Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-87/2024 03.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1983-cü il tarixdə İmişli rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, 14 iyun 2024-cü il tarixdə, saat 17 radələrində İmişli şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Elçin” restoranının həyətindəki sanitar qovşağın yanında həmin restoranda keçirilən “Son zəng” şənliyində oğlu İmaş Vəliyevlə rəqs etmədiyini bəhanə edərək, əsaslı səbəb olmadan sonuncunun sinif yoldaşı Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdlə kəllə və yumruqla vuraraq, ona xuliqanlıq niyyətilə sol almacıq sümüyünün sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zəzər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs həmkəndlisi və oğlu İmaşın sinif yoldaşı kimi tanıyır. Nemət həmdə onun qohumudur. Nemət ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. 14 iyun 2024-cü il tarixdə, saat 14:00-da İmişli şəhəri, Z.Əliyev küçəsində yerləşən “Elçin” restoranın banket zalında oğlu İmaş və sinif yoldaşları məktəbi bitirməklərini qeyd etmişlər. Tədbirdə validiyenlər, məktəblilər və 2-3 nəfər müəllim iştirak etmişdir. İmaş ilə Nemət bir ildir ki, küsülüdürlər. Nemətin anası onları barışdırmağını ondan istəmişdir. Tədbirdə validiyenlər ilə birlikdə araq içmişdir. Yemək yedikdən sonra tədbirdə iştirak edənlər rəqs etməyə başlamışlar. O da oğlu İmaş və oğlunun sinif yoldaşları ilə birlikdə rəqs etməyə başlamışdır. Bu vaxt Neməti qolundan tutub bayıra çıxardaraq İmaş ilə barışdırmaq istəmişdir. Nemət qolunu geri çəkmişdir, İmaşın ünvanına söyüş söyərək, barışmaq istəmədiyini bildirmişdir. Bundan sonra, Neməti tualetin arxa tərəfinə aparıb, sifətindən 1 (bir) dəfə sillə ilə yavaş vurmuşdur. Nemət yerə, betonun üzərinə yıxılmışdır. Onu vurarkən yanında heç kəs olmamışdır. Bundan sonra səs-küyə digər şəxslər gəlmişdir. Nemət zala getmişdir. O isə əsəbindən İmaşı götürüb evinə getmişdir. Səhəri gün rayon polis şöbəsindən onu çağırmışlar və bu vaxt Nemətin onu barəsində şikayət etməsini öyrənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin gün oğlunun İmaşın və sinif yoldaşlarının son zəng günü olmuşdur. O da son zəngdə iştirak etmişdir. Həmin vaxt içkili olmuşdur. Oğlu İmaşın sinif yoldaşları ilə birlikdə şənlikdə oynamışdır. Oğlu İmaşın sinif yoldaşı Nemət ilə küsülü olmuşdur. Bu məqsədlə onları barışdırmaq istəmiş lakin Nemət onun oğlu İmaşla barışmaq istəməmişdir. Bu zaman əlindən tutdum ki, barışsınlar lakin Nemət onu itələmiş və oğlunun barəsində nalayiq ifadələr işlətmişdir. Buna görə də onun qolundan tutaraq restoranın arxasına aparmış və ona 1 (bir) sillə vurmuşdur. Hadisə vaxtı yanlarında heçkəs olmamışdır. Mübahisə 2-3 dəqiqə çəkmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 14 iyun 2024-cü il tarixdə, 14:00-da İmişli şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Elçin” restorarının banket zalında məktəbi bitirməkləri ilə bağlı tədbir keçirdirmişlər. Tədbirdə sinif yoldaşları, müəllimlər və validiyenlər həmin tədbridə iştirak edirmiş. Tədbirdə iştirak edən validiyenlərdən 3-4 nəfəri spirtli içki qəbul edirmişlər. Spirtli içki qəbul edən valdiyenlərdən biridə Məhəbbət olmuşdur. Yemək yedikdən sonra rəqs etməyə başlamışlar. Onlarla birlikdə İmaş və atası Məhəbbətdə rəqs etməyə başlamışdır. O, rəqs edib qurtardıqdan sonra kənara çəkilmişdir. Bu vaxt Məhəbbət onun qolundan tutub, İmaşla barışdırmaq istəmiş, o isə qolunu geri çəkib, Məhəbbətə barışmayacağını demişdir. Bundan sonra, Məhəbbət onun qolundan tutaraq bayıra çıxartmışdır. Məhəbbət camaat içərisində onu vurmamış, restoranın arxasına aparmışdır. Orada Məhəbbət ona barışdmadığı üçün şillə ilə vurmuşdur, o da yerə yıxılmışdır. Onun vurarkən yanında heç kəs olmamışdır. Adamlar gələnə qədər atrıq mübahisə bitmişdir. Məhəbbət onun sifətindən 1-2 dəfə də yumruqla vurmuşdur. Onları, dayısı Şahid3, Poladın oğlu Şahid1 ayırmışdır. Bundan sonra onu İmişli rayon mərkəzi xəstəxanasına aparmışlar. Barışdığı üçün cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etd Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin gün onun və sinif yoldaşlarının son zəng günü olmuşdur. O da son zəngdə iştirak etmişdir. Həmin vaxt o da sinif yoldaşları ilə birlikdə şənlikdə oynamışdır. Məhhəbətin oğlu İmaşla o, küsülü olmuşdur. Bu məqsədlə Məhəbbət onları barışdırmaq istəmiş lakin o, İmaşla barışmaq istəməmişdir. Bu zaman Məhəbbət onun qolundan tutaraq restoranın arxasına aparmış və ona 1 (bir) sillə vurmuş, o, yerə yıxılaraq xəsarət almışdır. Hadisə vaxtı yanlarında heçkəs olmamışdır. Sonradan sinif yoldaşları gəlmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 14 iyun 2024cü il tarixdə, saat 14 radələrində İmişli şəhərində yerləşən “Elçin” restoranında son zəng ilə bağlı keçirilən tədbirdə iştirak edirmiş. Tədbirdə sinif yoldaşlarının valdiyenlərindən bir neçəsi də iştirak etmişdir. O, ayaqyoluna getmək məqsədi restoranın həyətinə çıxanda görmüşdür ki, adamlar yığışıb, soruşduqda isə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşdığını bilmişdir. Lakin davanı şəxsən görməmişdir. O, gələrkən söz-söbət qutarmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Həmçiniin Zərərçəkmiş şəxsda tanıyır. Nemət onun bacısı oğludur. 14 iyun 2024-cü il tarixdə, 14:00-da İmişli şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Elçin” restorarının banket zalında oğlu Vurğunun 11-ci sinifi bitirməkləri ilə bağlı “Son zəng” tədbirini keçirdirmişlər. Həmin tədbirdə bir neçə valdiyen də iştirak etmişdir. O, şənlikdə biraz oynadıqdan sonra qırağa çıxıb dincəlmişdir. Uşaqların çölə qaçdığını görmüşdür. Ora yaxınlaşıb bilmişdir ki, Nemətlə Məhəbbət dalaşmışdır. Səbəb isə Nemətin Məhəbbətin oğlu ilə küsülü olması və onları barışdırmaq niyyəti olmuşdur. Biraz Məhəbbətlə söhbət etdiyini, sonra Nemət xəstəxanaya getdiyini və Nemətin arxasınca xəstəxanaya gəldiyini bildirdi. Heç bir nalayiq söyüşlər eşitməmişdir. Bundan sonra nə olduğundan məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs sinif yoldaşının atasıdır. Həmçiniin Zərərçəkmiş şəxsda tanıyır və qohumudur. 14 iyun 2024-cü il tarixdə, 14:00-da İmişli şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Elçin” restorarının banket zalında o, 11-ci sinifi bitirməkləri ilə bağlı “Son zəng” tədbirini keçirdirmişlər. O, şənlikdə biraz oynadıqdan sonra qırağa çıxıb dincəlmişdir. Uşaqların çölə qaçdığını görmüşdür. Ora yaxınlaşıb görmüşdür ki, Nemətin üst-başı cırılmışdır. Sonra Nemət xəstəxanaya getdiyini və Nemətin arxasınca xəstəxanaya gəldiyini bildirdi. Heç bir nalayiq söyüşlər eşitməmişdir. Bundan sonra nə olduğundan məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 10 avqust 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); Zərərçəkmiş şəxs İmişli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyeva ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, “Elçin” restorarının banket zalında keçirilən son zəngdə həmkəndlisi Təqsirləndirilən şəxs yumruqla burun nahiyyəsini vurub qırmış və xaya nahiyyəsinə təpiklə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (i.v. 7); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X21 401 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sol almacıq sümüyünün sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (i.v. 12-13); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X21 154 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı onun bədəni üzərində, o cümlədən sifətində, sol göz proyeksiyasında hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadı. Sol gözün sklerasında hiperemiyanın travmatik mənşəli olmasını təsdiq edən hər hansı bir məhkəmə tibbi sübut olmadığı üçün zərər vurmanın dərəcəsinin təyinində nəzərə alınmır (i.v. 71-72); İmişli RİHB-nin Məzrəli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İmişli rayonu, Çaxırlı kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibləri atası arvadı X7, oğlu X11, oğlu X9 və qızı X2 ibarətdir. (i.v. 37); İmişli RİHB-nin Məzrəli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İmişli rayonu, Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs ailə tərkibləri atası X12, anası X13, bacısı X3 və qardaşı X4 ibarətdir. (i.v. 39); İmişli RİHB-nin Məzrəli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində İmişli rayonu, Çaxırlı kəndində daimi qeydiyyatda olmuş, Çaxırlı kəndində yaşamışdır. Hal-hazırda Çaxırlı kəndində qeydiyyatda olsalar da, öz ailə üzvüləri ilə birlikdə İmişli rayonuna köçüblər, orada yaşayırlar. Çaxırlı kəndində yaşadığı müddət ərazidə həmişə nizam-intizamlı olub, qonşularla münasibəti normal olmuşdur. Ondan ərazi nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır, qonşuların deməsinə görə sürücü işləyir, onun özünə məxsus xüsusiyyətləri vardır (i.v. 38); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22); baxış keçirilmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə İmişli şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Elçin” restoranının həyətində baş vermişdir. Hadisə sanitar qovşağın yanında baş vermişdir. Baxış iştirakçısı Zərərçəkmiş şəxs əvvəlcə restoranın banket zalınını göstərərək zalın mərkəzində rəqs etdiklərini, rəqs edən zaman Təqsirləndirilən şəxs onu oğlu İmaş Vəliyevlə barışdırmaq üçün rəqs etməyə dəvət etdiyini, lakin onun bundan imtina etməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs koridoru göstərərək oradan bayıra çıxdıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs Sanitar qovşağın yanında, künc hissədə Təqsirləndirilən şəxslə dava etdiyini, onu orada Təqsirləndirilən şəxs vurmasını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Vəliyev X6 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1, 264 və 66.3-cü maddəsinə əsasən 02 il azadlığın məhdudlaşdırılması və 02 il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2009-cu il tarixli “Amnis” qərarına əsasən azad edilib (i.v. 41-42); Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsindən, həmin Hənin 127.2.3-cü maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunsun. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221-ci maddənin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibi rədd edilsin. Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi inzibati tənbeh tədbiri görürlməməsi məqsədəmüvafiqdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması protokolları, məhkəmə-tibbi ekspertizasının rəyləri və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilsin və cinayət materiallarına əlavə edilsin. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon prokuroruna təqdim edilsin (i.v. 82-86); Qətimkan tədbiri seçilməsi haqqında 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 109-110); Zərərçəkmiş şəxs 27 noyabr 2024-cü il tarixli və məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş ziyanı tam ödəmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 14 iyun 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs İmişli şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Elçin” restoranının həyətindəki sanitar qovşağın yanında həmin restoranda keçirilən “Son zəng” şənliyində oğlu İmaş Vəliyevlə barışdırmaq istəyərkən, zərərçəkmiş şəxsin bundan kobud şəkildə imtina etməsinə görə şəxs münasibətlər zəmnində oğlunun sinif yoldaşı Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdlə kəllə və yumruqla vuraraq, ona xuliqanlıq niyyətilə sol almacıq sümüyünün sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün sınığından ibarət sağlamlığın uzun müddətə pozulamasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zəzər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 14 iyun 2024-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, həmçinin, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən olunmamışdır. Əksinə, Təqsirləndirilən şəxs niyyəti küsülü olan oğlu İmaşla Zərərçəkmiş şəxs barışdırmaq olmuşdur ki, lakin Zərərçəkmiş şəxs bundan kobud şəkildə imtina etməsi nəticəsində hadisələrin axarı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dalaşması ilə nəticələnmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2, Şahid3, Şahid1 davanın şahidi olmadıqlarını, sonrdan çölə çıxarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dalaşdıqlarını eşitdiklərini bildirmişlər. Davanın səbəbinin isə Təqsirləndirilən şəxs küsülü olan oğlu İmaş ilə Zərərçəkmiş şəxs barışdırmaq olmasını bildirmişlər. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi məlum olsa da istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kim qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibət zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə, şahidlərin ifadəsi, protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsinə dair sübutlar toplanılmamış, toplanılmış sübutlar isə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər məhkəmə istintaqında dindirilmişdir. Həmin şəxslərin ifadələri ilə Zərərçəkmiş şəxs CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham təkzib olunmaqla təqsirləndirilən şəxsin ifadəsi zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq olunur və üst-üstə düşür. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs Cəfərov X5 oğlu İmaşla o, küsülü olmuşdur. Bu məqsədlə Məhəbbət onları barışdırmaq istəmiş lakin o, nalayiq ifadə işlədərək İmaşla barışmaq istəməmişdir. Bu zaman Məhəbbət restoranın arxasında ona 1 (bir) sillə vurmuş, o, yerə yıxılaraq xəsarət almışdır. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Məhkəmə, əslində mübahisənin Təqsirləndirilən şəxs niyyəti küsülü olan oğlu İmaşla Zərərçəkmiş şəxs barışdırmaq istədiyini nəzərə alır, bu səbəbdən də qeyd edilənlərin hadisənin baş verməsində əsaslı səbəb kimi qiymətləndirir. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində, hətta hadisənin gedişində Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, bu xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyildir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə işin faktik hallarına əsaslanaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyildir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-87/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-87/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver