Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-92/2021 20.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər və mülki iddiaçılar: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 25 avqust 1955-ci il tarixdə İmişli rayonunun Xoşçobanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan, İmişli rayonunun Xoşçobanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, vahid niyyətlə əhatə olunan qəsdlə, 01 noyabr 2019-cu il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında Zərərçəkmiş şəxs1 Lənkəran Ağır cinayətlər məhkəməsinin hökmü ilə 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bacısı X5 azadlığa çıxarılmasına köməklik göstərilməsi müqabilində tanışı Şahid1 Əlabbas oğlunun vasitəsi ilə 8500 (səkkiz min beş yüz) manat, 07 noyabr 2019-cu il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında tanışı Şahid1 Əlabbas oğlunun vasitəsi ilə 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 10000 (on min) manat pul alaraq, vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə, yəni xeyli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir Bundan başqa o, vahid niyyətlə əhatə olunan qəsdlə, 28 noyabr 2019-cu il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında Zərərçəkmiş şəxs1 Lənkəran Ağır cinayətlər məhkəməsinin hökmü ilə 10 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yeznəsi X2 cəzasını azaltmağa köməklik göstərilməsi müqabilində tanışı Şahid1 Əlabbas oğlunun vasitəsi ilə 5000 (beş min) manat, 07 dekabr 2019-cu il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında tanışı Şahid1 Əlabbas oğlunun vasitəsi ilə 1500 (min beş yüz) manat və 19 dekabr 2019-cu il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında tanışı Şahid1 Əlabbas oğlunun vasitəsi ilə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 7000 (yeddi min) manat pul alaraq, vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə, yəni xeyli miqdarda pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Eləcə də o, 2019-cu ilin dekabr ayının sonlarında İmişli şəhəri, Heydər Əliyev prospektində yerləşən “303” adlanan çay evində tanışı Zərərçəkmiş şəxs2 Dövlət hesabına iyirmi bir baş qoyun təşkil etmək müqabilində 1000 (bir min) manat pul alaraq, vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Həmçinin o, 2020-ci ilin yanvar ayında İmişli şəhəri, Heydər Əliyev prospektində yerləşən “303” adlanan çay evində tanışı Zərərçəkmiş şəxs2 sonuncunun qeyri-rəsmi ərarvad münasibətində yaşadığı X16 Dövlət hesabına iyirmi bir baş qoyun təşkil etmək müqabilində 1000 (bir min) manat pul alaraq, vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan başqa o, 2020-ci ilin mart ayının əvvəllərində İmişli şəhəri, Heydər Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının yaxınlığındakı çayxanada tanışı Zərərçəkmiş şəxs2 Dövlət hesabına avtoyuma sexi üçün avadanlıq təşkil etmək müqabilində 1000 (bir min) manat pul alaraq, vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Eləcə də o, 04 mart 2020-ci il tarixdə saat 11 radələrində İmişli rayonunun Şahverdili kəndi ərazisində yerləşən çayxanada tanışı Zərərçəkmiş şəxs3 Dövlət hesabına altmış üç baş qoyun təşkil etmək müqabilində 3000 (üç min) manat pul alaraq, vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Həmçinin o, 04 mart 2020-ci il tarixdə saat 15 radələrində İmişli şəhəri, H.Əliyev prospektində “Nuray” şadlıq evinin yanında yerləşən çayxanada tanışı Zərərçəkmiş şəxs4 Tapdıq oğlundan Dövlət hesabına iyirmi bir baş qoyun təşkil etmək müqabilində 600 (altı yüz) manat pul alaraq, vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan başqa o, 04 mart 2020-ci il tarixdə saat 15 radələrində İmişli şəhəri, H.Əliyev prospektində “Nuray” şadlıq evinin yanında yerləşən çayxanada tanışı Zərərçəkmiş şəxs5 Dövlət hesabına iyirmi bir baş qoyun təşkil etmək müqabilində 600 (altı yüz) manat pul alaraq, vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Eləcə də o, 17 mart 2020-ci il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan iş üzrə bacısı X17 və yeznəsi X3 müdafiəçisi qismində iştirak edən vəkilə pul vermək adı ilə tanışı Şahid1 Əlabbas oğlunun vasitəsi ilə 1200 (min iki yüz) manat pul alaraq, vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Nəhayət o, 2020-ci ilin may ayının ortalarında saat 11 radələrində İmişli şəhəri, H.Əliyev prospektində “Nuray” şadlıq evinin yanında yerləşən çayxanada tanışı Zərərçəkmiş şəxs6 Dövlət hesabına iyirmi bir baş qoyun təşkil etmək müqabilində 700 (yeddi yüz) manat pul alaraq, vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, İmişli rayonunun Əlpənahlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. X28 Qədir Əlabbas oğlu 2019-cu ilin yay aylarından tanış etmişdir. Qədirlə İmişli şəhərində tez-tez çayxanlarda görüşüb söhbət edirmişlər. Söhbətlərin birində Qədir ona Elvin adlı tanışı olduğunu və sonuncunun bacısının adam oğurluğuna görə Beyləqan rayonunda tutulmasını və 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını danışıb, həmin qadının işinə məhkəmədə yenidən baxılacağını və azadlığa çıxarmağın vacibliyini ona dedikdə o, onlara kömək edə biləcəyini bildirmişdir. O, Qədirlə danışıb razılaşarkən Zərərçəkmiş şəxs1 görməmiş və tanımamışdır. Bir müddət sonra Qədir ona X17, X6 və başqaları barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün sürətini vermiş və o, hökmə baxarkən Məlahətə 4 il, əri Bahadura isə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyini görmüşdür. Həmin hökmdən verilmiş Apelyasiya şikayətinə isə Şirvan Apelyasiya məhkəməsində baxılaraq hökm qüvvədə saxlanılmışdır. Sonuncu məhkəmə instansiyası kimi iş Azərbaycan Respulikası Ali Məhkəməsində baxılacağından iş üzrə Ali Məhkəməyə Kassasiya şikayəti verilməli idi. O, Qədirlə danışarkən vəkil tutmaq üçün Şirvan şəhərinə getməli olduğunu bildirmişdir. Həmin işlə bağlı dəfələrlə Şirvan və Bakı şəhərlərinə getmiş və Qədirlə razılaşdıqdan sonra sonuncu bir neçə dəfəyə ona cəmi 10000 (on min) manat pul vermişdir. Həmin pulu Qədirdən hissə-hissə alıb aparıb bir hissəsini Məlahət və Bahadura hüquqi yardım göstərilməsi üçün vəkillərə vermiş, yerdə qalan pulun çox hissəsini isə xərcləmişdir. O, Şirvan şəhər vəkil bürosundan Bəxtiyar Babayevi vəkil tutmuş və sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına Məlahət Nəsirovanın həbsdən azad edilməsi və Bahadur Nəsirovun həbs müddətinin azadılması barəsində Kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti əsasında Ali Məhkəmədə işə baxılarkən zərərçəkən tərəf şikayət etdiklərindən və barışıq əldə olunmadığından Şirvan Apelyasiya Məhkəməsinin Qərarı qüvvədə saxlanılmışdır. Vəkil tutmaq üçün ilk dəfə tutduğu vəkilə 500 manat, sonradan tutulan vəkil Bəxtiyar Babayevə isə 500 manat pul verib müqavilə bağlamışdır. Vəkil tutması barəsində ona verilən orderin sürətlərini Qədirə vermişdir. Bir il ərizində 2019-cu ilin oktyabr ayından 2020-ci ilin iyun ayına kimi həmin işlə əlaqədar dəfələrlə Şirvan və Bakı şəhərlərinə gedibgəlmiş və həmin müddət ərizində ona verilən yerdə qalan 9000 manat pulu xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 aralarında kredit müqaviləsi bağlanmazdan bir neçə gün əvvəl tanımışdır. Belə ki, onun yaşadığı İmişli rayonunun Xoşçobanlı kəndində 6 hektar torpaq səhəsi olmuş, həmin torpaqda qarpız əkib-becərmək istəmiş və pul olmadığından İmişli şəhərində yaşayan Zərərçəkmiş şəxs2 sələmə pul götürmüşdür. Gülbəniz pulu 20 faizlə aylıq sələm ödəmək şərti ilə 12 sentyabr 2019-cu il tarixdə İmişli Asan Xidmətdə onunla kredit müqaviləsi bağlayıb ona 2000 manat pul vermişdir. Pula ehtiyacı olduğu üçün 2000 manat pul aldığı halda Gülbənizin qoyduğu şərtlərlə razılaşaraq 2800 manat pul alması barəsində kredit müqaviləsini imzalamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 ilk dəfə 2019-cu ilin dekabr ayında 21 baş qoyunun X7 alınıb verilməsi üçün sonuncunun işlədiyi İmişli şəhərində yerləşən “303” adlı çay evində ondan pul almışdır. Çay evində görüşərkən Gülbəniz ondan X7 21 baş qoyun alınmasında ona kömək etməsini xahiş etmiş və o da sənədləşmə işlərində köməklik edəcəyini ona vəd edib, yaşayış yeri barədə arayış, vəsiqəsinin surəti ilə bir yerdə ondan 500 manat pul istəmiş və sonuncu da ona “303” çay evində 500 manat pul vermişdir. Bundan təxminin bir ay sonra Gülbəniz icarəyə götürdüyü avtoyuma sexi üçün avadanlıqlar alıb verilməsində ona köməklik göstərilməsini xahiş etmiş və o, X7 avtoyuma sexi üçün avadanlıqlar verilməsini bildiyi üçün, Gülbənizə bu işdə köməklik göstərəcəyinə vəd etmiş və bundan ötrü Gülbənizdən İmişli şəhərində yerləşən “Nuray” şadlıq evinin yanındakı çayxanada 500 manat da pul almışdır. Eləcə də o, İmişli rayonunun Şahverdili kəndində yaşayan Zərərçəkmiş şəxs3 Şahid3 vasitəsilə tanımışdır. Belə ki, onun X11 Sevinc və Namiq adlı tanışları olmuş və 2020-ci ilin əvvəllərində o, 21 baş qoyun almaq üçün X14 müraciət etmişdir. Həmin vaxtlar Şahid3 da qoyun almaq üçün X14 müracət etmiş və sonuncu ilə həmin vaxtlar tanış olmuşdur. Aydın şəhid ailə üzvü olduğundan onların müraciətlərinə tez baxılmış və hər birinə dövlət hesabına 21 baş qoyun verilmişdir. Bir neçə ay keçdikdən sonra Aydın Zərərçəkmiş şəxs3lə birlikdə onun yaşadığı İmişli rayonunun Xoşçobanlı kəndinə evinə gəlmiş, sonuncunu ilk dəfə görmüş və Yusif ondan X7 qoyun alınıb verilməsinə köməklik göstərməsini xahiş etdikdə o, köməklik göstərəcəyini bildirmişdir. Yusif cibindən 400 manat pul çıxarıb ona vermiş və o, sonuncudan şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayış alıb verməli olduğunu demişdir. Bir neçə gün sonra Yusif ona zəng edib onunla işi olduğunu bildirmişdir. O, Yusiflə İmişli rayonunda “Nuray” şadlıq sarayının yanında yerləşən çayxanada görüşmüş və sonuncu üç nəfər adam tapdığını, onların da qoyun alıb saxlamaq istədiklərini, iki nəfərin hər birinin 600 manat, birinin isə 700 manat pulu olmasını, həmin pulu onlardan alıb gətirib ona verəcəyini və həmin puldan hər bir adama görə 200 manat ona pul verməsini dedikdə o, Yusifə özünə 400 manat pul kifayət edəcəyini bildirmişdir. 2020-ci ilin mart ayının əvvəlində Yusif onu Zərərçəkmiş şəxs6 Zaman oğlu ilə tanış etmiş və sonuncu İmişli şəhəri, M.Ə.Sabir adına parkda çayxanada oturub çay içərkən ona 21 baş qoyun alıb verilməsindən ötrü 700 manat pul vermişdir. Həmin vaxt o, İsadan şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayışnı da almışdır. O, İsaya 3 ay ərizində qoyun veriləcəyini bildirmişdir. İsa çıxıb gedəndən sonra sonuncunun verdiyi puldan 200 manatı Zərərçəkmiş şəxs3 qaytarmışdır. Təxminən bir həftə sonra Yusif onun yanına əlavə olaraq Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 da gətirmiş və həmin şəxslər də 21 baş qoyun almaq üçün onlara köməklik göstərməsini ondan xahiş edib hər biri ona qoyun alınması üçün 600 manat pul vermişlər. Həmin şəxslərdən pulu aldıqdan sonra hər birinin pulundan 200 manatı Zərərçəkmiş şəxs3 vermişdir. Sonradan həmin şəxslərin sənədlərini toplayıb qoyun alınması üçün aparıb X11 işləyən Namik adlı şəxsə vermişdir. Lakin sonradan koronavirus pandemiya xəstəliyi ilə əlaqədar X23 tərəfindən dövlət hesabına qoyunların verilməsi dayandırılmış və həmin şəxslərə qoyunlar verilməmişdir. Həmin şəxslər Yusiflə bir yerdə ondan verdikləri pulları geri tələb etməyə başlamışlar. Yusif həmin adamlarla bir yerdə İmişli dəmir yol vağzalında olan çayxanaya onu dəvət etmiş və ondan qəbz yazıb 6000 manat pul almasını etiraf etməsini tələb etmiş və o da qəbz yazıb həmin şəxslərdən həmin məbləğdə pul almasını bildirmişdir. Əslində Yusifdən 400 manat, İsadan 700 manat, Arslan və Raminin hər brindən 600 manat pul almışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yeznəsi X6 və bacısı X17 2018-ci il tarixdə Beyləqan rayonunda adam oğurluğu cinayətini törətdiklərinə görə 2019-ci ilin əvvəllərində tutulmuş və Lənkəran Ağır Cinayətlər məhkəməsinin 12 iyul 2019-cu il tarixli hökmü ilə Bahadur 10 il, bacısı Məlahət isə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Onların vəkilləri Şirvan Apelyasiya Məhkəməsinə hökmdən apelyasiya şikayəti vermiş, lakin hökm dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o, bacısıgilin bir azyaşlı xəstə uşaqları olduğu üçün heç olmasa onlardan biri azadlıqda qalıb həmin xəstə uşaqlarına baxsın deyə bacısını həbsdən azad etdirmək istəmişdir. Bu məqsədlə o, İmişli şəhəri, A.Şadlinski küçəsində yaşayan tanışı Şahid1 Əlabbas oğlu ilə görüşmüş və ona bacısını həsbdən çıxarmaqda köməklik göstərməsini xahiş etdikdə sonuncu bir tanış tapmağa çalışacağını bildirmişdir. Qədirin qoyun və inəklərini əvvəllər öz fermasında saxladığından onunla aralarında yaxşı münasibətləri olmuşdur. Bir müddət sonra o, Bakı şəhərinə bacısı ilə görüşmək üçün cəzaçəkmə müəssisəsinə gedərkən Qədir özünə məxsus mobil telefonla onun mobil nömrəsinə zəng edib zəng edib İmişli rayonunun Xoşçobanlı kəndində Əlihüseyn adlı dostunun olduğunu, sonuncunun deməsinə görə, Azərbaycanda üç nəfər sözü keçən adam varsa biri də onun tanışı olmasını, onun bacısını cəzaçəkmə müəssisəsindən çıxarmağı öhdəsinə götürdüyünü bildirmiş və ona görə də ona zəng edib bu barədə məlumat vermişdir. 2019-cu ilin avqust ayının axırlarında o, Qədirlə sonuncunun İmişli şəhəri, A.Şadlinski küçəsində yerləşən evin həyətində küçə qapısının qarşısında görüşüb söhbət etmişlər. Qədir ona Əlihüseynin Məlahətin cəzaçəkmə müəssisəsindən çıxarılması, cəzadan tam olaraq azad olunması üçün 15000 manat pul istədiyini demişdir. Həmin vaxt Qədir onu Əlihüseynlə görüşdürməmişdir. O, razılaşaraq həmin məbləğdə pulu toplamaq məqsədi ilə həmin vaxtlar İmişli mal-qara bazarında şəxsi təsərrüfatında olan 2000 manat dəyərində 15 baş balalı inəklərdən bir neçəsini ucuz qiymətə, yəni 1200 manatdan iki-üç həftə ərizində sataraq avqust ayı ərizində 8500 manat pul əldə etmiş və həmin pulu aparıb Qədirə həyətində sayıb vermişdir. Sonra yenidən İmişli mal-qara bazarına qalan inəkləri çıxarıb satmış və 6500 manat pul düzəldib yenidən Qədirə həyətində sayıb vermişdir. Bir ay keçdikdən sonra Qədir zəng vurub ona Əlihüseynin deməsinə görə 10000 manat pul müqabilində yeznəsinin işini də azaldıb 10 ildən 4 ilə endirəcəyini bildirmişdir. Bir ay keçəndən sonra o, heyvanlarını satıb əlavə olaraq Qədirə yeznəsinin işinə görə 2000 manat pul vermişdir. Qədirin deməsinə görə işə Ali Məhkəmədə baxılacaq, bacısı həbsdən çıxarılacaq, yeznəsinin işi isə 10 ildən 4 ilə azalacaqdır. Yerdə qalan 8000 manat pulu olmadığından o, Qədirə yeznəsinin yaşadığı Beyləqan şəhəri, E.Hüseynov küçəsində fərdi yaşayış evi olduğunu, evə sənəd düzəldikdən sonra evi satıb yerdə qalan 8000 manat pulu verəcəyini demişdir. Qədir ona kömək məqsədi ilə evin sənədini düzəltməkdən ötrü 2000 manat borc pul vermişdir. Qədirin verdiyi 2000 manat borc pulla evin sənədini düzəltmiş, evin sənədini düzəldənə kimi yeznəsi və bacısı barəsində olan cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış, lakin onlara verilən cəza qüvvəsində saxlanılmışdır. Buna görə də o, evi satası olmamışdır. Həmin vaxtlar Qədir ondan vəkilə vermək üçün əlavə olaraq 1200 manat pul almışdır. O, Ali Məhkəmənin qərarını bildikdən sonra Qədirdən pulunu geri tələb etmiş və sonuncu onu Əlihüseynlə İmişli şəhərində “Nuray” şadlıq sarayının arxasında yerləşən çayxanada görüşdürmüşdür. Söhbət edərkən Əlihüseyn Qədirdən 18200 manat pul almasını etiraf etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, məhkəmədən sonuncunun cəzalandırılmasını və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2019-cu ilin dekabr ayında İmişli şəhəri, H.Əliyev prospektində yerləşən «303» çay evini icarəyə götürüb işlədirmiş. Əvvəldən tanıdığı Təqsirləndirilən şəxs də tez-tez çay içmək üçün ora gəlirmiş. Bir gün Əlihüseyn ona yaxınlaşıb X11 işləyən Bəhruz adlı tanışı olduğunu, özünün vəkil işlədiyini deyib ondan qoyun alıb saxlamaq istəyib-istəmədiyini soruşmuşdur. Əlihüseyn 1000 manat pul müqabilində ona 2020-ci ilin “Novruz bayramı”ndan sonra 21 baş qoyun təşkil edə biləcəyini dedikdə o, razılaşmış və evindən 1000 manat pul götürüb yaşayış yerindən arayış və vəsiqəsinin surəti ilə birlikdə 2019-cu ilin dekabr ayının axırlarında axşam vaxtı saat 16-17 radələrində işlədiyi çay evində Əlihüseynə vermişdir. Sonra Əlihüseyn ondan qoyun saxlamaq üçün şəraitinin olub-olmadığını soruşmuşdur. Belə ki, Əlihüseyn X12 əməkdaşlarının onun həyətinə baxış keçirəçəklərini, qoyun saxlamaq üçün şəraitinin olubolmamasını yoxlayacaqlarını demişdir. O, Əlihüseyni götürüb idarə etdiyi avtomobillə evinə aparmış və sonuncu onun evinin həyətində 3 metr enində və uzunluğunda olan toyuq hininə baxıb ona X12 əməkdaşları gələrkən onlara qoyunları burada saxlayıb artıracağını və əlavə olaraq iri bir tövlə də tikdirəcəyini deməsini məsləhət görmüşdür. Bundan 15-20 gün sonra 2020-ci ilin yanvar ayında Əlihüseynlə «303» çay evində görüşərkən ondan qoyunlardan bir qədər çox götürülməsinin mümkünlüyü barədə soruşduqda sonuncu ona 21 başdan artıq görülməsinin mümkün olmadığını, 1000 manat pul müqabilində başqa bir adamın adına götürülməsinin mümkün olduğunu demişdir. O, Əlihüseynə bir tanışının olduğunu bildirib qeyri-rəsmi bir yerdə yaşadığı X18 özü ilə səhəri gün işldədiyi «303» çay evinə aparmış, sonuncunun şəxsiyyət vəsiqəsini və onun adına aldığı arayışı 1000 manat pulla bir yerdə Əlihüseynə vermişdir. Pərvin Saatlı rayonunun Qaracalar kənd sakini olduğundan Əlihüseyn ona X8 21 baş qoyun veriləcəyini demişdir. Həmin vaxt çay evində söhbət zamanı o, İmişli şəhəri, H.Əliyev prospektində daş körpü deyilən yerdə avtoyuma sexi olan Ələsgərin sexini icarəyə götürüb işlətmək istəmişdir. Ona avtoyuma sexi üçün avadanlıq, yəni su vuran kompressor və iki ədəd balon lazım olmuşdur. Əlihüseyn ona X7 3000-4000 manat dəyərində həmin avadanlıqları tanışı Bəhruzun köməkliyi ilə alıb ona verə biləcəyini demişdir. Bundan ötrü Əlihüseyn guya avadanlıqları tez almaqdan ötrü növbəni qabağa salsın deyə Bəhruza vermək üçün ondan 1000 manat pul istəmişdir. O da Əlihüseynə inanıb gedib evdən 1000 manat pul gətirib axşam saat 18-19 radələrində “Nuray” şadlıq sarayının altında yerləşən çay evində sonuncuya vermişdir. Həmin vaxt Əlihüseyn ona 2020-ci ilin mart ayının əvvəllərinə kimi avtoyuma sexi üçün avadanlıqların ona çatdırılacağını demişdir. O, 2020-ci ilin mart ayının axırlarına kimi Əlihüseyni gözləmiş, lakin sonuncudan bir xəbər olmadığından ona zəng edib heyvanları və avadanlıqları nə üçün gətirmədiklərini soruşmuşdur. Əlihüseyn ona karantin rejimi olduğuna görə heyvanların və avadanlıqların verilməsinin gecikdiyini demişdir. Sonradan idarələr və kafelər işləyərkən o, Əlihüseynlə İmişli rayonunun Gövhərli kəndində “Mübariz” adlı kafedə görüşmüş və işlərinin nəticəsi barədə soruşmuşdur. Əlihüseyn ona 3-5 gün gözləməyi deyib hər şeyin düzələcəyini bildirmişdir. Sonradan Əlihüseyn tərəfindən aldanıldığını başa düşüb 24 sentyabr 2020-ci il tarixdə İmişli RPŞ-yə şikayət ərizəsi vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, məhkəmədən sonuncunun cəzalandırılmasını və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini qapı-pəncərə ustası Şahid3 vasitəsi ilə İmişli rayonunun Xoşçobanlı kəndində yaşayan Təqsirləndirilən şəxs tanımışdır. Əlihüseynlə tanışlığı sonuncuya pul verməzdən 10 gün əvvəl olmuşdur. Aydının İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində həyətində odunları doğrayarkən qoyun görmüş, ondan qoyunları haradan almasını soruşduqda sonuncu Əlihüseyn adlı şəxsin vasitəsi ilə X7 almasını bildirmişdir. O da Aydına mal-qara almaq istədiyini dedikdə sonuncu ona “sən müraciət etsən verməzlər. Mənə bu işdə Təqsirləndirilən şəxs köməklik etmişdir” cavabını vermişdir. Elə həmin gün Aydınla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Əlihüseynin yaşadığı İmişli rayonunun Xoşçobanlı kəndinə getmişlər. Saat 13 radələrində Əlihüseynlə evinin həyətində görüşüb fikrini ona bildirmişdir. Əlihüseyn ona əlinin hər yerə girdiyini, ona kömək edib Məşğulluq Mərkəzindən sosial yardım formasında heyvan alıb verə biləcəyini demişdir. Əlihüseyn həmçinin ona 10 nəfərə birdən heyvan alıb verə biləcəyini deyərək, özündən əlavə 9 nəfər adam tapmağını, hər bir adam üçün isə 21 baş qoyun alıb verəcəyini, həmin adamların hər birinin buna görə ona 1000 manat pul verməli olduqlarını demişdir. O da Əlihüseynlə razılaşıb Aydınla birlikdə yaşadığı İmişli rayonunun Şahverdili kəndinə evinə qayıtmış və bir həftə ərzində 9 nəfər adam axtarmağa başlamışdır. X29 şəhərində "xxxx" ticarət obyektində mühafizəçi işlədiyindən bu barədə ona demiş və oğlu da adam axtarmağa başlamışdır. Həmin ərəfədə özü iki nəfər, yəni İmişli rayonunun Göbəktala kənd sakinləri Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tapmış və onları İmişli rayonunun Şahverdili kəndində Əlihüseynlə görüşdürmüşdür. X19 görüşüb söhbət etmiş və razılaşmışlar. 04 mart 2020-ci il tarixdə saat 11 radələrində Əlihüseyn İmişli rayonunun Şahverdili kəndinə gəlmiş və orada çayxanada 3 nəfər şəxsə görə veriləcək 63 baş qoyun üçün 3000 manat pul almışdır. Tapdığı şəxslərdən Arslan və Ramin isə hər biri 21 baş qoyun almaq üçün İmişli şəhəri, H. Əliyev prospektində həmin gün saat 15 radələrində 600 manat, cəmi 1200 manat pulu Əlihüseynə vermişlər. Bundan təxminən iki ay sonra oğlu Mahmud "xxxx" ticarət obyektində işləyən tanışı Zərərçəkmiş şəxs6 gətirmiş və sonuncu Əlihüseynə 21 baş qoyun üçün 700 manat pul vermişdir. Əlihüseyn onlara uzağı iki aya kimi heyvanların həyətlərinə gətiriləcəyinə söz verdiyindən həmin müddət ərzində Əlihüseyni axtarmamışlar. İki ay tamam olandan sonra onlara qoyunlar verilmədikdə Əlihüseyni axtarıb onunla İmişli şəhərində “Şahmat məktəbi”nin yanında çayxanada görüşmüşlər. Əlihüseyn onlardan bir həftə vaxt istəyib qoyunların gətiriləcəyinə vəd vermişdir. 06 noyabr 2020-ci il tarixdə onlar Əlihüseyni İmişli şəhəri, H.Əliyev prospektində Beynəlxalq Bankın yanında görmüş və sonuncu onları İmişli Dəmiryolu vağzalının yanında olan çayxanaya aparıb orada onlardan ümumilikdə 6000 manat pul alması barədə qəbz yazmışdır. Həmin vaxt Əlihüseyn 15 dekabr 2020-ci il tarixədək heyvanları gətirib təhvil verəcəyinə söz vermiş, lakin hər dəfə onları aldatmışdır. 2020-ci ilin dekabr ayının əvvəllərində Əlihüseyn ona 200 ABŞ dollarını həyətində Aydının yanında vermiş, 2021-ci ilin mart ayında isə 200 manat pul da qaytarmışdır. Həmin pulu gətirib İmişi "xxxx" ticarət obyektində oğlu Mahmuda vermişdir. Sonradan Əlihüseyn tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyindən İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, həmkəndlisi Zərərçəkmiş şəxs3 2020-ci ilin qış aylarında kənddə ona X7 21 baş qoyun alacağını deyib kiminsə ona 10 nəfər adam tapmağı tapşırdığını, o da heyvan almaq üçün adam axtardığını, həmin 10 adamla bir yerdə müraciət edib qoyun almaq istədiyini və 21 baş qoyuna görə məşğulluq idarəsinin işçilərinə işi düzüb-qoşmaqdan ötrü 1000 min manat pul verilməli olduğunu demişdir. O da həyətlərində qoyun saxlamağa şərait olduğundan Yusifin sözlərinə inanmış və qoyun alıb həyətdə artırmaq istəmişdir. 04 mart 2020-ci il tarixdə saat 10 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs5 ilə birlikdə İmişli rayonunun Şahverdli kəndində yerləşən çayxanada Yusif və Təqsirləndirilən şəxslə görüşmüş və sonuncu onlara X7 21 baş qoyun alıb verəcəyinə söz vermiş, ondan şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayış istəmiş və o, həmin sənədlərlə birlikdə 1000 manat pulu Əlihüseynə vermişdir. Əlihüseyn pulu alıb ən geci 2 ay ərzində qoyunları alıb verəcəyini bildirmişdir. İki ay keçdikdən sonra Əlihüseyn vədinə əməl etməmiş, o, dəfələrlə ona zəng edib pulunu istəsə də sonuncu pulu qaytarmamışdır. Sonradan Əlihüseyn tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyindən İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, İmişli rayonunun Şahverdili kənd sakini Zərərçəkmiş şəxs3 onunla qonşu kənddə yaşadığı üçün uşaq vaxtlarından tanıyırmış. 2020-ci ilin mart ayının əvvəllərində Yusif onu kənddə görüb Əlihüseyn adlı bir tanışı olduğunu, sonuncunun X7 dövlət hesabına adam başına 21 baş qoyun alıb verə biləcəyini, bununla bağlı adam toplamasını və hər bir adama görə 700 manat pul istəməsini bildirmişdir. Bu söhbətdən 2-3 gün sonra o, Yusif və həmkəndlisi Arslan birlikdə Əlihüseynlə görüşmək üçün İmişli şəhərinə gəlib “Nuray” şadlıq sarayının yanında çayxanada onunla görüşmüşlər. O və Arslan ilk dəfə idi ki, Əlihüseynlə tanış olurdular. Əlihüseyn onlara X11 tanışları olduğunu, həmin şəxslərin onlara iki ay ərzində 21 baş qoyun verilməsini təşkil edəcəklərini və bunun müqabilində hər biri 700 manat pul verəcəklərini demişdir. Bu söhbətdən sonra o və Arslan hər biri 600 manat pulu arayış və şəxsiyyət vəsiqəsinin surəti ilə bir yerdə Əlihüseynə vermişlər. Pulu verdikdən sonra çıxıb evlərinə gəlmişlər. Onlar iki ay gözləmiş, lakin bu müddət ərzində onlara qoyun verilməmişdir. Sonradan Yusiflə birlikdə Əlihüseynin evinə gedib pulunu istəmiş, lakin sonuncu qoyunların alınıb verilməsini təşkil edəcəyini bildirsə də sözünə əməl etməmişdir. X13 şəhərində ona pul verən şəxslərlə bir yerdə görüşüb ondan verdikləri pulu geri istəmişlər. Əlihüseyn də onlarla birlikdə İmişli dəmiryol vağzalında yerləşən çayxanaya gedib Yusif, İsa, Arslan və ondan ümumilikdə 6000 manat pul alması barəsində qəbz yazmışdır. Onlar Əlihüseynə 600 manat versələr də Əlihüseyn vurduğu zərərə və pulu gec qaytardığına görə guya onlara 1000 manat pul verəcəyini bildirmişdir. Əlihüseynə 600 manat pul vermiş, sonuncu sonradan ona hissə-hissə 250 manat pul qaytarmış, qalan pulu qaytarmadığına görə o, İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2019-cu ildən İmişli şəhərində yerləşən "xxxx" MMC-də satıcı, Şahid2 isə mühafizəçi işləyir. 2020-ci ilin mart ayının əvvəlində Mahmud ona atasının X7 qoyun alacağını, kiminsə ona 10 nəfər adam tapmağı tapşırdığını və atasının məşğulluqdan qoyun alması üçün adam axtardığını demişdir. Mahmud 21 baş qoyun alınmasından ötrü Məşğulluq Mərkəzinin işçilərinə işi düzüb-qoşan şəxsə 1000 min manat pul verilməli olduğunu bildirmişdir. O da həyətlərində qoyun saxlamağa şərait olduğundan Yusifin sözlərinə inanmış və həmin şəxslə görüşüb qoyun almaq istədiyini deyəcəyini bildirmişdir. O, 2020-ci ilin may ayının ortalarında İmişli şəhərində yerləşən “Nuray” şadlıq sarayının qarşısında çayxanada iş yoldaşı Şahid2 ilə bir yerdə Təqsirləndirilən şəxslə görüşmüş və 21 baş qoyun alınıb verilməsindən ötrü sonuncuya 700 manat pul vermişdir. Sonradan Əlihüseyn tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyindən İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Əlabbas oğlu ifadəsində göstərdi ki, İmişli rayonunun Muradxanlı kənd sakini Zərərçəkmiş şəxs1 uşaq vaxtlarından, Xoşçobanı kənd sakini Təqsirləndirilən şəxs isə 3 il olardı ki, tanıyırmış. O, Əlihüseynlə tez-tez İmişli şəhərində görüşüb birlikdə çayxanada oturub söhbət edirmişlər. Zərərçəkmiş şəxs1 yeznəsi Bahadur və bacısı Məlahət 2019-cu il tarixdə adam oğurluğu cinayəti törədiklərinə görə Beyləqan rayonunda tutulmuşlar. Onların işlərinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış və məhkəmənin hökmü ilə Bahadur 10 il, arvadı Məlahət isə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. O, özünə məxsus 30 başa yaxın qoyun və 4 baş inəklərini Elvinin yaşadığı Muradxanlı kəndində fermasında saxladığından onunla tez-tez görüşürmüşlər. O, Elvinə öz adına aldığı torpaq sahəsini otarmaq üçün vermiş və sonuncu da bunun müqabilində fermasında onun heyvanlarına baxmışdır. Həmin ərəfələrdə Elvin ona yeznəsinin və bacısının həbsdə olduğunu, uşaqlarına baxan olmadığını, həbsdə olan bacısını həbsdən çölə çıxarmaq üçün yüksək vəzifədə işləyən adamının olub-olmadığını soruşduqda o, elə bir tanışının olmadığını bildirmişdir. Bundan bir neçə gün sonra o, Təqsirləndirilən şəxs ilə İmişli şəhər mərkəzində “Mədəniyyət evi”nin qabağında çayxanada oturub çay içib söhbət edərkən Zərərçəkmiş şəxs1 ona zəng edib yenidən bacısını həbsdən çıxarmaq istədiyini bildirmişdir. O, Elvindən bacısının evdə qalan oğlunun harada olmasını və necə yaşamasını soruşmuş və bu söhbətləri Əlihüseyn də eşitmişdir. Telefonu söndürəndən sonra Əlihüseyn ondan bu məsələ haqqında maraqlanmış və o, ona Elvinin bacısının və yeznəsinin tutulmasını, bacısını həbsdən çıxarmaq üçün sonuncunun adam axtarmasını demişdir. Həmin vaxt Əlihüseyn ona yüksək vəzifədə tanışlarının olduğunu, ölkədə üç nəfər həmin işə baxan adam varsa həmin şəxslər onun adamı olduğunu bildirmişdir. O da Əlihüseyinin yanında Elvinə zəng edib bacısının və yeznəsini tutulması barəsində hökmün surətini ona göndərməsini, köməklik edə biləcək adamın olmasını və hökmə baxıb bir söz deyəcəyini bildirmişdir. Səhəri gün Zərərçəkmiş şəxs1 İmişli şəhərinə onun yanına gəlmiş və hökmün surətini ona verib çıxıb getmişdir. O, özünə məxsus mobil telefonla Əlihüseynə zəng vurub onunla İmişli şəhərində “Mədəniyyət evi”nin yanında çayxanada göruşmüşdür. Əlihüseyn hökmə baxıb kiminləsə məsləhətləşib gəlib bir söz deyəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra Əlihüseyn ona zəng vurub Məlahəti həbsdən azad etdirə biləcəyini demişdir. Bundan ötrü Məlahətin qohumlarının ona 10000 manat pul verməsini istəmiş, həmin pulu aparıb öz tanıdığı şəxslərə verəcəyini, həmin pulun yuxarıda oturanlara çatacağını demiş, lakin ad çəkməmişdir. O, Elvinə zəng edib Əlihüseyn adlı şəxsin olmasını, onun bacısının həbsdən azad olunması üçün 10000 manat pul istədiyini demişdir. Elvin onunla razılaşmış, Əlihüseynlə söhbət etməmiş və onunla görüşməmişdir. O, Elvinə əvvəllər bacısının birinci məhkəməsi olarkən kömək olunması üçün 10000 manat pul tapıb vermiş, lakin iş alınmadığı üçün sonuncu həmin pulu ona geri qaytarmışdır. Aralarında bir-birilərinə həmişə etibar olmuşdur. O, Elvinə Əlihüseynin sözlərini dedikdə sonuncu razılaşmış və özünə məxsus heyvanları bazara çıxarıb satıb 8500 manat pul toplamışdır. Elvin həmin pulu ona vermiş və o da pulu 01 noyabr 2019-cu il tarixdə aparıb İmişli şəhəri, “Mədəniyyət evi”nin yanında çayxanada Əlihüseynə vermişdir. Elvinin 1500 manat pulu çatmadığından həmin pulu onun əvəzindən Elvinin iştirakı olmadan Əlihüseynə ilk dəfə pulu verəndən bir həftə sonra, yəni 07 noyabr 2019-cu il tarixdə sonuncuya İmişli şəhəridə “Mədəniyyət evi”nin yanındakı çayxanada ikilikdə olarkən sayıb vermişdir. Əlihüseyn 10000 manat pulu alandan 15-20 gün sonra onlar yenidən çayxanada oturub çay içərkən sonuncu ona Bahadurun da cəza müddətini yarıya kimi azaltmaq mümkün olduğunu deyib bunun üçün 7000 manat pul lazım olduğunu demişdir. O, Əlihüseynin sözlərini Elvinə çatdırmış və sonuncu razılaşmışdır. Elvin yenidən bir həftə ərzində heyvanları bazara çıxarıb satıb ona hissə-hissə vermişdir. 28 noyabr 2019-cu il tarixdə o, Bahadurun cəzasının azaldılması üçün ilk dəfə 5000 manat, bir həftə keçdikdən sonra, yəni 07 dekabr 2019-cu il tarixdə 1500 manatı Elvindən alıb Əlihüseynə vermişdir. 19 dekabr 2019-cu il tarixdə özündən də Əlihüseynə 500 manat pul vermişdir. Cəmi 7000 manat pulu Bahadurun həbs müddətinin yarıya kimi, yəni 10 ildən 5 il müddətinə azaldılmasından ötrü Əlihüseynə vermişdir. Əlihüseyn pulu alıb çıxıb getmiş və həmin vaxtlar sonuncunun deməsinə görə guya Məlahəti həbsdən azad etdirmək, Bahardurun cəzasını isə yarıya kimi azaltdırmaq üçün Şirvan Apelyasiya Məhkəməsinə gedib-gəlirmiş. Həmin vaxtlar Əlihüseyn vəkil orderi gətirib ona göstərmiş və işə Şirvan Apelyasiya Məhkəməsində baxıldığını demişdir. Bir müddət sonra Əlihüseyn ona Şirvan Apelyasiya Məhkəməsində hakimlərin işə çıxmadığını və işi həll etmək gücündə olmadıqlarını demişdir. O, Elvinə bu barədə bildirdikdə sonuncu İmişli şəhərinə gələcəyini və Əlihüseynlə özünün görüşəcəyini demişdir. O, Elvinlə zəngləşəndən 3-4 gün sonra sonuncu İmişli şəhərinə gəlmiş və onlar Əlihüseynlə İmişli şəhərində “Mədəniyyət evi”nin yanında çayxanada görüşüb bir yerdə söhbət etmişlər. Həmin vaxtadək Elvin Əlihüseyni görməmişdir. O və Elvin Əlihüseynə işi düzəldə bilmirsə ona verdikləri 17000 manat pulu geri qaytarmasını istəmişlər. Həmin söhbətdən təxminən bir ay yarım sonra o, Elvinlə İmişli şəhərində Əlihüseynlə bir yerdə görüşərkən sonuncu onlara işə Ali Məhkəmədə baxılmasından ötrü vəkil tutduğunu, vəkilə 1200 manat pul verilməli olduğunu dedikdə o, razılaşmamışdır. Lakin sonradan Əlihüseyn Elvinlə görüşüb danışıb razılaşdığından sonuncu 2020-ci ilin mart ayında ona zəng edib ondan əvəzindən Əlihüseynə vəkilə görə 1200 manat pul verməsini xahiş etmişdir. O da 17 mart 2020-ci il tarixdə Əlihüseynlə İmişli şəhərində “Mədəniyyət evi”nin yanında görüşüb sonuncuya 1200 manat pul vermişdir. X20 və Bahadurun işləri ilə bağlı 18200 manat pul vermişdir. Həmin pulun üzərinə qoyduğu 2000 manat pulu ona Elvin sonradan geri qatarmış, vəkilə verdiyi 1200 manat pulu isə qaytarmamışdır. Sonradan Əlihüseyn ona Məlahəti həbsdən çıxarmaq və Bahadurun həbsini müddətin azaltmaq üçün tutduğu vəkilin orderinin surətini, həmin vəkilin Kassasiya şikayətinin surətini, Azərbaycan Respublikası Ali Məhkəməsində işə baxılmasının vaxtına dair Ali Məhkəmənin məktubunun surətini, ondan 18200 manat pulu almasına dair qəbzi ona vermiş və o, da həmin sənədlərin surətini ifadəsinə əlavə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İmişli rayonunda yerləşən "xxxx" MMC-də mühafizəçi işləyir. 2020-ci ilin fevral ayında atası Yusif ona Aydın adlı tanışı olduğunu və sonuncunun Əlihüseyn adlı şəxsin vasitəsi ilə X7 21 baş qoyun aldığını demişdir. Atası ona həmçinin Əlihüseynlə görüşdüyünü və sonuncunun ondan buna görə 1000 manat pul istədiyini və onlara 21 baş qoyun verilməsini təşkil edəcəyini bildirmişdir. O da atasından bunları eşidib qoyun alıb həyətlərində saxlamasına razılıq vermişdir. Ailə büdcələri bir yerdə olduğundan atasının bütün işlərindən onun da xəbəri olurmuş. 2020-ci ilin mart ayında atası 63 baş qoyun almaqdan ötrü evdən 3000 manat pul götürüb Əlihüseynə vermişdir. Həmin vaxt Əlihüseyn atasına iki ay ərzində ona X11 işləyən tanışları vasitəsi ilə 63 baş qoyun alıb verəcəyinə söz vermişdir. Həmin vaxtlar atası işləri tez həll olsun deyə Əlihüseynin ona 10 nəfər özündən başqa adam tapmasını, hər bir adamın 21 baş qoyun almaq üçün 1000 manat pul verməli olduğunu demişdir. O, iş yerində "xxxx" ticarət mərkəzində olarkən atasının X7 21 baş qoyun alıb saxlayacağını iş yoldaşlarına danışmışdır. Həmin vaxt onunla bir yerdə işləyən Zərərçəkmiş şəxs6 21 baş qoyun almaq istədiyini deyib atasının ona da köməklik göstərməsini xahiş etmişdir. 2020-ci ilin may ayında o, İmişli şəhərində “Nuray” şadlıq sarayının yanında yerləşən çayxanada İsanı atasının Əlihüseynlə bir yerdə olarkən görüşdürmüşdür. Həmin vaxt Əlihüseyn İsaya 2020-ci ilin avqust ayının sonunadək X11 işləyən adamları vasitəsi ilə 21 baş qoyun alıb verəcəyini demişdir. Əlihüseyn İsadan buna görə 1000 manat pul, şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayış da istəmişdir. İsa razılaşmış və bir neçə gün sonra iki baş danasını bazara çıxarıb satıb 700 manat pul toplayıb atasına zəng vurub Əlihüseynlə görüşmək istədiyini bildirmişdir. 2020-ci ilin may ayında atası Əlihüseynə zəng etmiş və onlar İmişli şəhərində yerləşən “Nuray” şadlıq sarayının yanında görüşmüş və İsa onların yanında Əlihüseynə 700 manat pul vermişdir. İki ay müddət keçsə də Əlihüseyn verdiyi vədlərə görə nə atasına, nə də İsaya heyvan alıb verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, İmişli rayonunun Xoşçobanlı kənd sakini Təqsirləndirilən şəxs 5-6 il olardı ki, tanıyırmış. 2019-cu ilin payız fəslində o, İmişli şəhərində olarkən Əlihüseyn ona zəng edib X12 işçiləri Sevinc və Namiqin gedib onun həyətinə baxacaqlarını deyib onları onunla bir yerdə Xoşçobanlı kəndinə avtomobillə aparmasını xahiş etmişdir. O da onları İmişli şəhərindən götürüb Xoşçobanlı kəndinə Əlihüseynin evinə aparmışdır. O, həmin vaxt X14 ərizə yazmış və ərizəsinə orada baxılmışdır. Əlihüseynin evinə baxış keçiriləndən sonra o, Sevinc və Namiqi götürüb öz evlərinə aparıb həyətini onlara göstərmişdir. Həmin vaxtlar Əlihüseyn və ona X7 adama 21 baş qoyun verilmişdir. Bir-iki ay keçmiş tanışı Zərərçəkmiş şəxs3 odun doğrayan mişarla onun həyətinə odun doğramaq üçün gəlmiş və həyətdə qoyunları görüb haradan əldə etdiyini soruşduqda o, X7 verildiyini bildirmişdir. Yusif özünə də qoyun almaq istədiyini dedikdə o, ona qoyunları Əlihüseynin hesabına aldığını demişdir. 2020-ci ilin fevral-mart ayında Əlihüseyn Yusiflə onun yanında İmişli şəhərində “Nuray” şadlıq sarayının yanında çayxanada görüşüb söhbət etmiş və söhbət zamanı Əlihüseyn X1 qoyun alıb verəcəyinə söz vermişdir. Sonradan onlar öz aralarında görüşüb bir neçə dəfə söhbət etmişlər. Bir dəfə o, İmişli şəhərində “Nuray” şadlıq sarayının yanında çayxanada Əlihüseyn və Yusiflə bir yerdə olarkən sonuncunun onun yanında qoyun alıb verməsindən ötrü Əlihüseynə pul verməsini görmüşdür. Bir müddət sonra Yusifin özündən başqa 4-5 nəfəri də Əlihüseynlə tanış etdiyini və onların da X7 qoyun almaq üçün sonuncunun onlara kömək edəcəyini eşitmişdir. X9 aralarında münasibət pozuldandan Əlihüseyn ona Yusif tapdığı adamlardan 600 manat pul aldığını, həmin puldan hər birinə görə ona 400 manat pul verdiyini demişdir. Daha sonra işlər alınmadığından 2020-ci ilin payız fəslində Yusif onunla Xoşçobanlı kəndinə getmiş və Əlihüseyndən pulunu geri istəmişdir. Həmin vaxt Yusif pul alıb Əlihüseynə verdiyi şəxslərə zəng edib İmişli şəhərinə çağırmışdır. O, Əlihüseyn, Yusif və sonuncunun qoyun üçün pul aldığı üç nəfər şəxslə bir yerdə X10 yanında yerləşən çayxanaya getmişlər. X24 verdikləri pulu geri qaytarmasını tələb etdikdə sonuncu möhlət istəmiş və həmin şəxslərdən cəmi 6000 pul alması barədə qəbz yazıb ona vermişdir. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib səmimi peşmançılıq çəkməsini, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 vurmuş olduğu maddi ziyanı tam ödəməsini, sonuncuların ondan heç bir şikayətlərinin və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 20 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsə alınsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs 18200 (on səkkiz min iki yüz) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs 3000 (üç min) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-92/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-92/2021
20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver