Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-88/2021 13.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə 20 yanvar 1992-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, İmişli rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli Qərarı ilə cəzası 400 saat müddətinə ictimai işlər cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Vidadi küçəsi ev 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, İmişli rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli Qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 27 fevral 2021ci il tarixdə saat 03 radələrində Bəhrəmtəpə-İmişli-Kürdəmir avtomobil yolunun İmişli şəhəri, L.Vəliyev küçəsindən keçən hissəsində yerləşən şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus dülgər sexinə aid olan, saxlanc yeri hesab olunan tikiliyə giriş qapısının qıfılını sındırmaqla qanunsuz daxil olaraq, oradan 336 manat dəyərində "Calypso" markalı, "CSC-200" modelli, 7,5 at gücündə, 5,6 kilovatlıq, işlənmiş və işlək vəziyyətdə olan avtoyuma aparatının 01 ədəd mühərrikini gizli talayaraq zərərçəkmiş şəxsə 336 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 04 mart 2021-ci il tarixdə saat 04 radələrində İmişli şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus İmişli şəhəri, Q.Qarayev küçəsi ev 50 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan qaraja giriş qapısının qıfılını sındırmaqla qanunsuz daxil olaraq, oradan 20 manat dəyərində 01 ədəd istifadə olunmuş, üzərində korroziya izləri olan 16 sm x 80 sm ölçüdə, “Embraco-Aspera NE6187Z” markalı soyuducu mühərrikinə məxsus soyuducu radiatoru və 180 manat dəyərində 01 ədəd istifadə olunmuş “Mersedes - Benz” markalı, W-211 kuzovlu avtomobilə aid sol stop farasını gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 27 fevral 2021-ci il tarixdə saat 03 radələrində İmişli şəhərində bənd üstü kimi tanınan yerdə piyada gəzən zaman sahibsiz bir obyekt tapıb oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt maye qaz doldurma məntəqəsinin yaxınlığında yerləşən balaca daxma kimi tikili onun diqqətini çəkmişdir. O, əlində olan alışqanın işığı ilə həmin yerə baxdıqda içərisində avtoyuma aparatının olmasını görmüş və aparatın mühərrikini söküb oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə otağın kilidini özü ilə gətirdiyi dəmir əşya vasitəsi ilə sındırmış və otağa daxil olaraq avtoyuma aparatının üst qapağını çıxarıb mühərrikin mis olan hissəsini dartıb çıxarmışdır. Daha sonra tikilidən çıxmış və kilidi də yerinə görünüş üçün asmışdır. Oğurladığı mühərriki yaşadığı evə aparıb evin zirzəmisində gizlətmişdir. Səhəri gün, yəni 28 fevral 2021-ci il tarixdə saat 09 radələrində yuxudan durub axşam oğurladığı mühərriki söküb mislərini çıxarmışdır. Sonra həmin misləri İmişli şəhərində metal qəbulu ilə məşğul olan Şahid 30 manat 80 qəpiyə satmışdır. Bundan başqa o, 04 mart 2021-ci il tarixdə saat 04 radələrində İmişli şəhəri, Q.Qarayev küçəsi, ev 50 ünvanında yerləşən evə tərəf getmiş, evin həyətində olan qaraja küçə tərəfdən olan qapısından keçmiş və əvvəlcədən özü ilə götürdüyü dəmir əşya ilə qarajın kilidini qırıb qaraja daxil olmuşdur. Qaraj qaranlıq olduğu üçün alışqanın işığı ilə ətrafa baxmış və orada olan soyuducunun mühərrikində mis olacağına əmin olub, soyuducunu söküb onun radiatorunun bir hissəsini çıxarmışdır. Daha sonra qarajda “Mersedes – Benz” markalı avtomobilin stop işıqlarını görüb onu da oğurlamaq qərarına gəlmişdir. Oğurladığı radiatorun bir hissəsini və avtomobilə məxsus stop işığını götürüb qarajdan çıxmışdır. Özü ilə gətirdiyi dəmir əşyanı isə yolda gedərkən tullamışdır. Oğurladığı əşyaları da evlərinə yaxın bir yerdə küçədə gizlətmişdir. Səhəri gün isə polis əməkdaşları yaşadığı evə gələrək oğurluq barəsində ondan soruşduqda o, etdiyi oğurluqları səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş və ifadəsi elan olunmuş zərər çəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərdi ki, onun Bəhrəmtəpə-İmişli-Kürdəmir magistral yolunun sağ tərəfində, yəni L.Vəliyev küçəsinin sonunda maye qaz doldurma məntəqəsi yaxınlığında avtoyuma sexi vardır. Hazırda həmin avtoyuma sexini dülgər sexi kimi istifadə edir. Avtoyuma sexini işlətdiyi vaxt avtomobillərin yuyulması üçün aparat almış, lakin avtoyuma sexi işləmədiyi üçün həmin aparatları dülgər sexində saxlanc yeri kimi istifadə olunan otağa qoyub ağzını bağlamışdır. 22 fevral 2021-ci il tarixdə öz avtomobilini yumaq üçün aparatı otaqdan çıxarmış, avtomobili yuduqdan sonra aparatı yenidən otağa qoyub qapısını bağlamışdır. 28 fevral 2021-ci il tarixdə avtomobilini yumaq üçün aparatı otaqdan götürmək istəmiş, lakin aparatın saxlanıldığı otağın qapısının kilidinin sınmasını görmüşdür. Otağa daxil olub aparata baxarkən mühərrikinin yerində olmadığını müəyyən etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Sonra sexə İmişli rayon polis şöbəsinin əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Oğurlanmış “Calypso” markalı, CSC-200 modelli, 7,5 at gücündə olan aparatı 2016-cı ildə 2700 manata almış və oğurlanana kimi işlək vəziyyətdə olmuşdur. Aparatın elektrik mühərrikinin üst hissəsi oğurlanmış və ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Lakin buna baxmayaraq hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, 2009-cu ilə kimi İmişli şəhəri, Q.Qarayev küçəsi ev 50 ünvanında yerləşən evində yaşamış, sonra isə yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Hərdən bir o, İmişli şəhərində yerləşən evinə gəlib-gedirmiş. 04 mart 2021-ci il tarixdə saat 09 radələrində qonşusu Rəsmiyyə İbrahimova ona zəng edərək həyətində olan qarajının küçəyə baxan qapısının kilidinin qırıq olmasını demişdir. O da məcbur qalıb Bakı şəhərindən İmişli şəhərində yerləşən evinə gəlmiş və həyətində olan qaraja baxarkən 2014-cü ildə 1500 manata aldığı işlənmiş, lakin işlək vəziyyətdə olan 2 metr uzunluğunda soyuducunun iç hissəsinin dağıldığını, mühərrikində olan radiatorunun yerində olmadığını, eyni zamanda qarajında saxladığı “Mercedes - Benz” markalı, W-211 kuzaya aid olan, 185 manata aldığı sol stop farasının naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmiş və ona görə də İmişli RPŞ-yə gəlib bu barədə məlumat vermişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq orqanına zərər çəkmiş şəxs qismində verdiyi ifadəsini təsdiq etdiyini və hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 27 fevral 2021ci il tarixdə saat 09 radələrində İmişli şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs onun işlətdiyi metal qəbulu məntəqəsinə əlində mis gətirib həmin misi satmaq istədiyini bildirmişdir. O da həmin misi tərəzidə çəkib Fuada 3 kq çəkidə olduğunu deyərək 30 manat 80 qəpik pul təklif etmiş və sonuncu da onunla razılaşıb misi ona satmışdır. O, həmin misin mənbəyini Fuaddan soruşduqda sonuncu özünə məxsus olduğunu bildirmişdir. Sonra o, misi digər metalların yanına qoyaraq Bakı şəhərinə göndərmişdir. Fuadın işi ilə əlaqədar o, polis şöbəsinə dəvət edildikdən sonra sonuncunun oğurluq etdiyini bilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 05 may 2021-ci il tarixli, 9/1737 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd "Calypso" markalı, "CSC-200" modelli, 7,5 at gücündə, 5,6 kilovatlıq, işlənmiş və işlək vəziyyətdə olan avtoyuma aparatının mühərrikinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 336,00 manat müəyyən edilir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 24 may 2021-ci il tarixli, 9/1780 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiymətləri təxminən 200,00 manat müəyyən edilir: - 01 ədəd istifadədə olmuş, üzərində korroziya izləri olan 16 sm x 80 sm ölçüdə, “Embraco-Aspera NE6187Z” markalı soyuducu mühərrikinə məxsus soyuducu radiatoru - 20,00 manat - 01 ədəd istifadədə olmuş “Mersedes – Benz” markalı, W-211 kuzovlu avtomobilə məxsus olan stop farası – 180,00 manat təşkil edir. İşdə olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Qənbərov X2 Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, İmişli rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli Qərarı ilə cəzası 400 saat müddətinə ictimai işlər cəzası ilə əvəz edilmiş və 23 fevral 2021-ci il tarixdə cəza müddəti başa çatdığından İmişli rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İşdə olan İmişli rayon məhkəməsinin 4(036)-81/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, İmişli rayon polis şöbəsində Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan - 01 ədəd 16 sm x 80 sm ölçüdə, “Embraco-Aspera NE6187Z” markalı soyuducu mühərrikinə məxsus soyuducu radiatoru və 01 ədəd istifadə olunmuş “Mercedes - Benz” markalı, W-211 kuzovlu avtomobilə məxsus stop fara sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. İmişli rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Cəza çəkməsinin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan - 01 ədəd 16 sm x 80 sm ölçüdə, “Embraco-Aspera NE6187Z” markalı soyuducu mühərrikinə məxsus soyuducu radiatoru və 01 ədəd istifadə olunmuş “Mercedes - Benz” markalı, W-211 kuzovlu avtomobilə məxsus stop fara sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-88/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-88/2021
13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver