Məhkəmə qərarları › İş №1(036)-97/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-97/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-97/2022 23.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1985-ci il tarixdə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxx 1968-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər İmişli Rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İmişli Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 10 (on) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmış, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, H.Aslanov küçəsi ev 16-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 28 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində İmişli şəhəri, H.Əliyev prospekti 131 ünvanında yerləşən “Medisan” Tibb Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs1 10 manat pula qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,313 qram çəkidə narkotik vasitə olan heroini alaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin vaxt İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı saxlanılaraq İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada onun üzərində şəxsi axtarış aparılarkən sol əlinin ovuc hissəsində saxladığı bir ədəd şəffaf sellofan bükümdə həmin çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq 0,313 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində İmişli şəhəri, H.Əliyev prsopekti 131 ünvanında yerləşən “Medisan” Tibb Mərkəzinin qarşısında bir ədəd şəffaf sellofan bükümdə həmin çəkidə narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2 10 manat pula qanunsuz olaraq satmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, narkotik vasitə heroindən istifadə edirmiş. Narkotik vasitə olan heroini ayrı-ayrı yerlərdən tanımadığı şəxslərdən əldə edirmiş. 28 iyun 2022-ci il tarixdə saat 11 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketdə olarkən əvvəllər narkoman kimi tanıdığı Təqsirləndirilən şəxs1 zəng edib görüşmək istədiyini bildirmişdir. Hafiz də ona domino oynadığını, bitirdikdən sonra zəng edəcəyini demişdir. O, təxminən 40 dəqiqə öz şəxsi işlərini gördükdən sonra Hafizdən zəng gəlmədiyini görüb təkrar ona zəng edib onunla İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin yanında görüşmüşdür. Həmin vaxt Hafizdən narkotik vasitə istəmiş və sonuncu narkotik vasitə gətirmək üçün orada gözləməsini deyib getmiş və daha sonra ona zəng edib İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Medisan” Tibb Mərkəzinin yanında olduğunu bildirib oraya getməsini istəmişdir. O, “Medisan” Tibb Mərkəzinin yanına getmiş və ora çatdıqda Təqsirləndirilən şəxs1 əlində saxladığı bir ədəd bükümdə narkotik vasitə olan heroini ona 10 manat pul müqabilində vermişdir. Bundan sonra isə polis əməkdaşları onlara yaxınlaşıb İmişli rayon polis şöbəsinə dəvət etmişdir. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində sol əlinin ovuc hissəsində saxladığı bir ədəd ağ rəngdə sellofan torba bükümündə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini qablaşdırıb üzərinə möhür vurmuşlar. Bu barədə protokol tərtib edilmiş və həmin protokolun doğruluğu onun və iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 10 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edirmiş. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün dəfələrlə məhkum olunmuşdur. 28 iyun 2022-ci il tarixdə İmişli şəhəri, Sabir parkında yerləşən çayxanada olarkən Təqsirləndirilən şəxs2 onun istifadəsində olan mobil nömrəyə zəng edib harada olduğunu soruşduqda o, yerini deyib onunla İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin yaxınlığında görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona ağrıdığını deyib ondan narkotik vasitə olan heroin istəmişdir. O, Aqşinə özündə olan narkotik vasitəni verə biləcəyini demiş, sonuncu mağazaya girmiş, o isə İmişli İcra şöbəsinin yaxınlığında gizlətdiyi bir ədəd bükümdə narkotik vasitə olan heroini Aqşinə vermək üçün həmin yerə getmişdir. O, həmin narkotik vasitə olan heroini götürüb gəldikdən sonra Aqşin yenidən ona zəng edib harada olduğunu soruşduqda o, “Medisan” Tibb Mərkəzinin yanında olduğunu bildirmişdir. Aqşin onun yanına gəlmiş və o, əlində saxladığı bir ədəd bükümdə narkotik vasitə olan heroini ona vermişdir. Aqşin isə ona siqaret pulu üçün 5 manat pul vermişdir. Bundan sonra isə polis əməkdaşları onlara yaxınlaşıb İmişli rayon polis şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində onun üzərində axtarış aparılmış və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Axtarış aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğu onun və iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri özlərinin etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 28 iyun 2022-ci il tarixdə İmişli RPŞ-da gündəlik xidmətdə olan zaman İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs2 və İmişli şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları və 28 iyun 2022-ci il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Sabir parkının qarşısında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə satacağı barədə məlumat almışdır. O, bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun tərkibinə o, CAB-nin əməliyyat müvəkkili Şahid2, PPXB-nin polis nəfərləri Şahid4 və Şahid3 daxil edilmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ola biləcəyi İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Sabir parkını müşahidəyə götürmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroinə oxşar maddə satması onlar tərəfindən aşkar edilmiş və onların hər ikisini saxlayıb özlərini təqdim edərək üzərilərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib İmişli polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs2 sol əlində olan bir ədəd ağ rəngli sellofana bükülmüş, içərisində narkotik vasitə olan heroinə oxşar kütləni onlara təqdim etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imza olunmuşdur. Daha sonra protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmış və onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 28 iyun 2022ci il tarixdə saat 11:30 radələrində şəxsi işi ilə əlaqədar İmişli RPŞ-nin inzibati binasının qarşısından keçən zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşıb polis şöbəsinin inzibati binasında bir nəfərin üzərində şəxsi axtarış aparılmasında hal şahidi kimi iştirak etməsini təklif etdikdə o, etiraz etməyərək razılaşmışdır. Polis şöbəsində adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmış və axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və protokolun doğruluğu onun və iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 29 iyun 2022-ci il tarixli, 18/712 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs2 üzərindən..." sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi-0,313 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,313 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,263 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 09 avqust 2022-ci il tarixli, 4367 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-narkoloji ekspertizanın üzrə 08 sentyabr 2022-ci il tarixli, 5027 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 AR CM-nin 234.1-ci və Təqsirləndirilən şəxs1 AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, atasının 1-ci Qarabağ müharibəsində şəhid olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər İmişli Rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İmişli Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 10 (on) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 qanunvericiliklə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28 iyun 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) günü təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 28 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,263 qram olan narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar