 litr həcmli alüminium qazan, bir ədəd alüminium çaydan, bir ədəd alüminium aşsüzən və bir ədəd alüminium samovar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 5 (beş) ay 15 (on beş) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 11 (on bir) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi İmişli RPŞ-də saxlanılan bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, qalıq çəkisi - 0,180 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi İmişli RPŞ-də saxlanılan bir ədəd alüminium flaq, bir ədəd alüminium qazan, bir ədəd 1,5 litr həcmli alüminium qazan, bir ədəd alüminium çaydan, bir ədəd alüminium aşsüzən və bir ədəd alüminium samovar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-82/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-82/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver