Məhkəmə qərarları › İş №1(036)-85/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-85/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-85/2024 27.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, İmişli şəhəri, H.Aslanov küçəsi ev 51 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 6,71 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 25 iyul 2024-cü il tarixdə, saat 14 radələrində İmişli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeydiyyatda olduğu İmişli şəhəri, H.Aslanov küçəsi 51 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılıb İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 14:43-də üzərində şəxsi axtarış aparılarkən qara rəngli şalvarının sağ ön cibindən bir ədəd kibrit qutusunda 6,71 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuşdur. Sonuncu dəfə 26 yanvar 2023-cü il tarixdə İmişli Rayon Məhkəməsinin müvafiq hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin həmin ilin yay aylarında şərti olaraq cəzadan vaxtından əvvəl azad edilmişdir. 25 iyul 2024-cü il tarixdə saat 11 radələrində o, yaşadığı binanın yaxınlığında yerləşən və İmişli şəhəri, X.Bəylərov küçəsinə çıxan dalan yol ilə piyada gedərkən yolun kənarında bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar etmiş və götürüb cibinə qoymaqla üzərində saxlamışdır. Bundan sonra rayon ərazisində olmuş, sonra evə qayıtmışdır. Həmin gün saat 14 radələrində o, piyada İmişli şəhəri, H.Aslanov küçəsində gəzərkən polis əməkdaşları ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməklə bağlı məlumat daxil olmasını, həmin məlumatla bağlı İmişli rayon polis şöbəsinə getməli olmasını bildirmişlər. O da başqa çıxış yolu olmadığını başa düşmüş və buna görə də polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə şöbəyə gəlmişdir. Orada təhqiqatçı Cəlal Azadov ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməklə bağlı məlumat daxil olmasını və həmin məlumatla bağlı olaraq üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da razılaşmışdır. Sonra vəkilin iştirakı ilə onun üzərində video görüntü ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə və ya qanunsuz əşya predmet varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Həmin vaxt o, yol kənarından tapdığı kibrit qutusunda olan və şalvarının sağ yan cibində saxladığı narkotik vasitə qurudulmuş marixuananı və şalvarının arxa sağ cibində olan bir ədəd “Samsung J2” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra üzərində şəxsi axtarış davam etdirilsə də başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən çıxan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və kibrit qutusu qarışıq 9,7 qram görünmüşdür. Həmin kütlə təhqiqatçı tərəfindən ağ rəngli içi boş zərfə qoyulmuş və möhürləndikdən sonra həm o, həm vəkil, həm də digər iştirakçılar tərəfindən imzalanmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır, himayəsində bir azyaşlı uşağı vardır. Qeyd olunanların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon Polis şöbəsinin X3 baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Hafis oğlu ifadəsində bildirmişdir ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs tanımır, sonuncu ilə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 25 iyul 2024-cü il tarixdə icraatına qeyri-aşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dəqiqləşdirilmiş və İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Gülhüseyin oğlu, İmişli RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid3, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 daxil edilmişdir. 25 iyul 2024-cü il tarixdə, saat 14 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığı müşahidəyə götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri H.Aslanov küçəsi 51 nömrəli evin yaxınlığında piyada gəzən görüb sonuncuya yaxınlaşmış və xidməti vəsiqələrini göstərməklə polis əməkdaşı olduqlarını təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün onlarla birlikdə İmişli rayon polis şöbəsinə getməli olmasını izah edilmiş, Təqsirləndirilən şəxs də razılaşmışdır. Birlikdə polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs xidməti otaqların birinə yerləşdirmiş və üzərində narkotik vasitə olması ehtimalı nəzərə alınaraq otaqda nəzarətdə saxlanılmışdır. Sonra təhqiqatçı Cəlal Azadov otağa daxil olmuş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın yoxlanılması ilə bağlı üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs özünün müdafiəçisinin olub-olmadığı soruşulmuş, sonuncu da maddi imkanının olmadığını, dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Sonra İmişli rayon Vəkil bürosunun vəkillərinin siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncu siyahıdan X1. Müdafiəçi Araz Əliyevə məlumat verildikdən sonra polis şöbəsinə gəlmiş, bundan sonra tədbir iştirakçıları Təqsirləndirilən şəxs və müdafiəçi Araz Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana, arxa sağ cibindən isə bir ədəd “Samsung J2” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu “SF-400” markalı elektron tərəzidə çəkilmiş və qutu qarışıq 9,7 qram çəki etmişdir. Sonra həmin kütlə qablaşdırılmış və üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması istiqamətində icraatına əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında Şahid1 Gülhüseyin oğlunun elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 Hafis oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 Hafis oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 Şahid2 Hafis oğlunun göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Şəxsi axtarış və götürmə aparılması haqqında 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə İmişli rayon polis şöbəsində, xidməti otaqların birində aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet, yaxud narkotik vasitə varsa çıxarıb təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının ön sağ cibindən bir ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuana kütləsini, həmin şalvarın arxa sağ cibindən bir ədəd “Samsung J2” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana kütləsi “SF-400” markalı elektron tərəzidə çəkilmiş və qutu qarışıq 9,7 qram olmuşdur. Aşkar olunmuş marixuana kütləsi qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı video görüntüdən istifadə edilmişdir. (i.v. 27-29); Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qismində tutulmuşdur. (i.v. 25); Məhkəmə-bioloji ekspertizasının 26 iyul 2024-cü il tarixli, 18/696 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “.... imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 6,71 qram, tədqiqata istifadə olunmuşdur – 0,02 qram, qalıq çəkisi - 6,69 qaram təşkil edir. (i.v. 25); Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü tarixli, 6482 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 121-122); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 54-55); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 27 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sabirabad RPŞ-nin MSY-dən həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 74-75); İmişli Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 1(036)-10/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 7(003)- 1208/2023 saylı qərarından görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin 26 yanvar 2023cü il tarixli 1(036)-10/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün və şahidlərin məhkəmə baxışı zamanı verdiyi ifadə və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlama və daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, İmişli Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 1(036)- 10/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti başa çatsa da o, qanunla məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini tədqiq edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib müyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutlar və ekspertiza xərcləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, İmişli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi – 6,69 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir ay) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclasından həbsə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi – 6,69 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar