Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-86/2022 21.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1986-cı il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları olan, işsiz, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, əvvəllər İmişli Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, 6 noyabr 1989-cu il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, özgənin əmlakını talama məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, rolların bölgüsünə əsasən 24 yanvar 2022-ci il tarixdə saat 15 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs 20 (iyirmi) baş qoyun heyvanını İmişli rayonunun Rəsullu kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus istixananın həyətinə saldıqdan sonra birlikdə 400 (dörd yüz) manat dəyərində 2 (iki) baş qoyun heyvanını, istintaqa məlum olmayan minik avtomobilinin yük yerinə yükləyib gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, tanışı Təqsirləndirilən şəxs2 2016-cı il tarixdən ona məxsus istixanada fəhlə işləmişdir. 24 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Elməddin işə gəlmiş və həmin vaxt o, ona təcili olaraq 100 manat pul lazım olduğunu dedikdə sonuncu pulunun olmadığını bildirmişdir. Həmin gün saat 14 radələrində o, istixananın yanında qoyunlar olduğunu görüb Elməddinə həmin qoyunlardan oğurlayıb aparıb satıb pul əldə edib həmin puldan ona da verəcəyini təklif etdikdə sonuncu razılaşmışdır. Sonra o, təxminən 20 baş qoyunu həyətə salıb bir nəfər tanışına zəng vurub istixanaya gəlməsini demişdir. Sonra həmin şəxs ağ rəngli “Vaz 2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmiş və o, Elməddinlə birlikdə 20 baş qoyunun içərisindən 2 baş qoyunu tutub avtomobilin yük yerinə qoymuşlar. Sonra onlar həyətdə olan qoyunları çölə çıxarmış və o, avtomobilə minib çıxıb getmişdir. Həmin gün axşam saat 09 radələrində Elməddinə zəng vurub qoyunların pulunu səhəri gün alacağını bildirib yenindən ondan 100 manat pul istədikdə sonuncu pulunun olmadığını bildirmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 2016-cı il tarixdən tanışı Təqsirləndirilən şəxs1 istixanasında fəhlə işləmişdir. 24 yanvar 2022-ci il tarixdə saat 11 radələrində işə gəlmiş və həmin vaxt Elburs ona təcili olaraq 100 manat pul lazım olduğunu dedikdə o, pulunun olmadığını bildirmişdir. Həmin gün saat 14 radələrində Elburs ona istixananın yanında qoyunlar olduğunu, həmin qoyunlardan oğurlayıb aparıb satıb pulundan ona da verəcəyini təklif etdikdə o, razılaşmışdır. Sonra Elburs təxminən 20 baş qoyunu həyətə salıb kiməsə zəng vurmuşdur. Elburs zəng vurduqdan sonra bir ağ rəngli “Vaz 2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlmiş və onlar 20 baş qoyunun içərisindən 2 baş qoyunu tutub avtomobilin yük yerinə qoymuşlar. Sonra onlar həyətdə olan qoyunları çölə çıxarmış və Elburs avtomobilə minib getmişdir. Daha sonra o da istixananı bağlayıb çıxıb evinə getmişdir. Axşam saat 09 radələrində Elburs ona zəng vurub yenə 100 manat pul istədikdə o, ona qoyunları apardığını və nə üçün yenidən ondan pul istədiyini soruşduqda sonuncu qoyunların pulunu səhəri gün alacağını bildirdikdə o, pulunun olmadığını demişdir. Sonra Elburs telefonu söndürmüş və bundan sonra onunla hər hansı bir telefon əlaqəsi olmamışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus 20 baş xırdabuynuzlu heyvanı olmuş və həmin heyvanları yaşadığı evdə şəraiti olmadığından qonşuluğunda yaşayan atasının evinin həyətindəki tövlədə saxlayırmış. 24 yanvar 2022-ci il tarixdə səhər saatlarında oğlu Nəriman xəstə olduğu üçün onu İmişli Mərkəzi Rayon Xəstəxanasına aparmış və günorta saatlarında evə qayıdarkən qoyunların küçələrində olduğunu görüb anası Füstədən nə üçün qoyunları küçəyə buraxdığını soruşduqda anası havanın isti olduğunu, qoyunların yerinin quruması üçün çölə buraxdığını demişdir. Sonra o, yas mərasiminə gedərkən qoyunlarının ara küçələrindən çıxaraq qonşuluqda yerləşən Təqsirləndirilən şəxs1 məxsus istixananın qarşısına getdiyini görmüşdür. Həmin gün saat 17 radələrində o, evə qayıdıb işlərini görüb qurtardıqdan sonra qoyunları istixananın qarşısından gətirib yerinə salarkən iki baş qoyunun əskik olduğunu görmüşdür. Bundan sonra o, qoyunları axtarmağa başlamış, lakin tapa bilməmişdir. O, qoyunların oğurlandığını düşünüb sonuncu dəfə Elbursun istixanasının qarşısında gördüyündən qoyunların kim tərəfindən aparıldığını görmək üçün orada olan kameraya baxmağa getmişdir. O, Elməddindən istixananın kamerasının işləyib-işləməməsini soruşduqda sonuncu işlədiyini bildirmişdir. O, kamera görüntüsünə saat 13:00-dan başlayaraq saat 24 radələrinədək baxmışdır. Kameraya baxarkən qoyunlar saat 14 radələrində istixananın qarşısında otlayırmış. Elburs isə həmin vaxt orada telefonla danışırmış. Təxminən 30 dəqiqə sonra kamera sönmüş və təxminən saat 17 radələrində açılmışdır. O, Elməddindən kameranın nə üçün söndüyünü soruşduqda sonuncu bilmədiyini demişdir. Bundan sonra o, qoyunlarının Elburs və Elməddin tərəfindən oğurlandığını başa düşmüşdür. Hazırda ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 07 iyun 2022-ci il tarixli, 9/3652 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırda buynuzlu heyvanların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 220,00 manat müəyyən edilir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, vurmuş olduğu maddi ziyanı tam ödəməsini, himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İşdə olan “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” pörotokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər İmişli Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, vurmuş olduğu maddi ziyanı tam ödəməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30 aprel 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. İmişli Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalmış 2 (iki) il 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 21 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-86/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-86/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver