Məhkəmə qərarları › İş №1(036)-90/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-90/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-90/2022 03.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxx 1988-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2129/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(036)-333/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4500,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, hal-hazırda qeyri-rəsmi nikahda olduğu X1 ilə birlikdə yaşayır. O, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ayda orta hesabla 450-500 manat qazanc əldə edir. O, Zərərçəkmiş şəxs ilə xx.xx.2012-ci il tarixdə faktiki nikaha daxil olaraq evlənmiş və onların bu nikahdan xx.xx.2013-cü il tarixdə Aytac və xx.xx.2015-ci il tarixdə Amin adlı uşaqları dünyaya gəlmişdir. O, Günellə evli olduğu vaxtlarda tez-tez Rusiya Federasiyasının Moskva şəhərinə gedərək orada fəhlə işləmiş və 2017-ci ilin əvvəllərində Moskva şəhərində olarkən evə iki ay pul göndərmədiyi üçün Günel ona zəng edərək ondan ayrılmaq istədiyini bildirmişdir. O, bir neçə dəfə Günellə barışmaq istəsə də sonuncu barışmaq istəmədiyini bildirib uşaqları ilə birlikdə öz valideynlərinin himayəsində yaşamağa başlamışdır. O, Günellə ayrı yaşadığı vaxtdan bir müddət sonra sonuncu ona uşaqlarını tək başına saxlamaqda çətinlik çəkdiyini bildirərək aliment tələbi ilə məhkəmədə ona qarşı iddia qaldırmış və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Aytac və xx.xx.2015-ci il təvəllüdlü Aminin yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun qeydiyyatda olduğu yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. O, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsini icra etmədiyi üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilsə də Zərərçəkmiş şəxs olan aliment borcunu tam ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar edilsə də xx.xx.2021-ci il tarixdən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs ödəməli olduğu 4900,00 manat aliment borcundan cəmi 400,00 manat ödəniş etmiş və qalıq qalan 4500,00 manat borcunu isə ödəməmişdir. Lakin, məhkəmə baxışı zamanı aliment borcundan 2500 (iki min beş yüz) manat məbləğində ödəniş etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə ifadəsi elan olunmuş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə ifadəsi elan olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2012-ci il tarixdə faktiki nikaha daxil olaraq evlənmiş və onların bu nikahdan xx.xx.2013-cü il tarixdə Aytac və xx.xx.2015-ci il tarixdə Amin adlı uşaqları dünyaya gəlmişdir. Əvvəllər Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Təqsirləndirilən şəxslə evli olduğu müddətlərdə sonuncu əsassız söz-söhbətlər yaratdığı və alkoqollu içki aludəçisi olduğundan münasibətləri korlanmış və bundan sonra Nizami nə ona nədə ki, uşaqlarına baxmamışdır. Bu səbəbdən onlar 2017-ci ilin yay aylarında faktiki olaraq ayrılmış və uşaqlar onun himayəsində qalmışdır. Bir müddət uşaqlarına valideynləri baxdığı üçün aliment tələbi ilə məhkəməyə müraciət etməmiş, lakin sonradan uşaqlar böyüdüyü və şəxsi tələbatları artdığından övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyindən məhkəmədə Təqsirləndirilən şəxs qarşı aliment tələbi ilə iddia qaldırmış və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Aytac və xx.xx.2015-ci il təvəllüdlü Aminin yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, sonuncuya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsini icra etmədiyi üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu tam ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, xx.xx.2021-ci il tarixdən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək ödəməli olduğu 4900,00 manat aliment pulundan cəmi 400,00 manat ödəniş etmiş və qalıq qalan 4500,00 manat borcunu isə ödəməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 Balaəfəndi oğlu ifadəsində göstərdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş eyni tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü Aytac və xx.xx.2015-ci il təvəllüdlü Aminin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 350,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İmişli rayon icra və probasiya şöbəsində xx.xx.2021-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya icraata başlama haqqında bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. İcra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə İmişli Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, lakin o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcu təmin etməmişdir. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs yenidən xəbərdarlıqlar göndərilmiş, sonuncu öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tələbkara ödəməli olduğu 4900 manat aliment pulundan cəmi 400,00 manat ödəmiş, 4500,00 manat isə borcu qalmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tam təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq orqana təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratdığından onun əməlində qərəzlilik elementləri olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 işin hallarına dair Şahid1 Balaəfəndi oğlunun ifadəsinə uyğun ifadə verdi. Cinаyət işinə əlavə edilmiş "xxxx" MMC-nin 27 sentyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, borclu Təqsirləndirilən şəxs оğlu həmin tarixdə aliment borcundan tələbkar Zərərçəkmiş şəxs xeyrinə 2500 (iki min beş yüz) manat ödəniş etmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və aliment borcundan qismən ödəniş etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsaslanaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək həbsdə olduğu müddətin bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 4 (dörd) günü təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancının on faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar