Məhkəmə qərarları › İş №1(036)-90/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-90/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-90/2024 04.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə İmişli rayonu, Hacırüstəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Hacırüstəmli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyun 2024-cü il tarixdə, saat 17:00 radələrində İmişli rayonu, Hacırüstəmli kəndində yaşadığı evin qarşısında saxladığı arxasında ot presləyən qurğu olan “MTZ-80” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktoru yolun sol kənarından 5 km/saat sürətlə hərəkət etdirib arxaya verərkən, hərəkətə başlamazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməməklə, bu zaman təhlükəsiz manevr etməyərək hərəkətin digər iştirakçıları üçün maneə yaratmaqla, arxadan sol tərəfdən yolun hərəkət hissəsi ilə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verib daha sonra hərəkətə başlamamaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməklə cinayətkarcasına etinasızlığı nəticəsində yolun sağ hissəsində “Honda C125” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikleti idarə edib traktorun arxasından keçən Zərərçəkmiş şəxs sol ayağını diz hissəsindən traktorun arxasındakı ot presləyənin üçkünc dəmir hissəsi ilə ehtiyatsızlıqdan kəsərək, ona sol aşağı ətrafın diz oynağından travmatik amputasiyası, motosikletdən yerə yıxılma nəticəsində isə alın nahiyəsində sağda yara, sol dirsək oynağının arxa səthində, sağ diz oynağının ön səthində, sağ saidin ortayuxarı 1/3-nin arxa səthində, sağ mil-bilək oynağının arxa səthində sıyrılmış yaralardan ibarət, ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (60%) dayanıqlı (daimi) itirilməsinə səbəb olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək yuxarıda təsvir olunan cinayət əməlini törətməsini etiraf etmiş və bildirmişdir ki, hazırda zərərçəkmiş şəxslə barışmış və sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və o, törətdiyi əməli etiraf edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin, onun ittiham olunduğu cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar vardır. Belə ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibi əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli Rayon Prokuroruna göndərilməlidir. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatına sərf edilmiş 85 (səksən beş) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibi əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs 6 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatına sərf edilmiş 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar