Məhkəmə qərarları › İş №1(036)-91/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-91/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-91/2024 27.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası CM-in 148-ci, 147.2-ci və 147.1-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət edilən şəxs X3 "Youtube” sosial şəbəkəsinin aztimes tv kanalına və “Tiktok” sosial şəbəkəsinin aztimes.az kanalına müsahibə verərək onun tərəfindən guya Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova 60000 (altmış min) manat rüşvət verilərək kəndin örüş-otlaq sahəsini almağı barədə böhtan xarakterli yalan məlumatları yayaraq onu rüşvət vermədə (aktiv rüşvətxorluqda) ittiham etmiş, həmçinin vətəndaşları “aşağılamağı” və “əzməyi’' kimi yalan, həqiqətə uyğun olmayan məlumatları yaymaqla onu korrupsioner, erməni xilisli insan kimi adlandıraraq rədd edilməli olmağını qeyd edərək onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymışdır. Həmin məlumatlardan irəli gələrək onun şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələnmiş və o, bir sıra cinayətlər törətməkdə ittiham olunmuşdur. Yayılmış yalan məlumatların nəticəsi olaraq o, mənəvi və fiziki sarsıntı, iztirab keçirmişdir. Bununla da o, mənəvi təhqirə məruz qalmışdır. Halbuki, qeyd edilən torpaq sahəsi ona satılmamış, o, həmin torpaq sahəsinə görə hər hansı şəxsə, o cümlədən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova hər hansı məbləğdə rüşvət verməmişdir. Həmin torpaq sahəsi X4 oğlu X8 5 il müddətinə icarəyə verilmiş, bu barədə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi o, barəsində şikayət olunan şəxs tərəfindən bir sıra cinayətlərin törədilməsində ittiham olunmuş və barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Beləliklə də, barəsində şikayət olunan şəxsin yaymış olduğu məlumatların nəticəsi olaraq o, bir çox instansiyalara izahat vermək üçün çağırılmışdır. Rayonda tanınmış bir insan olmağı ilə əlaqədar barəsində şikayət olunan şəxsin qeyd etdiyi məlumatlar X4 şərəf, ləyaqət və işgüzar nüfuzuna ləkə gətirmiş, əsassız olaraq onun vaxt itirməyinə, işdən aralanmağına, əsəbi gərginlik və mənəvi sarsıntı keçirmiyənə səbəb olmuşdur. Həmin məlumatlar yüksək dairələr, ölkə ictimaiyyəti, habelə onun şəxsi tanışları arasında barəsində mənfi rəy formalaşdırmağa yönəlmişdir. Barəsində şikayət olunan şəxs Ə.Abasquliyevin qanunsuz hərəkətləri onun səhhətinə də mənfi təsir göstərmişdir. Belə ki, yayılmış yalan məlumatlar nəticəsində keçirmiş olduğu əsəbi gərginlik və mənəvi sarsıntı nəticəsində qan təzyiqi hədsiz dərəcədə qalxmış, şəkər xəstəsi olduğu üçün qanında şəkərin miqdarı yüksək həddə çatmışdır. Nəticə etibarı ilə dəfələrlə həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Müalicəsinə xeyli miqdarda vəsait xərcləmişdir. Bir sözlə cavabdeh tərəfindən yayılmış məlumatlar dərc olunduqdan sonra onun şərəf, ləyaqət və işgüzar nüfuzum təhqir olunmuş, o, sarsıntı, mənəvi və fiziki iztirab keçirmişəm. Bununla da mənəvi təhqirə məruz qalmışam. Vicdanım təmiz olsa da. məlumatlarda dərc olunanlar bir Azərbaycan vətəndaşı, bir rəhbər, bir ziyalı kimi nüfuzdan düşməyinə səbəb olub. İnternet informasiya ehtiyatlarında yayıldığına görə bu məlumatları bütün dünya oxuyur, nəticədə nəinki Azərbaycan, eləcə də dünya ictimaiyyətində onun adına ləkə gətirmişdir. Həmin məlumatdan göründüyü kimi barəsində şikayət olunan şəxs onu ağır cinayətləri törətməkdə ittiham etmiş, onu rüşvət verməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə səlahiyyətlərini aşmada, vəzifə saxtakarlığında günahlandırmış, onun alçaldaraq korrupsioner, erməni xilisli. cinayətkar adlandırmışdır. Yazılanlarla bağlı o, ailəm, yaxın qohumlarını və rayon ictimaiyyəti, o cümlədən işlədiyim kollektiv yanında nüfuzdan düşmüşəm. Məlumat üçün onu da bildirir ki, cavabdehin onu ağır cinayət əməlini törətməkdə ittiham etməsinə baxmayaraq, X7 heç vaxt məhkum olunmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin icraata qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 şikayətdə qeyd olunan sözlərin Rafil Hüseynovun ünvanına deyildiyini və həmin halla bağlı işin icrada olduğunu bildirdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, əvvəla şikayət məzmunca Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayət vermiş şəxs ərizəsində şikayətin verildiyi tarixi (il, ay və gün) və yeri göstərməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında təqdim edilmiş sübutlara mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq həmin sübutların mövcudluğuna, şikayət vermiş şəxsin dəlillərini təsdiq edib-etməməsinə, diqqət yetirilməlidir. Bu Azərbaycan Respublikası CPM-in 302.1.7-ci maddəsinin imperativ tələbidir. Hazırda şikayətçi ərizəsində göstərdiyi halları təsdiq edən ilkin sübut kimi şikayətə əlavə edilmiş diskdəki görüntülərə istinad edir. Həmin görüntüdən isə müəyyən olunur ki, Ə.Abasquliyev K.Gülmalıyev barəsində “Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova 60000 (altmış min) manat rüşvət verməsi”, “vətəndaşları “aşağılamağı” və “əzməyi’'”, “korrupsioner”, “erməni xilisli insan” kimi ifadələr işlətməmişdir. Həmin sözlər R.Hüseynova ünvanlanmışdır. Beləliklə də, qeyd edilən müraciətin hazırki iş üzrə bilavasitə şikayət vermiş şəxsə ünvanlanması öz təsdiqini tapmır. Bundan əlavə, şikayət ərizəsində barəsində şikayət verilmiş şəxsin hansı söz və ifadələrinə görə şəxsin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, hansı söz və ifadələrə görə isə həmin Məcəllənin 147.2-ci və 148-ci maddələrinin tərkibinin yaranması göstərilməmişdir. Beləliklə də, barəsində şikayət verilmiş şəxs şikayət ərizəsində yalnız ümumi formada ittiham edilmiş, ittihamın məzmunu, həcmi, vaxtı, yeri dəqiq müəyyənləşdirilməmişdir. Bu halları müəyyən etmək və həmin halları təsdiq edən ilkin sübutları təqdim etmək isə şikayət vermiş şəxsin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, qeyd edilən hallar şikayət ərizəsində göstərilmədiyi halda, yəni ittihamın məzmunu, həcmi, vaxtı, yeri qeyri-müəyyən olduğu halda şikayət üzrə məhkəmə baxışı keçirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət əsassız olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar