Məhkəmə qərarları › İş №1(036)-88/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-88/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-88/2022 25.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, P.Həsənov küçəsi ev 74 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdən 06 dekabr 2021-ci il tarixədək olan müddət ərzində İmişli şəhəri, Həzi Aslanov küçəsi, ev 10 ünvanında, sonuncu dəfə isə 06 dekabr 2021-ci il tarixdə saat 11:00 radələrində İmişli şəhəri, H.Aslanov küçəsi 30 ünvanında yerləşən "xxxx" MMC-nin İmişli filialının inzibati binasının yaxınlığında X1 hər dəfə 20 manat pul verməklə təqribən 0,5 qram çəkidə, satış məqsədi olmadan, özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin alaraq, təkrarən, əldə etmiş, daşıyaraq üzərində saxlamış, əldə etdiyi heroinin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini kağız kəsiyinə yığaraq gələcəkdə istifadə etmək üçün özündə saxlamış, 07 dekabr 2021-ci il tarixdə saat 13 radələrində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İmişli şəhəri, P.Həsənov küçəsində saxlanılaraq İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd kağız kəsiyinə bükülü halda, təmiz çəkisi 2,703 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, narkotik vasitə olan heroin qəbul edirmiş. Narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxslərdən alıb istifadə edirmiş. 25 noyabr 2021-ci il tarixdə saat 12 radələrində özü istifadə etmək üçün narkotik vasitə olan heroin axtarmış və istifadəsində olan mobil telefondan İmişli şəhərində yaşayan tanışı Seymurun mobil telefonuna zəng edərək ondan narkotik vasitə istəmişdir. Seymur tanışı olduğunu və pul verərsə ona narkotik vasitə heroin tapa biləcəyini demişdir. O, razılaşaraq Seymurla İmişli şəhərində "xxxx" MMC-nin İmişli filialının inzibati binasının yaxınlığında görüşmüş və ona heroin alsın deyə sonuncuya 20 manat pul vermişdir. Seymur pulu ondan alıb heroin almaq üçün şəhərin mərkəzinə tərəf getmiş, o isə həmin yerdə dayanaraq onu gözləmişdir. Təxminən yarım saat sonra Seymur onun yanına gəlmiş və heroini aldığını demişdir. Bundan sonra o, Seymurla birlikdə həmin yerin yaxınlığında yerləşən bina evində sonuncunun kirayədə qaldığı evə getmişlər. Evə daxil olduqdan sonra Seymur cibindən sellofan bükümündə heroin çıxardıb həmin heroini onun verdiyi pula aldığını deyib heroini ona vermişdir. Lakin Seymur həmin heroini kimdən aldığını deməmişdir. O, həmin heroini butulka vasitəsi ilə çəkməklə qəbul etmişdir. Həmin heroindən Seymur özü də istifadə etmişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda təxminən 5-6 dəfə Seymurdan hər dəfə çəkisi təxminən yarım qram olan heroini 20 manata İmişli şəhəri ərazisində ayrı-ayrı yerlərdə alaraq bir hissəsini özü istifadə etsə də qalan hissəsini özündə saxlamışdır. Sonuncu dəfə 06 dekabr 2021-ci il tarixdə saat 11 radələrində yenə Seymurla zəngləşərək İmişli şəhərində "xxxx" MMC-nin İmişli filialının inzibati binasının yaxınlığında görüşüb ona heroin alsın deyə sonuncuya yenə də 20 manat pul vermişdir. Seymur 20 manat pulu ondan alıb heroin almaq üçün şəhərin mərkəzinə tərəf getmiş, o isə həmin yerdə dayanaraq onu gözləmişdir. Təxminən 40 dəqiqə sonra Seymur onun yanına gəlmiş və heroini aldığını demişdir. Sonra Seymur cibindən sellofan bükümündə heroin çıxardıb həmin heroini onun verdiyi pula aldığını deyib heroini ona vermişdir. O, heroini Seymurdan alaraq əynində olan şalvarın cibinə qoymuş və ondan ayrılaraq evinə getmişdir. Həmin gün axşam vaxtı evdə Seymurdan aldığı heroindən özü tək bir az istifadə etdikdən sonra sonuncudan ayrı-ayrı vaxtlarda aldığı heroinləri kağız parçasına bükərək özü istifadə etmək üçün cibinə qoymuşdur. 07 dekabr 2021-ci il tarixdə saat 13 radələrində İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən evinin həyət qapısının yaxınlığında küçədə tək olarkən üç nəfər şəxs ona yaxınlaşaraq İmişli rayon polis şöbəsinin əməkdəşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin və iki tanımadığı hal şahidlərinin iştirakı ilə o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız parçasına bükülü halda heroini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 dekabr 2021-ci il tarixdə xidmətdə olan zaman İmişli şəhər sakini Təqsirləndirilən şəxs saat 13 radələrində İmişli şəhəri, P.Həsənov küçəsində olacağı və üzərində narkotik vasitə gəzdirməsi barədə ona məlumat daxil olmuşdur. O, bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri PPXB-nin polis nəfəri Şahid3, İTB-nin sahə polis nəfəri Şahid4la birlikdə İmişli şəhəri, P.Həsənov küçəsinin yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək onun üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib onu İmişli RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş, içərisində narkotik vasitə heroinə oxşar kütləni çıxarıb onlara təqdim etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, PPXB-nin polis nəfəri Şahid3 və İTB-nin polis sahə nəfəri Şahid4 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 07 dekabr 2022-ci il tarixdə İmişli RPŞ-nin inzibati binasının qarşısından keçən zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılacağını bildirib hal şahidi qismində iştirak etməyini xahiş etdikdə o, razılaşmışdır. Polis şöbəsində müdafiəçinin, digər hal şahidinin və polis əməkdaşlarının iştiraki ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş, içərisində narkotik vasitə heroinə oxşar kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə heroinə oxşar kütlə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan materialların məhkəmə ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 18/1173 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs əynində olan...” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi - 2,703 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 2,703 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq çəkisi – 2,653 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 21 iyun 2022-ci il tarixli, 3388 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 2,653 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 2,653 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar