Məhkəmə qərarları › İş №1(036)-98/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-98/2021

22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-98/2021 22.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1966-cı il tarixdə İmişli rayonunun Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İmişli rayonunun Gövhərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə saat 18 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Fariz market” mağazasının qarşısında, ictimai yerdə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, ətrafda olan insanlara aşkar hörmətsizlik və laqeyidlik göstərərək, özünü cəmiyyətin fövqündə qoymaqla Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək, zor tətbiq edib yumruqla qəsdən sifət nahiyəsindən vurub sonuncunu yerə yıxdıqdan sonra da təpik və yumruqla qəsdən baş və bədən nahiyələrinə bir neçə dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, şəhərin mərkəzi küçəsində səs-küyə toplaşmış insanların istirahətini pozaraq, habelə, onlarda qorxu və həyəcan hissləri yaratmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 23 may 2021-ci il tarixdə saat 17 radələrində İmişli rayonunun Gövhərli kəndindən səhhəti ilə bağlı təzyiq dərmanı almaq üçün tanımadığı taksi avtomobili ilə İmişli rayonunda yerləşən aptekə, oradan da çay içmək üçün mədəniyyət evinin yaxınlığındakı çayxanaya gəlmişdir. Həmin gün saat 18 radələrində çayxanadan çıxarikəkən tanışı Zərərçəkmiş şəxs özünə məxsus VAZ-2106 markalı avtomobillə dayanmasını görüb ona yaxınlaşaraq hal-əhval tutmuş, sonra isə keçən dəfə nə səbəbə onu avtomobilinə almamasını, ona həmişə hamıdan artıq pul verdiyini demişdir. Bu zaman Qoçəli onu ağır sözlərlə təhqir etdiyi üçün ətrafda olan şəxslərin yanında özünü pis hiss etmiş, ona görə də sillə ilə sonuncunun sifətindən vurmuş və sonra isə hər iki əli ilə sinəsindən itələmişdir. Həmin vaxt Qoçəli yerə yıxılmış və yenidən ayağa duraraq onun üstünə hücum etmişdir. O, yenə də Qoçəlinin sifət nahiyəsindən sillə ilə vuraraq hər iki əli ilə sinəsindən itələmiş və sonuncu yenidən yerə yıxılmışdır. Qoçəli yerdə olarkən o, onun baş nahiyəsindən bir neçə dəfə yumruq və təpiklə vurmuşdur. Qoçəlini döyən zaman ətrafa tanımadığı şəxslər yığışmış və həmin şəxslər onu sonuncudan aralamışlar. Sonra o, tanımadığı bir taksi avtomobili ilə yaşadığı Gövhərli kəndindəki evinə qayıtmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 23 may 2021-ci il tarixdə özünə məxsus VAZ-2106 markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillə ev üçün alış-veriş etmək məqsədi ilə İmişli şəhərinə gəlmişdir. O, avtomobili “Fariz market” mağazasının yaxınlığında saxlamış və piyada “Kolxoz bazarı”na meyvə-tərəvəz almağa getmişdir. Həmin gün saat 18 radələrində bazarlıq edib qayıtdıqdan sonra aldığı əşyaları avtomobilə yerləşdirib avtomobilin mühərrikinə su tökən zaman yolun əks tərəfindən tanışı Təqsirləndirilən şəxs qaçaraq ona tərəf gəlmiş və ona yaxınlaşıb qəflətən sağ əli sifət nahiyəsinin sol hissəsinə yumruqla vurmuş və o, zərbənin təsirindən sağ qolu üstə yerə yıxılmışdır. Yerdə olan zaman Xanlar təpiklə bir neçə dəfə onun baş nahiyəsinə vurmuş və nəticədə o, huşunu itirmişdir. Bu zaman yoldan keçən 5-6 nəfər yanlarına gəlib onu Xanların əlindən almışlar. Tanımadığı şəxslər onu avtomobilə əyləşdirən zaman Xanlar arxadan gəlib onun baş nahiyəsindən üç dəfə yumruq vura-vura gülmüş və tanımadığı şəxslər onu aralayıb aparmışlar. O, avtomobilinə əyləşib İmişli rayon polis şöbəsinə gələrək Xanların onu döyməsi barədə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsi təxminən 15 dəqiqə davam etmiş və həmin vaxt ətrafa tanımadığı 30-40 nəfər şəxs toplaşmışdır. Həmin şəxslər Xanların onu döyərək daha çox xəsarət yetirməsinə imkan verməmişlər. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərdi ki, 23 may 2021ci il tarixdə saat 18 radələrində yük arabası ilə İmişli rayon “Kolxoz bazarı”nın çıxış hissəsindən “Fariz market” mağazası istiqamətində hərəkətdə olan zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs özünə məxsus avtomobilin mühərrikinə su tökdüyünü görmüşdür. Bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs Qoçəliyə yaxınlaşaraq onu nalayiq sözlərlə təhqir edib yumruqla sifətindən vurmuşdur. Zərbənin təsirindən Qoçəli yerə yıxılmış və Xanlar sonuncu yerdə ola-ola təpiklə onun baş nahiyəsinə vurmağa başlamışdır. Bu zaman ətrafda olan şəxslər onları aralayarkən Xanlar arxadan Qoçəliyə yaxınlaşaraq gülə-gülə onun baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Sonra Qoçəli avtomobilinə minib oradan uzaqlaşmışdır. Hadisə vaxtı ətrafa çoxlu sayda adamlar yığışmışlar. Xanların Qoçəlini döyərək xəsarət yetirməsi təxminən 10 dəqiqədən artıq davam etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X3 şəxsin İmişli rayon məhkəmə-tibbi ekspertizası şöbəsinin 24 may 2021-ci il tarixli, 325 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - alt çənədə 33, 34-cü (solda 2, 3-cü) dişlərin travmatik çıxığı, həmin proyeksiyada selikli qişada qansızma, sifətin sol yarısında şişkinlik, sol gözün selikli qişasına qansızma və konyuktivanın cırılmış yarası, sol təpə-gicgah nahiyəsində yumşaq toxumada şişkinlik və sağ dirsək oynağının bayır səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 23 may 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlərdən alt çənədə 33, 34-cü dişlərin travmatik çıxığı dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışmasını və sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar