Məhkəmə qərarları › İş №1(036)-94/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-94/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-94/2022 22.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə İmişli rayonunun Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, İmişli rayon məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunan 2 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, məhkumluğu ödənilməyən, fərdi əməklə məşğul olan, İmişli rayonunun Qaralar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə saat 16 radələrində X3 məxsus İmişli rayonunun Qaralar kəndi ərazisində yerləşən pay torpaq sahəsində “MTZ-892” markalı, 30 K 185 dövlət qeydiyyat nişanlı traktoru idarə edərkən, başlama, yerdəyişmə, dönmə zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, traktorun ətrafında kənar şəxslərin olub-olmamasını müəyyən etməməklə və təhlükəsizliyin təmin olunmasına əmin olmamaqla cinayətkarcasına etinasızlıq edib, traktoru hərəkətə gətirərək ön hissədə dayanmış piyada Zərərçəkmiş şəxs traktorun ön sol təkəri ilə ehtiyatsızlıqdan vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 02 yanvar 2021-ci il tarixdə saat 16 radələrində MTZ-892 markalı, 30 K-185 dövlət nömrə nişanlı traktorun sürücüsü Şahid4 yorulduğundan idarə etdiyi həmin traktoru arxasındakı kotanı ilə birlikdə sahədə idarə edib yerdən biyanları çıxartmağını ona demişdir. O da həmin vaxtı sahədə olduğundan Zəfərin işlək vəziyətdə olan traktorun kabinasına əyləşmiş və sahədə biyan yığan Reyhan Süleymanovanın briqadası traktorun arxasında iş gördükləri üçün və traktorun qarşısında hər hansı bir iş getməydindən və bir kimsə olmadığından kotanı yerə salıb özü də arxaya baxıb traktoru idarə edib bir iki metr irəliyə doğru hərəkət etdirmişdir ki, bu vaxt qışqırıq səsi eşitmiş, traktoru saxlamış və idarə etdiyi traktorun qabaq sol təkərinin yanında Reyhan Süleymanovanı yerə yıxılmış vəziyyətdə görmüşdür. O, Reyhanın hansı şəraitdə və necə gəlib onun idarə etdiyi traktorun sol tərəfinə keçib dayanmasını və ona traktorun təkərinin toxunmasını görməmişdir. O, traktoru təxminən saatda 5 km sürətlə arxasındakı kotanı yerə salıb şuma bir iki metr irəliyə doğru başlamışdır ki, həmin hadisə baş vermişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 02 yanvar 2021-ci il tarixdə o, İmişli rayonunun Bəcirəvan kəndindən bir neçə qadın yığıb İmişli rayonunun Qaralar kəndi ərazisində çöl sahədə bitən biyan köklərini çıxarıb traktor qoşqusuna yükləməklə məşqul olmuşdur. Belə ki, Ramalla Emin kənd sakinləri ilə əvvəlcədən onlara məxsus pay torpaq sahələrində şum aparıb oradan çıxan biyanları götürmək qərarına gəlib, razılaşıb həmin işləri görürmüşlər. Həmin gün onunla birlikdə çöl sahədə Səliqə, Şamama, Cimnaz, Ruhiyyə və Səranə adlı qadınlar da olmuşlar. Gündəlik həmin qadınlar işlədiklərinə görə 10 manat məvacib alırmışlar. Təqsirləndirilən şəxs Şahid4 idarə etdiyi kotanlı traktorla yeri şumlayırmış. Traktorun kotanından təxminən 5-6 metr geridə olmaqla arxada olan qadınlar yerdən çıxan biyanları çıxarıb kənara atırmışlar. O da həmin vaxt kotanlı traktorun arxasında olmuşdur. Həmin vaxt o, yeri şumlayıb kotanla yerdən biyan çıxaran traktorun dayandığını görüb arxadan keçib traktorun sağ tərəfi ilə qarşısına gəlmişdir. Orada təxminən bir metr irəlidə traktorun sol təkəri ilə bərabərlikdə dayanıb arxada işləyən qadınlara baxırmış. Həmin vaxt traktoru idarə edən Təqsirləndirilən şəxs traktoru geriyə vermək əvəzinə, traktoru irəliyə doğru hərəkət etdirmiş və traktorun təkərinin qarşısında olduğundan traktorun sol təkəri onun sol ayğına dəyib onu arxası üstə yerə yıxmışdır. O, almış olduğu xəsarətlərdən qışqırmış və həmin vaxt Təqsirləndirilən şəxs üzü arxaya tərəf, yəni şuma tərəf olmuşdur. Aqil onu idarə etdiyi traktorun qarşısında dayanmağını görməmişdir. O, xəsarət aldıqdan sonra sahədən onu Aqil, Ramal və qadınlar çıxarıb sahənin yanında dayanmış “Qazel” maşınına mindirib İmişli Mərkəzi Rayon Xəstəxanasına gətirmişlər. Həkimlər ona almış olduğu xəsarətə baxıb xəsarətin ciddi olduğunu bildirib təcili olaraq Şirvan şəhər xəstəxanasına aparılmasını məsləhət görmüşlər. O, həmin vaxt həkimlərə həyətdə iş görərkən yıxıldığını demişdir. Belə ki, Ramal ona şikayətçi olmamağı və lazımı koməklik olunacağını demişdir. Daha sonra traktorun sahibi Şahid3 ona şikayət etməməyi və lazımı koməklik göstəriləcəyini bildirib ona 1500 manat məbləğində pul kömək etmişdir. Lakin, xəsarət almağı ilə bağlı ona əlavə olaraq xəstəxana xərclərini qarşılamaq üçün vəsait lazım olduğundan Ramala, Eminə, Aqilə və Asəfə zəng edib ona yardım etmələrini istəmiş, onlar boyun qaçırmış və o, bu hadisə barədə 06 iyul 2021-ci il tarixdə şikayət etmiş və onun şikayətindən sonra əlavə olaraq 1000 manat da pul köməklik göstərilmişdir. Daha sonra ona yenə də əməliyyat olunmaq üçün vəsait lazım olduğundan yenidən həmin şəxslərə zəng edib ona pul lazım olduğunu bildirmiş və ona artıq heç bir köməklik olunmayacağını başa düşüb yenidən şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış və sonuncunun cəzalandırılmasını xahiş edir. İşdə olan məhkəmə-tibbi ekspertizanın 15 iyul 2021-ci il tarixli, 191 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 02 yanvar 2021-ci il tarixdən 29 yanvar 2021-ci il tarixə kimi Şirvan ŞMX PHŞ-in cərrahiyyə şöbəsində “sol baldırın orta aşağı 1/3nin qapalı çoxqəlpəli yerdəyişmiş sınıqları, sol baldırın aşağı 1/3-də sıyrılmış yaralar” diaqnozu ilə stasonar müalicədə olmuşdur. Müayinə zamanı aşkar edilmiş xəsarətlər - sol baldırın orta aşağı 1/3-də qamış və incik sümüklərinin qapalı çoxqəlpəli yerdəyişmiş sınıqları, sol baldırın aşağı 1/3-də sıyrılmış yaralar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan məhkəmə yol-nəqliyat hadisəsi ekspertizasının 03 avqust 2022-ci il tarixli, 8/1842 nömrəli rəyindən görünür ki, MTZ-892 markalı, 30 K 185 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham olunduğu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə ekspertiza tədqiqqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək barəsində olan cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar