Məhkəmə qərarları › İş №1(036)-85/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-85/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-85/2025 13.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, İmişli şəhəri, N.Ocaqov küçəsi ev 14 ünvanında qeydiyyatda olmaqla İmişli şəhəri, 28 may küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,235 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 14 avqust 2025-ci il tarixdə saat 02:20 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri 28 May küçəsində piyada hərəkətdə olan zaman saxlanılıb üzəri yoxlanılarkən əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunun içərisindəki gümüşü rəngli kağız bükümün arasında xeyli miqdarda, yəni 0,235 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 14 avqust 2025-ci il tarixdə, saat 02 radələrində İmişli şəhəri 28 May küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Sonra ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməklə bağlı əməliyyat məlumat daxil olduğunu və bununla bağlı olaraq üzərini yoxlayacaqlarını bildirmişlər. O da razı olmuşdur. Bundan sonra o üzərində bir ədəd siqaret qutusunun içərisindəki bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılmış və arasındakı narkotik vasitə heroini aşkar etmişlər. Sonra həmin büküm elektron tərəzidə çəkilərək boş zərfə qoyulmuş və üzəri möhürləndikdən iştirakçılar tərəfindən imzalanmışdır. Sonra birlikdə İmişli rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra üzərində yenidən şəxsi axtarış aparılmış və heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş narkotik vasitə heroin kütləsi müstəntiq tərəfindən yenidən elektron tərəzidə çəkilərək ağ rəngli içi boş zərfə qoyulmuş və üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Gülhüseyin oğlu ifadəsində bildirmişdir ki, 14 avqust 2025-ci il tarixdə icraatına qeyri-aşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda İmişli rayon sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dəqiqləşdirilmiş və İmişli rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı həmin şəxs Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, İmişli rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və İmişli rayon polis şöbəsinin Kriminalistik təhqiqatlar qrupunun baş inspektoru, polis mayoru Şahid3 daxil edilmişdir. 14 avqust 2025-ci il tarixdə, saat 02 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq əməliyyat qrupunun üzvləri ilə birlikdə İmişli şəhəri 28 may küçəsində yolun kənarında Təqsirləndirilən şəxs dəmir vaqonun yanı ilə hərəkət etdiyini və qaranlıq bir yerdən çıxdığını görüb ona yaxınlaşmış və xidməti vəsiqələri göstərməklə polis əməkdaşı olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilmişdir. Ondan üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində “kakos” adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Yoxlama zamanı sonuncu əynindəki qara rəngli şalvarın sol yan cibindən “LD” markalı siqaret qutusunun üzərindəki sellofanın içərisində olan bir ədəd gümüşü rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. Həmin gümüşü rəngli kağızın içərisinə baxış keçirən zaman narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd "xxxx" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzərindən heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilən gümüşü rəngli kağız büküm elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0.32 qram olduğu müəyyən olunmuşdur. Sonra aşkar edilmiş kütlə zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra birlikdə İmişli rayon polis şöbəsinə gəlmiş və bu barədə dərhal protokol tərtib edilərək, iştirakçılara elan edilmişdir. Daha sonra müvafiq araşdırmanın davam etdirilməsi İmişli rayon polis şöbəsinin İstintaq bölməsinə həvalə edilmişdir. İstintaq bölməsində video görüntü əsasında Təqsirləndirilən şəxs üzərində yenidən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir şey aşkar edilməmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdə olan narkotik vasitə heroin kütləsinə baxış keçirmək üçün zərf açılmış və həmin kütləyə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs müstəntiqə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər kütləni 13 avqust 2025-ci il tarixdə İmişli şəhəri 28 may küçəsində piyada hərəkətdə olan zaman yerdən tapdığını və həmin kütləni şəxsi istifadə etmək üçün yerədən götürüb üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 Şahid1 Gülhüseyin oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid İmişli rayon polis şöbəsinin Kriminalistik təhqiqatlar qrupunun baş inspektoru Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 Gülhüseyin oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Vətəndaşın saxlanılması və üzərinin yoxlanılması haqqında 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri 28 may küçəsində saxlanılmış, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhəli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmaması, olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli, xətli şalvarın sol yan cibindən “LD” markalı siqaret qutusunun üz hissəsindəki sellofanda olan, gümüşü rəngli siqaret kağızı kəsiyinə bükülmüş 01 ədəd büküm təqdim etmişdir. Həmin 01 ədəd büküm açıb içərisinə baxış keçirilən zaman onun içərisindən xarici görnüşünə görə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulmuş, sonuncu “Kakos” olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmit olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs üzərində olan şalvarın sağ yan cibindən 01 ədəd “Redmi Note” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret kağızı kəsiyində olan büküm elektron tərəzinin üzərinə qoyularaq ölçülmüş və çəkisinin 0.32 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bir ədəd zərfdə qablaşdırılaraq zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, və DİN-nin 179 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra C. Gəncalıyevə narkotik vasitə heroinə bənzər kütlənin haradan və necə əldə etməsi bardə sual verilmiş sonuncu yerdən tapdığını istifadəçi olduğunu bildirmişdir (cild 1, səhifə 10-12); Şəxsi axtarış və götürmə haqqında 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış İmişli rayon polis şöbəsinin inzibati binasında xidməti otaqda süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə, saat 02:20 radələrində saxlanılan zaman üzərindən aşkar edilmiş əşyalara, o cümlədən üzərindən aşkar edilərək 01 ədəd zərfə qoyularaq qablaşdırılmış narkotik vasitə olan heroinə bənzər kütləyə baxış keçirilmişdir. Zərf zərurət ilə əlaqədar olaraq açılmışdır. Zərfin içərisində 01 ədəd “LD” markalı siqaret qutusunun içərisində gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və elektron tərəziyə qoyularaq çəkilmişdir. Büküm 0.32 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həmin büküm siqaret qutusu ilə birlikdə yenidən boş zərfin içərəsinə qoyularaq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə DİN-nin 179 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd "xxxx" markalı mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefonun arxa hissəsində kabronun arasında bir ədəd "xxxx" ASC-yə məxsus plastik bank kart aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin plastik bank kartının özünə məxsus olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarının olubolmaması, müsbət halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs özü narkotik vasitə istifadəçisi həmçinin narkoman olduğunu bildirərək üzərindən 14 avqust 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş bir ədəd gümüşü rəngli bükümdə narkotik vasitə heroinə bənzər kütləni İmişli şəhəri 28 may küçəsində 13 avqust 2025-ci il tarixdə yerdən tapdığını bildirmişdir. Bundan başqa ƏAT zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd "xxxx" markalı mobil telefon, şəxsi axtarış zamanı aşkar olunmuş bir ədəd Kapital Bank ASC yə məxsus bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, səhifə 30-32); Mobil telefona baxış keçirilməsi haqqında 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən mobil telefon smartfon tiplidir, “Redmi Not 13” markalıdır, qara rəngdədir. Mobil telefonun giriş kodu “C” hərifi formasında simvol olmuşdur. Telefonun arxasında rezin materiallı qara rəngli qoruyucu əşya olmuşdur. Telefonun üzərində ***-***- **-** saylı “Azercell” mobil operatoruna məxsus nömrə olması müəyyən edilmişdir. Mobil telefonun “Qaleriya” bölməsində narkotik vasitə heroinə bənzər kütlənin şəkilləri aşkar olunmuşdur. Həmin şəkil 10 avqust 2025-ci il tarixdə mobil telefon vasitəsi ilə çəkilmişdir. Bundan başqa mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir.Məhkəmə-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 5/208 nömrəli rəyinə əlavə edilmiş məlumatlara baxış keçirilməsi haqqında 5 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A14” markalı mobil telefonun “Whatsapp” bölməsinə baxış zamanı ***-***-**-** saylı mobil nömrədən xx.xx.2025-ci il tarixdə “Salam qaqa”, həmin nömrədən xx.xx.2025-ci il tarixdə, saat 03:16:19-da “qaqa 50 manatım var, imkan varsa zəngimi aç, deməy istyrem sənə” xx.xx.2025-ci il tarixdə, saat 09:53:05-də ***-***-**-** nömrəsindən “qaqa məni pis vəziyyətdə saxlama” xx.xx.2024-cü il tarixdə, saat 04:38:06-da ***-***-**-** saylı nömrədən “qaqa yadunnan çıxaram birdən”, həmin gün saat 03:56:03-də “atıram qaa pulu”, həmin gün saat 04:38:29-da “yol çıxacam mən”, həmin gün saat 05:09:53-də “yol çıxıram axı ay qaqaş, həmin gün saat 05:10:05-də “onsuz da gede bilmirem”, xx.xx.2024-cü il tarixdə, saat 09:11:15-də “qardaş mən rəydə sizin yazdığınızı gördüm yazdım mənim səhifəmdə yazsaydınız cavab verərədim yəqin tam quru satmısan qardaş tam quru olsun 200 manata götürəcəm amma yaş olsa 100 manata nə qədər çox olsa problem deyil”, inşallah sizə nömrəmi yazım lazım olsa zəng edin zəhmət olmasa ***-***-**-**” məzmununda, habelə telefonun fayl yaddaşında narkotik vasitə gözləntisi məzmununda kişi cinsli şəxsə məxsus dörd ədəd səs yazısı müəyyən edilmişdir (cild 1, səhifə 53-55); Məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2025-ci il tarixli, 18/589 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0.235 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi – 0,235 qram, tədqiqata sərf edilmişdir – 0,05 qram, qalıq çəkisi – 0,185 qram təşkil edir (cild 1, səhifə 41-44); Məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2025-ci il tarixli, 5531 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, səhifə 138-139); Cinayət işinin başlanması haqqında 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib, saxlaması və daşıması faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, səhifə 1); Şübhəli şəxsin tutulması haqqında 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qismində tutulmuşdur (cild 1, səhifə 25-26); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, səhifə 56-57); Qətimkan tədbirinin seçilməsi haqqında İmişli Rayon Məhkəməsinin 15 avqust 2025ci il tarixli, 4(036)-70/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, səhifə 97-102); Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdiyi ifadələr və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 9 (doqquz) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, səhifə 103); Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə az ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 2 il müddət keçmədən, yəni qanunla məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində ona narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,185 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 14 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0.185 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar