Məhkəmə qərarları › İş №1(036)-94/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-94/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-94/2025 14.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Koroğlu küçəsi ev 50 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 avqust 2025-ci il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs Sahib qızının yaşadığı İmişli şəhəri, K.Kərimov küçəsində yerləşən fərdi evin həyətyanı sahəsinə mişar daşlarından tikilmiş daş çəpərin üzərindən aşaraq qanunsuz daxil olmuş, sonra evin yataq otağına plastik pəncərəsini əli ilə itələyib açaraq otağa qanunsuz daxil olub, oradan 5x4 metr ölçüdə, kaşmir materialdan hazırlanmış, 1 kv.metri 17 manat olan 20 kv-metri 340 manat dəyərindəki xalçanı, 5x4 metr ölçüdə, “Təbriz gəbəsi” adlanan, 1 kv.metri 34 manat olan 20 kv.metri 680 manat dəyərindəki xalçanı, 01 ədədi 20 manat olan, yun materialdan hazırlanmış, 8 ədəd ümumi dəyəri 160 manat olan oturaq döşəyi, evin digər yataq otağına plastik pəncərəsini əli ilə itələyib açaraq otağa daxil olub, otaqda digər saxlanc yeri hesab edilən paltar dolabındakı “Gepas” markalı olmaqla, 01 ədəd 85 manat dəyərində blenderi, 01 ədəd 60 manat dəyərində mikseri və 01 ədəd 90 manat dəyərində şirəçəkəni gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1415 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi, həmçinin iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib izahatında bildirmişdir ki, o, evlərdə elektrik işləri görürmüş. 2025-ci ilin may ayında infarkt keçirdiyi üçün bir müddət işləyə bilməmiş, hərdən bir yüngül elektrik işləri düşdükdə görürmüş. Bundan başqa o, küçələrdən dəmir toplayıb sataraq pul edib spirtli içki alırmış. Pulu çatmadıqda isə spirt alaraq suya qatıb içirmiş. Zərərçəkmiş şəxs həyətindən əvvəllər bir neçə toyuq və əl arabası oğurlamış, 12 avqust 2025-ci il tarixdə, səhər saatlarında evdə olan spirti suya qataraq içmiş və sərxoş olmuşdur. Bundan sonra küçəyə çıxıb dəmir toplamaq qərarına gəlmişdir. Küçədən dəmir axtaran zaman Zərərçəkmiş şəxs evində heç kimin olmadığını görərək evə daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Səhər saatları olduğu üçün küçədə heç kim olmamışdır. O, mişar daşlarından hörülmüş çəpərin üzərindən aşaraq həyətə daxil olmuşdur. Sonra evin önündə olan plastik pəncərəni əli ilə itələyib açıb otağa daxil olaraq oradan 02 ədəd xalçanı və oturaq döşəkləri götürüb pəncərədən bayıra atmışdır. Sonra otağa daxil olduğu pəncərədən çıxararaq həmin əşyaları daşıyıb hasarın üzərində qoymuşdur. Bundan sonra yenidən geriyə qayıdıb, evin digər otağının yan tərəfdə yerləşən pəncərəsinə yaxınlaşmışdır. Pəncərəni əli ilə itələyib açaraq otağa daxil olmuşdur. Orada olan paltar dolabından elektriklə işləyən 3 ədəd aparatı götürüb pəncərədən bayıra çıxarmışdır. Bundan sonra daxil olduğu pəncərədən bayıra çıxaraq həmin əşyaları mişar daşlarından hörülmüş çəpərin üzərinə qoymuşdur. Sonra isə özü hasardan aşaraq evin həyətindən çıxmışdır. Evin pəncərələri isə açıq qalmışdır. Hasarın üzərində olan əşyaları əvvəlcədən həmin evdən oğurladığı əl arabasına yığaraq yaxınlıqdakı yulğun kolları olan əraziyə aparıb gizlətmişdir. Həmin gün, axşam saatlarında yulğun kollarının içərisində gizlətdiyi əşyaları sataraq pul əldə etmək istəmişdir. Əşyaları gizlətdiyi yerə baxan zaman oradan yalnız 01 ədəd xalçanı tapmışdır. Həmin xalçanı götürüb İmişli rayon sakini Mirhəbib adlı şəxsə evdən götürdüyü xalça olduğunu, pula ehtiyacı olduğunu deyərək 15 manat pul müqabilində satmışdır. Bundan sonra yenidən həmin yerə qayıdaraq yulğun yollarının içərisini axtarıb digər əşyaları tapmaq istəmişdir. Lakin həmin gün sərxoş vəziyyətdə olduğu üçün digər əşyaların yerini müəyyən edə bilməmişdir. Bundan sonra isə bir neçə dəfə yenə həmin yerə gedib oğurladığı əşyaları axtarmış, lakin yenə tapa bilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməklə onunla barışıq əldə etmiş və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, bütün bunların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 11 avqust 2025-ci il tarixdə, saat 18:10 radələrində evdən çıxaraq anası Validənin İmişli rayonu, Boşçallar kəndində yaşadığı evinə getmişlər. 12 avqust 2025-ci il tarixdə, saat 13 radələrində evə gəldikdə evin pəncələrini açıq görmüşdür. Evdən çıxarkən evin pəncərə və qapılarını bağlayıb, kilidləmişdir. Evin pəncərələrində boşluq olduğu üçün pəncərənin öz-özlüyündən açılmasını fikirləşmişdir. Həmin gün, saat 15 radələrində evdə iş görən zaman xalçaların olmadığını müəyyən etmişdir. Sonra evi axtarmışdır. Evin digər otağına baxış keçirərkən oradan olan məişət əşyalarının oğurlandığını görmüşdür. Belə ki, evin birinci otağında olan 2023-cü ildə aldığı, 5x4 metr ölçüdə, kaşmir materialdan hazırlanmış, 300 manat dəyərində xalçanın, 5x4 metr ölçüdə, “Təbriz gəbəsi” adlanan, 250 manat dəyərində xalçanın, 01 ədədi 20 manat olan, yun materialdan hazırladığı, 8 ədəd, ümumi dəyəri 160 manat olan tək adamlıq, istifadə etmədiyi oturaq döşəklərin oğurlanmasını müəyyən etmişdir. Bundan sonra evin digər otağına baxış keçirmişdir. Evin digər otağına baxış keçirən zaman paltar dolabında saxladığı, istifadə etmədiyi 2024-cü ildə aldığı “Gepas” markalı, 01 ədəd, 80 manat dəyərində blenderin, 01 ədəd, 53 manat dəyərində mikserin, 01 ədəd, 50 manat dəyərində şirəçəkən aparatların oğurlanmasını müəyyən etmişdir. Evindən əşyalar oğurlandığını müəyyən etdikdən sonra dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahidnın elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 12 avqust 2025-ci il tarixdə, saat 18 radələrində qonşusu Dəyanət əlində bir ədəd xalça ilə yaşadığı evə gəlmiş və ona həmin xalçanı evdən götürdüyünü deyərək satmaq istədiyini demişdir. O da Dəyanətdən həmin xalçanın oğurluq olub-olmamasını soruşmuş, Dəyanət isə ona həmin xalçanın oğurluq olmadığını demişdir. Buna baxmayaraq yenə təkidlə Dəyanətdən xalçanın oğurluq olub-olmamasını təkrar soruşmuşdur. Dəyanət yenə də xalçanın oğurluq olmadığını, yaşadığı evindən gətirdiyini, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Bundan sonra Dəyanətdən xalçanı neçəyə satmaq istədiyini soruşmuş, Dəyanət isə gəbəni 15 manat pula satacağını demişdir. O da Dəyanət ilə razılaşıb evə gedib 15 manat pul gətirərək, pulu dəyanətə verib gəbəni almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 12 avqust 2025-ci il tarixli protokoldan görünür ki, baxış İmişli şəhəri, K.Kərimov küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı ünvansız fərdi yaşayış evidir. Ev mişar daşlarından tikilməklə kürsülüdür və 2 otaqdan ibarətdir. Naməlum şəxs evin otağına önündəki plastik pəncərədən daxil olmuşdur. Baxış iştirakçısı Zərərçəkmiş şəxs həmin otaqdan 2 ədəd xalçanın, 20 ədəd oturaq döşəyin oğurlanmasını bildirmişdir. Bundan başqa, evin digər otağına naməlum şəxs plastik pəncərədən daxil olaraq oradakı paltar dolabından 01 ədəd blender, 01 ədəd şirəçəkən, 01 ədəd mikser oğurlanmışdır (cild 1, vərəq 7-15); Könüllü təqdim etmə və götürmə aparılması haqqında 18 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şahid yaşadığı fərdi yaşayış evinin qarşısındakı eyvanda Təqsirləndirilən şəxs ona təqdim etdiyi 01 ədəd xalçanı təqdim edərək həmin xalçanı 12 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona 15 manat pul müqabilində satmasını bildirmişdir. Xalçanın 4x5 metr ölçüdə olmaqla, üzərində naxışları vardır. Xalçaya baxış keçirilən zaman istifadə edilmədiyi müəyyən edilmişdir. Xalçanın üzərində ləkə və sökük izləri yoxdur (cild 1, vərəq 83-87); "xxxx" MMC-nin 10 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, adları qeyd edilən əmlakların 2025-ci ilin avqust ayına orta bazar qiyməti aşağıdakı kimidir; - 5x4 metr ölçüdə, kaşmir materialdan hazırlanmış xalçanın qiyməti 1 kv.metri 17 manat olmaqla, 20 kv-metri 340 manat; - 5x4 metr ölçüdə, “Təbriz gəbəsi” adlanan xalçanın qiyməti 1 kv.metri 34 manat olmaqla, 20 kv-metri 680 manat; - 01 ədəd, istifadə edilməmiş “Gepas” markalı blenderin qiyməti 85 manat; - 01 ədəd, istifadə edilməmiş “Gepas” markalı mikserin qiyməti 60 manat; - 01 ədəd, istifadə edilməmiş “Gepas” markalı şirəçəkən qiyməti 90 manatdır (cild 1, vərəq 89); Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməsi faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1); Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, vərəq 49-50); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 58-59); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 70-71); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 1, vərəq 105-106); İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəməsini və əməlini etiraf edib səmimi peşmanlıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 5x4 metr ölçüdə, “Təbriz gəbəsi” adlanan, 1 kv.metri 34 manat olan 20 kv.metri 680 manat dəyərində olan xalçanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2025-ci il tarixdən 25 avqust 2025-ci il tarixədək və 26 noyabr 2025-ci il tarixdən 14 yanvar 2026-cı il tarixədək həbsdə saxlandığı 1 (bir) ay 20 (iyirmi) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 3 (üç) ay 10 (on) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 5x4 metr ölçüdə, “Təbriz gəbəsi” adlanan, 1 kv.metri 34 manat olan 20 kv.metri 680 manat dəyərində olan xalçanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar