Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-91/2022 04.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1985-ci il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonunun Məzrəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1998-ci il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Məzrəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə verilmişlər ondan ötrü ki, Təqsirləndirilən şəxs1 06 may 2022-ci il tarixdə saat 21 radələrində sevgi münasibətlərində olduğu Səbinə Sərdərovanın atası Zərərçəkmiş şəxs ilə mobil telefonda danışarkən sonuncunun onu nalayiq ifadələrlə təhqir etməsini bəhanə edərək, alkoqol sərxoşluğu vəziyyətində, Şahid1 idarə etdiyi “VAZ-2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə İmişli rayonunun Yalavac kəndinə gələrək avtomobili Şahid2 məxsus fərdi yaşayış evinin qarşısında saxlatdırıb, digərlərindən fərqləndiyini nümayiş etdirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə, bir qrup şəxs halında, qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib evin həyətyanı sahəsinə daxil olaraq, heç bir əsaslı səbəb olmadan, ictimai yerdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etməklə, Təqsirləndirilən şəxs2 ilə birlikdə zor tətbiq edərək hər ikisi Zərərçəkmiş şəxs sol göz və baş nahiyəsindən bir neçə dəfə qəsdən yumruqla vuraraq, ona fiziki ağrı və sol göz yuvası ətrafında qançırlardan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmiş, daha sonra Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi, istintaqa məlum olmayan küt əşya ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vuraraq, ona ön təpə nahiyəsində ortada yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onlardan xilas olaraq hadisə yerinə gələn polis əməkdaşlarının yanına, küçəyə çıxdıqda Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının və səs-küyə ətrafa toplanmış insanların gözü qarşısında qərəzli hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs sifət və alın nahiyəsindən bir neçə dəfə yumruqla qəsdən vuraraq, ona fiziki ağrı və sağ gözün üst qapağında qançırlardan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə, təxminən 20 dəqiqə ərzində hadisə yerində olan və yaxınlıqda yaşayan şəxslərdə qorxu və həyəcan hissləri yaratmaqla, həmçinin onların istirahətlərini pozmaqla, bir qrup şəxs halında xuliqanlıq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun azyaşlı qızı Səbinə ilə münasibəti olduğundan tanıyırmış. Səbinə ilə təxminən 2021-ci ildən münasibəti yaranmış və onunla dəfələrlə təbii yolla cinsi əlaqədə olmuşdur. 06 may 2022ci il tarixdə saat 21 radələrində yeznəsi Şahid1 zəng edib rayonda işi olduğu üçün onunla getməsini bildirdikdə sonuncu onunla razılaşıb bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə ona məxsus VAZ-2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, onlara işi olduğunu bildirib birlikdə Zərərçəkmiş şəxs yaşadığı İmişli rayonunun Yalavac kəndinə getmişlər. Amid onun ünvanına telefonda söyüşlər söydüyündən o, sonuncunun evlərinin qarşısında avtomobili saxlatdıraraq avtomobildən düşüb Amidin yaşadığı evin həyətyanı sahəsinə daxil olmuş və dərhal onun üzərinə hücum edib sol göz nahiyəsinə yumruqla vurub onunla əlbəyaxa olmuşdur. Sonra polis əməkdaşları gəlmiş və o, onların qanuni tələbinə tabe olmayıb onların gözü qarşısında Zərərçəkmiş şəxs təkrar hücum edib yumruqla onu küçədə vurmuşdur. Daha sonra isə polis əməkdaşları onu avtomobilə mindirib İmişli rayon polis şöbəsinə aparmışlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 06 may 2022-ci il tarixdə saat 21 radələrində qohumu Şahid1 onlarda olarkən dayısı oğlu Təqsirləndirilən şəxs1 zəng edib rayonda işinin olduğunu bildirib onunla getməsini təklif etmişdir. O, Rövşənlə birlikdə Təqsirləndirilən şəxs1 məxsus VAZ-2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunu götürməyə getmişlər. Elvini götürdükdən sonra sonuncu telefonda sevgi münasibətində olduğu Səbinənin atası Amidlə danışarkən söyüşlər söymüş və işinin olduğunu bildirib onları sonuncunun yaşadığı İmişli rayonunun Yalavac kəndinə gətirmişdir. Onlar Amidgilin evlərinin qarşısında avtomobili saxlamış, Elvin avtomobildən düşüb sonuncunun yaşadığı evin həyətyanı sahəsinə daxil olmuş və dərhal Amidin üzərinə hücum etmişdir. Onlar əlbəyaxa olarkən o, səs-küyə avtomobildən düşüb evin həyətyanı sahəsinə daxil olmuş və Amidlə Elvini ayırmağa çalışmışdır. Onları ayıra bilməmiş və Rövşən də gəlib onları ayırmaqda ona köməklik etmişdir. Onlar Elvini sakitləşdirmiş, lakin sonuncu yenə də onların əllərindən çıxıb Amidə hücum etmişdir. Sonra isə polis əməkdaşları gəlmiş və Elvini nizam-intizama dəvət etsələr də, sonuncu onlara məhəl qoymayıb yenidən Amidə hücum edib onu yumruqla vurmuşdur. Daha sonra polis əməkdaşları Elvini avtomobilə mindirib İmişli rayon polis şöbəsinə aparmışlar. Hadisə vaxtı o, Amidə qarşı heç bir cinayət əməli törətməmiş, onu nə yumruqla, nədə ki, hər hansı bir küt əşya ilə vurmamış, sadəcə olaraq Elvinlə Amidi ayırmağa çalışmışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş və həmin vaxtı ətrafa bir neçə şəxs toplaşmış, lakin onları tanımamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı heç bir cinayət əməli törətməməsini deməsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və bir qrup şəxs halında törətdiyi cinayət əməlindən yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun digər Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında xuliqanlıq əməli törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2017-ci ildə arvadı Jalə Sərdarova ilə boşanmış və ikinci ailəsi ilə birlikdə Bərdə rayonunun Lənbərən kəndində yaşayırmış. Qızı 2005-ci il təvəllüdlü Səbinə isə anası Jalə ilə birlikdə atası Həmid Sərdarovla sonuncuya məxsus İmişli rayonunun Yalavac kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. 06 may 2022-ci il tarixdə saat 21 radələrində o, atasını görmək üçün sonuncunun yaşadığı evə gəlmişdir. Evin yaxınlığında istifadəsində olan mobil nömrəyə qızı Səbinənin münasibətdə olduğu Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrədən zəng gəlmişdir. Elvin onunla işinin olduğunu dedikdə o, ona atasıgilə gəldiyini və danışa bilmədiyini bildirmişdir. Daha sonra Elvin ona bir neçə dəfə zəng etsə də o, onun zənglərinə cavab verməmişdir. Həmin vaxt evdə atası Həmid, keçmiş arvadı Jalə və qızı Səbinə olmuşlar. Evdə olarkən Elvinin zəng etdiyini görüb telefonu Jalə ilə Səbinəyə göndərib sonuncunun ona zəng etməməsini tapşırmağı bildirmişdir. Atası ilə görüşərkən atasının barmağının kəsildiyini görüb nə olduğunu soruşduqda, sonuncu nəvəsi Səbinənin onu stəkanla vurduğunu demişdir. Azyaşlı qızı Səbinə əxlaqsızlıqla məşğul olur, istədiyi kimi yaşayır və istədiyi oğlanlarla görüşür. Atasının azyaşlı qızı Səbinə tərəfindən döyülərək xəsarət alması barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat verib atası ilə birlikdə evin həyətyanı sahəsinə çıxmışdır. O, məlumat verdikdən sonra istifadə etdiyi mobil telefona Elvin zəng edib onunla söhbət etmək üçün atasının yaşadığı ünvana gələcəyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra atasının yaşadığı evin qarşısında avtomobilin dayandığını hiss etmiş və gələnlərin polis əməkdaşları olduqlarını zənn etmişdir. Lakin, gələn “VAZ 2106” markalı avtomobil olmuş və avtomobildən ona zəng edən Elvinlə birlikdə adlarını sonradan bildiyi Ramiz və Mirilyas atasının evinin həyətyanı sahəsinə daxil olmuşlar. Onlar həyətyanı sahəyə daxil olarkən qızı Səbinə və keçmiş arvadı Jalə onlara polis əməkdaşlarının gələcəyini bildirib, uzaqlaşmalarını demişlər. Həmin vaxt o, atası Həmidlə birlikdə həyətyanı sahədə dayanıb mobil telefonda polis əməkdaşları ilə danışmışdır. Elvin Səbinə və Jalənin sözlərinə məhəl qoymayıb həyətə girmiş və onun arxasınca Ramiz və Mirilyas da həyətə daxil olmuşlar. Həmin vaxt onlar onun üzərinə yeriyərək heç bir səbəb göstərmədən, uca səslə həyətyanı sahədə onun və digər ailə üzvlərinin ünvanına söyüşlər söyərək birinci Elvin onun sol göz nahiyəsindən və baş nahiyəsindən yumruqla vurmuş və o, yerə yıxılmışdır. Yerdə olan zaman Elvin və yanındakı şəxslərdən hansısa biri onun baş nahiyəsindən çox sayda yumruqla zərbələr vurmuşdur. Həmin vaxt polis əməkdaşları gəlmiş və o, küçəyə onların qarşısına çıxmışdır. Küçədə olarkən polis əməkdaşlarının gözü qarşısında Elvin yenidən onun alın nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Polis əməkdaşları Elvini sakitləşdirmək üçün nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələbinə məhəl qoymayıb əllərindən çıxıb onun üstünə hücum edib yenidən onu yumruqla küçədə alın nahiyəsindən vurmuşdur. Həmin vaxt polis əməkdaşları Elvini tutub avtomobilə mindirib İmişli rayon polis şöbəsinə aparmışlar. Səs-küyə hadisə yerinə kənd camaatı da yığışmışdır. Hadisə vaxtı onu döyən şəxslərin əllərində hər hansı bir əşya olmamış, ona yalnız yumruqla xəsarətlər yetirilmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış və onlardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, oğlu Amidin qızı Səbinə əxlaqsızlıqla məşğul olaraq müxtəlif oğlanlarla görüşüb onu kənd sakinləri və tanışları arasında nüfuzdan salır. Səbinə ona məxsus evdə anası Jalə ilə birlikdə yaşayır. Səbinə əxlaqsızlıqla məşğul olduğuna görə o, ona daimi olaraq iradlarını bildirsə də, nəvəsi ona qulaq asmadan istədiyi şəxslərlə görüşüb babası kimi ona heç bir hörmət qoymur. 06 may 2022-ci il tarixdə saat 21 radələrində evdə Səbinə ilə aralarında mübahisə baş vermişdir. Belə ki, o, Səbinəyə telefonda oğlanlarla danışdığı üçün iradlarını bildirdikdə, sonuncu əlində olan stəkanı ona tərəf tullamış və stəkan onun əlinə dəyərək sol əlinin barmağına xəsarət yetirmişdir. Həmin gün təxminən bir saat sonra oğlu Amid onun yaşadığı evə gəlmiş və onun xəsarət aldığını görüb nə baş verdiyini soruşduqda o, Səbinənin onu döyərək xəsarət yetirdiyini bildirmişdir. Amid də ona görə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Amid polisə məlumat verdikdən sonra Səbinə tanış oğlanlarından Elvin adlı şəxsə zəng edib yaşadıqları ünvana çağırmışdır. Bundan sonra Elvin oğlu Amidin istifadə etdiyi mobil telefona zəng etmiş və onlar telefonda bir-biriləri ilə mübahisə etmişlər. Təxminən 10 dəqiqə sonra Elvin “VAZ 2106” markalı avtomobillə onların yaşadıqları ünvana gəlmişdir. Həmin vaxt o, Amidlə birlikdə evin həyətində olmuşdur. Elvin gəlib Amidin başına yumruqla zərbələr vuraraq ona baş nahiyəsindən xəsarətlər yetirmişdir. Həmin vaxt Amidlə Elvinin arasında dava-dalaş olmuş və sonuncu yanında olan digər iki nəfər tanımadığı şəxslərlə birlikdə Amidi döyməyə başlamışlar. Təxminən bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadıqları ünvana gəlmiş və Elvini nizam-intizama dəvət etmişlər. Lakin Elvin polis əməkdaşlarının qanuni tələbini yerinə yetirməyərək Amidi döymək üçün onun üstünə hücum edərək nalayiq sözlərlə ucadan söyüşlər söyərək hərəkətlərini davam etdirmişdir. Elvin polis əməkdaşlarının əlindən qaçaraq Amidi təkrar yumruqla vurmuşdur. Daha sonra polis əməkdaşları Elvini avtomobilə mindirib İmişli rayon polis şöbəsinə aparmışlar. Hadisə vaxtı Amidi döyən şəxslərin əllərində hər hansı bir əşya olmamış, oğlu Amidi yalnız yumruqla vuraraq xəsarət yetirmişlər. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, qızı Səbinə ilə birlikdə qayınatası Həmidə məxsus İmişli rayonunun Yalavac kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. 06 may 2022-ci il tarixdə saat 21 radələrində keçmiş əri Amid onlara gəlmiş və evdə olarkən 2005-ci il təvəllüdlü qızı Səbinənin münasibətdə olduğu Elvinin ona zəng etməsini bildirib qızına sonuncunun onu yığmamasını tapşırmışdır. Bundan sonra Amid həyətdə Elvinlə telefonda nəsə danışıb söyüş söymüşdür. Sonra Səbinə ona Elvinin gəldiyini bildirmişdir. Həmin vaxt Amid həyətdə olmuş və polis əməkdaşlarının gəlib çatdığını demişdir. Sonra Elvin “VAZ 2106” markalı avtomobillə gəlmiş və onunla birlikdə adlarını sonradan bildiyi Rövşən və Mirilyas da həyətyanı sahəyə daxil olmaq istəyərkən o və qızı Səbinə onlara polis əməkdaşlarının gələcəyini deyib uzaqlaşmalarını bildirmişlər. Həmin vaxt Amid atası Həmidlə birlikdə həyətyanı sahədə dayanıb mobil telefonda polis əməkdaşları ilə danışırmış. Elvin Səbinənin və onun sözlərinə məhəl qoymayıb həyətə daxil olmuş və onun arxasınca digər Rövşən və Mirilyas da həyətə girmişlər. Onlar Amidin üzərinə yeriyərək heç bir səbəb göstərmədən uca səslə həyətyanı sahədə söyüşlər söymüş və Amid də söyüşləri onlara qaytarmışdır. Həmin vaxt Elvin Amidin sol göz nahiyəsindən yumruqla vurmuş və sonuncu yerə yıxılmışdır. Amid yerdə olan zaman Elvin və Mirilyas yumruqla onun baş nahiyəsinə zərbələr vurmuşlar. Həmin vaxt polis əməkdaşları gəlmiş və Amid küçəyə onların qarşısına çıxmışdır. Küçədə olarkən polis əməkdaşlarının gözü qarşısında Elvin Amidi yenidən alın nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Polis əməkdaşları Elvini sakitləşdirmək üçün onu nizamintizama dəvət etsələr də, sonuncu sakitləşməyərək polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq onların əlindən çıxıb Amidə hücum edib küçədə yumruqla onun alın nahiyəsindən təkrar vurmuşdur. Həmin vaxt polis əməkdaşları Elvini tutub avtomobilə mindirib İmişli rayon polis şöbəsinə aparmışlar. Hadisə vaxtı Amidi döyən şəxslərin əllərində hər hansı bir əşya olmamış, keçmiş əri Amidi yalnız yumruqla vuraraq xəsarət yetirmişlər. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, hazırda anası Jalə və babası Həmidlə birlikdə babasının İmişli rayonunun Yalavac kəndində yerləşən evində yaşayır. 06 may 2022-ci il tarixdə saat 21 radələrində atası Amid onları görmək üçün kəndə gəlmişdir. Həmin vaxt atası həyətdə olarkən babası Həmid onunla mübahisə edib ona söyüş söymüş, o da stolun üstündə içində su olan şüşə stəkanı babasına tullamış və stəkan babasının əlinə dəyib barmağını kəsmişdir. Sonra atası Amid ondan Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub şikayət etmişdir. Evdə olarkən atası onun münasibətdə olduğu Elvinin ona zəng etməsini bildirib sonuncuya zəng vurub onu yığmamasını tapşırmışdır. O da Elvinə zəng vurub atasını yığmamasını demişdir. Bundan sonra atası Amid həyətdə Elvinlə telefonda nəsə danışıb söyüş söymüşdür. O da anasına Elvinin onlara gəldiyini demişdir. Həmin vaxt atası Amid həyətdə olmuş və polis əməkdaşlarının gəlib çatdığını bildirmişdir. Elvin “VAZ 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və onunla birlikdə gələn yeznəsi Rövşən və qohumu Mirilyas da həyətə daxil olmaq istəyərkən o və anası Jalə onlara polis əməkdaşlarının gələcəyini deyib uzaqlaşmalarını bildirmişlər. Həmin vaxt atası Amid babası Həmidlə birlikdə həyətyanı sahədə dayanıb mobil telefonda polis əməkdaşları ilə danışmışdır. Elvin Jalənin və onun sözlərinə məhəl qoymayıb həyətə daxil olmuş və onun arxasınca Rövşən və Mirilyas da həyətə girmişlər. Həmin vaxt onlar atası Amidin üzərinə yeriyərək heç bir səbəb göstərmədən, uca səslə həyətyanı sahədə söyüşlər söymüş və atası da söyüşləri onlara qaytarmışdır. Elvin atası Amidin sol göz nahiyəsindən yumruqla vurmuş və atası yerə yıxılmışdır. Atası Amid yerdə olan zaman Elvin və Mirilyas atasının baş nahiyəsinə yumruqla zərbələr vurmuşlar. Həmin vaxt polis əməkdaşları da gəlmiş və atası Amid küçəyə onların qarşısına çıxmışdır. Küçədə olarkən polis əməkdaşlarının gözü qarşısında Elvin yenidən atası Amidin alın nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Polis əməkdaşları Elvini sakitləşdirmək üçün nizam-intizama dəvət etsələr də sonuncu onların qanuni tələbinə məhəl qoymayaraq onların əlindən çıxıb atası Amidə hücum edib küçədə də atasının alın nahiyəsindən yumruqla təkrar vurmuşdur. Həmin vaxt polis əməkdaşları Elvini tutub avtomobilə mindirib İmişli rayon polis şöbəsinə aparmışlar. Hadisə vaxtı atası Amidi döyən şəxslərin əllərində hər hansı bir əşya olmamış, atasına yalnız yumruqla vuraraq xəsarət yetirmişlər. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş və səs-küyə kənd camaatı da yığışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 06 may 2022ci il tarixdə qayını Təqsirləndirilən şəxs1 “VAZ-2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir üçün onda olduğundan o, həmin gün qohumu Mirilyasgilə həmin avtomobillə ailəvi qonaq getmişdir. Həmin gün saat 21 radələrində Elvin ona zəng edib harada olduğunu soruşduqda o, Mirilyasgildə olduğunu bildirmişdir. Elvin ona işi olduğunu deyib gəlib onu götürməsini bildirmişdir. O, Mirilyasla birlikdə İmişli rayonunun Məzrəli kənd məktəbin yaxınlığında olan mağazanın yanına gedərək Elvini oradan götürüb sonuncunun göstərdiyi ünvana, yəni adını sonradan bildiyi Amidin evinə getmişlər. O, orada küçədə avtomobili Amidin evinin qarşısında saxlamış, Elvin avtomobildən düşüb Amidin evinin həyətyanı sahəsinə açıq darvazadan daxil olub sonuncu ilə əlbəyaxa olmuş və bir-birilərinin ünvanına ucadan söyüşlər söymüşlər. Həyətdən qışqırıq səsləri eşidib o, Mirilyasla birlikdə həyətə daxil olmuşdur. Onlar həyətə daxil olarkən Amidlə Elvin əlbəyaxa olmuş və sonuncu yumruqla Amidin baş nahiyəsinə vurmuşdur. Həmin vaxt Səbinə onların arasında dayanıb aralaşdırmağa çalışmışdır. O, Mirilyasla Elvini həyətdən küçəyə çıxarmış və həmin vaxt Səbinə də onların arxasınca gəlib Elvinə çıxıb getməsini bildirmişdir. Elvin onların əlindən çıxıb Amidin üzərinə qaçmış və yumruqla onun baş nahiyəsinə vurmuşdur. Bundan sonra o, yenə də Mirilyasla onları aralaşdırmışdır. Daha sonra polis əməkdaşları gəlmiş və Elvini nizam-intizama dəvət edib sakitləşdirməyə çalışmışlar. Lakin, Elvin polis əməkdaşlarının əlindən çıxıb onların gözü qarşısında küçədə hücum çəkib Amidi yumruqla bir daha vurmaq istəyərkən polis əməkdaşları onu saxlayıb avtomobilə əyləşdirmişlər. Hadisə vaxtı nə o, nə də Mirilyas Amidi vurmamış, həmçinin əllərində hər hansı bir əşya olmamışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, 06 may 2022-ci il tarixdə hadisə baş verən gün evində yatarkən nəvəsi İzzət onu yuxudan oyadıb evlərinin yanından polis avtomobilinin keçdiyini bildirmişdir. O, küçəyə çıxarkən Elvin adlı şəxsin polis əməkdaşları tərəfindən avtomobilə mindirildiyini görmüşdür. Həmin vaxt orada Həmid, Amid, Jalə və Səbinə və bundan başqa Elvinin yanında iki nəfər tanımadığı şəxs də olmuş və eləcə də ətrafa çoxlu sayda insanlar toplaşmışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsinin rəisi vəzifəsində işləyən X4 ifadəsində göstərdi ki, İmişli RPŞ-nin Təhqiqat bölməsinin 06 may 2022-ci il tarixli qərarına əsasən 07 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizadan keçirmiş və müayinə edərkən onun bədəni üzərində sağlamlığa zərər vurmayan xəsarətlər, ön təpə nahiyəsində isə ortada sağlamlığa yüngül zərər vurmaya aid yara aşkar etmişdir. Ön təpə nahiyəsində yara küt əşyanın (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən 06 may 2022-ci il tarixdə təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Həmin xəsarətin yumruqla yetirilməsi inandırıcı deyildir. İşdə olan məhkəmə-tibbi ekspertizanın 07 may 2022-ci il tarixli, 287 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözün üst qapağında, sol göz yuvası ətrafında qançırlar, ön təpə nahiyəsində ortada yara küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 06 may 2022ci il tarixdə təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş ön təpə nahiyəsində ortada yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sağ gözün üst qapağında, sol göz yuvası ətrafında qançırlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Göründüyü kimi ibtidai araşdırma orqanı cinayət işi üzrə toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs2 əməlini silah qismində istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmə kimi - müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə tövsif edib, ona həmin maddə ilə ittiham vermişdir. Məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 06 may 2022-ci il tarixdə saat 21 radələrində sonuncunun sevgi münasibətlərində olduğu Səbinə Sərdərovanın atası Zərərçəkmiş şəxs silah qismində istifadə edilən predmetlə vurmamışdır. Bundan əlavə, hətta Zərərçəkmiş şəxs ifadəsində 06 may 2022-ci il tarixdə saat 21 radələrində İmişli rayonunun Yalavac kəndində yerləşən atası Şahid2 məxsus fərdi yaşayış evinin qarşısında Elvin və Mirilyasla aralarında baş vermiş mübahisə zamanı sonuncunun onu hər hansı küt əşya ilə vurmasını görmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsinin mənasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət tərkibi yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 8-ci bəndində göstərilir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, hadisə vaxtı Təqsirləndirilən şəxs2 əlində silah qismində istifadə edilən hər hansı bir əşya olmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici orqan tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunundan irəli gəlir. Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəy-yən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiqetmə təcrübəsi yaranar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlar baxımından məhkəmə Təqsirləndirilən şəxs2 hərəkətlərini təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ona isnad edilən Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsinin dispozisiyasında göstərilən əlamətlərlə üst-üstə düşmür. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsindən CM-nin 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1 -ci maddəsi). Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif etməmişdir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 06 may 2022-ci il tarixdə saat 21 radələrində digər Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında qərəzli hərəkətlər edərək, Şahid2 məxsus İmişli rayonunun Yalavac kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq, Zərərçəkmiş şəxs və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib heç bir əsaslı səbəb olmadan ictimai yerdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etməklə, Təqsirləndirilən şəxs1la birlikdə zor tətbiq edərək hər ikisi Zərərçəkmiş şəxs sol göz və baş nahiyəsindən bir neçə dəfə qəsdən yumruqla vuraraq ona bədən xəsarətləri yetirmiş, bununla da hadisə yerində olan və yaxınlıqda yaşayan şəxslərdə qorxu və həyəcan hissləri yaratmaqla, həmçinin onların istirahətlərini pozmaqla bir qrup şəxs halında xuliqanlıq etmişlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Təqsirləndirlən şəxlərin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan əməli zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsaslanaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək və 04 oktyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 4 (dörd) ay 8 (səkkiz) günü təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclasında həbsdən azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 8 (səkkiz) günü təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-91/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-91/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver