Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-86/2021 29.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 12:30 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə İmişli şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, İmişli şəhəri, Xiyabani küçəsi, ev 27 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 445 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib özündə saxlamış, 05 mart 2021-ci il tarixdə, saat 13:00 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli şəhəri M.Əsədov küçəsində saxlanılıb İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış zamanı sağ əlində olan bir ədəd ağ rəngli sellofan torbada ümumi təmiz çəkisi 445 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Xiyabani küçəsi, ev 27 ünvanda yaşayır. El arasında “nəşə” adlanan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. Hətta narkomaniyadan müalicə olunması üçün Respublika Narkoloji Mərkəzind müalicə olunmuş, lakin yenə də ağrıları olduğu üçün, yenə narkotik vasitə qəbul etməyə başlamışdır. Təxminən 3-4 ay əvvəl yaşadığı ünvandan təxminən ***-**** metr kənarda olan axar su kanalının qamışlıq hissəsində 2 (iki) ədəd “nəşə” ağacını tapmışdır. Həmin ağaclar artıq özləri yarı qurumuş vəziyyətdə olsa da, lakin üzərində yarpaqları olmuşdur. O, həmin 2 (iki) ədəd “nəşə” ağacının yarpaqlarını toplayıb, sellofan torbaya yığmış və evinə aparmışdır. Evdə həmin narkotik vasitəni gizlincə qurutmuş, bir neçə dəfə onun qurumuş hissələrindən siqaretə dolduraraq siqaret əvəzi çəkmişdir. Lakin həmin narkotik vasitənin çox zəif olduğunu görüb, həmin kütləni məhv etmək istəmişdir. Bu məqsəd ilə 05 mart 2021-ci il tarixdə, təxminən saat 13:00 radələrində ağ rəngli sellofanda olan həmin narkotik vasitəni məhv etmək üçün evindən götürüb, piyada getmişdir. Belə ki, o, İmişli şəhəri, M.Əsədov küçəsi ilə gedən zaman onu 4 (dörd) nəfər polis əməkdaşı ona yaxınlaşıb, İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O da polis əməkdaşlarının təkilfini qəbul edərək, onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində xidməti otaqların birində müdafiəçinin iştirakı, eləcə də, video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmışdır. O, şəxsi axtarış zamanı sağ əlində saxladığı ağ rəngli sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Üzərindən digər qanunsuz narkotik vasitə, əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə onun və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Onu da qeyd edir ki, o, bir müddət əvvəl narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Lakin özünün istifadəsində olan “***-*******” nömrəli mobil telefona daxil olan və çıxan “məzmunu narkotik maddələrin satışı məqsədi ilə yazılmış “SMS” mətnləri barədə” fikir bildirmək istəmir. Bu səbəbdən də, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilmir. Belə ki, o, üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan heroini satmaq və ya kiməsə bağışlamaq niyyəti olmamış, sadəcə olaraq özünün istifadə etməsi üçün özündə saxlamışır. Lakin narkotik vasitə qəbul etdiyi üçün özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İmişli Rayon Polis X3 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantıdır. 05 mart 2021-ci il tarixdə, İmişli şəhəri, Xiyabani küçəsi ev 27 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuana əldə etməsi, həmin marixuananı üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması üçün bu barədə raportla İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. İmişli Rayon Polis X5 təhqiqatçısı, polis mayoru X2, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı X4 və İmişli Rayon Polis X11 Xidməti Bölməsinin polis nəfəri polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və İmişli şəhəri, M.Əsədov küçəsində əməliyyat tədbirini həyata keçirmək üçün müşahidəyə başlamışlar. Həmin gün, təxminən saat təxminən 13:00 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri, M.Əsədov küçəsində hərəkət etdiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları kimi təqdim edərək, İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təkilfini qəbul edərək, onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı, eləcə də, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olduğu 1 (bir) ədəd, ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin narkotik vasitə sayılan qurudulmuş marixuananın çəkisi 445 qram olması müəyyən edilmişdir. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuananı təxminən 2-3 ay əvvəl evlərinin yaxınlığındakı su kanalının qamışlıq hissəsində 2 (iki) ədəd “nəşə” ağacını tapdığını, həmin 2 (iki) ədəd “nəşə” ağacının yarpaqlarını toplayıb, sellofan torbaya yığdığını və evinə apararaq, gizli yerdə saxlayıb qurutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs, müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmamış əlavə və düzəlişlik edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs İmişli şəhərində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatları olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və İmişli Rayon Polis X11 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 18/298 saylı, 06 mart 2021-ci il ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi-445 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi-445 qram, tədqiqata sərf edildi-0.02 qram və qalıq-444.98 qram. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 31.95 (otuz bir, doxsan beş) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 1528 saylı, 25 may 2021-ci il rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiya normal daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqlıdır. Qolları uzadılmış vəziyyətdə əl barmaqlarının nisbətən titrəməsi müşahidə olunur. Psixi vəziyyəti: Huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası dəyişkəndir. Əhval-ruhiyyəsi normaldır. Öz vəziyyətinə tənqidi münasibəti vardır. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 05 mart 2021-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 1(036)-017/2021 saylı, 08 mart 2021ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan “Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 03 may 2021-ci il tarixli protokoldan və diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasını təsdiq edən çoxsaylı “SMS”lər mövcuddur. Baxış zamanı əldə edilmiş zənglərin siyasında iş üçün əhəmiyyət kəsb edən hallar nəzərə çarpmışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünün təqsirli bilməməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun ifadələri ilə, eləcə də, cinayət işində olan mötəbər sübutlar ilə təkzib olunduğu üçün onun ifadəsinə tənqidi yanaşılmalı və ifadəsi özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun “şübhəli şəxs qismində” tutulduğu vaxtdan hesablanmasını, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 31.95 (otuz bir, doxsan beş) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tututlaraq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübut (“CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan "xxxx" MMC əldə edilmiş məlumatlara dair 1 (bir) ədəd “CD” disk və şəxsi axtarış aparılmasına dair 1 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə cinayət işində olan digər maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 444.98 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 31.95 (otuz bir, doxsan beş) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işində olan "xxxx" MMC əldə edilmiş məlumatlara dair 1 (bir) ədəd “CD” disk və şəxsi axtarış aparılmasına dair 1 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə maddi sübutun qalığı olan İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 444.98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-86/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-86/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver